adam eti

“226 №-li evdə insan əti satılır”… – DOSYE

Baxış sayı: 2. 090

Gecə qatarı ilə gələn  qonaq

Qatar Sabunçu vağzalında dayandı.  Xəfif  payız havası artıq şəhəri vurmuşdu.  Gecə olmasına baxmayaraq doğmalarını, dostlarını qarşılamağa gələnlər qatar platformasına yaxınlaşdılar.  Hər kəs öz dostunu, qohumunu götürüb yoluna davam etdi. Bu gecə qatarından düşənlərin içərisində şəhərə birinci dəfə gələnlər də var idi. Belə sərnişinlərin içərisində bu gecə bir nəfər də var idi: O, Gəncədən Bakıya  birinci dəfə idi gəlirdi.  Bu səbəbdən onu vağzalda qarşılayan da yox idi. Əslində, kişi heç yerə tələsmirdi.  Bir tərəfə çəkilib perronda gəzən insanlara tamaşa edirdi. Həm də fikirləşirdi ki, bir az payızın  təravətli ətrini ciyərlərinə çəkəndən sonra  ucuzvari  bir otaq  kirayələyər. Bir qayda olaraq, Bakıya ilk dəfə gələnlər elə əksəriyyəti qərib və ya yad olduqlarınnı sezdirirdilər.  Belə yerlərdə ev kirayə verənlər, alverçilər  şəhərə ilk dəfə gələn qərib və ya yad adamları  tez tanıyırlar. Kənardan  qatardan düşənləri  seyr edən boz  plaşlı  hündür boylu kişi, yerli adamların perrondan  getdiyini görəndən sonra,  ora-bura boylanan, gecə vaxtı yatmağa ev axtaran qatar sərnişinlərindən birinə, ən hündür və gövdəlisinə   yaxınlaşdı: “Sizə ev lazımdırsa, mənim evim burada yaxındadır, ucuz verirəm”. Bayaq  qatardan düşən, bu şəhərə nabələd olan hündürboylu yaşlı kişi sevincək, ona edilən təkliflə razılaşdı. Ona əslində  gecə yatmağa bir çarpayı lazım idi. O hətta, qarşısındakı kişinin xırıltılı səsinə də fikir vermədi. Əlini boğazına qoyub xırıltılı səslə danışan  adam qaranlıqda onda heç bir şübhə yaratmadı. Lakin hiss etdi ki, hansısa əməliyyatdan sonra boğazınnın qırtlaq hissəsində deşik olduğundan, kişi əlini boğazına qoyub danışır.

Çemodanını götürüb  ona qalmağa yer təklif edən bu kişinin dalınca getdi. Gecənin qaranlığında ona tanış olmayan Bakı şəhərinin uzun və dar dalanlarından keçib, böyük bir həyətə daxil oldular.  Dalanın sağ tərəfindəki  evin  üzərindəki 226  nömrəsi  gecə qonağının diqqətini cəlb etdi.  Onlar uzun dar dəhlizdən keçib, bir otağa daxil oldular. İlk bxışda  otaqdakı səliqəsizlik  qonağın gözündən yayınmadı. Çoxdan hisi təmizlənməyən  nöyüt lampasının  öləziyən işığı bu qarmaqarışıq və səliqəsiz otağı güclə işıqlandırırdı. Evin sahibi naməlum qonağa bir neçə sual verib, cavabını aldıqdan sonra, çarpayıda onun üçün yer hazırladı.  Ev sahibinin öz otağında  büzülüb oturmuş  12-13 yaşlı bir rus uşağı isə müqəvva kimi bir nöqtəyə baxırdı, uşaqdan nə bir səs, nə bir nida çıxmırdı. Elə ilk baxışda gecə qonağı burada nəsə yaxşı olmayan hadisələrin baş verməsindən şübhələndi. Bundan əlavə,  ona verilən otaqdan gələn pis qoxu da,  qonağın ürəyini bulandırırdı. Kişinin yerinə elə bil qor dolmuşdu. Qəlbinə dolan şübhə, qorxu və kəsif qoxu onu yatmağa qoymurdu. Bir müddət keçəndən sonra, o hiss etdi ki, bu kəsif qoxu  uzandığı çarpayının altından gəlir. Əyilib qaranlıqda əlini çarpayının altına uzatdı. Bu zaman əlinə yaş və yumşaq nəsə dəydi. Bədənindən gizilti keçdi, əti ürpəndi, bir anda  az qala nəfəsi kəsiləcəkdi, kişi başdan-ayağa bum-buz oldu. Əlini yuxarı qaldıranda barmaqlarının qana dəydiyini  hiss etdi.  Əvvəlcə elə bildi ki,  çarpayının altına kəsilmiş heyvan cəsədi və ya hissələrin atılıb. Sonra fikirləşdi ki, əgər bu heyvan qanıdırsa,  onu niyə çarpayının altında saxlayırlar? Birdən…

Qonaq artıq  özlüyündə yəqin etdi ki, çox təhlükəli bir vəziyyətə və yerə düşüb. İndi onu bir fikir düşündürürdü ki, bu  qan və leş qoxusu verən evdən canını necə qurtarsın?! Səssizcə  barmaqlarının ucunda çarpayıdan durub,  qapıya yaxınlaşdı. Qapını açanda, birdən ev sahibinin xırıltılı səini eşitdi: “Hara gedirsən?”. Ev sahibinin  xırıltılı  səsinə  ayaq saxlayan qonaq: “Ayaqyoluna çıxmaq istəyirdim”- deyə cavab verdi. Ev sahibi qonağın sözünə inanıb, geri – öz otağına qayıtdı. Qonaq isə elə alt paltarında  ayaqyoluna yox,  evin darvazasına yaxınlaşıb, hövlanak özünü  küçəyə atdı. Gecənin qaranlığında tanımadığı dar dalanda gücü gəldikcə qaçmağa başladı. Yolda ona təccüblə baxan bəzi adamlardan cinayət axtarış bölməsi komendaturasının ünvanını da öyrənə bildi.

 

“Mən ölümün pəncəsindən qurtarıb gəlmişəm…”

Gecədən  xeyli keçməsinə baxmayaraq,  banditizmlə mübarizə idarəsinin rəisi  Əhməd Adıgözəlov öz iş otağında idi. Başı bir azca stolun üzərindəki olan sənəd və yazışmalardan açılsın deyə, o  kabinetin pəncərəsindən çölə böylandı. Küçələr, dalanlarda bir ins-cins gözə dəymirdi. Gecəyə tam sükut və səssizlik hakim kəsilmişdi.  Azərbaycanda  banditlik, oğurluq, fərariliyin, adam öldürmə cinayətlərinin baş alıb getdiyi bir zaman idi. Bakı isə böyük şəhər olduğundan, burada kriminal ünsürlər daha çox yığılır, hər saatda min cür hadisələr baş verirdi. İş o yerə çatmışdı ki, hadisə baş verməyəndə, insanlar onu özləri uydururdular.

Telefon zəng çaldı. Adıgözəlov  yaşıl drap üzlü stolun üzərindəki qara dəstəkli telefonu qaldırdı. Aşağıdaki növbətçi hissədən idi.  Nöbə rəisi dedi ki, onların yanında alt paltarında bir kişi var. Çox həyəcanlıdır. Yalnız rəislə görüşmək istəyir. Əhməd Adıgözəlov alt paltraındakı naməlum kişini kabinetinə buraxmalarını əmr etdi.

Yaşı 60-a yaxın olan kişi  başına gələnləri, şübhələnərək qorxub qaçdığını rəisə söylədi.  Onun danışdıqlarını dinləyəndən sonra, Əhməd Adıgözəlovun  əmri ilə dərhal əməliyyat qrupu onların işlədiyi ərazidə olan 226№ -li evi əhatəyə aldılar.

… Əməliyyatçılar  şikayətçinin təsvir etdiyi otağa girib,  dediyi çarpayını kənara çəkəndə…   dəhşətə gəldilər, bir anlığa hamısı gördükləri mənzərədən  arxaya tullandılar.  Çarpayının altında  bir neçə bədənin hissələri, kişi başları,  insana məxsus  əl–ayaq barmaqları, ətdən ayrılmış insan sümükləri dolu idi. İnsan qanından isə burada gölməçə yaranmışdı. Evin kanalizasiyasına baxanda isə burada insanın bağırsaqları ilə dolu  vannaların olduğunu gördülər.

Əməliyyatçılar gördükləri  bu iyrənc mənzərənin hamısını fotoaparatın yaddaşına köçürdülər. Üzündən qorxu, zəhrimar yağan evin sahibi Feyzulla və yanındakı balaca çəlimsiz uşaq  dərhal komendaturaya aparıldı, tapılmış insan cəsədlərinin qalıqları isə  cinayət axtarış idarəsinin ekspertiza şöbəsinə göndərildi.  Feyzulla isə ilkin istintaqa ifadə verməkdən imtina etdi… Yalnız  yanında saxladığı 12 yaşlı çəlimsiz uşaq istintaqa ifadə verəndən sonra, onun başqa əlacı qalmadı.  12 yaşlı balaca oğlan isə istintaqa bunları dedi:

–         Feyzulla məni yanında çoxdan saxlayır. O, tez-tez gecələr evdən gedir. Evə həmişə naməlum və tanımadığım adamları gətirir.  Bundan iki gün əvvəl isə o hündürboylu kök bir qadını kəsib doğradı. Onun zinyət  əşyalarını və  pullarını isə özünə götürdü. Kəsdiyi adamların ətini isə mənim və tanışlarının vasitəsi ilə  təzə ət adı ilə satdırır, əksər hallarda isə həmin ətləri özümüz satırıq…

***

       Yəqin ki, oxucularımız həyəcanlandılar. Mən onu da qeyd edim ki, bu yazdığım hadisə ötən əsrin əvvəllərində 1933-cü ildə Bakı şəhərində baş verib. Bu cinayət hadisəsini isə mənə 1997-ci ildə Əhməd Adıgözəlov özü  danışmışdı. O zaman  rəhmətlik Əhməd müəllimin 92 yaşı var idi. Həmin illərdə Azərbaycanda bir çox yüksək vəzifələrdə işləmiş Əhməd Adıgözəlov respublikanın görkəmli və tanınmış hüquq mühafizə orqanları əməkdaşı idi. Uzaq illərdə baş verən cinayət hadisələrinin ittiham aktlarını isə özündə saxlamışdı.

P.S. Həmin cinayət işinin materialları indi əlimin altında olmadığından,  həmin gecə qətlə yetirilən kişinin ad  və soyadını, dəqiq ünvanı  yaza bilmədim. Əslində  indi bunun elə bir əhəmiyyəti də yoxdur.  Lakin  dünyanın bir çox ölkələrində belə hadisələr olub. Uzaq tariximiz özünün səhifələrində o qədər sirrlər saxlayır ki…  Tanrı bizə imkan və ömür versə, oxucularımızı maraqlı yazılarla tanış edəcəyəm.

Aida Eyvazlı

Foto Cinayət işinə aid sənədlərdən götürülüb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir