yataq

20 aylıq ərini yaxınına buraxmayan gəlin, 7 dəfə intihara cəhd edən qız və mentalitet – PSİXOLOQ YAZIR

Baxış sayı: 2. 289

Görüşümə gələndə L. A. 25 yaşında depressiv, əzgin və olduqca arıq bir xanım idi. Yoldaşı görüşün individual, yəni yalnız xanımı ilə davam edəcəyini, özünün isə xanımını digər otaqda gözləməli olduğunu anlamaqda inadkarlıq edirdi. Sanki xanımını bircə saniyə tək qoysa, mənə ciddi bir sirri açıqlayacaqdı… L.-in mənə dediyi ilk cümlə nəhayət ki, gələ bildiyi oldu. Deməli, bunu uzun zamandır arzulayırmış. Bəs nə mane olurdu? Və bu qədər istəməyinə səbəb nə idi?

L. 1 il 8 aydır evli olduğuna baxmayaraq, hələ də yoldaşı ilə cinsi əlaqəyə girə bilməmişdi. Və təbii ki, bu 1 il 8 ay yeni evlənmiş kişi üçün olduqca dəhşətli müddətdir, deyil mi? “Mentalitet”ə tamamilə ziddir. Bax, elə məhz bunlar L.-in bu qədər müddət gözləmək səbəblərindəndir. L. 13 yaşında ikən cinsi istismara məruz qalmışdı. Bəxtim gətirdi ki, “vaxtında” qaça bildim – dedi. Lakin yaşadığı qorxudan, aldığı travmadan qaça bilməmişdi. Evləndiyi gecə qorxuları ilə bir daha rastlaşdı. Və yaşadığı ağrılara görə də əri tərəfindən “cəzalandırıldı”. 1 il 8 aydır ikisi də bunu sirr kimi saxlayırlar. Camaat bilsə, kişi haqqında nə deyər bəs?

L. dəfələrlə yardım və ən sadəsi anlayış istəməyinə baxmayaraq, qarşı tərəfdən ancaq aqressiya görürdü. Ərini görüşümə gəlməyə razı salmağına səbəb isə əqrabanın “2 ildir evlisiz, bəs uşaq niyə olmur?” suallarının get-gedə çoxalması olub.

L. vaginizm dediyimiz cinsi problemdən əziyyət çəkirdi. Və təxminən 2 il əvvəl qarşılaşdığı kilitlənmə və kəskin ağrılarla aldığı psixoloji travmanın bir növ fizioloji izlərini də yaşamış oldu. Hansı ki, ailəsi uşaq yaşında yaşanmış “o hadisə”ni gizlətmək yolunu yox, kömək etməyi seçsəydi, bugün L.-in psixoloji problemləri daha da artmaz, stabil evlilik yaşayardı…

Hər nə qədər düşünsək də ki günümüzdəki Azərbaycan və ölkədəki yaşayış müasirləşib, bu, əslində heç də belə deyil. Bir çox insanlarımızın mənəvi dəyərlərində özünə köklü yer etmiş “ümumbəşəri qınaq”, “görən-eşidən nə deyər”, “gülüş obyekti olmaq” və s. kimi qorxular, öz həyatlarına başqasının beynilə yanaşmalar onların nəinki sosial-iqtisadi vəziyyətlərinə, hətta daha çox psixoloji durumlarına ciddi təsir göstərməkdədir. Bunların kökünü analiz etsək, əslində ətrafdakılardan deyil, birbaşa insanın öz daxili aləmindən irəli gələn bir sıra məhdudiyyətlər, qorxular, qeyri – adekvat düşüncələr olduğunu görə bilərik. İnsanların bəzən ən xırda şeyləri risk tələb edən hal kimi qiymətləndirməsi onların bir addım (bəlkə də daha çox) geriyə atmasına səbəb olur.

Belə olduğu halda da qınağından qorxduqları cəmiyyətin belə, kömək edə bilməyəcəyi vəziyyətə düşə bilirlər. Bunun mənası odur ki, bir sıra xəstəliklər kimi psixoloji problemlərə də ilkin müdaxilə lazımdır. Əgər zamanında müdaxilə olunmasa, düzgün istiqamətləndirilməsə, bu, fərdin vəziyyətinin xronikiləşib daha da ağır hala gəlməyinə səbəb olur. Adətən xroniki problemlər emosional çətinliklərə yol açmaqdadır. Belə hallarda şəxs həm var olan və davam edən problemlərlə, həm də narahatlığın gətirdiyi sıxıntılar və onların yol açdığı məhdudiyyətlərlə mübarizə aparmaq məcburiyyətində qalır. Və göründüyü kimi bu hal şəxsin vəziyyətini olduğundan daha da çıxılmaz hala salır. Dolayısı ilə şəxs özünü tanımalı, probleminin öhdəsindən gələ bilmədiyini doğru zamanda anlayıb, mütəxəssis yardımından yararlanmalıdır. Sonuncuların fərqində olub, professional yardım almaqdan çəkinən insanlarımız da var. Hansı ki, problemlərinə görə cəmiyyət tərəfindən izolə olunmaqdan qorxurlar. Nəinki şəxsin özü, hətta ailəsi də buna bilə-bilə maneə ola bilir.

Məs: valideynləri 16 yaşlı qızlarını 7-ci dəfə intihar cəhdindən sonra görüşümə gətirdilər. O günə qədər həm qız uşağı olduğu, həm də “atasının nüfuzuna xərər gəlməsin deyə” bunu ört-bas etməyə çalışmışdılar. Bu da qızın vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuşdu ki, artıq psixoterapiya deyil, bir müddətlik psixiatriya xəstəxanasında müalicə almasını münasib görmüşdük.

Psixi sağlamlığınızın qayğısına qalmanız diləyilə.

 

Şəbnəm Sadıqova

Klinik psixoloq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir