ders

Ənənəvi təhsil bərpa olunur?

Baxış sayı: 685

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF ölkələri məktəbləri açmağa çağırıb. Hər iki təşkilatın birgə məlumatında qeyd edilib ki, yeni tədris ili ilə əlaqədar olaraq uşaqların məktəbə qayıtmağa hazırlaşdığı bir dövrdə virusun ötürülməsini minimuma endirmək üçün tədbirlərin görülməsi hər zamankından daha böyük və həlledici əhəmiyyət kəsb edir. ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı isə bildirib ki, iki ilə yaxındır, COVID-19 pandemiyası ilə yaşayırıq və məktəblərin təhlükəsiz şəkildə yenidən açılması ümdə prioritetə çevrilmişdir. Məktəblərin qapanması uzunmüddətli dövrdə böyük mənfi təsirlərə səbəb olur və buna bəraət qazandırmaq çətindir. Hamımız uşaqlarımızın gələcəyini qorumaq naminə məktəblərin təhlükəsiz şəkildə yenidən açılması üçün çalışmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan da daxil olmaqla ölkələrə COVID-19 riski və virusun fərqli variantlarının yayılmasını minimuma endirmək üçün tədbirlər görərkən məktəbləri açıq saxlamağı təkidlə tövsiyə edir. Məktəblərin yenidən açılmasında mühüm rol oynayan milli vaksinasiya strategiyasının həyata keçirilməsində yerli tərəfdaşlarımızı dəstəkləyirik.

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens isə bəyan edib ki, pandemiya məktəblərin qapanmasının uşaqlar üçün böyük mənfi təsirlər göstərdiyini nümayiş etdirməklə yanaşı, təhsil müəssisələrinin uşaqların təhsili, psixi sağlamlığı və sosial bacarıqları baxımından da əhəmiyyətli rol oynadığını sübuta yetirdi. Uşaqlar və gənclər təhsillərinə bir il də fasilə verilməsi riski ilə üzləşməməlidirlər. Sentyabrın 15-də məktəblərin təhlükəsiz şəkildə açılmasını təmin etmək və uşaqların məktəbin təqdim etdiyi imkanları əldən verməmələri üçün UNICEF Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir.

Vurğulamaq yerinə düşər ki, UNICEF və ÜST-ün Azərbaycandakı nümayəndəlikləri ölkədə bütün uşaqların məktəblərə təhlükəsiz qayıdışı naminə valideynlər, müəllimlər və şagirdlər üçün bütün zəruri məlumatlar da daxil olmaqla birgə “Məktəbə qayıdış” kampaniyası üçün Təhsil Nazirliyinə, eləcə də yerli səhiyyə qurumlarına birgə dəstək verəcəklər. Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı bildirir ki, pandemiya dünyada təhsil sistemlərinə də təsirsiz ötüşmədi. İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilmədi və sadəcə proseslərin arxasınca getdi. Əksər hallarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər var idi. Lakin pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət davam edəcəyi aydın olandan sonra təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başlamışlar.

K. Əsədov qeyd edib ki, artıq yeni tədris ilinin başlamasına 2 həftə vaxt qalıb. Bir sıra ölkələr yeni tədris ilinin başlaması barədə proqnozlar veriblər: “İnanıram ki, Azərbaycanda da sentyabr ayında yeni tədris ili başlayacaqdır. Düşünürəm ki, dərslər həftə ərzində hər gün olmamalıdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə həftənin bazar ertəsi, çərşənbə günü və cümə günləri, digər siniflər isə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri gəlməlidir. Bu zaman sosial məsafə və digər qabaqlayıcı tədbirlərə diqqət yetirmək lazımdır”.

Təhsil eksperti vurğulayıb  ki, ənənəvi formada sentyabrın 15-də tədris ili başlamalıdır. Bunun əksini ifadə edəcək qərar hələ ki, verilməyib. Amma mövcud pandemiyanın tədris ilinin başlanmasına və tədrisin həyata keçirilmə formasına təsiri danılmaz və qaçılmazdır: “Belə ki, ibtidai siniflər üçün dərs müddəti 25, digər siniflər üçün 30 dəqiqəyə müəyyən edilməlidir.  Yaxın fənləri birləşdirərək inteqrativ dərslərə üstünlük verilməlidir.  Dərs saatları elə müəyyən edilməlidir  ki, şagirdlər məktəbdə maksimum 2-2,5 saat olsun. Belə ki,  məktəb 3 növbə fəaliyyət göstərməlidir.   I növbə saat 08-00-dan 10-00-dək ibtidai siniflər üçün,   II növbə saat 10-30-dan 13-30-dək V-VIII siniflər məktəbdə olmalıdır,    III növbə saat 14-00-dan 17-00-dək IX-XI siniflər məktəbdə dərslərdə iştirak etməlidirlər.

Bütün hallarda isə sinifdə şagird sıxlığına xüsusi diqqət yetirmək lazımdır. İbtidai siniflərdə şagird sayının 20-dən, digər siniflərdə 15-dən çox olmasına imkan vermək olmaz. Bütün bunlarla yanaşı, zəruri tibbi-sanitar normalar gözlənilməli, məktəblər mütəmadi olaraq dezinfeksiya edilməlidir”.

 

Nigar Orucova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir