pul

Əskinasları yastığın altına yığmayın, vahid ödəniş sistemi qapıdadır

Baxış sayı: 610

Gələn il Avropa ödənişlər məkanında “Avropa ödənişlər təşəbbüsü” layihəsinin həyata keçirilməsi gözlənilir. Layihənin məqsədi Avropadakı istehlakçılar və satıcılar üçün vahid ödəmənin yaradılmasıdır. Bu, özündə ödəmə kartlarını və rəqəmsal cüzdanları birləşdirəcək və beləcə bütün nağdsız ödəniş formalarını idarə etmək mümkün olacaq. Bu addım Avropada nağdsız ödənişlər bazarının mənzərəsini əhəmiyyətli şəkildə dəyişdirəcək. Layihənin müəllifləri hesab edirlər ki, bu təşəbbüs “Visa”və “Mastercard”, eləcə də “Apple Pay”və Çin ödəmə şəbəkələrinin mövqelərini zəiflədəcək.

Bəs, Azərbaycanda da vahid nağdsız ödəniş sistemini qurmaq mümkündürmü və bu, nə zaman ola bilər?

vuqar bayramov

Millət vəkili Vüqar Bayramov deyir ki, bu gün Avropada pul-kredit siyasətində nağdsız ödənişlərdə yalnız plastik kartlardan deyil, digər alətlərdən istifadə edilməsi ən çox müzakirə edilən məsələlərdəndir:

“Eyni zamanda MDB ölkələrində də oxşar təşəbbüsün tətbiqi ilə bağlı məsələlər öyrənilir. Azərbaycan nağdsız hesablaşmaları dəstəkləyən ölkələrdəndir və ölkəmizdə vəsaitin nağdlaşdırılması ilə bağlı xüsusi limitlər var. Bu, ƏDV ödəyiciləri üçün aylıq 30 min manatdır, sadələşdirilmiş vergi ödəyiciləri üçün isə aylıq 15 min manatdır. Və digər ödənişlər yalnız nağdsız şəkildə həyata keçirilməlidir. Lakin statistika göstərir ki, vətəndaşlarımız hələlik daha çox nağd şəkildə ödənişlərə üstünlük verirlər.

Ölkədə plastik kartları olan vətəndaşların sayının çox olmasına baxmayaraq plastik kartla ödəniş edənlərin sayı elə də çox deyil. Statistikaya görə, ölkəmizdə plastik kartlardan istifadə edənlərin sayında artımlar var, amma hələ də nağd ödənişlər üstünlük təşkil edir”.

Deputat bildirir ki, sözügedən təşəbbüsə Azərbaycanın qoşulması məsələsi də müzakirə olunur:

“Burada nağdsız ödənişlər ilə bağlı alətlərin şaxələndirilməsindən söhbət gedir. Azərbaycan blokçeyn texnologiyasını, eyni zamanda digər nağdsız ödənişlər ilə bağlı mövcud alətlərdən istifadə imkanlarını öyrənir. Bu təşəbbüslərin reallaşması üçün zaman lazımdır. Hətta Avropanın özündə belə bir sıra ölkələrdə bu təşəbbüsün reallaşması üçün vaxt lazım olacağı gözlənilir”.

“Hazırda Azərbaycan nağdsız ödənişlərin dairəsinin genişləndirilməsi və yeni alətlərdən istifadə ilə bağlı məsələləri pul-kredit siyasətində prioritet edib. Amma belə ideyaların reallaşması vaxt istəyir. Vətəndaşlarda nağdsız ödənişlər ənənəsinin yaradılması da çox vacibdir. Yeni alətlərdən istifadə edilməsi təqdirəlayiqdir. Amma bütün hallarda bu tip təşəbbüslərin reallaşması qısa müddətli dövrü əhatə etməyəcək”, -deyə deputat əlavə edir.

natiq ceferli

İqtisadçı-ekspert Natiq Cəfərli isə deyir ki, Avropa İttifaqı ölkələri çoxdandır bununla bağlı işlər aparırlar: “Lakin bu təşəbbüsü qısa zamanda həyata keçirmək mümkün deyil. Çünki hələ də Avropada vahid nağdsız ödəniş sisteminə keçməkdə çətinlik çəkən ölkələr var. Bu təşəbbüsün həyata keçirilməsi bir az zaman alacaq. Vahid ödəniş sistemlərinin əsas məqsədi nəzarətsiz pul axınlarının, vergidən yayınmağın qarşısını almaq, çirkli pulların dövriyyəsini minimuma endirməkdir.

Yəni bir neçə il ərzində vahid ödəmə sisteminə keçid baş verəcək. Amma bu, o demək deyil ki, digər sistemlər qadağan ediləcək, xeyir. Digər ödəniş sistemləri də işləyəcək. Sadəcə Avropa İttifaqı ölkələri çalışacaqlar ki, vahid ödəniş sistemi vətəndaşlar üçün daha cəlbedici olsun və onlar könüllü şəkildə bu sistemə keçsinlər. Digər ödəniş sistemlərinə ziyan ancaq bu zaman dəyə bilər”.

O bildirir ki, yaxın illərdə bu təşəbbüs Azərbaycan üçün də hədəf kimi götürülə bilər: “Amma hazırda bizim üçün əsas hədəflərdən biri nağdsız ödənişlərin həcmini artırmaqdır. Sonra növbəti addım kimi vahid ödəniş sistemi ilə bağlı müəyyən layihələr həyata keçirmək mümkündür. Pandemiya ilə bağlı nağdsız ödənişlərdə artımlar var, amma yenə də geridəyik”.

“Vahid ödəmə deyəndə bütün bank hesabları vahid ödəmə sisteminə bağlı olur, vergiləriniz avtomatik hesablanır, hər yerdə eyni ödənişdən istifadə etmək mümkündür”-deyə iqtisadçı əlavə edir.

 

Xalid Məmmədov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir