ehali

52061 nikah və 12191 boşanma – Azərbaycanda əhali sayı açıqlandı

Baxış sayı: 204

Dövlət Statistika Komitəsi Azərbaycan əhalisinin sayını açıqlayıb. Komitədən verilən məlumata görə, Azərbaycan əhalisi bu ilin əvvəlindən 73360 nəfər və ya 0,7 faiz artaraq 2017-ci il noyabr ayının 1-i vəziyyətinə 9 milyon 883 341 nəfərə çatıb.

Əhalinin 53 faizi şəhər, 47 faizi kənd sakinləridir, onun 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 120035 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib. Doğulan körpələrin 53,1%-i oğlan, 46,9%-i isə qız uşaqlarından ibarət olub. Körpələrdən 2134-ü əkiz, 42-si üçəm doğulanlardır.

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 47695 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.

Bu ilin 10 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 52061 nikah və 12191 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.

Bu ilin yanvar-oktyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2599 nəfər Azərbaycana gələn, 1579 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 1020 nəfər təşkil edib.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir