rESID bEHBUDOV

64 milyon tamaşaçı, Bakıda itən çanta, 51 il sonra tapılan film

Baxış sayı: 1. 770

Qaqarin onu “Yoldaş Avara” deyə çağırırdı. Dünyada isə ona “hindli Çarli Çaplin”, “Hind kinosunun atası”, “Şərqin mavi gözlü kralı”, “Hindistanın I Pyotru” deyirdilər. SSRİ-də, xüsusən də Bakıda onu bəlkə də Hindistandan da çox çevirdilər.

Onun təkcə bir filminə, “Avara”ya SSRİ-nin yarısı baxmışdı az qala: 67 milyon sovet adamı bu “Avara”nı görmək üçün kinoteatrlarla axışmışdı.

Sovetlər İttifaqında o qədər məşhur idi ki, bir dəfə az qala siyasi qalmaqala səbəb olacaqdı. Hindistanın baş naziri Cəvahirləl Nehru Moskvaya rəsmi səfərində o vaxtkı sovet lideri Xruşşovla görüşürmüş. Hər iki tərəfdən nümayəndə heyətlərinin də qatıldığı  görüşdə, Xruşşov ona belə bir sual vermişdi: “Cənab Nehru, siz Rac Kapuru tanıyırsınızmı?” Hindli baş nazir qəzəblənmişdi bu suala görə.

Azərbaycanı yaxşı tanıyırdı, Rəşid Behbudovla dostluq edirdi, musiqimizə valeh idi. Bu dostluğun tarixçəsi isə 64 il bundan əvvələ təsadüf edirdi. 1952-ci ildə sovet incəsənət xadimləri Hindistana dəvət alırlar. R. Behbudov Hindistanda Azərbaycan bəstəkarları – Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirovun mahnılarını ifa edir. Məhz həmin vaxt Behbudov tanınmış kinoaktyorlar Nərgiz və Rac Kapurla tanış olur. Sonradan Kapur Hindistandan Azərbaycana hind musiqi alətləri yollayır. Şəxsən Rəşid Behbudova. Behbudov isə səfəri haqda “Uzaq Hindistanda” kitabını yazır.

1956-cı ilin may ayında Azərbaycanda “Hind kinoları” festivalı keçirilir. Məşhur “Avara” filmindən 10 nəfərlik nümayəndə heyəti, eləcə də filmin baş qəhrəmanı Rac Kapur Azərbaycana gəlir. Bakı aeroportunda Kapur və nümayəndə heyətini minlərlə insan qarşılayır. Yeri gəlmişkən, bu səfər haqda sonradan 7 dəqiqəlik “Rac Kapur Bakıda” filmi çəkilir. Amma filmə baxmaq heç kimə nəsib olmur. Söhbət ondan gedir ki, filmin montajından sonra onun lentləri yoxa çıxır. Və bir də nə vaxt tapılsa yaxşıdır? 2007-ci ildə. Özü də harada? Masallıda”. Sən demə, filmin operatoru Faiq Qasımov kinolenti haçansa köhnə dostu, Masallıda yaşayan Yaşar Rəfiyevə veribmiş. O da 51 il lenti evində saxlayıb. Hazırda həmin film Dövlət Film Fondundadır.

Həmin səfər zamanı bir sıra kuryoz hadisələr də baş verir. Məsələn, nümayəndə heyətinin tərkibində Bakıya gələn məşhur aktrisa Nərgizin əl çantası oğurlanır. Amma sonradan oğrular həmin çantanın Nərgizin olduğunu biləndə, onun qaldığı mehmanxanaya buraxıb getmişdilər.

Səfər zamanı Rac Kapur dostu Rəşid Behbudovun evində qalmaq istəyir. Dünya şöhrətli aktyoru 3 otaqlı mənzildə yerləşdirməyin biabırçılıq olacağını anlayan o vaxtkı Azərbaycan rəhbərliyi Tarix Muzeyini bir neçə saata ev halına salaraq Rəşid Behbudovun evi kimi təqdim edirlər. Rac Kapur ev halına salınmış muzeyə girəndə isə belə deyibmiş: “Dostum, mən elə bilirdim ki, sənin kimi dünya şöhrətli insan saraylarda qalır, amma bizdə ən adi artistin belə evi var”.

Dahi sənətkara səfəri zamanı rejissor Hüseyn Seyidzadənin ekranlara təzə çıxmış “O olmasın, bu olsun” filmini göstərirlər. Filmə baxandan sonra heyrətini gizlədə bilməyib Hüseyn Seyidzadəyə deyir: “Cənab Seyidzadə, siz Hindistana gəlin, sizi milyonçu edim”. O, filmdə Gülnaz obrazını yaradan Tamara Gözəlovanı da Hindistana dəvət edir. Amma bu layihə reallaşmır.

Rəşid Behbudovla Rac Kapurun sonuncu görüşü 1988-ci ildə olur. Racın ağır xəstə olduğunu öyrənən Behbudov təcili Moskvaya gedir. Bir günün içində viza alır. Və dərhal da Bombeyə uçur. Rac Kapuru Bombeydəki evində ziyarət edir. Amma ağır xəstə olan Rac ayağa qalxa bilmir, bərk təsirlənir, ağlayır. Rəşidin əlini əlinə alıb sığallayır və… öpür. Yaddan çıxmamış bir məqamı da deyim. Rac Kapurla Rəşid Behbudov birlikdə “Ruskiy sneq” adlı mahnı da ifa ediblər. Kapurun sovet kino aktyorlarından, estrada müğənnilərindən bir xahişi də olub. “Mənim mahnılarımı Rəşiddən başqa kimsə ifa etməsin”.

Bu iki dahi sənətkarı niyə yada saldıq bilirsinizmi? Hə, düz tapdınız. Bu gün, 14 dekabr hər iki sənətkarın doğum günüdür. Onları təkcə dostluq yox, ad günləri də birləşdirirmiş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir