ders

Abituriyentlərin NƏZƏRİNƏ: dərs yadınızda qalmır? – BUNLARI EDİN

Baxış sayı: 1. 070

Artıq qəbul imtahanlarının başlanmasına az qalır. Bu isə abituriyentlərdə həyəcan və stressin artması deməkdir.

Bəs imtahanlar yaxınlaşdıqca abituriyentlər daha çox nələrə diqqət etməlidir, hansı qidalar yaddaşı gücləndirir, diqqəti necə cəmləmək olar?

Terapevt Sevinc Əhmədovanın sözlərinə görə, yaddaşı gücləndirmək üçün xüsusi bir qida göstərmək olmaz, lakin mövsümi meyvələrdən istifadə etmək məsləhətlidir:

“Yaddaş zəifliyinin səbəblərindən biri də anemiyadır. Bu zaman yorğunluq, əzginlik, halsızlıq, saç tökülməsi və dırnaq qırılması müşahidə olunur. “Dərs oxuyuram amma yadımda qalmır” kimi ifadələri anemiyası olan insanlar söyləyə bilər. Bu kimi şikayətləri olan insanlar analiz verə, əgər anemiya halı aşkar olunarsa, bu zaman müalicəsini alıb daha gümrah qala bilərlər”.

Psixologiya elmləri doktoru Rəşid Cabbarovun sözlərinə görə hazırkı vəziyyətdə abituriyentlərin həyəcanı ikiqatdır. Buna səbəb həm imtahan stressi, həm də koronavirus təhlükəsidir:

“Bu iki halın birləşməsi təşviş sindromu yarada bilər. Buna görə də ilk növbədə insan özünü ələ almağı bacarmalıdır. İmtahan qabağı stressi aradan qaldırmaq üçün sakitləşməyi, özünü ələ almağı, imtahan haqqında təsəvvür yaratmağı məsləhət görərdim. Bəzi hallarda imtahana 1-2 gün qalmış yuxusuzluq yarana bilir. Beyin elə bir mexanizmdir ki bir dəfə yaşanmış situasiyanı ikinci dəfə yaşamır. Bunu unutmaq olmaz”.

Psixologiya Elmi-Tədqiqat institutunun sədri Elnur Rüstəmov da həmkarı ilə eyni fikirdədir:

“Nəzərə almaq lazımdır ki, abituriyentlərin böyük bir qismi yeniyetmədir. Yeniyetmə psixologiyası onların hazırlıq prosesinə öz təsirini göstərir. Əsas diqqət ediləcək məqam ilk növbədə abituriyentlərin yuxu rejimidir. Normal yuxu onlara öyrəndikləri fənni daha yaxşı mənimsəməyə kömək edəcək. İkinci abituriyentlər özlərinin faydalı iş zamanlarını müəyyənləşdirməlidirlər. Günün hansı zamanında dərsi daha yaxşı mənimsəyirlərsə, o vaxtda köklənsinlər. Dərsi oxuyan zaman qısa fasilələr etsinlər. 45-50 dəqiqədən bir 5-10 dəqiqəlik fasilə verilməsi məqsədəuyğun olardı. Hansı fənni mənimsəməkdə çətinlik çəkirlərsə, çalışsınlar o fənni daha tez öyrənsinlər, verilən tapşırıqları vaxtında yerinə yetirsinlər. Eyni zamanda mövcud olan digər problem abituriyentlərin motivasiyasıdır. Xüsusən böyük qisim abituriyentlərdə imtahan yaxınlaşdıqca əsəbilik, motivasiyanın olmaması, oxumaq istəməmək kimi hallar müşahidə olunur. Ona görə də abituriyent asudə vaxtında motivasiya edici film, musiqilərdən istifadə edə bilər, ailəsi, dostları ilə konkret vaxt çərçivəsində zaman keçirə bilər.

Valideynlərə isə tövsiyəmiz, abituriyent olan övladları ilə zaman keçirmək, onlara sevgi, şəfqət göstərmək, ailə qayğıları ilə, ailədaxili konfliktlərlə yükləməmək, maksimal dərəcədə “get dərs oxu” sözündən az istifadə etməkdir. Bəzən valideynlər bu sözdən mexaniki olaraq istifadə edirlər. Hətta abituriyent dərs oxuyanda belə, valideyn ona özündən asılı olmayaraq “get dərsini oxu!” deyir. Əlbəttə əgər abituriyent oxumursa valideyn onunla danışmalı, oxumağa motivasiya etməlidir. Yaxşı olardı ki, belə halda valideynlər yeniyetmə psixologiyasından çıxış edərək övladları ilə söhbət etsinlər. Bəzən valideynlər bu məqamı diqqətdən kənara buraxırlar ki, bu da valideyn-övlad münasibətinə mənfi təsir göstərir. Dolayısı ilə abituriyentlərin dərsi mənimsəməsində problemlər yaradır”. (“Lent.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir