Hüsniyye Murvetova

Əməkdar artist: “Elə vaxt olur ki, mən də övladıma əl qaldırmalı oluram”

Baxış sayı: 2. 413

Analıq duyğusunu dünyada heç bir duyğu ilə əvəz etmək mümkün deyil. Sənətindən, peşəsindən asılı olmayaraq, hər bir ana övladına qarşı mühafizəkar, diqqətli və qayğıkeş olur. Elə bizim müsahibimiz, əməkdar artist, tanınmış aktrisa, qiraətçi, dublyaj ustası Hüsniyyə Mürvətova kimi. Hüsniyyə xanımın 15 yaşında Orxan adlı bir oğlu var. O, deyir ki, Orxan onu həyata bağlayan, üzünü güldürən ən dəyərli varlığıdır.

– Hüsniyyə xanım, Orxanı tərbiyə edərkən hansı üsuldan istifadə edirsiniz – dədə-baba qaydası ilə, yoxsa sizin öz tərbiyə üsulunuz var?

– Mən onu dədə-baba qaydası ilə tərbiyələndirmişəm. Məni valideyinlərim necə tərbiyə edibsə, övlad böyütməyi onlarda necə görmüşəmsə, o üsulla da oğlumu tərbiyə edirəm. Onlardan fərqli olaraq mən övladımı daha çox əzizləyirəm. Düşünürəm ki, uşaq valideyn məhəbbətini hiss etməlidir. Uşağın özündə inam yaranması üçün bu çox vacibdir. Ona gələcəkdə yaxşı iş sahibi olduğunu, güclü şəxsiyyətə çevrilə biləcəyinə inandırmaq lazımdır ki, sabah müstəqil həyata atılanda özünü sübut edə bilsin, özünə inansın. Başqalarının rəyi ona təsir etməsin, öz gücünə inansın. Mən Orxana təmiz qəlbli olmağı, insanlara, heyvanlara qarşı rəhimli davranmağı aşılayıram. Orxanın ürəyi yumşaqdır, rəhimlidir. O arzulayır ki, evdə ev heyvanları saxlayaq.  Ancaq mən icazə vermirəm. Düzdür, ev heyvanlarını sevirəm, ancaq onları həyətimizdə saxlamağa razılıq verirəm. Bağa gedəndə həyətimizdəki itlə oynayırıq və bu da ona xoş təsir bağışlayır. Bilmirəm, bəlkə insanlara, heyvanalara olan sevgi ona məndən keçib. O çox mülayim, paylaşmağı bacaran biridir. Kənardan onu müşahidə edirəm. O, uşaq yaşlarında evimizə gələn qonaqların uşaqları ilə oyuncaqlarını paylaşırdı. Hətta oyuncaqlarını sındırmağa da icazə verirdi. Heç zaman öz oyuncaqlarını uşaqlardan əsirgəmirdi. Dostlarına nəsə lazım olursa, məndən icazə almadan verir. Ona izah edirəm ki, insan özünün olan hər şeyin qədrini bilməlidir. Onun bu xüsusyiyyətini bəyənmirəm. Bu baxımdan bir az məsuliyyətsizlik edir. Ancaq bu elə bir xüsusiyyətdir ki, yeniyetməliklə bağlıdır. O da zamanla düzələcək.

–  Sizcə, uşağı döymək tərbiyə üsuludurmu?

– Uşağı döyməyin tərəfdarı deyiləm. Ancaq elə vaxt olur ki, mən də övladıma əl qaldırmalı oluram. Elə şeylər olur ki, əsəbiləşirəm, özümü saxlaya bilmirəm. Əl qaldırıram deyəndə, bu o demək deyil ki, oxlovu, hansısa dəmir parçasını götürüb uşağı döyürəm. Əsla. Analar var ki, uşaqlarını vəhşicəsinə döyür. Mən özüm dəfələrlə bunun şahidi olmuşam. Sinif yoldaşımın anası onun üzünə isti qaşıqla damğa vurmuşdu. Hər dəfə onun üzünə baxanda məni ağlamaq tuturdu. O, məktəbə utana-utana gəlirdi. Uşaqlara zor tətbiq etmək olmaz. İlk növbədə onları başa salmaq lazımdır. Mən Orxanla ilk növbədə dostam. Orxan mənim həm övladım, həm sirdaşım, həm də dostumdur. Onunla hər şeyimi paylaşıram. Uşaqlıqdan onunla söhbət edir, dərdləşirdim. O da məsum siması ilə üzümə baxırdı. İndi onun 15 yaşı var. Hərdən düşünürəm ki, öz yaşıdlarına nisbətən o daha uşaq qalıb. Özlüyümdə düşünürəm ki, bəlkə mən onu uşaq kimi böyüdürəm. Arzulayıram ki, Allah balalarımızı şərdən, mərdimazardan, xətadan qorusun. Pis insanlardan uzaq olsunlar. Mənə ancaq arzulamaq qalır. Həyatda həmişə insanın qabağına yaxşı insanlar çıxmır. Həyat çox çətindir. Mən ona başa salmağa çalışıram ki, həyatda mübariz olmaq lazımdır. Həvəsdən düşmək olmaz. 2 ildən sonra o, universitetə imtahan verəcək. Ona deyirəm ki, 2 ilin var və onun hər dəqiqəsini dəyərləndirməsilən ki, gələcəyini təmin edəsən.

– İncəsənət adamlarının zamanının çoxu el şənliklərində, tədbirlərdə, çəkilişlərdə keçir. Belə olan halda, ailəyə, övladınıza zaman ayıra bilirsinizmi?
– Əlbəttə, mənim çəkilişlərim bitən kimi balamın yanına qaçıram. Başqa cür ola da bilməz. İşdən gələn kimi oğlumun dərsləri ilə məşğul oluram. Ayda-ildə bir dəfə rəfiqələrimlə görüşürəm. Bu da hər gün olmur. Vaxtımı oğlumla keçirməyi sevirəm. Onunla gəzməyə çıxanda zövq alıram. Bu yaxınlarda səfərə getməliyik, düşünürəm ki, kaş, Orxan da yanımda olaydı. Görüdüyüm yerləri o da görəydi. Onunla səfərlərə də getmişik. Yenə də getməyi düşünürük.

– Oğlunuz sizi qısqanırmı?

– Qısqanır. Hərdən kişilik damarı tutur (gülürük). O məni çox sevir, mənə inanır. Onun çox gözəl qəlbi var. Mənə inanır, bilir ki, heç zaman səhv etmərəm. Mənimlə qürur duyur. Hərdən onda özümə qarşı qısqanclıq hiss edirəm. Bu da normal haldır. Mən sevinirəm ki, oğlum böyüyür.

– Övladınızın seçimlərinə qarşırısınızmı?

– Qarışıram. Əsas da sənət seçiminə müdaxilə edirəm. Orxanda bir az zəif iradəlilik var. Ona aşılıyıram ki, iradəli olsun, nə istədiyini bilsin. Çox zaman deyirlər ki, niyə onun istəklərinə mane olursunuz, əgər aktyor olmaq istəyirsə, qoyun olsun. Ancaq elə deyil. Onda incəsənətə maraq var, ancaq mən istədiyim səviyyədə deyil. Bilirəm ki, aktrisa olmaq üçün hansı çətinliklərdən keçmişəm. Bu sənətə gəlmək üçün bütün nəslə qarşı çıxmışam. Ancaq Orxana bir dəfə yox deyəndə, razılaşır. Demək ki, bu sənətə olan istəyi o qədər də deyil. Bir şeyi çox istəyirsənsə, onu əldə etmək üçün can atmalısan. Əgər hansısa rejissor onu bəyənərsə, filmə dəvət edərsə, bunun qarşısını almaram. Bir ara rejissorluğa həvəs göstərdi. Əgər daxilində həqiqətən rejissorluq istəyi varsa, bu, əvvəl-axır özünü büruzə verəcək. Orxana demişəm ki, əvvəlcə mənim istədiyim ixtisası oxuyacaqsan, əgər aşırı dərəcədə incənətə sevgisi olarsa, magistraturanı rejissor təhsili ala bilər. İndi yaşının elə bir dövrüdür ki, tam qərar verə bilmir. O zaman daha təkmilləşmiş olacaq.

– Qeyd etdiniz ki, onun işlərinə müdaxilə edirsiniz. Bəs gələcəkdə sevib-seçdiyi xanıma necə, müdaxilə edəcəksinizmi?

– (Gülür) Yox ona qarışmayacam. Çünki bu həyatı o yaşayacaq. Mən sadəcə onu yönəldəcəm. Hər zaman deyirəm ki, ağıllı qız seçsin. Elə birini seçsin ki, onun gözəl ailəsi olsun. Bizim ailəmizə uyğun olsun. Əsas odur ki, oğlumu xoşbəxt etsin. Orxana məsləhət verəndə, deyirəm ki, heç zaman bir qıza ümid vermə, qızlarla dost ol. Görsən ki səndən kiminsə xoşu gəlir, de ki, biz dostuq. Qoy qızların gözü qalmasın arxasınca. Ola bilər ki, gələcəkdə hansısa dostunu sevsin. O qədər xoşuna gələr ki, sevib evlənə bilər. Heç kimə yalandan “səni sevirəm” deməsin. İstəmirəm ki, övladımın dalınca kiminsə gözü qalsın.

– İncəsənət aləmindən kimisə sevsə, mane olarsınız?

 – Əgər o xanım ağıllı olarsa, niyə mane olum ki? Nə olar ki, incəsənət sahəsində işləyəndə? Bu sənətdə o qədər ağıllı xanımlar var. Əgər o gələcəyin gözəl anası olarsa, niyə də icazə verməyim? Ailə qurmaq lotereya kimi bir şeydir. Bəzən baxırsınız ki, ağıllı, tərbiyəli bir ailənin övladıdır, ancaq… Bu, Allahın qismətidir. Əsas odur ki, balamın ürəyincə biri olsun. Arzulayıram ki, Tanrım oğlumun qarşısına halal süd əmmiş, ağıllı və onu sevən birini çıxarsın. Allah onları xoşbəxt etsin. Oğlum cəmiyyətdə sözünü deyən, xoşbəxt ailəsi olsun, nəvələrim olsun. Qarşısına mərdimazar çıxmasın. Cəmiyyətdə öz yerini tapsın. Mən Orxanı bu istiqamət üzrə yönləndirməyə çalışıram. Qalanı da Allahın qismətidir.

– Bizdə əksər oğul anaları oğlanlarına daha çox düşkün olurlar. Sevdikləri xanımı oğullarına qısqanırlar. Bəs siz necə qaynana olacaqsınız?

– Əsas onun xoşbəxtliyidir. Əgər o, xoşbəxtdirsə, mənə başqa nə lazımdır ki? Ailədə ananın öz, həyat yoldaşının isə öz yeri var. Ana min bir əziyyətlə övladını dünyaya gətirir, ona ömrünü verir.  İstəyirəm, gəlinim mənə gəlin deyil, qızım olsun. Qızım yoxdur, o da mənim balam olsun. İnşallah, gözəl bir qız çıxsın oğlumun qarşısına.
– Övladınızın sosial şəbəkədəki fəaliyyətini izləyirsinizmi?
– Bəli. Hazırda ona sosial şəbəkədən istifadə etməyə qadağa qoymuşam. Sosial şəbəkələr dərslərinə mane olur. Sosial şəbəkələrə çox meyillidir. Orxanın “İnstagram”, “Facebook”, hətta “Vatsap”ını dondurtmuşam. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir