Mesme Aslanqizi

Əməkdar artist: “Məşqin şirin yerində bir də baxdım ki…”

Baxış sayı: 675

Teatr və sənət haqqında bugünkü həmsöhbətimiz Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist, prezident mükafatçısı Məsmə Aslanqızıdır.

 

Teatrda əsəbiləşib intihar etmək istədim

17 yaşından aktrisa kimi çalışan Məsmə deyir ki, teatr ikinci evi, ailəsidir: “Burda çox keşməkeşli günlərim olub. Küsmüşəm də, barışmışam da, sevinmişəm də, kədərlənmişəm də. Bir dəfə elə bir həddə çatdım ki, yuxarıya qalxdım. Onda orda YUĞ Teatrı yerləşirdi. Heç kim də yox idi. Psixoloji durumum çox pis idi. Açdım pəncərəni ki, özümü atım. Oradan mərmər döşənmiş yerə baxdım. Dedim, özümü atsam, parça-parça olacağam, qorxdum, atmadım. Düşdüm, Füzuli meydanında bir neçə saat gəzişdim, düşündüm-daşındım, ətrafımdakı insanlara baxdım. Sonra da özüm-özümdən soruşdum: “Məsmə, bəyəm bu gördüyün insanların həyatında hər şey yağ kimi gedir? Yox, əlbəttə! Hamının problemi, dərdi var. Bəs sənə nə olub? Sadəcə, mübariz olmaq, problem, çətinlik varsa, onun qarşısına çıxıb sinə gərmək lazımdır”. Bundan sonra fikrimdən döndüm, nə yaxşı ki də döndüm! Bilirsiniz, insanın ailəsində də problem olur – anasıyla, bacısıyla da ara-sıra incikliyi yaranır, amma sonra barışır. Teatr da elədir. Ara-sıra incisək də, barışırıq”.

7 tamaşaçı üçün tamaşa oynamışıq

Məsmə deyir ki, tez-tez başqa teatrlara da gedir: “Son dövrlərdə xüsusən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında oluram. Tamaşalarını çox bəyənirəm. Xor, orkestr, balet, aktyorlar – hamısı çox gözəldir. Amma ümumiyyətlə götürsək, axı hər şey yüzdə yüz ideal ola bilməz. Nəsə xırda-para çatışmazlıqlar da olur. 1995-ci ildən teatrdayam. Bax, onda doğrudan da tamaşaçı qıtlığı vardı. Heç vaxt unutmaram, “Burla Xatun” tamaşasını oynayırdıq. İki saat yarım 7 nəfər tamaşaçı üçün oynamışıq. O illərdə teatrın tavanı da damırdı. Bəxtimdən də yağış yağanda su mənim başıma damcılayırdı. Amma indi elə deyil. Həm bina təmirlidir, həm də tamaşalarımız anşlaqla keçir. Elə olur ki, dəvətnamə tapılmır. Təsəvvür edin, 27 ildir oynanılan “Qarabağnamə” tamaşası indi də anşlaqla keçir. Bəzən deyirlər, teatrların PR işi düzgün qurulmayıb, insanların afişalardan xəbəri olmur. Amma teatrın öz pərəstişkarı var. Kimi film izləməyi, kimi konsertə getməyi, kimi də tamaşaya baxmağı sevir. Yəni teatra getmək istəyənlər mütləq afişanı tapacaqlar. İnanın ki, nə qədər istəyirsən reklam elə, həvəsi olmayan adam onsuz da teatra gəlməyəcək”.

“Evdə hamı yatandan sonra məşq edirdim” 

Məsmə xanım ailə və teatrın birlikdə çətin olmasından da danışdı: “Ailə və teatr vaxt baxımından çətindir. Ailə qurandan sonra gördüm ki, teatr, dublyaj, veriliş – hamısı eyni vaxtda alınmır. Ona görə də TV işlərimdən imtina etməli oldum. Yoldaşım dublyaja icazə versə də, teatra qoymurdu. Azər müəllim məni “Almaz” tamaşasında Almaz roluna dəvət etdi. Bu da çox ciddi, məsuliyyətli bir rol idi. Kim baş roldan imtina edər ki? “Hə” dedim. Amma necə gələcəyimi bilmirdim. Çünki desəm, yoldaşım icazə verməyəcəkdi. Məni dublyaja aparırdı, maşını aralanan kimi, gizlin teatra qaçırdım. Evdə hamı yatandan sonra məşq edirdim. Bir dəfə səhərə yaxın səsimi çıxartmadan məşq edirdim. Məşqin şirin yerində bir də baxdım ki, yoldaşım dayanıb qapıda təəccüblə mənə baxır. Dedim “şeir əzbərləyirəm”. Mənə dəli işarəsi göstərib getdi. Mən “Almaz”ı belə oynadım. Sonradan hey deyinirdim, axırda bezdi əlimdən. Dedi ki, get, o teatr, o da sən, bircə deyinmə!”

“Qızım Zərifə də 6 aylığından teatrda böyüyüb”

Aktrisa deyir ki, qızı Zərifə də 6 aylığından teatrda böyüyüb: “Gətirirdim Zərifəni tamaşaya, qrim ustaları, aktyorlar baxırdı. Hətta olub ki, Hacı İsmayılov onu qucağında saxlayıb, mən səhnəyə çıxmışam. Bir dəfə “Qarabağnamə”ni oynayırdıq. 3 yaşlı qızım geyim otağında gözünə xoş görünən hər şeyi taxıb, tam da səhnəyə çıxanda Kazım müəllim (İbrahim Xəlil xanı oynayırdı) tutmuşdu. Soruşdum ki, qızım, sən niyə səhnəyə gəlirdin axı, demişdim, burda gözlə. Dedi ki, səhnə fırlandı, sən getdin, mənim səhnəyə çıxmaq növbəm idi”.

“Xalq mahnılarını bəzən pis günə qoyurlar” 

Aktrisa deyir ki, son dövrlərdə tamaşalar müasirləşir: “Mən müasirləşmənin əleyhinə deyiləm, amma müəyyən çərçivədə olmalıdır. Yəni əsər orijinalından çox da fərqlənməməlidir. Məsələn, xalq mahnılarını bəzən pis günə qoyurlar. İstəyirəm ki, onlar olduğu kimi qalsın. Bəzən mübahisə edirlər. Deyirəm ki, Akademik Milli Dram Teatrının  adında milli sözü var. Biz milliliyimizi, klassikanı qoruyub saxlamalıyıq. Başqa janrlar üçün isə başqa teatrlar var”.

“Birində qonorar məni qane etməyib, ikincisində obraz” 

Aktrisa deyir ki, bir neçə dəfə seriallara çəkilmək üçün təkliflər alıb: “Birində qonorar məni qane etməyib, ikincisində obraz. İstəyirəm ki, ssenarini bilim. Onlar da tam ssenarini verə bilmir. Birdən ssenarist sonradan elə bir şey yazdı ki, xoşuma gəlmədi. Əvvəldən də imza atmışamsa, oynamalıyam axı. Buna görə tərəddüddə qalır, razılıq verməyə risk etmirəm”.

Kilsə zəngi, Ofeliyanın ölümü

Aktrisa deyir ki, son dərəcə məsuliyyətlidir və işinə çox ciddi yanaşır. Amma buna baxmayaraq, səhnədə hər şey ola bilər: “Hamlet” tamaşasında Ofeliyanı oynayırdım. İkinci hissədə Ofeliya ölüb, onu xərəkdə gətirirlər. Səyavuş Kəriminin də gözəl musiqisi səslənir, kilsə zəngi eşidilir. Zalda tam sakitlikdir, hamı ağlayır. Anamla yaşlı xalam da izləyir. Mən də uzanmışam, əllərim çarpaz halda sinəmin üstündə. Güllər düzülüb. Tam sakitlik olanda xalamın titrək səsi gəldi: “Can-can-can, xalan ölsün, ay bala!” Bütün zal güldü, avtomatik məni də gülmək tutdu. Amma özümü güclə saxladım, gülsəm tərpənəcəkdim axı…”

20 Yanvar şəhidinin övladı olan Məsmə xanım arzularını da dilə gətirdi: “Mən ölkəmizə sülh arzu edirəm. Uşaqlarımızın xoşbəxt, sağlam böyüməsini istəyirəm”.

Xanım Aydın
Foto: Firudin Səlimov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir