Rustem S

10 il yeni ili evində keçirməyən səyyah: “Səfərin 3 günü qəpiksiz qaldıq”

Baxış sayı: 310

Dostları deyirlər ki, Yeni ildə onu Bakıda tapmaq olmur. Hər Yeni ildə hansısa ölkəyə səfər edir. “Bir dəfə Yeni ili evdən uzaqda keçirdinsə, növbəti 7 ili də evdə qeyd etməyəcəksən” deyiminə də inanır. Çünki öz təcrübəsində bunu yaşayıb. 10-12 ildən sonra nəhayət ki, bu il Yeni ili öz evində qarşılayacaq. Müsahibimiz gənc səyyah Rüstəm Şəfiyevdir.

 

– Maraqlıdır, ilk Yeni il səfəriniz nə vaxt olub və necə yadınızda qalıb?

– İlk Yeni il səfərim hardasa 10-12 il öncəyə təsadüf edib. Dostlarla birlikdə Gürcüstana getmişdik. İlkliyi ilə yanaşı, yadımda qalmağına səbəb olan başqa faktor da oldu. Qatarla səyahət edirdik. Gömrükdə anlaşılmazlıq oldu və bütün pullarımızı götürdülər. Dedilər ki, qayıdanda hamısı qaytarılacaq. Dekabrın 31-i Gürcüstana çatanda, əlimizdə qara qəpik də yox idi. İş günü də deyildi ki, bankla Azərbaycandan bizə pul göndərsinlər. Yeni il səfərinin ilk 3 günü qəpiksiz qaldıq.

 

– 3 gün az müddət deyil. Harda qaldınız, nə yeyib-içdiniz?

– Səhər, günorta və axşam yeməyi verən bir otel tapdıq. Onlara vəziyyəti izah etdik. Bəxtimiz gətirdi ki, bizə inandılar. Dedik ki, Azərbaycana qayıdan kimi pulu ödəyəcəyik. Bu şərtlə bizi otelə götürdülər. 3 günü, eləcə yola verdik. Amma o səfər mənim üçün təcrübə oldu.

 

– İndiyə qədər neçə ölkədə olubsunuz?

– ,Təxminən 74 ölkədə. Hər ölkəyə getdiyimdə də, çalışıram ki, bir neçə şəhəri gəzim.

– Dostlarınız deyirlər ki, Yeni ildə sizi Bakıda tapmaq olmur. 74 ölkənin neçəsinə Yeni ildə gedibsiniz?

– Neçə il ard-arda Yeni ili səfərlərdə keçirmişəm, ona görə belə deyirlər. Hardasa 10 ölkəyə səfərim Yeni ildə olub. Adətən, Milad bayramı ərəfəsində səfər edirəm. Çünki Milad bayramını Amerikada, Avropanın bir çox ölkələrində çox maraqlı keçirirlər. Ötən il Milad bayramını Dubayda keçirdim, çox fərqli gəldi. Milad bayramında da səfər edəndə, çalışıram ki, bir ölkə ilə kifayətlənməyim, bir neçəsinə gedim. Almaniyaya gedəndə Çexiyaya da səfər etmişdim. Şəhərin köhnə meydanında Yeni il yarmarkası var idi. Çox gözəl idi.

 

– Deyirlər ki, bir Yeni ili evdə keçirmədinsə, 7 il evdə olmayacaqsan. Bu deyimə inanırsınız?

– Bəli, inanıram. Məndə hətta 7 deyil, 10 olub (gülür).

 

– Ard-arda 10 il Yeni ili səfərlərdə keçirməyinizin səbəbi nədir?

– Bunun iki səbəbi var. Həm Yeni ildə istirahət günləri daha çox olur, həm də Amerika və Avropa ölkələrində bu bayrama daha çox diqqət yetirilir. Lakin ötən il Milad bayramında özüm üçün yenilik etdim və Dubaya getdim. Dubay isti ölkədir. Gündüz vaxtı 20-25 dərəcə isti var idi, ancaq şəhərin mərkəzində hər yerdə süni qar yaratmışdılar.  Gəzə-gəzə qartopu oynaya bilərsən. Ona görə, belə səfərlər edirəm. Bizdə Yeni ili qeyd etmək istəyənlər, adətən dekabrın 30-u Gürcüstana gedirlər. Mən də bir-iki Yeni ili orda keçirmişəm. Maraqlıdır, amma o qədər də yox. Ona görə, sonra qərara gəldim ki, Avropa ölkələrinə getsəm, daha maraqlı olar.

 

– Bu səfərlər, adətən neçə günlük olur?

– 10-12 gün. Bir şəhərdə olacaqsansa, təbii ki bu müddət çoxdur. Heç olmasa, 3 şəhəri gəzmək lazımdır. Mən də getdiyim ölkənin bir neçə şəhərində oluram, qonşu ölkələrə də səfər edirəm.

 

– Birinci Yeni il səfəriniz dostlarla olub. Bəs sonra?

– Demək olar ki, tək səfər etmirəm. Hər dəfə kiminləsə gedirəm. Ən azından yanımda şəkil çəkən olsun (gülür). Təbii ki, hər kəslə də səyahət etmək olmur. Ortaq maraqlarımız olan adamlarla səyahətə çıxıram. Elə adam var ki, gedəndə oteldən kənara çıxmaq istəmir. Yemək yeyir, otağa qayıdır, yaxud yüngülvari gəzir. Yəni getdiyi ölkə və şəhərin fərqli yerlərini görməyə çox da maraq göstərmir. Müəyyən qədər gəzmək ona bəs edir. Mən isə səhər oteldən çıxıram, axşam 10-11-dən sonra qayıdıram. Bütün gün şəhəri piyada gəzirəm. Ona görə, piyada gəzməyi sevən adamlarla səyahət etmək mənim üçün daha uyğundur.

– Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə də axşam 10-11-də otelə qayıdırsınız?

– Təbii ki yox (gülür). Bakıda olanda saat 12 tamamda evdə oluram. Ancaq səfərdəyəmsə, olduğum ölkədə mərkəzi hissəyə gedirəm. Orda həmişə maraqlı Yenil il tədbirləri təşkil edilir. Ona görə, həmin gecəni səhərə qədər şəhərdə oluram.

 

– Ailəlisiniz, maraqlıdır, Yeni il səfərlərində yoldaşınızı aparırsınız?

– İki ildir evlənmişəm. 3 ildir səfərlərə yoldaşımla gedirəm. Keçən il Dubay səfərinə də onunla bir yerdə getmişdik.

 

– Səfər xərclərindən danışaq… Yeni il ərəfəsində qiymətlər baha olur.

– Yeni ildə bilet və otellərin qiymətləri hər yerdə çox baha olur. Ona görə, Yeni ildə səfər etmək istəyirəmsə, 4-5 ay əvvəldən plan qururam. Bilet və oteli öncədən bron etsən, qalan qiymətlər təxminən eyni olur. 4-5 ay öncə otel və bilet bron etməmişəmsə, səyahətə getmirəm. Çünki heç pul məsələsini götürməsək, il sonuna az qalmış sən mərkəzi hissələrdə otel bron edə bilmirsən. Şəhərdən 30 km aralıda, amma şəhərdəki qiymətə otellərdə qalmağa məcbur olursan. Ona görə, planlı səfər etsən, xərcin digər səfərlərdən çox da fərqli olmur. Üstəlik də, istədiyin oteldə qala bilirsən.

 

– Bu Yeni ildə deyəsən, səfəriniz yoxdur?

– Deyəsən, yox.

 

– Bu il niyə getmədiniz? Büdcə uyğun gəlmədi?

– Getməyə ölkə tapmadım (gülür). Bizdə bir az çətindir. Gərək Gürcüstan üzərindən gedək. Ordan da “Wizzair” 40 şəhərə gedir, onların da çoxuna getmişəm. İndi “RyanAir” də ora gəldi. Bizdən isə “Wizzair” ancaq Budapeştə gedir. Gərək Budapeştə gedib ordan istədiyin yerə səfər edəsən. Bu isə daha çox xərc aparır.

 

– Yeni il səfərlərinizdən maraqsız keçənləri olub?

– Yox olmayıb. Çünki mən səfər planlayanda, gedəcəyim ölkədə Milad bayramının necə keçirildiyi, Yeni ili necə qarşıladıqları  və s.-lə bağlı araşdırma aparıram. Əgər mənim üçün maraqlı gəlsə, gedirəm. Həm də ona görə maraqsız keçmir ki, hər dəfə fərqli ölkədə keçirirəm. Eynilik olsa, yəqin ki, darıxdırıcı gələr. Məsələn, indi Yeni ili Gürcüstanda keçirsəm, maraqsız gələ bilər. Çünki 2-3 dəfə orda Yeni ili keçirmişəm, artıq mənim üçün yeni nə isə yoxdur.

 

– Yeni ili keçirmək istədiyiniz, amma hələ getmədiyiniz ölkə varmı?

– Əlbəttə ki, var. Amerikada 5-6 dəfə olmuşam. Yeni ili Los-Ancelesdə də keçirmişəm. Amma Nyu-Yorkda da keçirmək istəyərdim. Yeni ili Nyu-Yorkda “Time Sguare”də də qarşılamaq çox maraqlı olar. Onunla bağlı videolara baxıram. Həmin gün meydan insanla dolu olur. Hamı yığışıb orda böyük bir saatda Yeni ilin gəlişi üçün son dəqiqələri gözləyir. Tamamında da təzə ilin gəlişi münasibətinə böyük bir əyləncə keçirilir. Düzdür, orda olmuşam, amma yay aylarındakı səfərlərimə təsadüf edib. Ancaq Yeni il orda bir başqa cür keçirilir. Bir də Laplandiyanın paytaxtı Ravaniemidə Yeni ili qarşılamaq istəyərdim. Laplandiyada Santa Klausun kəndi var. Miladın paytaxtı oradır. Ona görə maraqlıdır.

 

– Maraqlıdır, indiyə qədər səfər etdiyiniz yerlər siyahısına onlar niyə daxil olmayıb?

– Bilmirəm. Amma gələn Yeni ildə ikisindən birinə gedəcəyəm. Amerika vizası almışam. 4-cü dəfədir ki, Amerika vizası alıram. Gələn ili Nyu-York-da keçirməyə çalışacağam.

 

Aygün Asimqızı






Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir