qalstuk

Azərbaycan və dünya siyasətçilərinin qalstuk dəbi…

Baxış sayı: 2. 204
Hər zaman dəbdə olan klassik kişi geyimlərini qalstuksuz təsəvvür etmək mümkün deyil. Məlumdur ki, qalstuklar kişi geyimini tamamlayan aksessuar rolunu oynayır. 
Qalstukun tarixi…
Qalstuk sözünün mənasına gəldikdə isə, “halstuch” almancadan tərcümədə “boyun yaylığı” deməkdir. Bu aksessuarın ilk dəfə harada yaranması barədə fərqli iddialar var. Ən çox yayılan iddiaya görə, 1635-ci ildə 30 illik müharibə zamanı Fransa kralı XIII Luis üçün döyüşən 160 minə yaxın legioner arasında bir qrup əsgər var idi ki, onlar geyimlərindəki bir elementə görə digər döyüşçülərdən fərqlənirdilər. Xorvatiyadan olan bu əsgərlərin boğazlarına bağladıqları dəsmallar kralın diqqətini cəlb etmişdi.
Müharibə bitdikdən sonra Parisə qayıdan həmin cəngavərlər kralın hüzuruna gətirilir. Onların boğazlarındakı dəsmallar kralın o qədər xoşuna gəlir ki, boğazına dəsmal bağlayan əsgərlərdən ibarət alay yaradır. Bu alayın adı isə “croat”, yəni “xorvat” olur.
Beləcə qalstuk Fransada yayılmağa başlayır. Bəzi iddialara görə, qalstuk ilk dəfə Çində yaranıb. Bunu isə imperator Şi Xuan Dinin müasir qalstuka bənzər aksessuar taxması ilə əlaqələndirirlər. Hərçənd ki, həmin qalstuklar müasir xələflərindən xeyli dərəcədə fərqlənirdilər, düyün vurulmurdu və bugünkündən fərqli olaraq konkret məna kəsb edirdi.
Başqa iddialara görə isə, qədimdə edam əsnasında ölüm hökmü ləğv edilən, əfv olunmuş insan boynunda qırılmış kəndirlə gəzirdi və onu bəxtigətirmiş hesab edirdilər. Bəlkə də elə buna görə kişilər nədənsə sıxılanda instinktiv olaraq qalstuku boşaltmağa əl atırlar.
Qeyd edək ki, əvvəllər qalstuklar çox sıxılmış vəziyyətdə bağlanardı, hətta kişilər başlarını çevirə bilmirdilər. Ötən 20-ci əsrin 70-ci illərindən başlayaraq bu aksessuar kişi geyimlərində kütləvi şəkildə istifadə edilməyə başlayıb.
Qalstuk qadağası…
Dünya ölkələrində qalstuk kostyumlarda zəruri aksessuar olsa da, bir çox müsəlman ölkələrində buna münasibət heç də birmənalı deyil.
Belə ki, qalstuk qərb mədəniyyətinin nümunəsi sayıldığından 1979-cu ildə İranda istifadə olunması qadağan edilmişdi. 2010-cu ildə isə qonşu ölkənin mütəxəssisləri İslam dəyərlərinə uyğun qalstuklar hazırlamağa başlayıblar.
Dünya siyasətçilərinin qalstuk dəbi…
Qalstuk hazırda dünya siyasətçilərinin, iş adamlarının rəsmi geyimlərinin ayrılmaz hissəsinə çevrilib. Lakin buna baxmayaraq məşhur siyasi xadimlər artıq sərbəst geyimə üstünlük verməyə başlayıbar.
Musavat.com məşhur dünya siyatəçilərinin qalstuk dəbini təqdim edir.
ABŞ prezidneti Barak Obamanı Amerikada rahat siyasi üslubun nümayəndəsi hesab olunur. Belə ki, ABŞ prezidenti bir çox hallarda qeyri-rəsmi tədbirlərə köynəyinin qollarını qatlamış vəziyyətdə, qalstuksuz gəlir. Onun bu stilini artıq digər siyasətçilər də təqlid edir. Rəsmi hallarda isə onun şəxsi dress-kodu var: birdüyməli pencək, uzun, enli şalvar və ağ köynək. B.Obama qalstuklarını, adətən, mavi rəngdə seçir. Qeyd edək ki, ABŞ siyasətçiləri üçün parlaq qırmızı qalstuk taxmaq az qala məcburi sayılır.
Böyük Britaniyanın baş naziri Devid Kemeron isə qalstuklarını ingilis brendlərindən seçir. Parlaq göy və ya yaşıl rənglərə üstünlük verir.
Rusiya prezidenti Vladimir Putin qalstuklarını “Valentino” və “Moschino”dan seçir. Onun sevimli rəngi tünd qırmızıdır.
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili də Rusiya prezidenti kimi qırmızı və göy rəngli qalstuklar taxmağı xoşlayır. Saakaşvili prezidentliyi dövründə İngiltərə brendlərindən geyinməyə üstünlük verirdi. Çıxışlarında adətən, tünd göy və üstü cızıqlı pencəklərdə görünürdü.
Fransanın keçmiş prezidenti Nikola Sarkozi bəzən qaydalara zidd olan parlaq çalarlı kostyumlar geyinirdi. Lakin bu zaman ciddi və qara rəngli qalstuklara üstünlük verirdi.
Azərbaycan siyasətçilərinin qalstuk dəbi… 
Bəzi iddialara görə, Azərbaycan siyasətçiləri də getdikcə qalstukdan daha az istifadə etməyə başlayıblar. Yəni daha çox qalstuklu deyil, rahat geyimə üstünlük verilir. Bu baxımdan, bir neçə tanınmış yerli siyasətçinin qalstuka olan marağını, qalstuk dəblərini öyrənməyə çalışdıq.
Ümid Partiyasının sədri İqbal Ağazadə müxtəlif rəngli qalstuklara üstünlük verdiyini dedi: “Adətən, rəsmi tədbirlər və yaxud ilk dəfə görüşdüyümüz siyasətçilərlə birgə olanda çalışırıq ki, rəsmi geyim olsun. Amma adi qaydada, gündəlik iş rejimində bir qədər sərbəst geyimə üstünlük verirəm. Bu da zamandan, əhval-ruhiyyədən asılıdır. Rəng seçimində isə müxtəlif rənglərə üstünlük verirəm. Ənənəvi olmayan rənglər daha çox olur”.
Partiya sədri daha çox brend markalı qalstuklardan istifadə etdiyini bildirdi: “Qalstuklara bir qədər həssasam. Ona görə də, adətən, onların böyük əksəriyyəti brend markalı olur”.
“Ağ blok”un təsisçilərindən biri olan Tural Abbaslı isə qeyd edib ki, qalstuk cəmiyyətdə siyasətçi obrazını tamamlayır: “Qalstuk məsələsi əslində rəsmi protokolun tərkib hissəsidir. Bir çox hallarda könüllü deyil, məcburiyyət halını alır. Amma təbii ki, qalstukun özü siyasətçinin geyiminə xüsusi önəm verir və cəmiyyətdə siyasətçi obrazını tamamlayır. Hələ də cəmiyyətimiz qalstuk taxmayan, qarnı çıxmayan, saçı ağarmayan siyasətçiləri ciddi qəbul etmir.
Amma Avropa və dünyaya nəzər yetirsək, görərik ki, orada bu məsələyə fərqli yanaşma var. Yəni qalstuksuz gəzmək, köynəyin qolunu qatlamaq daha səmimi mesaj anlamına gəlir. Əslində, bu şüuraltı edilən mesajlara hesablanır. Məsələn, Əhməd Davudoğlu da köynəyinin qolunu qatlayırdı, qalstuksuz çıxışlar edirdi, elə Ərdoğan da həmçinin… Bu da zaman və yerdən, keçirilən tədbirin formatından asılıdır”.
Tural Abbaslı qalstuklu geyimə o qədər də maraq göstərmədiyini bildirdi: “Lakin qalstukdan istifadənin də əleyhinə deyiləm. Lazım olan yerdə istifadə edilməsinin tərəfdarıyam. Amma gündəlik yaşayış tərzimdə istifadə etmirəm”.
Tural Abbaslı rəng seçiminə və brendə önəm vermədiyini deyib: “Rəng seçimində bir qədər mühafizəkaram. Təkrəngli və tünd rəngli qalstuklardan istifadə edirəm. Adətən, rəsmi tədbirlərdə ağ rəngli köynəklərdən istifadə edirik və bu rəngli köynəyin üzərindən tünd rəngli qalstuklar taxılır. Açıq rəngli qalstuklar da maraqlıdır. Amma hələlik mənim qarderobumda açıq rəngli qalstuklar yoxdur. Brendə də o qədər önəm vermirəm. Lakin təbii ki, alanda keyfiyyətinə diqqət etməlisən. Xüsusi brend azarkeşliyim yoxdur”.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə hər zaman qalstukdan istifadə etdiyini dedi: “Uzun zaman istifadə etməmişəm. Lakin indi istifadəyə necə başlamışamsa, tərgidə bilmirəm. Tələbəlik zamanında şəkil çəkdirəndə qalstuk geyinməyə özümü zorla məcbur edirdim. Lakin sonrakı dövrlərdə qalstuk olmayanda sanki bir qədər darıxdırıcı olur. Lakin rəsmi geyimlərdə qalstuk siyasətçi üçün bəzən atributa çevrilir”.
Partiya sədri rəng seçimində fərq qoymadığını da dedi: “Əgər, qalstukun rəngi kostyumun rənginə uyğun gəlirsə, deməli, hər şey qaydasındadır”.
Xalidə Gəray



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir