resm

Adəmin ilk arvadı – Cənnətdən qaçan, Həvvanı yoldan çıxaran Lilit

Baxış sayı: 616

İnanca görə, uzun, dalğalı və qırmızı saçlı, kəhrəba gözlü, ağdərili və zərif bədənli cazibədar qadındır, Adəmin ilk arvadıdır. Yəni, Həvvadan əvvəl yaradılıb.

Cənnətdən qaçan Lilitin dünyaya – indiki Qırmızı dənizin yaxınlığındakı bir mağaraya sığındığı deyilir. Adəmə qarşı bərabərlik uğrunda inadkar döyüşə girən Lilit Tanrının cənnətdən qovduqları arasında yer alır. Ədən bağı və Tanrının ona verdiyi evdən qaçaraq cinlərə qoşulur. Gündə 100 cin uşaq dünyaya gətirir. Dünyada bu qədər pisliyin səbəbinin Lilitin dünyaya gətirdiyi bu uşaqlar olduğuna inanılır. Amma buna baxmayaraq, Adəm tənhalıqdan Lilitin geri dönməsi üçün Tanrıya yalvarır…

 

Adəm, Lilit və Həvva

Allah Adəm və Liliti torpaqdan yaratdı. Xoşbəxt və əbədi həyat üçün onları cənnətə göndərdi. Ancaq bu iki insan heç cür rahatlıq tapa bilmədi. Adəm Lilitin üstündə öz gücünü göstərmək, söz sahibi olmaq istədi. Ancaq Lilit razı deyildi. Lilit Adəmin üstünlük iddiasını, xüsusən də cinsi əlaqə zamanı üstdə olmasını özünə qarşı təhqir hesab etdi. Adəm kimi torpaqdan yarandığını, yəni bərabər olduqlarını dedi. Adəm isə özünü “bağışlayan və bərəkətli göy üzü”nə, Liliti “məhsul verən torpağa” bənzətdi. Adəm israr etdikdə Lilit birlikdə yaşamaqlarının çətin olacağına qərar verdi və Tanrının qadağan edilmiş adını çəkərək səmaya yüksəldi. Fürsətlərindən imtina edən Lilit cənnətdən qovulmuşların arasında dayandı. Ətrafındakı cinlərlə və cinlərin kralı Şamaellə cinsi əlaqədə olaraq, onlardan övladlar dünyaya gətirdi.

Cənnətdə tək qalan Adəm Tanrıya dua etdi və Lilitin geri dönməsini istədi. Tanrı Senoy, Sansenoy və Samengelof adlı üç mələyi onu geri çağırmaq üçün Lilitin yanında göndərdi. Mələklərə əmr etdi ki, geri dönməsə, hər gün yüz övladı öldürülsün. Ancaq qətiyyətlə geri dönməyəcəyini bəyan etdi. Tanrının vədi yerinə yetirildi.

Lilit kədər içində hamilə və doğmuş qadınların və körpələrin düşməni olacağına and içdi. Oğlanların doğulduqdan sonra ilk səkkiz, qızların isə ilk iyirmi gündə canlarını alacaqdı. Yalnız bu üç mələyin adları və ya şəkilləri olanlara toxunmayacaqdı. Lilit indi şərin tərəfinə keçmişdi.

Lilitin bu qərarından sonra Tanrı Adəmin qabırğasından Həvvanı yaratdı. Yeni qadın Adəmin bir hissəsi olduğu üçün ona qarşı çıxmayacaqdı.

 

Məbəd fahişələrinin tanrıçası

Lilit haqda bir çox əfsanə və hekayə var. Məsələn, Talmudda dişi şeytan kimi xatırlanır. Bu rolu ilə və bir qarabasma kimi əsrlər boyu tarix səhifələrini gəzir. Əfsanəyə görə, qadınları və uşaqları hədəf alır, kişiləri yoldan çıxarır və onlara zərər verir. Bəzi əfsanələrdə isə cadugər simasında qarşımıza çıxır.

Lilitin tarixi təkallahlı dinlərdən daha erkən, qədim Mesopotamiya mədəniyyətinə gedib çıxır. Tez-tez Şumer və Babil mifologiyasında külək tanrıçası Lilitu ilə əlaqələndirilir. “Lilitu”, “fırtına” və ya “külək” deməkdir.

Bir Babil mətnində isə böyük ilahə İştarın məbəd fahişəsidir. İştar qədim şərq dinlərində əzəmətli sevgi, ehtiras və cazibə tanrıçası sayılırdı. Bu keyfiyyətlərindən dolayı fahişələrin, xüsusən kult olan məbəd fahişələrin tanrıçası idi.

Məbəd fahişəliyi qanuni idi. Herodotun yazılarında Babildəki hər gənc qızın bir dəfə əcnəbi bir kişi ilə cinsi əlaqəyə girməsinin məcburi olması haqda qeydlər var. Yəni, məbəd fahişəliyi heç bir halda alçaldıcı sayılmırdı. Babillilərin yad kişilərə tanrı kimi baxdıqları ehtimal olunur. Özlərini onlara təslim etmiş gənc qızlar simvolik olaraq tanrıların arvadları olur və müqəddəsləşdirilirdilər.

 

Tanrının başqa siması

Lilitə aid bəzi xüsusiyyətlər Babilin şər tanrıçası Lamatsuda da görünür. Lamatsu qadınlar arasında xəstəlik yayır, hamilə qadınlara zərər verir və yeni doğulmuş körpələri öldürməyə çalışırdı.

Lilitin yəhudi əfsanələrində nə zaman ortaya çıxdığı bilinmir. Çünki tanrılar və əfsanələr bir çox Şərq mədəniyyətinə xas idi və ya çox oxşarlıqları vardı. Buna baxmayaraq, yəhudilərin şeytanla bağlı inanclarında əhəmiyyətli bir yer tuturdu. O, kişiləri yoldan çıxaran bir şeytan kimi qəbul edilirdi və hər kəs ondan çox qorxurdu. Bununla bağlı ən qədim mənbə Tövratdır. Kitabın bir yerində deyilir: “Tanrı insanı öz simasında kişi və qadın olaraq yaratdı”. Yenə həmin kitabda bundan fərqli şəkildə bəhs olunur: “Tanrı şərqdə – Ədəndə bir bağ saldı. Adəmi ora göndərdi və qadını onun qabırğasından yaratdı ki, tək olmasın”.

Talmuda görə, Adəmlə eyni anda yaradılan qadın Lilitdir.

 

Lilitin andı

IX-X əsrlərin “Ben Sira əlifbası”nda da Adəmin ilk arvadı Lilitə rast gəlinir. Mətnin əsas qəhrəmanı e.ə. 600-cü illərdə yaşadığı ehtimal olunan Ben Siradır, amma müəllifinin kim olduğu məlum deyil. Bu əlyazmaya görə, Tanrı Adəm və Liliti torpaqdan yaratdı. Həmin fəsil belə davam edir: “Tezliklə bir-birləriylə mübahisə etməyə başlayırlar. Adəmə deyir: “Mən altda yatmaq istəmirəm”. Ancaq Adəm: “Mən altda yox, üstdə yatmaq istəyirəm, çünki sən altda yatan insan olaraq müəyyən edilmisən”. Lilit ona: “İkimiz də eyniyik, çünki ikimiz də torpaqdan yaradılmışıq”.

Amma ikisi bir-birini dinləmir. Bundan sonra Lilit göyə qalxır və yox olur. Üç mələyin Liliti geri dönməyə inandırmaq səyləri boşa çıxdıqdan sonra Tanrı bu dəfə Adəm üçün Həvvanı yaradır.

Başqa bir fəslidə Lilit üç mələyə belə deyir: “Mən uşaqlara zərər vermək üçün yaradıldım, doğuşdan sonra ilk səkkiz gündə oğlanlara, iyirmi gündə qızlara zərər verəcəyəm. And içirəm: Sizi və ya əksinizi bir gözmuncuğu və ya tilsimdə görsəm, o uşağa heç bir zərər verməyəcəyəm”.

O vaxtdan bəri yeni doğulmuş uşaqları Lilitin şərindən qorumaq üçün müxtəlif mədəniyyətlərdə xüsusi talismanlardan istifadə olunur. Lilitin müxtəlif inanclarda varlığını illərdir qorumasının və nə vaxtsa cadugərlərlə əlaqəli olmasının da səbəbi budur.

 

Lilitə aşiq olmaq

Erkən orta əsrlərdə Lilit əfsanəsi yəhudilərin Kabbaladakı ezoterik yazılarında da yer alıb. O, burada kişiləri cəzb edən və uğursuzluq gətirən dişi şeytan kimi qələmə verilir: “Hər növ bəzək əşyaları ilə bəzənib ecazkar bir qadına çevrilir. Gül kimi qırmızı saçları var. Sözləri yağ kimi yumşaq, dodaqları dünyada hər şeydən daha şirindir. Ona aşiq olan və şərabından içən axmaqlar onunla zina edirlər. Ancaq oyandıqdan sonra onları öldürür və cəhənnəmin ortasına atır”.

Əfsanəyə görə, Lilitin məqsədi sadəcə kişiləri yoldan çıxarmaq və çoxlu uşaq dünyaya gətirməkdir.

Kabbalistlərə görə, Lilit natəmiz və fahişə qadını simvolizə edir. Kabbalada bir abzasda Adəmdən ayrıldıqdan sonra onu yenidən yoldan çıxardığı deyilir. İşlədiyi bu günahdan sonra Adəm 130 il cinsi əlaqədə olmur. Adəm özünü tikanlarla qorumağa çalışır ki, bir daha başına belə bir şey gəlməsin. Lakin Lilit Adəmi yatdığı yerdə yoldan çıxarır. Lilit bundan sonra insanlara qənim kəsilən canlılar doğur. Kabbalanın başqa bir yerində qeyd olunur: “Lilit insanları incitmək və onların özlərini murdarlamaları üçün hər yerdə dolaşır”.

Lilit Kabbalada “toxum oğrusu” adlandırılır.

 

Həvvanın yoldan çıxması

Əfsanəyə görə, Həvvanın etdiyi günahdan da Lilit cavabdehdir. Kabbalistlərin əsas əsərlərindən biri olan “Zoxar”dakı əfsanəyə görə, Həvvanı qadağan edilmiş günlərdə Adəmlə cinsi əlaqədə olması üçün yoldan çıxaran o ilan Lilitdir.

Lilit qədim yunan mifologiyasında da yer alıb. O, yunan mifologiyasında qarabasmaları və xəyali canlıları idarə edən Hekate ilə əlaqələndirilir. Bu mövzu həmçinin qnostiklərin də diqqətini çəkib. Qnostiklərin yazdıqları bir əfsanədə Lilitin İlyas peyğəmbəri necə yoldan çıxarmasından bəhs olunur. Lilit ona deyir: “Mənim səndən övladlarım var”. O cavab verir: “Mənim səndən övladlarım necə ola bilər, mən müqəddəs kimi yaşayıram”. Lilit deyir: “Bəli, yuxuda olarkən tez-tez boşalmısan. Toxumlarını götürərək hamilə qaldım”.

Bu mətn IV əsrə aiddir. Lilit bütün mədəniyyətlərdə həmişə eyni motivlə işlənir. O, “toxum oğrusu”dur.

 

Lənətin aradan qalxması

Xristian inanclarındakı Lilit obrazı qərbli sənətkarların xəyal dünyasında özünə böyük bir yer edib. Xüsusilə Kabbala yazılarının öyrənilməsindən sonra Lilit bütün dünyada tanındı, “pis qəlbli Lilit” hər yerdə diqqəti cəlb etdi. Çünki izahı və qavraması mümkün olmayan şeyləri asanlıqla əldə edə bilən bir kimliyə sahib idi. Bu xüsusiyyət onun cadugər obrazı ilə bütövləşməsində lazım olan körpünü çəkdi.

Lilitin adı orta əsrlərin sonlarına doğru başlayan və inanılmaz bir ictimai isteriyaya səbəb olan cadugərlər və sehrbazlarla birlikdə tez-tez xatırlanmağa başladı. O da Şeytanın qadınları aldatmasında ən böyük köməkçisi idi. Artıq pis niyyətlə istifadə etdiyi gözəllik və cazibədarlığı ön plana çıxmışdı. İnsanlar sehr və tilsimlərlə ondan qorunmağa çalışarkən, özlərini onun sehrindən qurtara bilmədilər. Beləliklə, XIX əsrdə Lilit rəssam və yazıçılar üçün məşhur bir motiv oldu. Artıq yavaş-yavaş dini kimliyindən xilas olurdu. İngilis rəssam Dante Qabriel Rossettinin “Xanım Lilit” rəsmində bu ifritə Viktoriya dövrünün gözəllik anlayışına uyğun dizayn edilmiş və uzun, qırmızı saçlı və dəbli bir dekolte ilə bir az dolğun sima, ətli dodaqlarla təsvir edilmişdi.

Ədəbiyyat dünyasına qədəm basanda “şeytan qadın” kimliyi tamamilə itdi. Artıq ona qorxu və nifrətlə baxmırdılar, hətta rəğbət göstərirdilər. “Pis qəlbli iblis qadın fiquru” rəflərdəki tozlu qovluqların içinə qoyuldu.

Sevilən və qəbul edilən onun cazibədar xüsusiyyəti deyildi. Diqqət Lilitin Adəmin ilk arvadı olduğu iddia edilən əfsanəyə yönəldi. Çünki bu əfsanə bəşər tarixinin başlanğıcından bu günə qədər davam edən bir müzakirə yaratmışdı. Xüsusilə ötən əsrdə bu daha kəskinləşən bir mübahisə idi: söhbət bərabərlik, daha doğrusu qadın-kişi bərabərsizliyi problemindən gedir. Psixoanalitik Ziqmund Hurvits “Adəm və Lilit arasındakı güc mübarizəsi”ni, əsrlər boyu davam edən patriarxal sistemdəki kişilərin mövqeyi və qadınların gender bərabərliyi tələbinə əsaslanan cinslər arasındakı qarşıdurmanın güzgüdəki əksi kimi qiymətləndirirdi.

 

Üsyankar və idarəolunmaz

“Lilit”, ibrani dilində “gecəyə aid olmaq” deməkdir. Saf və cinsi əlaqəni yalnız qadağan olunmuş meyvələrin dadına baxdıqdan sonra öyrənən Həvvadan fərqli olaraq, Lilit gücünü və seksuallığını əvvəldən bilir və lazım olduqda istifadə etməkdən çəkinmir. Lilit təkallahlı dinlərin davamlı olaraq imtina etməyə çalışdıqları bir obrazdır. Çünki itaətkar Həvvadan fərqli olaraq, üsyankar və idarəolunmazdır.

Lilit ölümsüz idi, çünki yaxşıları pisdən ayıran ağacın qadağan olunmuş meyvələrini yeməmişdi və cənnətə yaxın bir dağ keçidində şeytanlarla cinsi əlaqədə olub “Lilim” adlı uşaqlar dünyaya gətirirdi. Tövratda deyilir: “Səhranın vəhşi heyvanları qurdlarla görüşəcək; bəli, gecə heyvanı orada yerləşib özünə dincəlmək üçün bir yer tapacaq”.

Lilitin simvolik heyvanı bayquşdur. Rəsmlər və heykəllərdə ay formalı bir tacda əks olunur.

 

Müəllif: Mənsur Rəğbətoğlu



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir