menzil

Əmlak bazarında ən çox yayılan fırıldaqlar

Baxış sayı: 446

Ötən günlərdən birində əmlak dələduzluğu ilə bağlı istintaqı aparılan və əməkdaşları həbs edilən şirkətin elanı qarşıma çıxdı. Hansı ki, həmin şirkət rəhbərliyi 78 nəfərin 1.490.200 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etməkdə ittiham edilir.

Son illər istər kirayə, istərsə də mənzil alqı-satqı bazarında kifayət qədər aldadılan vətəndaşlar görürük. Boğazından kəsərək ev almaq ümidi ilə çıxdıqları bu yolda həm pulları gedir, həm xəyalları puç olur, həm də məhkəmə çəkişmələri üçün illərlə yollarda qalırlar.

Bəs insanlar hansı vədlərlə aldadılır? Əmlak bazarında hansı fırıldaqlarla alıcıların pulları mənimsənilir? İnsanlar daşınmaz əmlakla bağlı əməliyyatlarda hansı məqamlara diqqət yetirməlidirlər?

Əvvəlcə kirayə mənzil bazarındakı dələduzluqdan danışaq.

 

“Makler”lər müştərilərini necə tora salır?

Əmlakçı Mülkədar Rüstəmov deyir ki, “makler”lər ümumiyyətlə, satışda olmayan evləri ucuz qiymətə təklif edir və müştərilərini tora salırlar: “Fırıldaqçı əmlakçıların saytlarda təqdim etdikləri evlər nə satışda, nə də kirayədə mövcuddur. Əvvəllər bazada olan məlumatları götürür, bu yolla insanları aldadırlar. Müştəri zəng edib evlə maraqlananda isə, evi göstərməmək üçün min cür bəhanələr uydururlar. Məsələn, o bəhanələrdən ən məşhuru belədir: “Hazırda rayondayam, 100 manat beh at, Bakıya gələn kimi evi ilk sənə göstərəcəm”. Adətən fırıldaqçılar müştərini cəlb etmək üçün mənzili dəyərindən aşağı qiymətə təklif edirlər. Təbii olaraq, müştəri də evi əlindən çıxarmaq istəmir və behini göndərir. “Makler” pulu əldə etdikdən sonra artıq onun nömrəsinə zəng çatmır, qeybə çəkilir. Son 2-3 ildir ki, bu müşahidə olunur”.

Əmlakçılarla bina sahibləri əlbir olurlar

Ev alqı-satqı sahəsində problemlərə gəldikdə, həmsöhbətimiz bildirir ki, əksər hallarda əmlakçılarla bina sahibləri əlbir olurlar: “Adətən buna şərait yaradan da Mənzil Tikinti Kooperativlərinin (MTK) sahibləri olur. Çıxarışları olmadığı üçün bir evi müqavilə ilə bir neçə nəfərə sata bilirlər. Bu zaman da MTK-lar kənarda durur, əmlakçıların “başı ağrıyır”. Son illər bu yollardan çox istifadə olunur. Əmlakçılar var ki, nə yer-yurdu bilinir, nə ofisi var. Bunlardan tamamilə uzaq durmaq lazımdır. Bəzən də binanı şərikli tikirlər, ümumiyyətlə, ofisləri olmur. Belə “şirkətlər” bir çox hallarda müflis olur, tikintilər yarımçıq qalır. Pul qazanmaq üçün 1 evi müqavilə ilə 5-10 nəfərə verirlər və sonra məhkəmə çəkişmələri başlayır. Belə şirkətlərdə qiymətlər adətən digərlərindən ucuz olur. İnsanlar da qiymətə aldanıb fırıldaqçıların ağuşuna düşürlər”.

 

Dövlət sövdələşməni bu halda tanıyır

Mütəxəssis deyir ki, heç bir əmlak şirkətinə səlahiyyət verilməyib ki, hansısa evi öz adından satışa çıxarsın, ipoteka müqaviləsi bağlasın, daxili kredit versin: “Qanunvericilik onu göstərir ki, alqı-satqı notarial qaydada mümkündür. Yəni dövlət notarial qaydada bu sövdələşməni tanıyır. Lakin şirkətlər və əmlakçılar insanların etimadından sui-istifadə edərək onları aldadırlar”.

Kirayə verilən evləri insanlara “satırlar”

Müsahibimiz vurğulayır ki, əgər bir şəxs mənzil almaq, yaxud da kirayə götürmək istəyirsə, dəqiq araşdırmalıdır: “Məsələn, kirayə götürmək istəyən şəxs evə baxış keçirməmiş, evin sahibi ilə şəxsən tanış olmamış, evin kimə məxsus olduğunu araşdırmamış ödəniş etməməlidir. Bir çox “maklerlər” var ki, ev yiyəsi evin açarlarını kirayə məqsədilə verib, onlar da “satışa” çıxararaq, alıcıları aldadır, 5-10 min beh alırlar. Sənədləşməyə gəldikdə isə deyirlər ki, ev sahibi xaricdədir, etibarnamə verdikdə, sənədləşmə olacaq”.

 

Boşluqlardan istifadə edərək varlananlar olub

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyir ki, bir çox “işbazlar” məhz bu sahədə boşluqlardan istifadə edərək varlandılar: “Uzun illər mənzil tikinti sahəsində nəzarətsizlik, boşluqlar və cəzasızlıqdan bəhrələnən “iş adamları” inşa etdikləri binalardakı mənzilləri fırıldaqçılıq yolu ilə bir neçə şəxsə satmaqla külli miqdarda varlandılar. Acınacaqlısı odur ki, bu, sanki dəb halını almışdı və insanlar mənzil almaqdan qorxurdular. Hətta mənim yaxınlarımdan da bu dələduzluğun qurbanı olanlar var idi”.

Savadsızlıq ucbatından sahibkarların qurbanı olanlar

Mütəxəssis deyir ki, problemi həll etmək üçün tikilməkdə olan mənzillərin əvvəlcədən qeydiyyatı aparılmalıdır: “Mən o dövrdə parlamentdə problemin həlli üçün Rusiya təcrübəsini təklif etmişdim və bu məsələnin reallaşmasına da nail olduq. Tikilməkdə olan mənzillərin qabaqcadan qeydiyyatının tətbiqi vacibdir. Gələcəkdə bu mənzili dələduzluq yolu ilə satdıqda, vətəndaş qeydiyyat tələb edərkən, artıq bu mənzilin qeydiyyatda olması və satılması sistemdə çıxır. Belə olan halda dələduzlar da bunu ikinci dəfə satmağa cəhd etmirlər. Bu, artıq bizim qanunverciliyimizdə də əksini tapdı. İndi isə hüquqi savadsızlıqdan və təcrübəsizlikdən “sahibkarlar”ın qurbanları olanlar var”.

 

Çayxanalarda beh verəcəklərsə…

Mütəxəssis sonda vurğuladı ki, hər bir vətəndaş yeni tikilən mənzillərdən yaşayış və yaxud qeyri-yaşayış sahəsi alarkən, müqaviləni rəsmi dövlət orqanlarında bağlamalıdır: “İnsanlar bunu edərlərsə, “işbazlar”ın qurbanına çevrilmək ehtimalları sıfıra bərabərləşir. Yox, əgər olmayacaqsa, alqı-satqını ofislərdə edəcək, çayxanalarda beh verəcəklərsə, onda hələ də bu cür qurbanların olması ehtimalı var və bu, gələcəkdə də olacaq”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir