qis

21 dekabr: Böyük çillə gecəsində nə baş verir?

Baxış sayı: 1. 486
Hər il olduğu kimi, dekabrın 21-i gecəsi Azərbaycanda ən uzun gecə kimi qeyd olundu. Hesablamalara görə, gecənin uzunluğu 14 saat 43 dəqiqə olub. Beləliklə, gündüzün də vaxtı qısalaraq  9 saat 17 dəqiqə olub. Nəticədə fəsil dəyişkənliyi baş verir, payız öz yerini qışa verir. 
Dekabrın 27-dən başlayaraq isə 1 dəqiqə fərqlə gecələr qısalacaq, gündüzlər isə uzanacaq. Bu proses martın 21-dək davam edir. Və martın 21-də yaz gecə-gündüz bərabərliyi baş verir. 21 dekabr həm də xalq təqvimi ilə Böyük Çillə gecəsi hesab olunur. Təqvimə görə, dekabrın 21-dən yanvarın 30-dək Böyük çillə, yanvarın 31-dən fevralın 19-dək Kiçik çillə, fevralın 20-dən martın 20-dək Boz ay davam edir. 
Böyük çillə gecəsi təkcə Azərbaycanda deyil, qonşu dövlətlərdə, İran və Türkiyədə də keçirilir. O cümlədən Azərbaycanın Naxçıvan, Şəki, Gəncə və çoxsaylı kəndlərində, İranın Urmiya, Ərdəbil, Zəncan, Xoy, Sulduz, Marağa şəhərlərində bu gecə xüsusi olaraq keçirilir. Çünki çillə gecəsi qədim Zərdüşt bayramı, Günəş Allahı Mitranın anadan olan günüdür. Həmin gündən sonra günəşli günlər uzanır. Bayramın ideyası işığın qaranlıq üzərində simvolik qələbəsidir. Qədim inanclara görə, həmin gecə xeyir qüvvəsi (Axura Məzda), şər qüvvəsi (Əhrimən) ilə kəskin mübarizə aparmışdır.
Bu gecədə qar yağması çoxlu sevincə səbəb olur. Həmin gecə ailə üzvləri, qohum, dost, tanış səmimiyyətlə bir yerə yığışır və ilin ən uzun gecəsini çoxlu meyvə və şirniyyat yeməklə qeyd edirlər. Gecənin ən əhəmiyyətli atributlarından biri isə qarpızdır. Belə ki, hər ailə həmin gecə mütləq bir qarpız almalıdır. Əgər yeni evlənənlər varsa, onlara da valideynləri tərəfindən qarpız hədiyyə edilir. Qoz, kök halvası, paxlava, günəbaxan toxumu, meyvə və şirniyyatlar bu gecə süfrədə olmalıdır.
Araşdırmalardan isə məlum olur ki, ümumiyyətlə, lap qədim zamanlarda türklər 21 dekabrı Yeni il kimi qeyd ediblər. Bununla bağlı türk mənbələrində Kara-Tun bayramı da var. Hətta bu gün də bir çox türkdilli xalqların 21 dekabrda həmin bayramı qeyd etdiyi bildirilir.
 
Bəs 21 dekabr, ilin ən uzun gecəsində hansısa astroloji dəyişiklilər baş verirmi? Tanınmış astroloq Səbuhi Rəhimli bildirdi ki, ümumiyyətlə, gecənin və ya gündüzün uzun keçməsinin astroloji məsələlərə aidiyyəti yoxdur: “Həmin gecə qaranlıq əvvəlki gündən, sadəcə, 3-4 dəqiqə daha çox uzun olur. Bunun da insan orqanizminə elə də müsbət və ya mənfi təsiri yoxdur. Amma məsələn, Günəş tutulması, planetlərin paradı, hansısa planetin yerə yaxınlaşması, Günəş partlamaları olması təbiətə və insan orqanizminə birbaşa təsir edə bilir. Amma gecənin uzun keçməsi istər tibbi, istərsə də astroloji məsələlərə təsir göstərmir”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir