BOSANMA

Ərlə arvadın mənzil davası

Baxış sayı: 1. 842

Rəhman Musayev 2013-cü ildə Rusiya vətəndaşı ilə ailə həyatı qurub. Lakin tərəflər yola getmədiyindən ötən ilin dekabr ayında boşanıblar. Bundan sonra Rəhmanın keçmiş həyat yoldaşı birgə mülkiyyətdən istifadə hüququ qazanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə isə bu iddia əsasında keçmiş arvadının  mülkiyyətindəki mənzilə istifadə hüququnu tanıyıb.

Bununla belə, Rəhman Musayev məhkəmənin bu qərarı ilə razılaşmır. O, əməkdaşımızla söhbətində deyib ki, keçmiş arvadı ilə həmin mənzildə birgə yaşaması mümkün deyil: “Bu səbəbdən də kompensasiya ödəməklə keçmiş arvadımın istifadə hüququna xitam verilməsini istəyirəm. Bunu onun özünə dəfələrlə təklif etsəm də, razılaşmayıb. Bilmək istəyirəm ki, belə bir tələblə məhkəməyə müraciət etmək mümkündürmü?”.

Maraqlıdır, görəsən bu kimi hallar qanunvericilikdə necə tənzimlənir? Birgə yaşayış sahəsinə malik mülkiyyətçilər eyni mənzildə yaşamaq barədə razılığa gələ bilmədikdə kompensasiyanın məbləği necə müəyyənləşdirilir?

Məsələyə münasibət açıqlayan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Müzəffər Baxışov bildirir ki, son zamanlar məhkəmə praktikasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı şikayətlərin sayı xeyli artıb. Onun sözlərinə görə, bu cür mübahisələrin artmasının əsas səbəbləri kimi ölkədə vətəndaşların mənzil ehtiyaclarının lazımınca təmin olunmamasını və durmadan artan boşanma proseslərini göstərmək olar. Belə ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsindən bir çox hallarda şəxsin özü ilə birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) ilə yanaşı sonradan bu üzvlərdən nikaha daxil olan şəxslərin uşaqları, əri və ya arvadı da həmin mənzilə köçür. Bu isə ailə-nikah münasibətləri pozulduğu təqdirdə tərəflər arasında mübahisələrə səbəb olur. Çünki tərəflərin gərgin münasibətləri onların bir mənzildə yaşamasını mümkünsüz edir və əksər hallarda keçmiş ər istifadə hüququnun xitamı ilə bağlı məhkəməyə müraciət edir, bu halda məhkəmə ədalətli kompensasiyanın ödənilməsini təmin etməlidir. Ailə münasibətlərinə xitam verildiyi təqdirdə yaşayış sahəsindən istifadə hüququnun xitamına görə kompensasiyanın ödənilməsi yalnız yeni Mənzil Məcəlləsi qüvvəyə minməmişdən əvvəl, yəni 30 iyun 2009-cu ilə qədər yaranan münasibətlərə şamil olunur. Çünki yeni məcəlləyə görə mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildikdə həmin şəxslərin istifadə hüququ yalnız məcəllədə göstərilmiş konkret hallar mövcud olduqda müvəqqəti olaraq saxlanılır.

 

Mülkiyyətçi ilə keçmiş ailə üzvü arasında razılaşma yoxdursa…

Müzəffər Baxışov deyir ki, Mülki Məcəllənin 228-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Onun sözlərinə görə, bu məsələ Mənzil Məcəlləsində fərqli qayda nəzərdə tutulub. Belə ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

“Başqa razılaşma” dedikdə nəyin nəzərdə tutulmasına gəlincə, hüquqşünas deyir ki, bu, tərəflər arasında bağlanmış və ikinci şəxsə mənzildən istifadə hüququ verən hər hansı müqaviləni nəzərdə tutur. Müzəffər Baxışov bildirib ki, belə hallarda şəxsin istifadə hüququnun yeganə əsası ailə münasibətləri olmadığından bu münasibətlərə xitam verilsə belə digər əsasa görə istifadə hüququ saxlanılır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər: “Bu zaman yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsindən əvvəl yaranmış münasibətlərə Mülki Məcəllənin müvafiq maddəsi, ondan sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin müvafiq maddəsi şamil olunur».

Vəkil onu da vurğuladı ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notarial qaydada təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Lakin mülkiyyətçi ilə birgə yaşayan və ya kənarda yaşayan ailə üzvlərinin (ər, arvad, uşaqlar, valideynlər) yaşayış sahəsindən istifadə hüququ qanundan irəli gəldiyi üçün belə notarial qaydada təsdiq olunmuş müqavilə bağlamağa ehtiyac yoxdur. Mülkiyyətçinin övladları öz yetkinlik yaşına çatmayan uşaqlarını mülkiyyətçinin razılığı olmadan da köçürə bilərlər, lakin həyat yoldaşlarını yalnız mülkiyyətçinin razılığı ilə köçürə bilərlər. Bu zaman yeni köçən şəxslərə mülkiyyət deyil, yalnız istifadə hüququ keçir və onların bu hüquqları alqı-satqı, girov və icarənin müstəqil predmeti ola bilməz. Əgər mənzil başqa şəxsin xeyrinə özəlləşdirilərsə, üçüncü şəxslər əgər öz istifadə hüquqlarından rəsmi qaydada imtina etməyiblərsə bu hüquq saxlanılır. Yəni burada konkret yaşayış sahəsi istifadə hüququ ilə yüklü olduğundan mülkiyyətçi dəyişsə də, bu hüquqa xitam verilmir.

 

Kompensasiya necə müəyyənləşir?

Müzəffər Baxışov onu da bildirir ki, Mülki Məcəllənin 228.3. maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya vermək yolu ilə xitam verilə bilər: «Amma burada bir məqam var ki, qanunverici kompensasiyanın hesablanmasının xüsusi qaydasını müəyyən etməyib, bunu məhkəmələrin səlahiyyətlərinə verilib. Praktikada məhkəmələr kompensasiyanı hesablayarkən tərəflərin maddi vəziyyətlərini, ailə üzvlərinin sayını, şəxsin istifadə hüququ olan yaşayış sahəsinin faktiki şəraitini, həmin ərazidə eyni şəraitli evlərin aylıq kirayə haqlarını və digər faktorları nəzərə alırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il qərarında göstərilən “əvəzləşdirmə”yə uyğun məbləğ məhz davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir. İlk növbədə ekspertiza təyin edilərək mübahisəli mənzilin bazar qiymətləri əsasında faktiki dəyəri müəyyən olunur”.

Yeri gəlmişkən, mənzilin yerləşdiyi ərazidə eyni şəraitli evlərin aylıq kirayə haqlarının orta qiyməti əsasında müəyyən müddət ərzində yaşayış sahəsinə olan tələbatını ödəmək imkanı verən pul məbləği müəyyən olunur. Bu zaman məhkəmə müxtəlif faktorları nəzərə alaraq bu müddəti elə müəyyənləşdirməlidir ki, istifadə hüququna xitam verilən şəxs həmin müddətin bitməsinə qədər öz mənzil ehtiyaclarını sərbəst ödəmək imkanına malik olsun. Müzəffər Baxışov deyir ki, yaşayış sahəsindən istifadə hüququnun xitamı ilə əlaqədar kompensasiya verilməsi şəxsin hüquqlarının qorunması baxımından mühüm əhəmiyyətə malikdir: «Çünki xitam nəticəsində şəxs ən əsas həyati tələbatlardan biri olan yaşayış sahəsindən məhrum olur. Bir çox hallarda boşanma proseslərindən sonra əsasən qadınlar belə problemlərlə üzləşirlər və hüquqi savadsızlıq nəticəsində öz hüquqlarını tələb etmirlər. Halbuki verilmiş kompensasiya məbləği onların öz maddi vəziyyətlərini normallaşdıranadək və mənzil tələbatlarını normal ödəmək imkanı əldə edənə qədər mənzil ehtiyaclarını alternativ yollarla təmin etmələri üçün şərait yaradır».




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir