Klayv Lyuis - Coy Devidmen

Ərli qadın və subay nağılçının nağıl kimi sevgisi

Baxış sayı: 1. 658

Tarix ona nəsə yazanları hər zaman xatırlayır. Bir çox məşhurlar – yazıçılar, musiqiçilər, rəssamlar təkcə işləri ilə deyil, həm də həyatları ilə yadda qalıblar. Bu həyatlar arasında kədərlisi də var, faciəlisi də, xoşbəxti də. Sevgi isə yaradıcı insanların ruhundadır. Onların sevgiləri hər zaman oxunulur, izlənilir. Bu dəfə məşhur yazıçılar Klayv Lyuis Coy Devidmenin sevgi hekayəsindən bəhs edirik.

Klayv Lyuis XX əsrin ən məşhur nağılçılarındadn biridir. O, dəfələrlə filmi çəkilm iş “Narniya xronikası” nağılının müəllifidir. Qəribədir, amma bu nağılçının Coy Devidmenlə olan sevgisi də əsl nağıl idi. Bu nağılda Lyuisin kitablarındakı hər şey vardı – macəra, sevgi, möcüzə…

Lyuisə nağılçı deyəndə xoşu gəlmirdi. O, özünü daha çox ilahiyyatçı hesab edirdi. İlk kitabında Lyuis Allaha gedən yoldan danışırdı. Kitabın adı “Sevincə çatmaq”, ingiliscə “Suprised by Joy” idi. Qəribədir, amma Lyuisin həyatını sevinclə dolduran qadının da adı Coy idi. Coy Devidmen Qreşem.

Bu qədər bir-birinə uyğun olmayan insanın sevgisi olduqca qəribə idi. Lyuis ciddi ingilis, Oksfordda professor, qoca, lakin subay, ağıllı və utancaq idi. Coy isə evli amerikalı, jurnalist, partiyanın aktiv üzvü, kobud və açıq sözlü, ehtiraslı, dəli təbiətli.

Lakin Klayv və Coy hesab edirdilər ki, bir-birlərindən ayrı keçirdikləri uzun illər əslində onlara verilib ki, daha çox üzərlərində işləsinlər və bir-birini tapanda yaşaya bilsinlər. Klayv Coydan 17 yaş böyük idi.

 

Lyuisin həyatı…

Lyuis Klayv 1898-ci ildə Belfastda doğulub. Tezliklə ailəsi Strendtauna köçür. Yayda ailəlikcə dənizə getməyi sevirlər. Bir çox araşdırmaçılar hesab edirlər ki, Lyuisin yaratdığı möcüzəli Narniya elə Şimali İrlandiya təəssüratları üzərində qurulub.

Atası Albert Lyuis hüquqşünas, anası Flora Hamilton riyaziyyatçı idi. Flora Hamilton Lyuisin atası ilə evləndikdən sonra karyerasını dayandırdı. Əvvəlcə ilk övladı Uorren dünyaya gəldi, sonra Klayv. Qardaşlar arasında heç vaxt mübahisə olmazdı. Onlar eyni nağılları sevirdilər. Birlikdə sehrli ölkə “Boksen”i düşünmüşdülər. Gələcək nağılçını ilk nağıllarla dayə Lizzi Endikott tanış edib. Dayə onlara danışır ki, göy qurşağının sonunda qızıl var. Qardaşlar onu axtarıb tapmağı planlaşdırırlar. Gecəyə qədər qazıntı aparan qardaşlar evə əli boş qayıdırlar. Lakin qazdıqları yerdə böyük çuxur qalır. Ata Lyuis işdən qayıdanda həmin çuxura düşür. Ata evdə onları möhkəm danladıqdan sonra Lyuis qərar verir ki ,İrland nağılları boş şeydir.

1908-ci ildə Flora Lyuis qəfil ölür. Dul qalmış ata depressiyaya düşür və Klayvı böyük qardaşının oxuduğu Uinyard məktəbinə göndərir. Sonralar Klayv məktəbi dəhşətlə xatırlayır. Deyir məktəb deyil, əsl həbsxana idi. İyrənc yeməklər, qəddar cəzalar, işgəncə. Klayv əla oxuyurdu. Sonralar Oksforda daxil olur. Birinci dünya müharibəsi başlayır və Klayv könüllü olaraq müharibəyə yollanır. 1918-ci ildə yaralanır və evinə qayıdır. Lyuis yenidən Oksforda görə dönür. Oxumaq həvəsi üçün yox, verdiyi sözə görə. Belə ki, müharibədə olarkən Lyuis uşaqlıq dostu Patrik Murla birlikdə olur. Onlar bir-birinə söz verirlər ki, biri ölsə, digəri ölənin ailəsinə yardım edəcək. Patrik ölür. Klayv onun bacısı və anasına ömür boyu kömək edəcəyinə söz verir. Patrikin anası Mur Lyuisin ana əvəzi olur. 1944-cü ildə infarkt keçirir və ömürlük iflic olur. 1951-ci ildə vəfat edənə qədər Lyuis hər gün xəstəxanaya onun yanına gedir.

 

Coyun həyatı…

Coy 1915-ci ildə Nyu-Yorkda müəllim ailəsində doğulub. Uşaq yaşlarından ağlı və dərrakəsi ilə hər kəsi heyran edib. 1934-cü ildə Coy Nyu-Yorkda Hanter kollecində bakalavr dərəcəsi alır. Sonra qərar verir ki, ingilis dili və ədəbiyyatı üzrə oxusun. Sonralar yəhudi anasının danışdıqları əsasında ilk kitabını “Anya”nı yazır. Roman 1940-cı ildə çapdan çıxır, lakin elə də böyük uğur qazanmır. Coy heç buna ümid də etmirdi. Əsasən “Metro Goldvyn Mayer” studiası üçün ssenarilər yazır. Coy o qədər də gözəl deyildi. Lakin elə böyük cazibəsi vardı ki, yanından keçən hər kəs dayanmalı olurdu. Sevənləri çox idi, amma o, ərə getməyə tələsmirdi. Gözləyirdi ki, nağıllardakı kimi bir gün ürəyi ona lazım olan şəxsi göstərəcək.

1942-ci ildə Coy Devidmen Uilyam Qreşemlə tanış olur. Uilyam da aktivist idi. Müxbir işləyirdi, İspaniyadakı hərbi hadisələrdə iştirak etmişdi. Qreşemdəki romantiklik, üsyançılıq Coyun çox xoşuna gəlirdi. Coy ona vurulur və tezliklə qarşılıq da görür. 1943-cü ildə onlar evlənirlər. 1944-cü ildə Coy ilk övladı Devidi dünyaya gətirir. Bir il sonra isə ikinci oğlu Duqlas doğulur. Amma ailə həyatında problemlər vardı. Uilyam spirtli içki aludəçisi idi. Bundan başqa Coya xəyanət də edirdi. Bir dəfə Qreşem işdən evə zəng edərək Coya deyir ki, dəli olur. Çölə çıxmağa qorxur. İçəridə də qala bilmir. Ona elə gəlir ki, kimsə onu izləyir. Coy tez evdən çıxıb redaksiyaya gedir. Lakin Qreşem orada yox idi. O, sadəcə itmişdi. Coy hər kəsə zəng edir, lakin heç kim onun harada olduğunu bilmir. Sonradan Uilyam evə qayıdır. Məlum olur ki, bütün vaxtı o, küçədə gözə görünməz düşmənlərdən qaçırmış. Bu hadisə Coya çox təsir edir və o, ilahiyyatla maraqlanmağa başlayır. Qreşem də arvadının yeni məşğuliyyətinə isti yanaşır. Onlar birlikdə dinlə məşğul olurlar. Uilyam daha az içməyə başlayır. Coy uzaqdan tanıdığı, ilahiyyatçı Klayv Lyuisdən bəzi suallar soruşmağa qərar verir və ona məktub yazır. Lyuis cavab yazır.

Klayv Lyuis ve Coy Devidmen

Bir anlıq qadının ağrıları itir, Lyuisin isə ayaqları ağrıyır

Coy və Klayv arasındakı yazışmalar hər gün daha da güclənir. Onlar hər gün müzakirə etməyə yeni mövzular tapırlar. Nəhayət, Coy İngiltərəyə gedib Lyuislə görüşməyə qərar verir. Bu tanışlıq nəticəsində isə 37 yaşlı Coyla 54 yaşlı Lyuis arasında sevgi yaranır. Lyuis Coyu Oksforda nahara dəvət edir. Nahar zamanı Lyuis Coysa heyran qalır. Onlar birlikdə Yeni İli qeyd edirlər. Küçələrdə əl-ələ gəzirlər. Pablara daxil olub, mahnılar oxuyurlar. İki həftə keçir. Coy Amerikaya qayıtmaq qərarına gəlir. Lakin artıq bilir ki, Lyuisi sevir. Qərar verir ki, Qreşemdən ayrılsın. Tərəddüd içində qalarkən Qreşem özü Coya başqa qadını sevdiyini etiraf edir. Coy uşaqlarını da götürüb İngiltərəyə köçür. Oksfordda yerləşir. Klayv Lyuis onun oğlanlarının məktəb xərclərini ödəyir. Lyuis “Narniya xronikası” nağıllar kitablarından birini Coyun uşaqlarına həsr edir. Devid və Duqlas Lyuisi sevirlər. Lyuis isə artıq həyatını Coysuz təsəvvür edə bilmirdi. Lakin o, Coyla evlənməyə tələsmirdi. Əvvəlcə qorxurdu ki, Coy, sadəcə onun puluna və şöhrətinə vurulsun. Sonra Coy ərindən rəsmi boşansa belə, ingilis kilsəsi boşanmanı qəbul etmirdi. Lyuisin heç evlənmək fikri də yox idi. Lakin 1956-cı ildə ingilis hakimiyyəti Coya yaşamaq hüququ vermir. O, ölkəni tərk etməli idi. Yeganə yol evlənməkdi. Lyuis ona evlənmək təklif edir. Lyuis hər gün Coyu daha çox sevirdi. Onun üçün Coy kainatın mərkəzi idi. Amma o, əsl sevgini Coyun həyatı təhlükə altında olanda tanıdı. Coyda sümük xərçəngi aşkarlandı. 1956-cı ildə üç əməliyyata girdi. Coyun əzabları Lyuisin sevgisini artırırdı. O, artıq evliliyini gizli saxlamaqdan imtina etdi. Coyun oğlu xatırlayır ki, bir dəfə anası əzab çəkərkən Lyuis yalvarır ki, tanrı sevgilisinin əzablarını ona versin. Bir anlıq qadının ağrıları itir, Lyuisin isə ayaqları ağrıyır. Tezliklə həkimlər Coyu xəstəxanadan buraxırlar. O, sağalır, lakin Klaydın ayaqlarında xəstəlik müəyyən edilir. Klayd arvadını uşaqlıq adı ilə – Helen deyə çağırırdı. 1959-cu ildə yeni evli cütlük Yunanıstana səyahətə çıxır. Bu, Lyuisin həyatı boyu ən xoşbəxt günləri idi. Amma xoşbəxt günlər tezliklə bitir. Coyun xəstəliyi yenidən üzə çıxır. O, dəhşətli ağrılar içində ölürdü. Nəhayət, 13 iyul 1960-cı ildə əzablar bitir və Coy vəfat edir.

 

Coy ölərkən Allaha inanırdısa, Klayd o inamını itirdi...

Coyun oğlu danışır ki, Lyuisi görərkən dəhşətə gəlib. Bir neçə gündə iyirmi il qocalıbmış. Coy ölərkən Allaha inanırdısa, Klayd o inamını itirdi. Klayd uzun müddət evdən çıxmır. Coyla xoşbəxtcəsinə gəzdiyi küçələri, keçdiyi yerləri bir də gəzmək istəmir. Coy haqqında gündəliklərində dayanmadan yazır. Sonradan kitab çıxarır. Klayd artıq özü barədə düşünmürdü. Onun həyatı da Coyun həyatı ilə birlikdə bitdi. 22 noyabr 1963-cü ildə Klayd qan zəhərlənməsindən həyatını itirdi. O, öldüyü gün Amerika prezidenti Kennedi də öldürüldü. Bütün dünyanın diqqəti prezidentdə ikən nağılçının ölümünü heç kim xatırlamadı. Lyuisin dəfnində o qədər də çox adam yox idi. Uorren belə qardaşını son mənzilə yola sala bilmədi. Dəhşətli itkidən insult keçirdi və iflic oldu.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir