Elvina Qurbanova1

ABŞ-da təhsil alan azərbaycanlı: “Amerikanlar diplomda yazılan ixtisasa deyil, işçinin qabiliyyətinə önəm verirlər”

Baxış sayı: 2. 088

Elvina Qurbanova 1999-cu ilin 9 aprelində Bakıda dünyaya gəlib. 8 nömrəli orta ixtisas məktəbində rus bölməsində təhsil alıb. 2016-cı ildə həmin məktəbi bitirən müsahibimizin musiqiyə böyük marağı var. Belə ki, o, 9 il skripka, 7 il isə pianino dərsləri alıb. 6 il bədii gimnastika ilə məşğul olub. 5 il şahmat məktəbinə gedərək ikinci dərəcəyə sahib olub.

Musiqiyə böyük sevgisi olan Elvina hazırda beynəlxalq festivallarda da ölkəmizi təmsil edir. Eyni zamanda, o, ABŞ-ın Kaliforniya ştatında yerləşən “University of Californiya Los Angeles” universitetində “Beynəlxalq əlaqələr” ixtisası üzrə təhsil alır. Azərbaycanlı poliqlot tələbə rus, türk, italyan və ingilis dillərini mükəmməl bilir. İstedadı ilə xarici musiqişünasları heyran qoyan azərbaycanlı skripka ifaçısını siz də yaxından tanıyın.

Paytaxtımızda bir çox konsertlərdə, eləcə də ümummilli lider Heydər Əliyevlə bağlı tədbirlərdə uğurlu çıxışları ilə diqqət çəkən Elvina ötən il Vyanada keçirilən beynəlxalq skripka müsabiqəsində iştirak edib. Elə həmin ildə Polşada Şopen adına Universitetdə konsert proqramında A.Vivaldinin “İlin fəsilləri”ndən “Yaz fəsli”nin birinci, ikinci, üçüncü hissələrini ifa edib.

 

– Elvina xanım, ilk olaraq istərdik, xaricdəki təhsil istəyinizdən danışasınız. Necə oldu ki, Amerikada təhsil almaq qərarına gəldiniz?

– 2016-cı ildə məktəbi bitirib, sənədlərimi Azərbaycan Diplomatik Akademiyasına (ADA) vermək istəyirdim. Məqsədimə nail olmaq üçün dərslərimi mükəmməl oxuyurdum. Daha sonra düşündüm ki, əgər təhsilimi xaricdə davam etdirsəm, həm xarici təhsil sisteminin təcrübəsini qazanaram, həm də beynəlxalq aləmə çıxışım daha da rahatlaşar. Bunun üçün İELTS proqramına hazırlaşdım. Yetərincə bal topladım. İmtahan verərək ABŞ-ın “University of Californiya Los Angeles” universitetinin “Beynəlxalq əlaqələr” ixtisasına qəbul oldum. Diplomat olmaq arzusunda olsam da, heç zaman musiqiyə olan sevdamnan vaz keçməmişəm. Musiqiyə hər zaman həvəsim olub. Musiqi təhsilimə çox ciddi yanaşmışam. Hətta 11-ci sinifdə imtahanlara hazırlaşanda da musiqini buraxmadım. Məktəbi bitirəndə, mayın 10-da xalq artisti Teymur Göyçayev ilə çıxışım oldu. Konsertim çox uğurlu keçdi. Bu sayaq konsertlərim çox olub. Simfonik orkestrlə saysız konsertlərdə çıxışlar etmişəm.

 

– Bəs nə üçün təhsilinizi musiqi deyil, məhz beynəlxalq əlaqələr üzrə davam etdirmək qərarına gəldiniz?
– Açığı, universitetə sənədlərimi hazırlayarkən bu barədə düşünürdüm. Ancaq artıq skprika alətinə dərindən bələd olduğum üçün ikinci bir ixtisasa yiyələnmək istəyirdim. Skripka mənim üçün çox dəyərlidir. Bu alətin özünəməxsus bir səs rəngi var. Səs rənginin təsiredici gözəlliyi ilə skripka, ən məşhur və sevilən alətlərdəndir. Dəyişən ruh vəziyyətlərini və ya təbiət gözəlliklərini detallı şəkildə canlandıra bilən musiqi zənginliyi onu ideal bir solo çalğı simvoluna yüksəldir.

 

– Bizdəki təhsil sistemi ilə Amerikadakı təhsil sistemi arasında nə kimi fərqlər var?

– İki ölkə arasındakı təhsil sistemində çox fərqlər var. Oxşar cəhətlər ondan ibarədir ki, Amerika universitetlərində də qış və yay semestrləri olur. İldə iki dəfə imtahan verməli olursan. Ancaq Amerikada nə qədər istəsən dərs götürə bilirsən. Hər şey sənə təqdim olunan cədvəldən asılıdır. Bizdə ali təhsil müəssisələri boloniya sisteminə üstünlük verirlər. Amerikada isə belə deyil, onlar azad təhsil sistemi ilə çalışırlar.

 

– Azad təhsil necə olur?

– İstənilən tələbə öz həyat rejiminə uyğun olaraq təhsilini davam etdirə bilər. Tələbə istəsə, universiteti 10 ilə, istəsə, 1 ilə bitirər. Yəni orada təhsil kredit üzərində qurulub. İki fənni götürüb, onu 6 ilə bitirə də bilərsən. O hər bir tələbənin özündən asılıdır. Universiteti bitirəndən sonra dövlət tələbəni işlə də təmin edir. Bu məsələyə xüsusi diqqət yetirilir. İlyarım praktika keçirilir. Əgər praktika zamanı işlədiyi şirkət onu bəyənərsə, həmin tələbə yüksək maaşla işlə təmin olunur. Bizdən fərqli olaraq orada şagirdlər repetitor yanına getmirlər. Amerikada orta məktəb 12 illikdir. Uşaqlar təhsil alarkən belə, yorulmurlar. Misal üçün, məktəbə gedəndə. sanki əylənməyə gedirlər kimi bir ab-havaları olur. Məktəblərdə idmana, incəsənətə, əmək dərslərinə geniş yer ayırırlar. Hətta 6-cı sinif şagirdləri ssenaristlik dərsləri keçirlər. Təbii ki, bütün bunlar şagirdin öz istəyindən asılıdır.

 

– Adətən xaricdə təhsil alan tələbələr dərs proqramının ağırlığından şikayət edirlər. Bəs siz necə?  

– Qeyd etdiyim kimi, mən Bakıda da diplomatiya sahəsinə  hazırlaşırdım. Hansı fənləri oxuyacağım və orada nələrdən bəhs olunacağı barədə xəbərim var idi. Ona görə də çətinliklərlə üzləşmirəm. Əksində oxuduğum fənlər mənim gələcək işimdə lazım olduğu üçün onları mühüm hesab edirəm. Artıq demək olar ki, öyrəşmişəm.

– Uzun müddət skripka ilə məşğul olan bir ifaçı kimi də yəqin ki, orda fəaliyyətinizi davam etdirirsiniz? 

– Amerikada incəsənətə böyük sevgi və qayğı var. Məşhur ukraynalı dirijor 16 ildir ki, Amerikada beynəlxalq festivallar keçirir. O məni və qardaşım Nailin ifasını dinlədi və bəyəndi. Bizi Beverli Hills beynəlxalq musiqi festivalına dəvət etdi. İyulun 28-də festival başlayır. Hazırda həmin festivala hazırlaşıram. Amerikaya gedəndə, “American’s got talant” adlı bir müsabiqədə iştirak etdim. Ancaq üçüncü turda problemlə qarşılaşdıq.

– Sizə nə mane oldu? 

– Biz oranın rezidenti olmadığımız üçün növbəti tura keçə bilmədim. Ancaq biz çox bəyənmişdilər.

Elvina Qurbanova
–   Los Ancelesdə ölkəmizdən, mədəniyyətimizdən xəbərdardırlarmı?

– Təəssüf hissi ilə qeyd edim ki, orada bizi hələ tanımırlar. Mən bir Azərbaycan vətəndaşı olaraq Los Ancelesdə ölkəmizi təbliğ edirəm. Tələbə yoldaşlarıma, çevrəmdəki insanlara Azərbaycanın harada yerləşdiyi, hansı mədəniyyətə, adət-ənənəyə sahib olduğu haqqında məlumat verirəm. Ölkəmiz son illər çox inkişaf edib. Prezidentimiz cənab İlham Əliyev də çox çalışır ki, beynəlxalq arenalarda Azərbaycan tanınsın.

 

– Gələcəyə doğru hədəfləriniz nələrdir? 

– İstəyirəm ki, buradakı təhsilmi bitirəndən sonra Harvard Universitetində skripka üzrə təhsilimi davam etdirim. Hədəflərim çoxdur. Onların içərisində ən önəmlisi isə Azərbaycanı layiqincə təmsil etməkdir. Azərbaycanın gözəl tərəfləri hədsiz çoxdur. Düşünürəm ki, bunları təbliğ etmək lazımdır.

– Amerikalılarla bizim təhsil sistemimizlə yanaşı, təlim-tərbiyə sistemi də tamamilə fərqlidir?

– Bəli. Amerikalı uşaqların tərbiyəsi ilə körpəlikdən məşğul olurlar. Heyvanlara qarşı sevgiləri hədsiz dərəcədə böyükdür. Valideynlər uşaqlara stimul verirlər. Ən zəif olan uşağa belə, “sən ağıllısan və istedadlısan, səndə hər şey yaxşı alınacaq” deyib tərbiyə edirlər.

 

– Bizim universitetlərin diplomları Amerikada tanınırmı?

– Hansı təhsilin sahibi olursan-ol, əgər həmin diplomla Amerikada çalışmaq istəyirsənsə, mütləqdir ki, orada bir illik kurs keçib diplomunu bərpa edəsən. Amerikanlar bizdən fərqli olaraq, diplomda yazılan ixtisasa deyil, işçinin qabiliyyətinə önəm verirlər. Onlar işin peşəkarlığına baxırlar. Misal üçün, əgər jurnalistsinizsə, onlar sizin yazı qabiliyyətinizi bəyəndilərsə, sizə deməyəcəklər ki, bizə diplomunuzu təqdim edin. Amerikada bir çox kurslar fəaliyyət göstərir ki, həmin kurslara gedib, sertifikat əldə etməklə müəyyən işə sahib olmaq mümkündür. Əldə etdikləri sertifikatla iş tapa bilirlər.

 

– Bəs xarici tələbənin universitetdə oxuması üçün hər hansı çətinliklər varmı?

– Xeyr. Orada attestat qiymətləri çox vacibdir. Amerika universitetlərində təhsil almaq üçün ingilis və riyaziyyatdan imtahan verirsən. İxtisasından asılı olmayaq, hətta musiqi təhsili almaq istəsən belə, eyni fənlərdən imtahan verməli olursan. Amerika universitetlərində tələbə təqaüdü 1000 dollardan aşağı deyil. Müxtəlif ölkələrdən tələbələr gəlir və onlara sərbəstlik verirlər. Hər bir tələbə oxuduğu universitetdə qalıb çalışa bilir. Universitet daxilində tələbə çalışıb öz pulunu qazana bilər. Hətta elə pul verirlər ki, tələbə orada qala bilsin. (Kaspi.az)

Elvina Qurbanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir