afaq besirqizi

Afaq Bəşirqızı: “Əgər o qafiyəni Moşu tapsaydı, onun həyat yoldaşı Söylü olmazdı” – MÜSAHİBƏ

Baxış sayı: 1. 538

Mədəniyyətimizin, incəsənətimizin yükünü uzun illər çiyinlərində daşıyan sənət adamlarımızı yaşlı, orta nəsil yaxşı tanıyır. Bu nəsillər illər boyu televiziyadan o sənətkarların söhbətlərini dinləyib, mətbuatdan müsahibələrini oxuyub. Amma gənc nəsil əsl səhnə adamlarının, sənət fədailərinin ömür yolu, iş həyatı, yaradıcılığı ilə o qədər də tanış deyil. Saytımızın “Nəsildən nəslə” rubrikası məhz bu körpünü qurmağı, sənət adamlarımızı gənc nəslə tanıtmağı hədəfləyir.

Rubrikamızın bugünkü qonağı Musiqili Teatrın aktrisası, xalq artisti Afaq Bəşirqızıdır.

 

 

 “Atamın üzünü doyunca görə bilmədim…”

 

– Afaq xanım, sənətə gəlişiniz necə oldu?

– Sənətə gəlməyim tam təsadüf olub. Arzularım başqa idi. Şərqşünas olmaq istəyirdim. Bəşir Səfəroğlunun vaxtsız ölümü onun sənətini yarımçıq qoymuşdu. Bəlkə də oğlu olsaydı, bu sənəti o davam etdirərdi. Ona görə də mən məcbur oldum, gəldim bu sənətə. Məhərrəm Bədirzadənin bir dərnəyi vardı. Çox az müddət ora getdim. Orada “İki həyat”da, “Şahzadə və dilənçi”də oynadım…

 

– Sonra İncəsənət İnstitutuna daxil oldunuz. Kimin kursunda təhsil almısınız?

– Həsənağa Salayev həm kurs rəhbəri, həm də səhnə danışığı müəllimi idi. Çox gözəl insan, gözəl müəllim idi. Çox ağır da xasiyyəti var idi. Qızların geyimindən tutmuş, oğlanların davranışına qədər hamısınına nəzarət edirdi. Mən də sinifkom idim. Deyirdi ki, hamının “zaçot”una kömək edirsən, özündən başqa. Deyirdim ki, siz nə istəyirsiniz, onu da yazın. Deyirdi, sən beşlə doğulmusan, beşə də layiqsən.

 

– Bəşir Səfəroğlu demiş, atanız yaddaşınızda necə qalıb?

– Uşaqlıq xəyalımda qalıb… Atam xəstəliyi ilə əlaqədər çox vaxt xəstəxanada olurdu. Onu 14 yaşımda itirmişəm. Nə doyunca üzünü görə bildim, nə də doyunca ata deyə bildim…

 

– Sizi daha çox məşhurlaşdıran “Bəxt üzüyü” oldu desəm, mənimlə razılaşarsınız?

– Hər bir aktyorun həyatında damğalı rolu olur. Mən də “Bəxt üzüyü”nə damğa vurdum. Məndən əvvəl də bu tamaşa Şəki Teatrında oynanılmışdı. Vaqif Səmədoğlu xatirələrində deyir ki, Afaqa minnətdaram ki, məni dramaturq elədi. Dramaturqun, yazıçının dilindən bunu eşitmək mənim üçün böyük fəxrdir. Söylü roluna damğa vura bilmişəm ki, Vaqif Səmədoğlu da bunu təsdiq edir.

 

– Yeri gəlmişkən, Vaqif Səmədoğlunu necə xatırlayırsınız?

– Çox gözəl, istedadlı insan, dost kimi xatırlayıram. Azərbaycan ədəbiyyatından, Azərbaycan mədəniyyətindən gedən nadir bir inci idi. Azərbaycan ədəbiyyatı itirdi onu.

Çox möhkəm dost idik. Çox böyük hörmətim var idi ona. Qələminə çox inanırdım. Mən Vaqif Səmədoğlunun təkcə “Bəxt üzüyü” əsərində yox, bir neçə əsərində oynamışam. Oynadığım “Lotereya” tamaşasına görə “Qızıl dərviş” mükafatı almışam.

Mən yeknəsəkliyi sevmirəm. Vaqif müəllim istedadıma inandı. Onun dalınca “Yaşıl eynəkli adam”ı, “Dağ tikirik”i yazdı. Bizim birgə vəhdətimiz -dramaturq-aktyor işi alındı.

 

– Burda Valeh Kərimovu da xatırlamaq yerinə düşər. Moşunu deyirəm…

– Moşu obrazı Valehin üstünə biçilmişdi. Çoxları onu filmdə görüb. Amma tamaşadan bişib gəlmişdi. Tamaşaya Sumqayıt Teatrında mərhum Yusif Əkbərov quruluş vermişdi. Filmə qədər o tamaşa yüz dəfədən artıq oynanılmışdı. Filmin təşəbbüskarı, sponsoru isə “Qaraqaya” Assosiasiyasının prezidenti Sədrəddin Daşdəmirov idi. O -mənim yaradıcılığıma çox böyük hörmət bəsləyən, məni çox sevən insan, qardaşım dedi ki, Afaq xanım yaradıcılığı üçün nə istəyir edim. Mən də dedim ki, “Bəxt üzüyü” filminin çəkilməsini istəyirəm. O da bu filmi çəkdirdi.

 

– Əgər bu filmdə Valeh Kərimovu başqa aktyor əvəz etsəydi, necə alınardı? Valeh müəllim siz olmadığınız üçün bu yaxınlarda həmin tamaşada oynamaqdan imtina etdi…

– Yenə də alınardı. Məsəlçün, bu filmdə Ramiz Əzizbəyli Moşu obrazına Yaşar Nurini çəkməliydi. Mən Valehin tərəfini tutdum. Dedim, qoy Valeh oynasın.

Valeh Kərimovun mənsiz “Bəxt üzüyü” tamaşasında oynamaq istəməməsinə isə fikrim belədir. Ola bilsin ki, aktyor kimi o qidanı başqa aktrisadan ala bilməyib.

 

– Hacıbaba Bağırovla da “Bankir adaxlı”da oynamısınız. Gəlin, onu da xatırlayaq…

– Allah rəhmət eləsin. Hacıbaba Bağırov həmişə Bəşir Səfəroğlunun dublyoru olub. Sonra da gəldi mənimlə tərəf müqabili oldu. Neçə il bir yerdə işlədik. Bizim aramızda qarşılıqlı hörmət vardı.

 

 “Məni Afaq Bəşirqızı eləyən Əhməddi…”

 

– Siz Bəşir Səfəroğlunun sənətini davam etdirdiniz. Bəs Afaq Bəşirqızının sənətini davam etdirən varmı?

– Nəvələrim başqa peşənin sahibi olmaq istəyirlər. Hərçənd nəvəm Bəşirdə o yaradıcılıq qığılcımlarını görürəm. Amma mənə belə gəlir ki, o, başqa bir sənət sahibi olacaq. İndi deyə bilərəm ki, nəvəm sənətimi davam etdirməsin. Amma sabah o elə bir sənətkar ola bilər ki, onunla fəxr eləyərəm. Bu istək elə istəkdir ki, baxırsan özünün vəziyyətinə, keçdiyin yollara, indiki münasibətə… Ancaq doğrudan da nəvəm Bəşir Səfəroğlu olacaqsa, heç olmasa onun yarısı olacaqsa, gəlsin bu sənətə…

 

– Ailədən danışdıq, hər aktrisaya ailə xoşbəxtliyi sizinki qədər uzun müddət nəsib olmur…

– Ailə sənətkarlıqla ölçülmür. İnsanınn özünün şəxsiyyəti, həyata baxışı, onun gələcəyi, sabahı ilə ölçülür. Ailə tamaşa deyil ki, saat yarım oynayasan, bağlayasan pərdələri, bununla da qurtardı. O, sənətdən daha çox qurbanlar tələb edir. Ailəni saxlamaq üçün sən özün çox şeyi qurban verirsən.

Afaq Besirqizi

– Sizə dəstək olan insanlardan biri də həyat yoldaşınız olub…

– Yoldaşım həqiqətən də şəxsiyyətdi. Mən bütün subaylara həyat yoldaşım Əhməd xasiyyətdə, kişilikdə, insanlıqda həyat yoldaşı arzulardım. O, mənim dayağım olub. Mən Afaq Bəşir qızı kimi doğulmuşam, məni Afaq Bəşirqızı eləyən Əhməddi. Çox əziyyətimi çəkib. Sənətkarla ailə qurmaq çox əziyyətli bir şeydir. Amma bu o demək deyil ki, sənətkar ərköyündü, söz götürməyəndi. Sənətkar da gəlib öz problemlərini evdəkilərə yükləməməlidi. O, mənim bir gülüşümdən, baxışımdan, hərəkətimdən, evə girişimdən başa düşür ki, nə isə bir şey var. Həmişə də çalışıb ki, onu qloballaşdırmasın, mənə təskinlik versin. Mən açıb deyim ki, nə var-nə yox. Mənim həyatımda, yaradıcılığımda, şəxsiyyətimdə Əhmədin çox böyük rolu var.

 

– İnsanlara gülüş bəxş edirsinz. Özünüz necə, içdən gülə bilirsinizmi? Mənə həmişə elə gəlib ki, içinizdə bir nisgil, bir kədər var…

– Kədərsiz, sevincsiz insan olmur. Kədər də, sevinc də, mübarizə də var. Mənim bəxş etdiyim gülüşə, zövqə, istirahətə bunların heç bir dəxli yoxdur. Mən tamaşaya çıxanda obrazdayam. Tamaşaçının məndən gözlədiyini ona təqdim edirəm. Bununla da onun sevgisini qazanıram.

Düzdür, səhvsiz, günahsız insan da olmur. Amma mən həmişə özüm-özümə hesabat verirəm. Bu barədə düşünürəm. Yenə deyirəm səhvsiz insan yoxdur. Amma mənim səhvlərim heç bir ocağı söndürməyib, evi dağıtmayıb. Elə bir səhvim olmayıb ki, indi bu yaşımda onun əzabını çəkim.

 

– Əsəbi olduğunuzu da etiraf edirsiniz. Sizi özünüzdən nə çıxarır?

– O dəqiqənin, anın əsəbini sizə əvvəlcədən hardan deyə bilərəm. Ola bilər çəkilişdən, ola bilər mətndən, ola bilər kiminsə məsuliyyətsizliyindən, laqeydliyindən. Mən qıraqda əsəbiləşib gəlib onu sənətə tökən və yaxud da çəkilişdə hamının qanını qaraldan adam deyiləm. Amma tez-tez əsəbiləşirəm. Bir də çəkiliş məni çox sıxır. Mən müsahibəni və çəkilişi sevmirəm. Bunlardan sıxılıram.

 

“Nə yaxşı ki, Moşu xoşbəxtliyə qafiyə tapa bilmədi…”

 

– Çox əzəmətli, zəhmli görünürsünüz. Həm də deyirsiniz ki, zəif qadın deyilsiniz. Zəif insanlardan da yəqin ki, xoşunuz gəlmir…

– Ümumiyyətlə, mən zəifləri heç sevmirəm. Mənə elə gəlir ki, zəif insan yaşamamalıdır. Əgər özü də bu zəifliyi boynuna götürürsə. Əlbəttə, şikəstdirsə, bir bəla nəticəsində bu hala düşübsə, o ayrı. Amma yenə də özünü zəif saymamalıdı. Mən anadangəlmə korlarla, karlarla ünsiyyətdə olmuşam. Onlarda o qədər optimizm, həyat eşqi var. Onların ansamblları, gözəl səsləri var. Oynayırlar, oxuyurlar, səhnəyə çıxırlar. Mən onlara qibtə etmişəm. Demişəm ki, ilahi, əli-ayağı, zəkası, gözünün nuru üstündə olan adamlarda bu qədər həyat eşqi, bu qədər həyata bağlılıq yoxdur. İnsan ki, öz zəifliyini boynuna aldı, o insanı cəmiyyət sevməyəcək. Ümumiyyətlə, həyat bir aslandır, o, zəif insanları sevmir. Zəif oldun səni parçalayacaq. Ona görə də cəmiyyətə öz zəifliyini bildirməməlisən. Şəhriyar kimi bir dahiyə sual veriblər ki, niyə adam arasına çıxmırsan, görünmürsüən? Deyib ki, çıxsam, xalqım əynimdəki libasdan utanacaq. Ona görə istəmirəm çıxam. Amma əzəmətini saxladı. Şəhriyar kimi də nəzərlərdən getdi. Leyla Bədirbəyli həmişə bizim nəzərimizdə gözəl, cavan qaldı. Heç kim onun xəstəliyini görmədi. Elə də Hökümə Qurbanova, Vəfa Fətullayeva. Dostum, canım Fuad Poladovu itirdik. Demək istəyirəm ki, insan əvvəl öz şəxsiyyətinə hörmət etməyi bacarmalıdı. Çox təəssüflər olsun ki, cəmiyyətin zövqünü sındırırlar. Hər insan öz şəxsiyyətini qoruyub, özünə hörmət etməyi bacarmalıdı. Özünə hörmət edən şəxs həmişə qalib olur. Mənə çox adam deyir zəhmlisən. Atamı 14 yaşında itirməyimin, bu həyatın cizgiləridir. Yəqin ki, bu mənə lazım olub, köməyi dəyib. Mən zəhmli adam, tiran deyiləm. Mən heç kəsə zülm edən, heç kəsdən acıq çıxan, heç kəsi incidən insan deyiləm. Amma xarici görkəmimdə bu əlamətlər var. Həyatda çətinliklərim çox olub. Elə gün olmur ki, həyatımda olan hansısa bir epizod yadıma düşməsin. Mən bunu heç kəsə arzulamıram. Etiraf edim ki, biz çox vaxt istəmirik əzizlərimiz çətinlik görsün. İstəyirik ki, yaxşı, firavan həyat yaşasınlar. Amma düzgün eləmirik. İnsan həyatın bərkinə-boşuna düşməlidir. Möhkəmlənməlidir, püxtələşməlidir.

 

– Atanızın adından heç istifadə etmisiniz?

– Tanıyanlar Bəşir Səfəroğlunun qızı kimi, Bəşir Səfəroğlunun xatirəsinə görə hörmət edirdilər. Mən ondan heç vaxt sui-istifadə eləməmişəm. Mən tanımadığım yerə gedib bir adama deməmişəm ki, flankəsin qızıyam. Bəşir Səfəroğlu həyatdan tez getdi. İndi 85-90 yaşında ölən sənətkarları 90 gün yadda saxlaya bilmirlər. Bəşir Səfəroğlu 46 ildir həyatda yoxdur. Amma hələ də sevilir.

 

– İndi hansı tamaşa üzərində işləyirsiniz?

– Bir balaca səhhətimlə əlaqədar məzuniyyətdə idim. İndi oynamadığım tamaşaları bərpa edirəm. “O olmasın, bu olsun”, “Yeddi məhbus anası”, “Toya bir gün qalmış”, “Bankir adaxlı”.

 

– Müxtəlif xarakterli rollar oynayırsınız. Deyirsiniz ki, bu rollarda özümü görmürəm. Bəs hansı rolda özünüzü görmək istərdiniz?

– Mən heç bir rolda özümü görmürəm. Mən Afaqam. Mənim yaratdığım obraz isə yeni bir insandır. Onlar Afaqın balalarıdır. Hətta Afaqa oxşayacaqlar. Amma bir ara Qarabağ müharibəsi ilə əlaqədar özümü gördüyüm obrazlardan birini istəyirdim. Çox təəssüflər olsun ki, nə filmdə, nə də tamaşada belə bir şey olmadı.

Bu dəqiqə heç kəs tərcümə əsərlərini nə tapmaq, nə də oynamaq istəmir. Adam istəyir ki, özününkü, milli ruhda olsun. Bu yaxınlarda bir dramaturqla danışdım. Xahiş etdim ki, 1937-ci illə bağlı bir əsər hazırlasın. Çox istəyirdim ki, Şükriyyə xanımın obrazını yaradım. Dramaturq gedib kitabxanada, arxivdə axtarmadı. Beş günün, on günün içində bir mətn gətirdi, baxdım, yox dedim. Əhməd Cavadı, Şükriyyə xanımı səhnəyə gətirmək istəyirdim. Bütün bunları eləmək hamımızın borcudur. Vətəndaş borcunu hərdən yaddan çıxarırıq.

 

– “Bəxt üzüyü”ndə Moşu xoşbəxtliyə qafiyə axtarır. Siz ona hansı qafiyəni tapardınız?

– Əgər xoşbəxtliyin qafiyəsini Moşu kimisi tapsaydı, çox böyük bədbəxtlik olardı. Əgər o qafiyəni Moşu tapsaydı, onun həyat yoldaşı Söylü olmazdı. Əgər o, xoşbəxtliyə qafiyə tapsaydı, Qremfil stansiyasında armud satmağını xatirələrində heç vaxt qeyd eləməzdi. Bəy oğlu bəy nəslindən bəyzadə törəyən bir adam kimi özünü qələmə verərdi. Nə yaxşı ki, Moşu xoşbəxtliyə qafiyə tapa bilmədi…

 

“Mən olmasam, o teatrın işi getmir…”

 

– Müəllimlikdən nə səbəbdən uzaqlaşdınız?

– Müəyyən səbəblər var idi. Onu indi demək bir az etikadan kənar olar. Yaxşı müəllim dünyasında 20-30 tələbə yetişdirə bilməz. Özü də yaradıcılıqda, səhnədə. Bu, heç vaxt mümkün olan deyil. Ülviyyə Əliyeva (Keyxanım), “Şeron” qrupunda Ülvi kimi tələbəm var.

 

– Hamı deyir ki, indiki gənclər sənət deyil, pul dalınca qaçırlar. Bu barədə sizin düşüncəniz necədir?

– İndi sənətə gələn gənclər ya tamadalığı, ya da toyda oxumağı fikirləşirlər. Sənətkar pulun dalınca qaça bilməz. Qaçmamalıdır. Nə qədər də ehtiyac olsa da, içində boğmalısan. Yoxsa heç vaxt sənətkar ola bilməzsən. Sənətlə pul qoşa gedə bilmir. Amma bütün çətinliklərə dözəndə, sənətkar damğasını vuranda, onda səni xalq, dövlət saxlayacaq.

Mənim oynadığım “Yarımştat” tamaşasına quruluş verən Şərif Qurbanəliyev çox istedadlı rejissordur. Çox heyfsilənirəm ki, o, bu gün işsizdir. Nə qədər ki, yerlərdə səhvdüşmələr var, belə istedadların boğulması çox olacaq.

Related image

– Bəşir Teatrının fəaliyyəti nə yerdədir?

– Səhhətimə görə akademik məzuniyyət götürdüm. Mən olmasam, o teatrın işi getmir. Orda hamısı dəvət olunmuş aktyorlardı. Onlar mənsiz heç nə eləyə bilməzlər. Çünki orda mənim afişam var, mənim adım gedir. Almaniyaya beşgünlük qastrol səfərinə getmişdik. On səkkiz gün qaldıq. Tamaşa çox gözəl qarşılandı, sevdilər bizi. Almaniyanın Berlin, Frankfurt, Köln şəhərlərini gəzdik.

 

– Hələ yorulmamısınız ki?

– Yorulmuram yox, doymuram. Bizdə bir çox sənətkarlar səhnədən tez doydular. Səhnənin boşalmasını istəmirəm. Kim gələcək, estafeti kimə verəcəyik? Mən onu düşünürəm. Mən Azərbaycan mədəniyyətinin sabahını fikirləşirəm. Ona görə də bütün gənc aktyorlara deyirəm ki, ehtiyac ucbatından çəkdiyiniz o bayağı, mövzusuz filmlər, göstərdiyiniz o xırda parçalar -bütün bunlar sizin sabahınız deyil. Szi sabah çox böyük ehtiyac içərisində yaşayacaqsınız. Siz bu həyatın çətinliklərinə dözməyəcəksiniz. Ona görə də aktyor teatrda püxtələşməlidir. Bir çox ölkələrin teatrlarına baxın. Aktyorların hamısı teatrda yetişib gəlib filmə çəkilib.

 

– “”Oskar” mükafatı veriləndə burnumun ucu göynəyir” ifadəsi də sizə məxsusdur…

– “Oskar” bizim ödül deyil. İstərdim, “Oskar” kimi elə mükafatımız olsun ki, ona da çox adamlar həsəd aparsınlar. Bu, arzu olaraq qalır. Çünki biz balaca bir ölkəyik. Şərq aləmi də belə bir ödül haqqında fikirləşmir. Qazaxıstanın, Tacikistanın, Rusiyanın filmləri gedir “Oskar”a. Heç olmasa bizim də bir filmimiz “Oskar”a təqdim olunaydı…

 

– Hansı kitabları oxuyursunuz?

– Oşonun bütün fəsillərini oxudum. Mopassan stolüstü kitabımdır. Onunla mənim xasiyyətim tutuşur. Elxan Elatlının əsərlərini oxudum. Nostalji hisslər keçirdim. Çingiz Abdullayevin demək olar ki, bütün əsərlərini oxumuşam. Detektiv əsərləri, həyati kitabları oxumağı çox sevirəm. Eldar Ryazanovu çox sevirəm. Onun “Rejissura” kitabını oxudum. Sovet kino-aktyorlarının həyatı ilə bağlı kataloqu nəzərdən keçirirəm.

 

– Hansı musiqilərə qulaq asırsınız?

– Lirik melodiyaları, Bethoveni xoşlayıram. Maşınımda Fikrət Əmirovun, Aqşin Əlizadənin əsərləri var, onları çox sevirəm. Röyanın, Flora Kərimovanın ifasına çox qulaq asıram. Oqtay Ağayevə qulaq asdıqca asıram…

 

– Hansı arzularla yaşayırsınız?

– İnsan elə həmişə arzu ilə, ümidlə yaşayır da. Mənim ən böyük arzum əmin-amanlıq, Qarabağın qayıtması, şəhidlərin qanının yerdə qalmaması, çat verən mədəniyyətin bütövləşməsidir. Mədəniyyətdə ucuz şöhrət dalınca qaçmaq olmaz. Bu gün əgər o şöhrət varsa, sabah olmayacaq. Bunu hər bir yaradıcı adam başa düşməlidir ki, sənətindən sui-istifadə edən, bu məbədə çirkli daxil olan adam heç vaxt bu məbəddən təmiz çıxa bilmaz.

Mən Allahla danışa-danışa gəlib bu həddə çıxdım. Ona görə də insan inamsız heç vaxt yaşaya bilməz. Paxıl adamlara niftət edirəm, onlardan qorxuram.

Vaxtilə “Fərhad və Şirin”də Məryəmi, Ledi Maqbeti, Kabanixanı oynamaq istəyirdim. Mənim istəklərim, o arzularım artıq keçdi. İndi mənim arzularla yox, şükürlərlə yaşayan vaxtımdı. Əlbəttə, insan arzusuz, ümidsiz yaşaya bilmir. Mən titulumdan özüm üçün yox, kimlər üçünsə istifadə eləyirəm. Çox sağ olsun ki, qarşı tərəf o titula çox böyük hörmətlə yanaşır. Heç olmasa, kiminsə göz yaşını silə bilirəm, kiməsə ümid, təskinlik verə bilirəm. Kimisə çətinlikdən çıxara bilirəm… (“Ekspress.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir