adr

Adrenalin asılılığı hansı problemləri yarada bilər?

Baxış sayı: 1. 340

Adrenalinin artması insanı sakit yaşamağa qoymur, amma onsuz da darıxdırıcıdır. Bu hormondan hətta asılılığa düşənlər, onun yüksəlməsinə xidmət edən ekstremal idman növlərinə, təhlükəli vəziyyətlərə müraciət edənlər də olur. Adrenalin aşağı səviyyəyə enəndə insanda süstlük, həyata marağın ölməsi, darıxdırıcı və bədbin olması müşahidə olunur.

Psixoloq Aysel Hüseynovanın sözlərinə görə, adrenalina güclü tələbatı olan və bunu asılılıq kimi yaşayan insanlar sakit həyat tərzinə qane ola bilmir: “Onlar daim macəra axtarışında olur, streslərə öyrəşirlər. Belə adamlar risk etməyi çox sevir. Təhlükə ilə üzləşmək üçün ağlasığmaz addımlar atır. Bəzən bu istək o həddə çatır ki, insan adrenalin deyil, sanki, təhlükəli vəziyyətlərdən asılı hala düşür”.

Adrenalinə olan yüksək tələbatın mənfi tərəfləri də var. Belə ki, təhlükə axtarışında olan belə adamlar cinayət əməlləri törədir, qeyr-qanunsuz işlər görür, tez-tez dava-dalaşlarda iştirak edir və s.

Bu asılılığın müsbət cəhəti isə insanı cəsarətli etməsidir. Onlar təhlükə ilə üzləşdikdə özünü itirmir və vəziyyətdən çıxış yolu tapırlar. “Adranalin sevərlər daha tez reaksiya verə bildikləri üçün özlərini müdafiə edə bilirlər. Onlar cəsarətli addımlar atmağı sevdiyi üçün sakit insanlara nisbətən daha uğurlu olurlar. İstər şəxsi, istərsə də işgüzar həyatda daha xoşbəxt olurlar. Hər şeyə ehtiyatla yanaşanlarsa bir çox şansları buraxırlar”.

Həmsöhbətimiz deyir ki, insan öz qorxularını dəf etdikdə onda adrenalin yüksəlməyə başlayır: “Hündürlükdən qorxan adam yüksəklikdən iplə bağlanmış halda və ya paraşütlə hoppanarsa, onda adrenalin artır. Lakin insan bu hala öyrəşdikcə adrenalin az ifraz olunmağa başlayır və şəxs daha çox təhlükəyə ehtiyac duyur”.

Adrenalinin təsirindən ürək tez-tez döyünməyə başlayır, beyində isə endofrin adlanan xoşbəxtlik harmonu yaranmağa başlayır. İnsan sanki uçur və eyforiya (xoşbəxtliyin pik nöqtəsi) vəziyyətinə düşür. Bu vəziyyətdə insan bir neçə saat da qala bilər.

Qeyd edək ki, adrenalindan asılılıq yeniyetməlik dövrlərindən başlayır. Amma adrenalin dalınca qaçaraq yeniyetmələr öz hərəkətlərinə nəzarəti itirə bilər.

A.Hüseynova adrenalindən asılılığın yaranmasının səbəblərini də açıqlayıb: “İnsan həyatında bir dəfə də olsa, adrenalinin yüksəlməsini yaşayıb və bir neçə saatlıq eyforiya vəziyyətində olubsa, bir də bunu yaşamaq istəyəcək”.

Adrenalindən asılılıq işlə də bağlı yarana bilər. Yanğınsöndürən, hərbçi, polis kimi işlərdə işləyənlər, ekstremal idmanla məşğul olanlarda da bu asılılıq formalaşa bilər. “Özgüvənin aşağı olması və komplekslər də insanlarda bu asılılığı yarada bilər. Bəzi insanlar öz komplekslərini qeyri-adi üsullarla aradan qaldırmağa çalışır. Riskli nəsə etdikdə qanda adrenalini artır və onda bir müddət özünə inam hissi qalır. Komplekslərin qayıtması və özgüvən əksikliyi isə insanı yeni təhlükəli addımları atmağa vadar edir”.

   Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir