8-mart

8 mart bayram kimi keçirilməlidirmi?

Baxış sayı: 141

Dostlar, səhv başa düşməyin. Səhv başa düşsəniz də, bir günlük insanları düşündürmək üçün party pooper olmaq olar. Məsələ, hədiyyə alıb-almamaq məsələsi deyil. Hər il olduğu kimi, bu il hədiyyələrimi də alacam, təbriklərimi də edəcəm. Amma, nəyi qeyd edirik və niyə məhz BAYRAM kimi?

8 mart qadınların öz hüquqlarının qorunması uğrunda həmrəylik göstərib, kişi-qadın hüquq bərabərliyinin əldə olunması uğrunda mübarizə aparmasından başlayıb. Kişilərin onlara ətir, oyuncaq ayı, paltar almasını gözləmək isə bu mübarizəyə daban-dabana ziddir.

8 mart hansı ölkələrdə rəsmi BAYRAM kimi qeyd edilir? Postsovet ölkələri, Anqola, Laos, Kamboca, Şimali Koreya, Konqo, Monqolustan və s… Qadın hüquqlarının ən çox əzildiyi ölkələrdə. Qadın hüquqlarının təmin edildiyi ölkələrdə isə bu gün sıradan bir günə çevrilib.

8 martın kökündə sosialist, sosial-demokrat qadınların mübarizəsi dayanır, amma qadın hüquqlarının ən çox pozulduğu ölkələrdə bayram kimi qeyd edilən bu gündə ən çox qazanan və qazandırılan kapitalistlər olur. (Dior, Chanel, Swarovski və s) Qadın hüquqları uğrunda həmrəylik göstərib, mübarizə aparılmalı olan gündə, qadınlar kişilərdən nəvaziş, qayğı, sevgi gözləyirlər və bunu ifadə etmək üçün onların fransız ətiri, holland qızılgülü, avstriya Swarovski bəzək əşyaları almaqları ilə sevinirlər. Sizcə, normaldır?

Digər bir məsələ: Azərbaycanda Nazirlər Kabinetinin bir iclas fotosuna baxın. (Foto şərhdə) Bu boyda böyük tərkibdə BİRCƏ nazir qadın görürsünüzmü? Hələ mən valideynlərin qızlarını erkən yaşlarda məcburi ərə verməklərini, onların təhsil alması üçün törədilən əngəlləri, qadınların bir çox yerdə obyekt kimi istifadə edilməsini demirəm. BİRCƏ qadın nazirimiz yoxdur, mişka, gül, ətirlə nəyi qeyd edirik?

Halbuki, Ermənistanda Mədəniyyət naziri, Əmək və Sosial Müdafiə naziri qadındır. Gürcüstanda 11 nazirdən 3-ü qadındır, prezident qadındır, baş nazirin 2 müavinindən biri qadındır. Azərbaycanda prezident kişi, baş nazir kişi, 4 baş nazir müavinindən qadın sayı – sıfır! 18 nazirdən qadın nazir sayı – sıfır! Nazirlər Kabinetinə daxil olan nazirlik, xidmət, agentlik, komitə sədrlərindən ibarət 38 nəfərlik tərkibdə cəmi 1 qadın var, o da Ailə, Qadın və Uşaq məsələləri üzrə komitənin sədri. Milli Məclisdə 125 nəfərdən 19 nəfəri qadın. Onlarla icra başçısı arasında qadın başçı sayı 1 nəfər. Onlarla səfirimiz arasında qadın səfir sayı 1 nəfər. Siyahını uzatmaq olar.

Postun burasında bir lətifə yadıma düşür. Bir gün bir rahibə gəmidə yanında oturmuş qadından soruşur:
– Bu boyunbağını neçəyə almısan?
– Məşuqumla bir gecə keçirmək qarşılığında.
– Bəs bu çantanı?
– İki gecə.
– Bəs bu şubanı?
– Bir həftə keçirməyə görə.
Rahibə qayıdır kilsəyə. Gecə qapı döyülür.
– Kimdir?
– Mənəm, müqəddəs ata Andrey.
– Müqəddəs ata Andrey, götür konfetlərini də, rədd ol buradan.

İndi, əziz dostlar. Məncə, 8 mart günü nazirlər kabinetinin tərkibinə, icra başçılarının, səfirlərin siyahısına baxıb, qadın problemlərini düşünüb, “götürün ətirlərinizi də, mişkalarınızı da, rədd olun, bizə bərabər hüquqlarımızı verin” demək və hüquqlar uğrunda mübarizə aparmaq lazımdır.

Bəxtiyar Hacıyev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir