29

29 fevralın sirri və ya Roma imperatorlarının eqo savaşı…

Baxış sayı: 1. 454
Bu gün ilin ən qısa ayı sayılan və əsasən 28 gündən ibarət olan fevralın 29-cu gününü yaşayırıq. Fevral Qriqorian təqvimi ilə ilin ikinci ayıdır. Qısa illərdə 28, uzun illərdə isə 29 gündən ibarətdir. Hər 4 ildən bir fevral ayı 28 yox, 29 gündən ibarət olur. 
Maraqlıdır, bəs fevralın 29 gün olması nə ilə əlaqədardır?
E.ə. 46-cı ildə Roma imperatoru Yuli Sezar təqvimdəki qarışıqlığı aradan qaldırmağı tapşırır. O zamana qədər il 365 gün 6 saat hesablanırmış. Misirli astroloq Sosiginesin hesablaması ilə ilin 365 gün çəkməsi, hər ildən qalan 6 saatın isə təqvimə 4 ildən bir əlavə olunması qərara alınır.
Beləliklə, il dörd ildən bir 366 gün çəkir. 366 gün 12 bərabər hissəyə bölünmədiyi üçün 6 ay 30 gün, 6 ay isə 31 gün müəyyən edilir. Sezarın əmri ilə 365 gün çəkən illərin son ayından 1 gün çıxılır. O zaman ilin son ayı fevral olduğundan bu ay 4 ildən bir 30, digər illərdə isə 29 gün hesablanır. Sezar başqa bir əmri ilə aylardan birinə – iyul ayına öz adını verir.
Sonradan imperator Oktavian Avqust da növbəti aya öz adını verir və o, avqustun iyuldan 1 gün az çəkməsini şəninə sığışdırmadığından fevraldan 1 günü kəsib, avqusta calayır. O zamandan bəri fevral ayı 4 ildən bir 29, qalan illərdə isə 28 gün çəkir. 29 fevral 28 ildən bir bazar gününə düşür və bu fevralın 5-ci bazarı olur.
Hazırda Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələrində əsas təqvim kimi istifadə edilən Qriqorian təqvimində də belədir. Amma nömrəsi iki sıfırla qurtaran illər 400-ə bölünmürsə, həmin illərdə fevral ayı 28 gün olur; nömrəsi iki sıfırla qurtaran illər istisna edilməklə, 4 oktyabr 1582 tarixdən sonrakı hər hansı ilin nömrəsi 4-ə qalıqsız bölünərsə, həmin ildə fevral ayı 29 gündən ibarət olur.
Bir çox ölkələrdə məhz bu gün özəl bir gün hesab edilir. Bir sıra ölkələrdə isə 29 fevralda heç bir dövlət işləri həyata keçirilmir, müqavilələr bağlanmırdı. 29 fevralın özəlliyi o idi ki, məhz bu günü qadın sevdiyi kişiyə evlilik təklif edə bilərdi.
Bu adət-ənənə ilk dəfə V əsrdə İrlandiyada yaranıb. Rəsmiləşməsi isə XIII əsrdə Şotlandiyada xüsusi qanunun qəbuluna təsadüf edir. XVIII əsrə qədər fevralın 29-u bir çox Avropa ölkələrində qəbul edilmirdi. Təqvimdə fevralın 29-u olsa da, hüquqi cəhətdən rəsmi gün sayılmırdı.
Bu gün müqavilələr bağlanmır, borc verilmir, ödənişlər aparılmırdı. Çünki bu tip işlərin məhkəmədə baxılmasında problem ortaya çıxırdı.
Fevralın 29-da doğulan adamlar doğum günlərini dörd ildən bir qeyd edirlər. Valideynlər fevralın 29-u dünyaya gələn körpələrini başqa tarixə qeydiyyata salmağa çalışır.
Hazırda statistikaya görə, 4 milyon insan doğum gününü fevralın 29-da qeyd etməli olur. Fevralın 29-da anadan olanlar arasında tanınmış insanlar da olub.
Məsələn  italyan bəstəkarı Antonio Rossini, fransız aktrisası Mişel Morqan, Azərbaycan yazıçısı Ənvər Məmmədxanlı, məşhur xizəkçi Raisa Smetanina həmin gün anadan olublar.
Hazırda da bir çox insanlar bu tarixi yadda qalan etmək üçün nişan, toy kimi özəl günlərini məhz bu tarixə salırlar.
Astroloq Səbuhi Rəhimli bildirdi ki, bərabərlik yaranması üçün fevral 4 ildən bir 29 gün olur: “Ayın hərəkəti bir ayda 28 gün edir. 32 ildə 1 il itir. Bu da atmosferin ahənginə uyğun gəlmir. Diqqət etsəniz, görərsiniz ki, iyul ayına öz adını verən Sezar ayı 31-dən edib. Bunu bilən və avqust ayına öz adını vermiş Oktavian deyib ki, xeyir ola iyulu Sezar 31 gün edir, mənim ayım olan Avqust 30 gün olur? Buna görə də Oktavianda öz ayını, yəni avqust ayını 31 gün edib. Buna görə də hər il 6-8 saat itir. 4 ilə bu saatlar tamamlanıb, bir sutka etdiyinə görə o bir günü fevrala əlavə edirlər. Amma ümumi götürəndə 365 gün kainatın atmosferi ilə uyğun gəlir. Ən dəqiq Avesta qoroskopudur ki, martın 21-də günəş Qoç bürcünə girir, ona ortaq qurşaq da deyirlər. Ay, Günəş, Çin və digər bütün təqvimlərdə sürüşür. İl bir gün fevralın 8-də, o biri il yanvarın hansısa bir günü başlayır. Ona görə də, tərsliklər ödənilmədiyi üçün 4 ildən bir fevral ayını 29-dan edirlər ki, bərabərlik olsun”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir