teyyare

18 yaşına çatmamış vətəndaş ölkədən necə çıxa bilər?

Baxış sayı: 1. 771

“Uşağım anadangəlmə qaraciyər kistasından əziyyət çəkir. Moskvada anadan olduğu üçün həkimləri də oradadır. Ona görə Bakıya köçəndən sonra da müayinə və müalicəsi üçün Moskvaya getmək lazım idi. Lakin keçmiş həyat yoldaşım uşağın mənimlə müayinə üçün ora getməyinə razılıq vermədi. Uşağın ölkədən çıxarılması üçün mütləq digər valideynin də notariusda təsdiqlənmiş icazəsi olmalıdır” – bu sözləri bizimlə söhbətində Şəhla Hüseynova bildirib.

Ş.Hüseynova deyir ki, uşağını təcili şəkildə Moskvada müayinəyə aparmaq lazım olsa da, buna nail ola bilməyib. Məcburən uşağı ölkədə klinikalardan birinə aparıb və uşağının atasının razılığı olmadan ölkədən çıxarılmasına nail olmaq üçün məhkəməyə üz tutub: “Məhkəməyə müraciət edəndə icazə kağızı almaq olur. Hər hansı problem olmur. Amma məhkəməyə müraciət etməyimlə, qərar çıxarılması bir ay yarım vaxt apardı, Bir ay isə qərarın qüvvəyə minməsi üçün gözlədik”.

Amma düşünülməyən, heç planlaşdırılmayan hadisələr də baş verir. Məsələn, uşağın müalicəsi ilə bağlı ölkə xaricinə 2-3 günə çatdırılması lazım ola bilər. Yaxud, uşaq hansısa yarışa qatılmalıdır, müəyyən bir vaxta qədər qeydiyyatdan keçməlidir, lap elə xoş variantından danışaq, uşağın istirahət hüququ var.

 

18 yaşına çatmamış vətəndaş ölkədən necə çıxa bilər?

Qeyd edək ki, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının qanununa əsasən 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə gedə bilər. Valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

Qanun uşaqların təhlükəsizliyinin və hüquqlarının təmin edilməsi üçün əhəmiyyətlidir. Amma müsahibimizin əvvəldə qeyd etdiyi kimi, təcili məqam olduqda, valideynlərdən birinin razılığı olmadıqda, uşağın ölkədən çıxarılması mümkün olmur, məsələ məhkəmə qaydasında həll olunur. Buna isə zaman lazım olur və uşağın hüququ pozulur. Bəs elə bir mexanizm qurmaq olmazmı ki, uşağın ölkədən çıxarılması vacib olan məqamlarda bu proses çox vaxt aparmasın?

 

“Boşanmamış ailələrdə belə…”

 

Hüquqşünas Xəyal Bəşirov  bildirdi ki, boşanmamış ailələrdə belə yetkinlik yaşına çatmayan uşaqların ölkədən çıxarılması üçün ya hər iki valideyn getməlidir, ya da valideynlərdən biri gedirsə, digər tərəfin notarial qaydada razılığı olmalıdır. Amma boşanandan sonra çox vaxt valideynlər arasında münasibətlər korlandığı üçün bir-birlərinə problem yaratmaq istəyirlər. Bu zaman isə uşağın hüquqları pozulur: “Problemi əsasən ata yaradır. Çünki yetkinlik yaşına çatmayan uşaqları adətən boşanma zamanı məhkəmələr anada saxlayırlar. Çox istisna hallarda atada qalır. Əksər hallarda atalar ya etibarnamə verməkdən imtina edirlər, yaxud etibarnamə verib sonra ləğv edirlər. Bir dəfə təcrübəmdə olub ki, 12 yaşlı uşağın Amerikada təhsil almaq şansı yaranmışdı. Bir il pulsuz təhsil ala biləcəkdi. Ata ölkədən çıxışına razılıq vermədiyi üçün şansı əldə verdi. Məhkəməyə verilsə də, qətnamə çıxarılana qədər artıq onların Amerikaya getmə üçün qoyulan son tarix bitmişdi”.

Hüquqşünas deyir ki, qarşı tərəf icazə verməyəndə, valideyn məhkəməyə müraciət etməklə uşağın ölkədən çıxarılmasına digər valideynin icazəsi olmadan da nail ola bilər: “Məhkəmə qətnaməsi olarsa, digər valideynin razılığına ehtiyac olmur. Bu zaman məhkəmə uşağın ölkədə çıxarılmasını təmin edir, amma qaytarılmaq şərtilə. Birdəfəlik aparmaq olmaz. Təhsil, müalicə kimi səbəblər olmasa belə, uşağın istirahət etmək hüququ var”.

 

Bəzən bir ilə qədər vaxt aparan mürəkkəb prosedur…

 

Qanunvericilik məsələni bu qaydada həll edir. Bəs bu cür tənzimləmə, hüquq normalarının bu şəkildə qoyulması uşağın mənafeyinə nə dərəcədə uyğundur?  Hüquqşünas Ceyhun Cəfərli bildirdi ki, ölkə xaricinə getməsi təcili olduğu və atası razı olmadığı, yaxud onunla əlaqə saxlamaq mümkün olmadığı məqamlarda uşağın hüquqları pozulur: “Yaxınlarda bu məsələ ilə bağlı aidiyyəti qurumlara, millət vəkillərinə müraciət etmək fikrim vardı ki, Mülki Prosessual Məcəllədə bu kateqoriyadan işlərə baxılmasının fərqli, asanlaşdırılmış bir proseduru öz əksini tapsın. Uşaq xaricdə olimpiadada iştirak edəcək, yaxud Azərbaycanda olmayan hansısa müalicə, tibbi müayinə zərurəti yaranıb. Valideynlər ayrı yaşayır və tutaq ki uşağı 3 gün ərzində İstanbulda hansısa xəstəxanaya çatdırmaq lazımdır. Amma uşağın atası burada yoxdur. 3 gün ərzində bu məsələ necə olsun? Biz uşağı necə göndərək? Atanın razılığı mütləq lazımdır. Biz vəkillər belə olan halda məhkəməyə müraciət edirik. Məhkəmə isə belə kateqoriyadan olan işlərə Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq 3 ay müddətində baxmalıdır. Bu qərarı alandan sonra qərardan narazı tərəfin şikayət verməsi, məsələyə Apellyasiya, sonra Ali Məhkəmədə baxılması aylarla, bəzən bir ilə qədər vaxt aparan bir mürəkkəb prosedura çevrilir. Bu zaman uşağın təcili müalicəsindən söhbət gedə bilməz. Uşağın hüququ pozuldu, səhhəti təhlükə altına düşdü”.

 

Məsələ daha çevik necə həll oluna bilər?

Məsələnin daha çevik həll olunması üçün prosedurların necə olmasına gəlincə, hüquqşünas bildirdi ki, bu iş də müasir dövrün tələblərinə uyğun olaraq qanunvericilikdə öz əksini tapmalıdır: “Atanın telefonu və ya rəsmi ünvanına dərhal bildiriş göndərməklə bir neçə saat ərzində cavab almaq məsələsi qoyulmalıdır. Əgər cavab vermirsə, məhkəmə məsələyə qısa bir zamanda baxılmalıdır. Məsələn, seçki günü seçki şikayətlərinə Appelyasiya Məhkəməsində bir neçə saat ərzində baxılır. Əmr icrası, yaxud bir şəxsin ölkədən getməsinə məhdudiyyət qoyulması ilə bağlı vergi orqanlarının müraciətlərinə baxılma qaydasına qanunvericiliklə dərhal baxılır və qərar verilir. Nə üçün biz öz uşaqlarımızın da taleyüklü məsələsini belə həll etməyək? Mülki Prosessual Məcəllədə bu problemin qısa zamanda həlli öz əksini tapmalıdır. Qanun uşağın ölkədən çıxarılması ilə bağlı məsələni tənzimləyir, amma təcili zamanda ölkədən getməsi lazım olanda prosesin tezləşdirilməsi üçün heç nə deyə bilmir”.

 

Atanın razılığı olmalıdır, amma…

C.Cəfərli deyir ki, yetkinlik yaşına çatmayanların ölkədən valideynlərin hər ikisinin razılığı ilə çıxarılması tələbi əslində önəmlidir. Çünki valideynin uşağının ölkədən çıxarılması ilə bağlı məlumatlı olmaq haqqı var: “İndi elə bir zamandır ki, qadın uşaqlarını götürüb hansısa terrorist təşkilatlara da qoşula bilər. Buna görə də atanın uşağının ölkədən çıxarılmasına razılığı olmalıdır. Uşağı hara və kimlə gedir, harada, nə qədər qalacaq və onların maliyyə qaynaqları hardandır? Atanın öz övladının təhlükəsizliyinə əmin olması üçün bu kimi zəruri informasiyanı almaq hüququ var. Sadəcə, uşağın ölkədən təcili getməsi məsələsi zamanı olan problem aradan qaldırılsın ki, uşaqların hüquqları bu cür məqamlarda pozulmasın”.

 

Ayrı yaşayan valideyn övladı ilə maraqlanmır, aliment ödəmirsə… 

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyir ki, məsələnin bu cür tənzimlənməsi uşaqların mənafeyi baxımından önəmlidir: “Çünki bəzən uşağı saxlayan valideyn onu digər valideynindən ayrı saxlamaq üçün sui-istifadə edə bilər. Tutaq ki, uşağı saxlayan valideyn onu digər valideyndən uzaq tutmaq məqsədilə xaricə apara bilər. Bu zaman isə uşaq müdafiə olunmalıdır. Amma elə məqamlar da olur ki, uşaq təcili ölkədən çıxmalı olsa da, ayrı yaşayan valideyn öz hüququndan istifadə edib, digər tərəfə daha çox narahatçılıq yaratmaq üçün razılığı heç cür vermək istəmir”. Belə bir məqamlar olur ki, boşanandan sonra uşaqdan ayrı yaşayan valideyn övladı ilə maraqlanmır, aliment ödəmir. Birdən-birə uşağın xaricə aparılması məsələsi ortaya çıxanda isə onun razılığı tələb olunur. T.İbrahimova bildirdi ki, komitəyə bu məqamla bağlı çox müraciət daxil olur: ” Əgər digər valideyn vəzifəsindən sui-istifadə edərsə, alimenti qəsdən vaxtında ödəməzsə, o, valideynlik hüququndan məhrum edilə bilər. Bu zaman isə onun notariat qaydada təsdiq olunmuş razılığına ehtiyac qalmır. Çıxış yolu var. Anlaşılmazlıq varsa, bütün hallarda məhkəməyə müraciət olunmalıdır. Əgər uşaq təcili getməlidirsə, bu zaman məhkəmə təcili məqam olduğunu nəzərə alıb, prosesə daha tez baxa bilər. Amma hər bir halda məhkəmənin qətnaməsi bir ay ərzində qüvvəyə minməlidir. Ona görə uşağı ölkədən çıxarmaq istəyən valideyn işini öncədən bilməli, digər valideyni tapıb razılığını almağa çalışmalıdır”.

T.İbrahimova onu da bildirdi ki, uşağın bir valideyndən icazəsiz ölkədən çıxarılması beynəlxalq sənədlərdə uşaq oğurluğu kimi qiymətləndirilir: “Bununla bağlı xüsusi konvensiya da var. Düzdür, Azərbaycan hələ ki o konvensiyaya qoşulmayıb. Amma qanunvericiliyimiz bu məsələləri tənzimləyir”.

 

“İcra nümayəndəliyində bu işə baxan şöbə, yaxud məsul şəxs olmalıdır”

 

Milli Məclisin insan hüquqları komitəsinin üzvü Tahir Kərimli deyir ki, əgər uşağın müalicəsi xaricdə aparılacaqsa, təcili ölkədən çıxarılmalıdırsa, atasından icazə almaq mümkün olmursa, nəinki hüququ pozulur, həm də həyatı təhlükə qarşısında qalır. O, bildirdi ki, sovet dövründə bu problemin tez bir zamanda həlli üçün mexanizm var idi: “O vaxtlar qəyyumluq idarələrindən arayış almaqla, müəyyən məsələləri tez bir zamanda həll etmək olurdu. Milis şöbələrinin nəzdində azyaşlılara nəzarət bölməsi fəaliyyət göstərirdi. Bütün hallarda mübahisəli məqam yaranırdısa, məhkəmə qaydasında həll olunurdu”.

T.Kərimlinin sözlərinə görə, hər bir rayonun icra nümayəndəliyində bu cür məsələlərin qısa zamanda həlli üçün şöbə yaradıla, yaxud bu işlərə məsul şəxs təyin edilə bilər: “Təhsil şöbələrində bununla bağlı müvafiq struktur yaratmaqla da, problemin həlli istiqamətində iş görmək olardı. Amma indi təhsil şöbələrinin regionallaşdırılması baş verir. Bütün rayonu əhatə edən bələdiyyə orqanları da yoxdur. Burada məsələ ancaq icra nümayəndəliyinin üzərində qalır. Hər bir rayonun icra nümayəndəliyində bu işə baxan şöbələr, yaxud məsul şəxs olmalıdır. Onlar uşağın ölkə xaricinə təcili çıxması zəruri amilə çevrildikdə, işə qarışmalı, lazım olan orqanlarla əlaqə saxlayıb müvafiq materiallar hazırlayaraq ən azı məhkəmə qarşısında vəsadət qaldırmalıdırlar ki, heç olmasa uşağın müalicəsi tez bir zamanda təmin olunsun. Valideynlərdən hansınınsa süni əngəl yaratdığı məlum olsa, icra orqanının bu işlə məşğul olan şöbəsinin, yaxud şəxsinin müraciətindən sonra məhkəmə müvafiq qərar verə bilər”.

 

Məhkəmə qətnaməsinin qüvvəyə minməsi üçün niyə 1 ay gözlənilsin?

Millət vəkili deyir ki, alimentlə bağlı məhkəmə qətnaməsinin icra olunması üçün 1 aylıq müddətin ləğv edilməsini bu mexanizmdə də tətbiq etmək olar: “Artıq alimentlərlə bağlı məhkəmə qətnaməsinin icra müddəti üçün 1 aylıq limit yoxdur. Belə bir dəyişiklik edilib. İşə baxılan anda məhkəmə uşağın xaricə təcili müalicə üçün getməli olduğunu müəyyən etsə, belə hallarda qərarın qüvvəyə tam minməsini gözləmədən icraat aparmaq mümkündür. Bütün bunlar qanuni səviyyədə həllini tapmalıdır”.

Bu məsələylə bağlı Milli Məclisdə hər hansı dəyişikliyin olub-olmadığına gəlincə, T.Kərimli bunları söylədi: “Ancaq alimentlərlə bağlı müvafiq dəyişiklik olub. Alimentlərlə bağlı məhkəmə qərarı dərhal icraya yönəldilir. Sizin qeyd etdiyiniz məsələ də aktualdır. Ona görə bu problemi Təhsil Şöbəsi, AQUPDK və digər aidiyyəti orqanlar araşdırıb, dövlət səviyyəsinə qaldırmalı, qanun layihəsi hazırlayıb təqdim etməlidirlər ki, müvafiq dəyişiklik olsun”.  (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir