usaq

Ərköyünlük, yoxsa tərbiyə azlığı?

Baxış sayı: 1. 843

Tərbiyə gənc nəsillərin yetişməsi üçün mühüm faktordur. Parlaq gələcək və qızıl nəsil yetişdirmək istəyiriksə, uşaqlarımıza hələ kiçik yaşlardan gözəl tərbiyə miras qoymalıyıq. Həm də o tərbiyə ki, nə vaxtsa bizə əmanət edilmişdi. Zəngin mədəniyyətə və əxlaqa sahib olan bir millət kimi bu əmanətə nə qədər sahib çıxdığımızı öyrənmək istəyiriksə, hər bir ailədən çıxan “güzgü”yə nəzər yetirməliyik. O zaman harada və hansı səhvlərə yol verdiyimizi özümüz görəcəyik. İstər valideynlər, istər müəllimlər, istərsə də tərbiyəçilər vaxtaşırı bu mövzuda çarəsizliklərlə üz-üzə qalırlar. Buunula yanaşı, uşaqlarımızın tərbiyəsinin bizi qane etməməsinin səbəbləri də müxtəlifdir.

 

  • Düzgün tərbiyə etdiyimizi düşünürük…

Uşaq tərbiyəsi məktəbdən əvvəl evdə başlayır. Bir İslam aliminin belə gözəl bir sözü var: “İnsanın ən birinci ustadı və müəllimi onun anasıdır.” Valideynlər (əsasən də, analar) övladlarını çox sevdiklərindən, həmçinin onlara olan şəfqətlərindən övladlarına məsuliyyət yükləmirlər. Eyni zamanda onların “hər istək”lərini çox vaxt tərəddüdsüz yerinə yetirirlər. Belə olduqda isə uşaqlarda ifrat sərbəstlik hissi meydana gəlir. Məsələn, o düşünür ki, artıq hər istəyim həyata keçməlidir, hər yerdə hər şeyi edə bilərəm və s. O, evdən kənarda da bu davranışları sərgiləyir və bu da yaşıdları və dostları arasında anlaşılmazlığa gətirib çıxarır. Uşaqları bu şəkildə yetişdirmək müəllimlər və tərbiyəçilər üçün də ciddi çətinliklərə səbəb olur. Bunu aradan qaldırmaq üçün ən böyük yük yenə də valideynlərin üzərinə düşür.

 

  • Kitab oxuyaq…

Valideynlər kitab oxumaqdan çəkinməməlidirlər. Çünki öyrənmək üçün yaş yoxdur. Əsasən də, uşaq psixologiyasına aid kitablardan və etibar etdikləri pedaqoqların tövsiyələrindən yararlana bilərlər.

 

  • Təbii olaq…

Uşaq psixologiyasında mükəmməliyyətçilik əsas yer tutur. Pedaqogikadan da bildiyimiz kimi uşaqların müəyyən yaş dövrləri var ki, ətrafdakı insanları, özlərindən böyük bacı və ya qardaşları təqlid edirlər. Bu yaş dövrünü yaxşı bilməli və bu zaman davranışlarımızda diqqətli olmalıyıq. Çünki hər bir uşaq üçün ideal insan onun valideynləridir. Əgər ata və ya ana uşağa “Yalan danışma!” deyir və eyni zamanda özü “Bura gəl, sənə bir şey verəcəyəm!” deyərək bunu etmirsə, bu zaman o uşaq “ideal insan” haqqında şübhəyə düşür, ya da “Əslində yalan danışmaq olar” düşüncəsinə qapılır.

 

  • İstəklərini başqa cür təmin etmək olar…

Ətrafımızda ən adi istəklərindən belə məhrum olan uşaqlar varkən uşaqlarımıza bəzən bilərəkdən “yox” deyə bilməliyik. Bununla uşaqlara həm onların halını anlatmış olar, həm də onlarda mərhəmət hissini oyatmış olarıq. Bunun üçün başqa alternativlər də düşünə bilərsiniz. Məsələn, onların istəklərini öz əməkləri ilə təmin edə bilərsiniz. Əgər bir oyuncaq istəyirsə, bu oyuncağı rəngli kağızlardan, gildən və s. hazırlaya bilərsiniz. Bəlkə də, bununla övladınızın istedadını da üzə çıxarmış olarsınız. Valideyn-övlad arasındakı yaş fərqini nəzərə alaraq, övladlarınızın tərbiyəsini müəyyən yaşdan sonra tərbiyəçi və ya müəllimlərə həvalə edə bilərsiniz. Belə olduqda artıq işin ağırlığı onların üzərinə düşmüş olacaq. Digər tərəfdən, bu mövzuda bəzi məsələlərə də diqqət yetirmək yaxşı olar.

 

  • Şagirdi tanımaq…

Hər bir müəllim yaxşı bilir ki, şagirdlər fərqli-fərqlidir. Hər biri ayrı psixologiyaya, ayrı xarakterə malik olan, fərddən şəxsiyyətə doğru formalaşan bir insandır. Beləliklə, hər birini ayrı-ayrı tanımalı, tək-tək münasibət qurmalı, yeri gəldikdə isə səmimi söhbət etməlidir. Müəllim-valideyn, müəllim-valideyn-şagird əlaqələrini unutmamalı, telefonla və ya başqa ünsiyyət vasitələri ilə əlaqə saxlamalıdır. Hətta şagirdinin evini ziyarət edərsə, bu, uşağın müəllimi üçün dəyərli olduğunu düşünməsinə və dərslərində daha çox müvəffəqiyyət əldə etməsinə səbəb ola bilər.

 

  • Hər şey sevgidən başlayır…

Bəlkə də bilmədiyimiz və ya bilib etmədiyimiz bir gerçək var – sevgi. Yuxarıda da qeyd etdiyimiz kimi bunun üçün əvvəlcə şagirdi tanımaq lazımdır. Çünki şagirdi tanımaq onu sevmək üçün zəmin hazırlayır. Zənnimizcə, hər uşağın içində gizli bir cövhər var. Bu cövhəri sevgi ilə üzə çıxarmaq və fədakarlıqla cəmiyyətə hədiyyə etmək yenə müəllimin və ya tərbiyəçinin üzərinə düşür.

Uşaqlarımızı və onlara gözəl gələcək bəxş etməyi ürəkdən istəyiriksə, bunun üçün əvvəlcə qəlibləşmiş təlim metodlarından, müəllimə və müəllimliyə nifrət oyadan cəza yollarından imtina etməliyik. SSRİ təhsil sistemini aramızda dəstəkləyən az insan yoxdur. Lakin demək istərdik ki, artıq zaman başqadır, elm və texnika sürətlə inkişaf edir. Bunun üçün də təkcə SSRİ təhsil sistemini əsas götürməklə kifayətlənməməli, hazırda dünyanın müxtəlif yerlərindəki təhsil sistemləri ilə də maraqlanıb bizə lazım olanları işimizdə tətbiq etməliyik. Əgər yetişdirdiyimiz şagird, tələbə uğur qazanırsa, bu bizim də uğurumuz deməkdir. Onlar bizim qürur mənbəyimizdir. Məsələyə fərqli bucaqdan baxaraq deyə bilərik ki, bu gün bizim yetişdirdiyimiz fidanların sabah meyvəsini dərəcəyik. Lakin bunun arzusunda olmayacaq qədər fədakar olmağı da bacarmalıyıq.

Sonda isə uşaqlarımızı nə ifrat dərəcədə sevib tərbiyədən məhrum edək, nə də onlara biganə qalıb vicdanımızın səsini eşitməmiş olaq.

 

Sonaxanım Əzizova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir