ha

25 ildir qeyd olunan Beynəlxalq Ailə günü

Baxış sayı: 1. 778
“Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”.
Ümummilli Lider Heydər Əliyev
Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə bağlılığından asılıdır. Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Bu ənənələr sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir.  Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndərimiz bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dönə-dönə deyirdi. Ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Ümummilli Lider Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusa, qayda-qanuna, əlaqələrə və prinsiplərə riayət etməlidir. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün  bacardığını etməli, ailə üzvlərinə hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara sadiq olmalıdır. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə institutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə, inkişaf etməsinə zəmin yaradır. 90-cı illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan mühüm beynəlxalq Konvensiyalara qoşulmuş və respublikamızda müvafiq qanunlar qəbul edilmişdir.  Müstəqil dövlətimizin ali sənədinin – Konstitusiyanın müəllifi olan Heydər Əliyev burada ailənin mahiyyətini, ailə üzvlərinin vəzifə və hüquqlarını da xüsusi maddələrlə müəyyən etmişdir. Eləcə də, 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit olunmuşdur.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şərəflə davam etdirən, artıq dünya siyasi xadimləri sırasında öz layiqli yerini tutan cənab Prezident İlham Əliyev tərəfindən bu sahədə islahatlar aparılmışdır. Xüsusilə, ailə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün 1998-ci ildən fəaliyyət göstərən Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında, Möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə, 2006-cı ildə bu sahədə vahid dövlət siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Bu gün möhtərəm Prezident cənab İlham Əliyev Azərbaycan dövlətində ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər ailənin müdafiəsini və ailəyə dövlət qayğısını təmin edir. Ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində hüquqi islahatlar aparılmışdır. Azərbaycan Respublikasının “Gender (kişi və qadınların) bərabərliyinin təminatları”, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunları hüquqların bərabərliyi istiqamətində atılmış ən uğurlu addımlardandır. Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında qızlar və oğlanlar üçün nikah yaşı 18-ə qaldırılmışdır. Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki,  Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə, qaçqın və məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin rifahı üçün önəmli layihələr həyata keçirilir.
Bütün bu  və digər məsələlər nəzərə alınaraq, Milli Məclis tərəfindən Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunları qəbul edilmişdir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin  humanistləşdirilməsi və alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 2017-ci ildə ölkə başçısının Sərəncamı təsdiq olunmuşdur. Bu sənəd eyni zamanda, yuvinal ədliyyə sisteminin formalaşmasına da imkan yarada bilər.  Bu, bizə nə verəcək? İlk növbədə qanuna zidd hərəkət etmiş uşağa cinayətkar damğasının vurulmasının qarşısını alacaq. Hər kəs səhv və cinayət tərkibli hərəkət edə bilər. Biz onu özümüzdən uzaqlaşdırsaq, o daha da aqressivləşər, qatı cinayətkara çevrilə bilər.
Ailə-nikah və ya qan qohumluğuna əsaslanan, məişət ümumiliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan kiçik sosial birlikdir. O, hər bir cəmiyyətin sosial strukturunun mühüm komponenti olub, çoxlu sosial funksiyalar yerinə yetirməklə həmin cəmiyyətin inkişafında mühüm rol oynayır. Son illər ailə institutu və bu dəyərlərin qorunması ilə bağlı keçirilən beynəlxalq konfranslar bu məsələlərin dünya ölkələri üçün  nə qədər aktual olduğunu bir daha göstərdi. Ancaq əfsuslar olsun ki, hazırda dünyada ekstremizm, zorakılıq, terrorçuluq, qarşıdurmalar və hərbi münaqişələrin sayı artmaqdadır. Bu hadisələr ilk növbədə ailə institutuna mənfi təsir göstərir, ailələr dağılır, milli-mənəvi dəyərlər deqradasiyaya uğrayır. Lakin bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribançılıq, tolerantlıq şəraitində yaşayırlar. Müstəqilliyimizi bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq konsepsiyasına uyğun olaraq ölkədə dövlət-din münasibətlərinin inkişafı üçün əlverişli şərait yaradılmışdır. Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın ailə və mədəni tolerantlıq modelini qəbul edir. Hazırda ölkədə iki milyondan çox  ailə var. Yüzlərlə ömrünün 25, 50, 60 və daha çox müddətini bir yerdə yaşayan uzunömürlü ailələrimiz mövcuddur. Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. Və bu, bir dövlət siyasətidir.
Azərbaycan Respublikasının ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətini, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri  əsasında qurulmasını, ailə üzvlərinin ailə qarşısında məsuliyyətini, onların hüquqlarının maneəsiz surətdə həyata keçirilməsini müəyyən edir. Hər bir təbəqənin inkişafı ailə siyasətinin düzgün həyata keçirilməsi ilə sıx bağlıdır. Ailə institutunun möhkəmliyi həmin cəmiyyətin və dövlətin güclənməsi və inkişafına gətirib çıxarır. Son  illər ərzində əhalimizin sayı artaraq 9 milyon 800 mini ötmüşdür.
Reallıq ondan ibarətdir ki, hazırda bu sahədə bir sıra problemlər var. Əlbəttə ki, biz belə neqativ hallara göz yuma bilmərik. Ailə üzvləri arasında ünsiyyət çətinliyi, sosial-psixoloji mühitin gərgin olması, erkən nikah, məişət zorakılığı hallarının baş verməsi, uşaqların təhsildən yayınması və bu kimi digər problemlər ailələrin təməlinin zəifləməsinə və nəticədə dağılmasına gətirib çıxarır. Dövrün tələblərindən irəli gələrək, bu və ya digər yeni elementlər daxil olur. Məsələn, elm və texnologiyanэn inkiюafэnэn ailələrə təsirini gцstərə bilərik. Bu təsir həm mьsbət, həm də mənfi ola bilər.
Təhlillər göstərir ki, müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil, digər vacib məqamlardır ki, bunlar da özündə tərbiyə, mənəviyyat, davranış və əxlaqi dəyərləri birləşdirir.
Bəzi boşanan qadınlar yaşayış yeri və mülkiyyət hüququndan məhrum olur, iqtisadi çətinliklərlə üzləşirlər, uşaqlar üçün nəzərdə tutulmuş aliment ödənilmir. Boşanma zamanı ən çox uşaqlar zərər çəkirlər, daha çox psixoloji problemlərə məruz qalırlar. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir. İndiki halda artan boşanmalar, ailədaxili münasibətlərin pozulması, ailə münaqişəsi zəminində baş verən cinayətlər onu göstərir ki, ailəni qurmaq nə qədər məsuliyyətlidirsə, onu qoruyub saxlamaq bir o qədər də çətindir.  Statistik məlumatlara görə, məhkəmələrdə baxılan mülki mübahisələrin böyük qismi ailə münaqişəsi nəticəsində yaranır və əmlak xarakterlidir.
Sadələşdirilmiş boşanma prosesi Azərbaycanda boşanmaların say artımına təsir edən faktorlardan biridir. Ailənin qorunub saxlanılması cəmiyyət üçün və gələcək nəsil üçün vacibdir. Lakin qanunvericilik çərçivəsində məhkəmələrin ailəni qorumaq üçün səlahiyyətləri yetərli deyil. Bu məsələ ilə bağlı qanunvericiliyə dəyişikliklər edilərsə,  məhkəmələrdə ailəni qorumaq imkanı da artar.
Ailələrin dağılmasının səbəblərindən biri də məişət zorakılığıdır. Komitə tərəfindən bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır. Onların əsas fəaliyyəti rayon ərazisində baş vermiş məişət zorakılığı hallarının baş verməsi səbəblərinin öyrənilməsi, zorakılıq törətmiş şəxsə qarşı müvafiq tədbirlərin görülməsi, həmçinin zərərçəkmiş şəxslə profilaktiki işin təşkili, psixoloji və hüquqi yardımların göstərilməsindən ibarətdir. Qarşımızda dayanan məsələlərdən biri də yanlış dini təsəvvürlərin, stereotiplərin aradan qaldırılması üçün dövlət orqanları və vətəndaş cəmiyyətinin bu sahədə fəaliyyətinin gücləndirilməsi,  insanların problemi daha düzgün dərk etməsi üçün  davamlı layihələrin keçirilməsidir. Eyni zamanda, “Ailə psixoloqu” institutunun yaradılması,  mövcud “məktəb psixoloqu”, ” ağsaqqal – ağbirçək” institutlarının fəaliyyətinin gücləndirilməsi də bu istiqamətdə yaranmış problemlərin qarşısının alınmasında mühüm vəzifələrdəndir. Xüsusilə, vətəndaş cəmiyyəti bu sahədə  vacib rola malikdir. Yerlərdə fəaliyyət göstərən Qadınlar Şurası aktiv olmalıdır.
Bir məsələni də qeyd etmək istərdim ki, ailədə münasibətlər sisteminin doğru, düzgün olması da zəruridir. Əgər ailədə münasibətlər normal olarsa, o zaman, insanlar da cəmiyyətdə  müəyyən mövqe tuta bilərlər. Əgər tarazlıq pozularsa, həm problemi törədən, həm də yaranmış problemdən əziyyət çəkən insan (istər qadın, istər kişi, istərsə də uşaq olsun), cəmiyyətdə özünü təsdiq etmək üçün çətinliklərlə üzləşir. Məhz bu baxımdan, qadınların iqtisadi cəhətdən. Boşanmaların, məişət zorakılığının sayı şəhərə nisbətən kənd və rayon yerlərində daha çoxdur. Buna görə də kənd və rayonlarda yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakçılığının artırılması aktual məsələlərdən biri kimi qarşımızda dayanır. Bu məqsədlə komitəmiz tərəfindən “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirilir.
Ümumiyyətlə, bu gün ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi və sosial proseslərə pozitiv təsirinin təmin edilməsi bütün dünyada aktual problem kim qarşıda durur. Təsadüfi deyil ki, dünya ictimaiyyəti, BMT-yə üzv dövlətlər 1993-cü ildə mayın 15-ni Beynəlxalq ailə günü elan etdi. Artıq 25 ildir ki, 15 may tarixində beynəlxalq səviyyədə Ailə günü qeyd edilir. Azərbaycanda 2008-ci ildən keçirilən Ailə bayramının bu il 10 ili tamam olur. Ailə gьnь ilə bağlı respublikanın şəhər və rayonlarında milli-mənəvi dəyərlərin qorunub saxlanılması, gənc nəslin tərbiyəsi, sağlam həyat tərzinin təbliğinə istiqamətləndirilmiş müxtəlif tədbirlər həyata keçirilir və nəticədə milli mətbəx, bacarıqlı əllər, yaradıcı ailə, nümunəvi ailə nominasiyaları üzrə rayonlarda keçirilən müsabiqələrdə fərqlənən ailələr mükafatlandırılır. Çalışırıq ki, hər il Beynəlxalq Ailə günü ərəfəsində həmin ailələrin təcrübəsi ilə bir daha insanların diqqətini cəlb edək. Həmçinin paralel olaraq 10 ildir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi” adlı film festivalı uğurla həyata keçirilir. Film festivalının keçirilməsinin əsas məqsədi kinematoqrafiyanın imkanlarından istifadə etməklə ailə dəyərlərinin, milli-mənəvi dəyərlərin gənclər arasında təbliği, cəmiyyətdə bu istiqamətdə mövcud olan problemlərin işıqlandırılaraq həlli yollarının axtarılması və ailə institutunun inkişafına nail olunmasıdır.
Mən burada xüsusilə, Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyətini qeyd etmək istərdim. Onlar  icmada risk qrupuna aid olan ailə, qadın və uşaqlara dəstək göstərir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə yönəldirlər. Təkcə, son 5 ildə Mərkəzlərin fəaliyyətindən 88 000-ə yaxın vətəndaş bəhrələnmişdir. Uşaq və Ailələrə Dəstək Mərkəzləri  tərəfindən mütəmadi olaraq, qadınlar və uşaqlar üçün ayrı-ayrı rayonlarda, məktəblərdə, ictimaiyyət arasında müvafiq mövzularda dəyirmi masalar, seminar-treninqlər təşkil edilir. Dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də gənclərin xüsusilə də gənc qızların və qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə Komitə bələdiyyə orqanları ilə birgə Ailə Akademiyası layihəsini həyata keçirir.
Azərbaycan ailəsi dünya ölkələri sırasında seçilir və öz uğurlu modelini dünya səviyyəsində tanıtdırır, müxtəlif ölkələrlə öz təcrübəsini bölüşür. Ümummilli Lider Heydər Əliyev demişdir ki, ailədaxili münasibətlər cəmiyyətdaxili münasibətlərin güzgüsüdür. Bu güzgünün aydın, gözəl və dayanıqlı inikas etməsi üçün hər birimiz üzərimizə düşən vəzifəmizi layiqincə yerinə yetirməliyik. Çünki hər bir ailədə böyüyən və tərbiyə alan insan bütövlükdə dünyaya təsir edə bilir və onun təməlini təşkil edir. Ona görə də biz ailələri qorumalıyıq. Sağlam ailə-sağlam cəmiyyət, sağlam cəmiyyət isə sağlam və xoşbəxt dünya deməkdir.
 
Hicran Hüseynova,
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri,
siyasi elmlər doktoru, professor 



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir