cinayet

Affekt vəziyyətində törədilən cinayət, yoxsa… – ARAŞDIRMA

Baxış sayı: 625
Psixologiyada güclü ruhi həyəcan vəziyyəti mənasına gələn “affekt” adlandırılan bir psixoloji hal var. Psixoloqları deyə bilmərik, amma biz çox vaxt cinayət olaylarında bu sözü eşidirik. Cinayət törədənlər “Cinayət vaxtı özümdə olmamışam”, “Hadisə vaxtı affekt vəziyyətində idim” kimi ifadələr verirlər. Bu ifadələr cinayət törədənlərin özlərinə haqq qazandırmağa çalışmasıdır, yoxsa həqiqətən dedikləri kimidir? Affekt vəziyyəti necə müəyyənləşdirilir? Affekt vəziyyətində cinayət törətmək məsuliyyətdən azad edirmi?

 

“Fizioloji affektlər normal sayılır”

Psixiatr Orxan Fərəcli bildirdi ki, affekt vəziyyətində törədilən bütün cinayətlər “anlaqsız hal” hesab olunmur: “Affekt psixi normanın son həddidir. Affekt vəziyyəti cinayətin anlaqlı, yoxsa anlaqsız vəziyyətdə törədilməsinin göstəricilərindən biridir. Tam göstərici demirik, çünki hər affekt vəziyyətində olmaq o demək deyil ki, o şəxs anlaqsızdır. İki cür affekt olur: patoloji və fizioloji. Fizioloji affektlər normal sayılır, o vəziyyətdə törədilən bütün cinayətlər anlaqlıdır. Həmin adam həbs olunur, digərləri kimi cəzasını çəkir. Patoloji affektlər isə anlaqsız sayılır. Anlaqsızlıq həmin şəxsi cinayət məsuliyyətindən azad edir. Amma bu o demək deyil ki, sərbəst gəzir və s. O şəxslər barəsində xüsusi məcbur müalicə tədbirləri təyin olunur”.

“3 həftə boyunca müşahidə edirlər”

O.Fərəcli deyir ki, cinayətin affekt vəziyyətində törədilib-törədilmədiyini müəyyənləşdirmək sadə, hər kəsin kənardan baxıb deyə biləcəyi məsələ deyil: “Bu, məhkəmə-psixiatriya ekspertizasının işidir. Cinayəti anlaqlı, yoxsa anlaqsız vəziyyətdə törətdiyini müəyyənləşdirmək üçün həmin şəxsi ambulator, stasionar ekspertizadan keçirirlər. Dəqiq ekspertiza üçün həmin şəxsi klinikada yatırırlar, ən azı 3 həftə boyunca müşahidə edirlər. Yəni cinayət törədən şəxsin həmin anda affekt vəziyyətində olub-olmadığı qərarının verilməsi uzun müşahidələr nəticəsində olur. Bu sahədə ixtisaslaşmış ekspertlər qərar verirlər. Cinayət törədib sonra peşman olmaq affekt vəziyyətinin göstəricisi deyil. Bunların xüsusi əlaqəsi yoxdur”.

 

“Affekt vəziyyətinə düşmək üçün…”

Psixiatr qeyd etdi ki, affekt vəziyyətinə yalnız psixoloji problemi olan şəxslər düşmürlər: “Affekt vəziyyətinə düşmək üçün adamın əvvəldən psixoloji problemlərinin olması vacib deyil. Sağlam psixoloji durumu olan insan da affekt vəziyyətinə düşə bilər”.

Affekt vəziyyətində törədilən cinayətlər

Hüquqşünas Ərəstun Ağayev ilk olaraq hansı halların Cinayət Məcəlləsində affekt vəziyyətdə baş verən cinayət kimi qiymətləndirildiyindən danışdı: “Güclü ruhi həyəcan vəziyyətində baş verən cinayət qəfil baş verməlidir. Zərərçəkmiş şəxs tərəfindən cinayəti törədən adamı güclü ruhi həyəcan vəziyyətinə çatdıracaq nə isə bir hal – təhqir, şiddət və s. olmalıdır. Qətl zamanı silah qismində istifadə etdiyi əşya isə əlinə qəfil keçməlidir. Qonşu otaqdan bıçağı götürüb gəlmək belə affekt hal sayılmır. Əl altında daş, bıçaq, hər hansı əşya varsa, onlardan istifadə edilərək cinayət törədilibsə, burda affekt halın olub-olmadığına baxılmalıdır. Məsələn, həyat yoldaşını mənzilində qonşu kişi ilə bir yerdə yaxalayır. Bir dəqiqənin içində cinayət baş verir. Yaxud evdən qaçmış bacısını bir neçə ay sonra metronun qarşısında görür. Ona irad bildirir ki, evdən qaçıbsan, əxlaqsız həyat tərzi sürürsən və s. O da deyir ki, can mənimdir, özüm bilərəm. O da balıqçı olur, üstündə bıçaq olur. Qəflətən bıçağı çıxarıb bacısını vurur. Bunlar affekt vəziyyətində törədilən cinayətə misal ola bilər. Həyat yoldaşını polis şöbəsində qətlə yetirən polis var idi. Polis əməkdaşı şöbəyə əvvəlcədən hazırlıqlı gəlib və bu, affekt vəziyyətində törədilən cinayət sayılmır”.

Ölkəmizdə tətbiq edilirmi?

Cinayət Məcəlləsinin 122-ci maddəsində qeyd edilir ki, güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adamöldürmə zamanı şəxs iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. İki və ya daha çox şəxsi qəsdən öldürmə zamanı isə üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ə.Ağayev bildirdi ki, sui-istifadə hallarını nəzərə alaraq, Azərbaycanın məhkəmə proseslərində affekt vəziyyətinə görə cinayətin qiymətləndirilməsi, praktiki olaraq tətbiq edilmir.

Ə.Ağayev qeyd etdi ki, cinayətin affekt vəziyyətində törədilib-törədilmədiyi psixoloji ekspertiza nəticəsində müəyyənləşdirilir: “Mütləq psixoloqun rəyi olmalıdır ki, vətəndaş filan hallarda güclü ruhi həyəcan vəziyyətində olub və bu cinayəti törədib”.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir