erken nikah

9 yaşında ərə gedib, 10 yaşında boşanan uşaq

Baxış sayı: 462

Yemənli Nucut Əli dünyanın ən gənc boşanan qadını olub.

Ancaq nə təcavüzkar ərindən boşanmaq, nə məhkəmədəki qələbə, nə də “İlin qadını” adı ona xoşbəxtlik gətirib.

Nücutu 9 yaşında ərə veriblər. Qızın böyük bacısı doqquz yaşında ikən qaçırılıb. Bu hadisədən sonra ailənin gözü qorxub və Nücut da eyni taleyi yaşamasın deyə, onu erkən yaşda ərə vermək qərarına gəliblər. Nikah müqaviləsinə görə əri qızın 18 yaşı olana qədər ona ancaq qəyyumluq edə, yalnız həddi-buluğa çatandan sonra ər-arvad münasibətinə girə bilərdi. Lakin 30 yaşlı ər bu razılaşmaya əhəmiyyət vermədən, uşaq arvadını hər gün döyüb, seksual istismar edirdi.

Nücut bu zülmə ancaq bir il dözə bilib. On yaşı olanda, ər evindən qaçıb. Amma qızın gedəcək yeri olmayıb. Onun ailəsi dilənçi vəziyyətində yaşayırdı, üstəlik, Nücut onu uşaq yaşda ərə verən valideynlərinə acıqlı idi. Acıqlı olmasa, onları bağışlasa belə, bu, qızı xilas etməzdi, çünki Yəmənin adət-ənənəsinə görə boşanmış qız ailəsinin başını aşağı edir. Geriyə yol yox idi.

Qız məhkəməyə müraciət edir və onun işini Yəməndə ilk qadın vəkil olan Şada Nasser aparır. Nücudla vəkili məhkəmədə qalib gəlirlər. Düzdür, qız keçmiş ərinə böyük məbləğdə təzminat ödəməli idi, amma burda da vəkil ona kömək edir.

Nücudun işi tanınmış jurnalist Delfin Minuinin diqqətini çəkir. Jurnalist qıza təklif edir ki, başına gələnləri kitab halına salsın və bu işdə ona kömək edir. “10 yaşım var və boşandım” adlı avtobioqrafik kitab qıza dünya şöhrəti gətirməklə yanaşı, bestesller çevrilir. Satışdan gələn böyük bir məbləğ Nücuta sosial təminatla yanaşı, yaxşı təhsil almaq imkanı da yarada bilərdi. Amma qıza çatacaq qonorar atasına çatırdı. Atası pulları qızının təhsili üçün ayıracağına vəd etsə də, əslində, özünə üçüncü arvad “almaq” üçün xərcləyir.

Nücut isə heç orta məktəbi belə bitirmədi.

Erkən nikahlar Azərbaycanın da sağalmayan yarasıdır. Əsrlərdən bəridir ki, valideynlər və qohumlar uşaqları tez ailə qurmağa məcbur edirlər. Tarix boyu ənənələr, mentalitet qızları erkəndən ailə qurmağa, dünyaya uşaq gətirməyə məcbur edib. Gec ailə quran qızlara “qarımış”, “evdə qalmış” kimi baxıblar. “Qız yükü – duz yükü”, “Tez evlənənlə tez yuxudan duran qazanar” kimi atalar sözlərinin formalaşması da, tarix boyu xalqımızın evliliyə necə yanaşmasını göstərir. Təəssüf ki, bütün bunlar barədə keçmiş zamanda danışmaq mümkün deyil. Günümüzdə də dəyişən nəsə yoxdur.

Müxtəlif tarixi gedişatlar, mədəni rifah böyük şəhərlərə təsir etsə də, urbanistik toplumda qadınlara 20-25 yaşına qədər dəyib-toxunulmayan ailələr yaransa da, rayon və kəndlərdə vəziyyət çox ağırdı. Əyalətlərdə qızlar orta məktəbi bitirən kimi, qohum-qonşu başlayır qızın valideynlərinə “ağıl” verməyə. Ailə qurmayan qız ailənin utancı hesab edilir, uğursuz damğası alır, hətta bəzən toylarda, şənliklərdə arzuolunmaz şəxs hesab edilir.

Təbii ki, ortada bir neçə səbəb var. Bunlardan biri dini məsələdir. Diqqətlə baxsaq, görərik ki, qızları erkən ərə verən, ailə qurmayanda uğursuz hesab edən toplumlar, adətən, müsəlman ölkələrindədir. Patriarxal cəmiyyətin qadına təzə ət kimi yanaşması ona gətirib çıxarır ki, qadın biliyi, şəxsiyyəti, mənəvi dünyası, bacarıqları ilə deyil, bədəninin təzəliyi ilə qiymətli hesab edilir.

Dini faktor bir də özünü kəbin söhbətində göstərir. Azərbaycan sekulyar ölkədir. Dünyavi dəyərlərlə idarə edilən ölkəmizdə qanun, 18 yaşına çatmayan şəxsin ailə qurmasına icazə vermir, nikahı qeydə almır. Bu zaman din köməyə çatır. Asan Xidmətin kəsmədiyi nikahı, din, molla alternativ kağızla leqallaşdırır. Kəbin kağızı ilə. Amma evlənərkən cəmiyyətin nikah kimi qəbul elədiyi sənədi, boşanarkən hüquq sistemi tanımır. Əlində nikah şəhadətnaməsi yerinə kəbin kağızı olan qadın məhkəmədə özünün və uşaqlarının haqlarını qoruya bilmir.

Bununla belə, ailələr qızlarını erkən ərə verməkdə maraqlıdırlar. Təbii, onların da öz həqiqətləri, öz səbəbləri var. Özbaşınalığın baş alıb getdiyi ölkədə, valideynlər uşaqlarının hüquqlarını qoruya bilməyəcəklərini bilirlər. Kasıb ata-ana bilir ki, sabah onun qızını kimsə qaçırıb, təcavüz etsə və həmin təcavüzçü varlı ailədən olsa, məhkəməni, hakimi satın alacaq və cəzasız qalacaq. Buna görə dəl, qızı həddi-buluğa çatan kimi onu ərə verməyi, onu qorumaq yükündən azad olmağı üstün tutur.
Nə dünya görüşləri, nə də dəyərləri imkan verir ki, bu adamlar uşaq yaşda ərə verilən qızın bir dəfə deyil, hər gün zorlanacağını, istismar ediləcəyini başa düşsün. Çünki onlar qızlarını yox, namuslarını qoruyurlar.

Kasıb valideynlərin başqa bir gerçəyi onların maddi rifahı, daha doğrusu, səfalət içində yaşamasıdır. Yeniyetməlik yaşındakı qız ailə üçün yük olur, onu yedizdirmək, geyindirmək lazımdır. Üstəlik, qız ali təhsil almaq üçün yaxşı oxumayıbsa, bir peşəyə yiyələnmək imkanı yoxdusa, valideyn düşünür ki, ona verilən çörək artıq xərcdir. Bu maddi yükü kiminsə boynuna yıxmağı qənimət bilir.

Yenə də dünyagörüşləri, məntiqləri imkan vermir ki, bu adamlar başa düşsün, bu gün ər evinə tək yola saldiglari qız, sabah bir, iki, üç uşaqlar üstlərinə qayıda bilərlər. Bu da nə isədeməkdir. Təhsili olmayan, bir peşəyə yiyələnməyən, üstəlik bir neçə övladını yedizdirməli olan qadın. O qadını, o uşaqları kim saxlayacaq. Təbii ki, qızı evdə yeyənin biri azalsın deyə, başından edən ailə. Çünki məhz o ailə qıza bu gün bir parça çörək qazanmaq üçün heç bir imkan verməyib, onu təhsildən, peşədən məhrum edib.

Daha vacib səbəblərdən biri də, əyalətlərdəki işsizlikdir. Ailə bəzən qızı orta məktəbdən çıxarır, savadı olmayan qızların da ərə getməkdən başqa şansı olmur. Bu yerdə bəzən qız özü daha çox maraqlı olur ailə qurmağa, çünki bilir ki, əyalətdəki kişilər işsizlik ucbatından sürətlə şəhərə axışır, çox vaxt da orda qalır. Buna görə də, qız evdə qalmamaq üçün tezbazar kiminləsə ailə qurur.

Bəs, erkən nikahlar niyə pisdir?

Yəqin ki, ya şəxsi söhbətlər zamanı, ya da sosial şəbəkələrdəki müzakirələrdə mütləq belə bir arqument eşitmisiniz ki, nənələrimiz 13-14 yaşlarında ərə gedib, böyük ailəyə sahib olub, xoşbəxt də yaşayıblar. Belə arqumentlərlə danışan adamlar bir şeyi anlamırlar ki, cəmiyyət, insanlıq, bəşəriyyət deyilən şey, inkişaf edir. Etməlidir. Və uzun əsrlərdən bəridir ki, bəşəriyyət məhz insanı, onun haqlarını, hisslərini, rahatlığını mərkəzə qoyaraq, inkişaf edir.

Günümüzdə 13-15 yaşlı qızlar orta məktəbdə oxumalıdır. Uşaqların təhsil hüququ bunu tələb edir. O yaşda qız məktəbdən çıxarılıb, ailə qurmağa məcbur edilirsə, ən birinci olaraq, təhsil haqqından məhrum edilir. Ailə qurmaq, həm də cinsi münasibətlərdir, qanunla isə bu yaşda uşaqla heç kim cinsi münasibətə girə bilməz, əks halda bu, uşaq istismarı olar. Yəni 13-15 yaşında ərə verilən qız, hüquqi və tibbi dildə desək, seksual istismara məruz qalır. Bəs uşaq psixologiyası, bədəni buna hazırdırmı. Yox.

İstismar, dəhşət bununla da bitmir. 13-15 yaşında qız ailə qurandan sonra hamilə qalır. Doğuş üçün formalaşmamış bədən erkən doğuşa məruz qalır, ana və uşağın ölüm riskinə gətirir. Ən bəxti gətirənlər isə doğuşdan sonra özü də, uşağı da sağ qalsa belə, müxtəlif xəstəliklərə tutulur. Qızını o yaşda ərə verən valideynlər qalırlar həkimlərdə. Günahı da özlərində, erkən yaşda qızlarını seksual istismara məruz qoymalarında deyil, tibdə, həkimdə görürlər. Daha başa düşmürlər ki, özləri qızlarının qətlinə fərman veriblər. Ekspertlərin dediyinə görə, erkən nikahların sayı 10 faizə qədər azalsa, bütövlükdə 70 faizə qədər ana və uşaq ölümünün azalmasına gətirib çıxarar.

İşin başqa bir tərəfi psixoloji zərbədir. Son zamanlar gənc qadınlar arasında intihar halları artmaqdadır. Gənc yaşda ərə gedən qadınlar bir müddətdən sonra öz həyatından şikayət etməyə başlayırlar. Çünki psixoloji, fiziki olaraq uşaq doğmağa, onların yükünü çəkməyə hazır olmayıblar. Ümumiyyətlə, nə ailə qurmaq, nə dünyaya uşaq gətirmək onların öz qərarları olub. Qadın gözünü açır, baxır ki, ailə yükünü çəkə bilmir, boşanmağa can atır, amma bu zaman da valideynləri yenə mane olur. “Ər evinə ağ donda getmisən, ağ kəfənlə çıxacaqsan”, “Döz, uşağın var, boşanıb nə edəcəksən” kimi sözlərdən bezən qadınlar çıxış yolunu intihar etməkdə görür.

Başqa bir fəsad isə boşanma hallarıdır. Buna səbəb ailə daxili münaqişə, qadına şiddət, zərərli vərdişlər və s. boşanmaya gətirib çıxardır. Amma yuxarıda sadalanan dəhşətlərdən sonra deyə bilərik ki, bu halda boşanma ən humanist, zərərsiz nəticədir. Heç olmasa, qadın da, uşaqları da sağ qalır. Təbii ki, bir ömürlük travma ilə, bədbəxtlik hissi ilə baş-başa…

Bəs, inkişaf etmiş ölkələrdə erkən nikahlar məsələsi necə həll olunur?

Sivil ölkələrdə qanunlar hər şeyi nəzərə alır. Qanun uşağın təkcə sağlam deyil, həm də xoşbəxt yaşama hüququnu tanıyır. Buna görə də, hər şey ondan başlayır ki, valideynlərə uşaqlarını evləndirmək üçün emosional, manipulyativ təsir etmə belə qadağan edilir.

Böyük Britaniyada potensial erkən və məcburi nikah qurbanlarını xaricə aparmağa icazə verməyən bir sistem var. Məsələn, dini, mentalitet inanclarından dolayı, qızını öz etnik vətəninə aparıb, orda yerli qaydaların icazə verdiyi şərtlərlə evləndirməyin qarşısı alınır. Avstraliyada belə qurbanları sığınacaqlara yerləşdirmək üçün proqramlar var. Qırğızıstanda 2016 çi ildən erkən nikahaların qarşısını almaq üçün cinayət məsuliyyəti tətbiq edir, hətta bu nikaha icazə vermiş valideynlər, mərasimləri yerinə yetirən din xadimləri müttəhimlər kürsüsünə oturur. İnkişaf etmiş ölkələrdə vətəndaşlar məktəbdən yayındırılıb, ərə verilən qızlar haqqında nəsə məlumatı olarsa, polisə xəbər verirlər. Vətəndaşları buna təşviq edən soisal çarxlar, reklamlar çəkilir, cəmiyyətə öz zərif üzvlərini qorumağın vacibliyi təlqin edilir.

Sivil ölkələrin qəyyumluq və himayəçilik qurumları uşaqlarını erkən nikaha zorlayan ata-anaların valideynlik hüququnu məhdudlaşdırılması barədə iddia qaldıra, uşağı öz himayəsinə ala bilər. Bu cür tədbirlər olduqca effektlidir, mentaliteti, ənənəni deyil, uşağı, onun haqlarını qorumağa yönəlikdir.

Bizim valideynlər çox vaxt düşünürlər ki, qızlarını tez ərə verməklə onlara “yaxşılıq” edirlər. Təəssüf ki, cəmiyyətimizdə uşaq evliliyinə, yəni uşağın seksual istismarına normal baxanlar var. Tanıdığım bir ailədə 14 yaşlı qızı gəlin köçürdülər. Təbii ki, belə şeylər mənim üçün qəbuledilməzdir. Qohum olsa belə. Buna görə də, etiraz elədim. Amma o qədər adam üstümə gəldi ki, nənələrimiz 14-15 yaşinda ailə qururdular, çox xoşbəxt idilər. Sonra həmin qızın 14 yaşinda ana olduğunu eşitdim. Hamilə qalan qızın əsəbləri pozulmuş, getdikcə ağırlaşmışdı. El dilində desək, qız tamamilə havalanmışdı.

14 yaşında dünyaya uşaq gətirməli olan uşaq psixologiyası bu zərbəni həzm etməmişdi, dözə bilməmişdi…

Kimsə deyə bilər ki, bizdə belə gəlib, belə gedəcək. Amma hər bir cəmiyyətin inkişafdan qalan və inkişafv edən dövrləri var. Olmalıdır. Biz də istəsək, bu gerçəkləri dəyişə bilərik. Bunun üçün Kosmosa uçmaq lazım deyil. Erkən nikahlarin qarşısını almaq üçün rayon və kənd yerlərində, məktəblərdə ciddi maarifləndirmə işləri aparılmalı. Bu işlər təkcə məktəblilər arasında yox, həm də valideynlər arasında aparılmalıdır. Çünki şagirdlərə nə qədər yeni informasiya verilsə də, onlar yenə də evdə valideynlərindən asılı vəziyyətdə qalırlar.

Eyni zamanda, bu profilaktik işlərə müəllimlər, bölgənin nüfuzlu adamları və valideynlər (xüsusilə, atalar) cəlb etməli. Onlara düzgün məlumat çatdırılmalır. Belə olduğu halda valideynlər anlayacaqlar ki, həm tibbi, həm hüquqi cəhətdən övladlarını nəyə sövq edirlər. İnsanlar hərtərəfli məlumat aldıqlarında, övladlarını erkən nikaha məcbur etməyin hansı nəticələr verə biləcəyini anlayacaqlar.

Belə nikahların qanun pozuntusu olmaqla yanaşı, həm də azyaşlı qızların sağlamlığında təhlükə yaratdığını və böyük fəsadlara yol açdığını göstərmək lazımdır. Gənc qızları təhsildən yayındırilaraq və zorla ərə verilmeləsinə səbəb olan şəxslər – valideyn, kəbin kəsən din xadimləri, potensial pedofil ərlər özlərində hüquqi məsuliyyət hiss etsinlər və buna yol verməsinlər.

Məktəblərdə erkən nikahın acı nəticələri və məişət zorakılığı haqqında mütəmadi təlimlər keçirilməli və maarifləndirici materiallar hazırlanmalıdır.

P.S. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə aparılan statistikaya görə 18 yaşadək erkən nigaha daxil olan qızların 38.9 faizi şəhər, 61,1 faizi isə kənd yerlərində qeydə alınıb. Ötən il ölkədə 165 nəfər 15 yaşınadək qızın nikahı icra hakimiyyətləri tərəfindən qeydə alınıb.

 

Həcər Bayram




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir