mahni

30 illik Vətən həsrəti bitir: qalib Ordumuzun zəfər marşları yazılırmı? – SORĞU

Baxış sayı: 171

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyidir. Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə qazandığı qələbələr göstərir ki, ordumuz quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir.

Azərbaycan hərbçiləri yüksək vətənpərvərlik nümayiş etdirir, əsgər və zabitlərimiz şücaət və qəhrəmanlıq salnaməsi yaratmağa davam edir. Bütün Azərbaycan xalqı, hər bir vətəndaş ordumuzun, hərbçilərimizin təəssübünü çəkir, ordumuzun gücünə inanır, ona güvənir.

“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri, hərbi mahnıların ifaçısı kimi tanınan Şəmistan Əlizamanlı, professor, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Xalq artisti Aygün Səmədzadə açıqlamalarında bildiriblər ki, Azərbaycan Ordusunun gücünü və qüdrətini nümayiş etdirən yeni zəfər marşları üzərində çalışırlar.

Şəmistan Əlizamanlı açıqlamasında qeyd edib ki, səbirsizliklə gözlənilən qələbə gününə az qalıb:

“Xalqımız qələbə əhval-ruhiyyəsindədir, müvəffəqiyyətlə irəliləyir, düşmən tab gətirmir, silah-sursatını, texnikasını meydanlarda qoyub qaçır. Ermənistan ordusunda panika və çaşqınlıq hökm sürür. Artıq qələbə qaçılmazdır, ordumuzun irəliləməsi üçün heç bir maneə və ruh düşkünlüyü yoxdur. Odur ki, biz qələbə marşını yazmağı düşünürük. Sözsüz ki, bu marşlar yaradıcılığımda olan digər mahnılardan öz əhval-ruhiyyəsi ilə seçiləcək, sevinc hissiylə yazılacaq, tamamilə başqa bir ovqatın notları üzərində qurulacaq.

O vaxt torpaqlarımız işğal altında idi, sözsüz ki, əvvəlki mahnılarımızda vətən nisgili, vətən həsrəti mövzuları daha çox hiss olunurdu. Mahnılar qəlbin əhval-ruhiyyəsindən doğur. Şükürlər olsun ki, bu həsrətə son qoyan qələbə uzaqda deyil. Vətənpərvərlik mövzularında yazılan bütün mahnılarımız qələbə ruhu ilə yoğrulacaq. Neçə illərin həsrətinə son qoyulacaq, şəhidlərimizin ruhu şad olacaq. Xalqımız bayram tədbirləri keçirəcək, dünyanın hər yerində yaşayan azərbaycanlılar qurbanlar kəsəcək. Həmin gün Azərbaycan tarixinə müqəddəs bir gün kimi düşəcək”.

Sivayuş Kəriminin sözlərinə görə, hazırda ən önəmli məsələ Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızı azad etməsidir:

“Yaradıcılıq hələlik ikinci plandadır. Xalqımız bütün cəbhə xəbərlərini həm həyəcan, həm də qürur hissiylə izləyir. Rəşadətli ordumuzun qələbəsinə inanırıq, tezliklə torpaqların işğaldan azad olunmasını gözləyirik. Düşünürəm ki, bu, tezliklə baş verəcək. Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərməyə davam edir, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırdılar. Biz tam qələbə çalandan sonra marş və mahnılarla bağlı gözəl bir müsabiqə keçirməyi düşünürük. Təbii olaraq bəstəkarlarımız çalışacaq ki, bu mövzuda gözəl əsərlər yaratsın və xalqın diqqətində olsun.

Bu gün ölkəmizdə baş verən olaylarda ən böyük qələbəmiz odur ki, xalqımız arasında birlik hiss olunur. Hamının arzu və amalı odur ki, torpaqlarımız düşmən tapdağından azad olunsun. Azərbaycan xalqının belə birlik nümayiş etdirdiyini görməmişəm. Cəmiyyətimizin yüksək əhval-ruhiyyəsi məni də sevindirir. Sözsüz ki, bunda Prezidentimizin əməyi böyükdür. O, Azərbaycanı qalib və ərazi bütövlüyünü təmin edən ölkə kimi dünyaya tanıtdırmağa çalışır. Həm öz, həm də musiqiçi dostlarımız adından cənab İlham Əliyevə çox təşəkkür edirəm”.

Aygün Səmədzadə qeyd edib ki, vətənpərvərlik mövzusu yaradıcılığının həmişə ana xətti olub:

“30 ildir ki, hər birimiz bu gün səslənən zəfər sədalarını eşitməyi arzulamışıq. Peşəsindən asılı olmayaraq hər birimiz bu günləri səbirsizliklə gözləmişik, hətta indi inamsızlığımıza belə hər şey qalib gəldi. Maşallah olsun, hər gün zəfər xəbərləri eşidirik. Əzəli Azərbaycan torpaqlarının işğaldan azad olunması musiqimizdə də hiss olunacaq. Qələbə sevincini musiqilərimdə əks etdirməyə həmişə hazıram. Bu illər ərzində məhz vətən, şəhidlər, bayraq sevgisi yaradıcılığımın ana xətti kimi keçib. Son 3 il ərzində yaradıcılığımın əsas hissəsini bu mövzuya həsr etmişəm, iki yeni əsər təqdim etməyə hazırlaşıram. Maraqlı təsadüf odur ki, bu əsərlərin son səsyazması 25 sentyabrda oldu, 27 sentyabrda isə bizə artıq ordumuzun irəliyə, qələbəyə doğru addımlama xəbərləri gəldi və biz mahnının sözlərində bəzi məqamları dəyişməli olduq.

Qafqaz bir gün silkələnər zəfər səsindən,

Xəbər verər ay-ulduzun təntənəsindən!

Təsəvvür edin ki, Azərbaycan xalqının arzusunu ifadə edən bu sözlər 2 gün sonra reallığa çevrildi, şanlı ordumuzun ard-arda qələbə xəbərləri gəlməyə başladı. Odur ki, gələcək-ehtimal felləri artıq keçmiş zaman şəkilçiləri ilə əvəz olunacaq.

Qafqaz bir gün silkələndi zəfər səsindən,

Xəbər verdi ay-ulduzun təntənəsindən!

İnşallah, Azərbaycanı sevən, canını və həyatını vətəni yolunda qurban verməyə hazır olan hər bir bəstəkar kimi tezliklə mən də yeni-yeni zəfər marşını yazaram. Allah Ordumuzu və Ali Baş Komandanımızı qorusun, hər birimizi təbrik edirəm”. (“Publika.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir