150

150 yaşında ilk dəfə siqaret çəkən azərbaycanlı – 23 övladın atası

Baxış sayı: 2. 034

Düz 43 il əvvəl SSRİ-nin və bütün dünyanın haqqında danışdığı bu azərbaycanlı çoban vəfat etdi. O, 1805-ci ildə Lerik rayonunun Barzavu kəndində anadan olmuşdu. 3 dəfə evlənmişdi, vəfat edəndən sonra 23 övladı qaldı. Sonuncu övladı isə, hə, təəccüblənməyin, 136 yaşında olanda dünyaya gəlmişdi. Üçüncü yoldaşından. Xaney nənə ona qız bəxş etmişdi.

Onun yaşını təsdiqləyən yeganə sənəd pasportu olub. Doğum haqqında şəhadətnaməsi və ya onu əvəz edən hər hansı sənəd olmadığından bəzən onun yaşı çoxlarında şübhə doğurub.

1800-cü illərdə əhalinin siyahıya alınması olmadığından onun təvəllüdü ilə bağlı səhv etmək mümkündür. Elə fransız tarixçisi Moşe Tovem də keçən əsrin 60-cı illərində çap olunmuş özünün “Qafqaz xalqları və onların mədəniyyəti” əsərində bu məqamın üstündə dayanmış, 19-cu əsrin əvvəllərində əhalinin siyahıya alınmasının həmin dövrdə qeyri mümkün olmasını, yerləşdiyi çətin dağlıq şəraitinin, mərkəzi ilə əlaqələrin və s. olmamasını yazmışdı. Bəzi mülahizələrə görə, onun yaşı azı 50 il artıq göstərilib. Bu, sovetlərdə sadəcə təbliğat üçün gərək imiş. Təsadüfi deyil ki, onun haqqında çəkilmiş sənədli film dünyanın 20-dən çox dilinə tərcümə edilmişdi.

Amma bununla bərabər onun adı Ginnesin Rekordlar Kitabına salınmışdı.
O, vəfat edənədək, düz 168 il eyni kənddə, Barzavuda yaşayıb. Deyilənə görə, hər gün işləyib, mal-qara otarıb, at sürüb, odun yarıb və meyvə bağında çalışıb.
İlk dəfə isə ölümündən bir əvvəl, 1972-ci ildə xəstələnib. Vəfat etdikdə onun həyat yoldaşının 107, nəvəsinin 100 yaş varmış. Alimlər illərlə onu ziyarət ediblər. Uzunömürlülüyün səbəbi kimi onlar təmiz dağ havası, sakit, gərgin olmayan həyat tərzi, qidada yağın miqdarının çox az olmasını gətiriblər.
Deyilənə görə, dilinə bircə qram da alkoqol dəyməyib. Onun qida rasionunun on illərlə tərəvəz, meyvə, mayasız kəpəkli çörək, təzə ət və az yağlı pendir təşkil edib. O, tütün məmulatlarından istifadə etməyib, yalnız 150 yaşında bir dəfə dadına baxmaqla özünü zəif və xəstə hiss edib.
Onun haqqında çoxlu rəvayətlər, hətta lətifələr də mövcuddur. Deyilənə görə, əcnəbi jurnalistlərə dünyanın ən uzun ömürlü insanının göstərmək üçün bir dəfə onu Moskvaya aparıblar. Bir həftə ancaq dieta da saxlayıblar. Amma dözə bilməyib. Elə jurnalistlərin qarşısındaca, “ mənə ət verin” deyə qışqırıb, əsəbiləşib.
Və yəqin ki, bu onun ilk və sonuncu əsəbiləşməyi olub. Əks halda bu qədər yaşamazdı…

Hə, yazını burada bitirək. Amma bir zəruri xatırlatmayla. Bu gün 136 yaşında ata olan, 150 yaşında ilk siqaretin tamına baxan və 168 il yaşayan Şirəli babanın, Şirəli Fərzəli oğlu Müslümovun anım günüdür… (Lent.az)

151




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir