Aftandil İsrafilov: “Uzun müddətdir deyirdim ki…” – MÜSAHİBƏ

Baxış sayı: 1. 472

İncəsənət elə bir aləmdir ki, insanların ruhunu qidalandırır, onlara yüksək zövq verir. Bu sənətdə baş çıxarmaq isə hər ifaçıya nəsib olmur. Bu günkü müsahibim bu aləmdə öz yeri və öz sözü olan sənətkarlardandır. Aftandil İsrafilov ömrünü qarmon sənətinə həsr edib. Bu günlərdə Prezident İlham Əliyev onun Azərbaycanda musiqi ifaçılığı sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzaladı. Biz də xəbəri eşidib, sənətkarı təbrik etmək qərarına gəldik.

Xalq artisti “Kaspi”yə müsahibəsində əvvəlcə bu sərəncamla bağlı fikirlərini bölüşüb. Dedi ki, sənətinə layiqincə qiymət verən, yaradıcılığını izləyən Prezident İlham Əliyevin diqqətinə görə özünü şad hiss edir. İfaçı bizim vasitəmizlə dövlət başçısına öz təşəkkürünü bildirdi: “Mənim üçün sevindirici haldır ki, 75 yaşımda bu ordenə layiq görüldüm. “Şöhrət” ordenini almaq üçün çox çalışmaq lazımdır. Qeyd edim ki, ansanblımla dünyanın bütün ölkələrində anşlaqla konsertlər vermişəm”.

– İlk olaraq sizi təbrik edir, yaradıcılığınızda uğurlar arzu edirik. “Şöhrət” ordeninə layiq görülmək hər sənət adamına qismət olmur. Təəssüratlarınız bizim üçün maraqlıdır.

– Əlbəttə, bu ordenə layiq görülmək çox sevindirici haldır. “Şöhrət” ordeninə layiq görüldüyüm üçün özümü çox xoşbəxt hiss edirəm. Ümumiyyətlə, incəsənət adamları gərək boş dayanmasınlar. Xalqla bərabər olsunlar, daima öz üzərlərində işləsinlər. Hələ fəxri ad almamışdan öncə ulu öndərimiz Heydər Əliyev mənim ifalarımı dinləyirdi. O, qarmonu çox sevirdi. Məhz bu səbəbdən 1982-ci ildə mənə sənətimə görə əməkdar artist adı verdi. 2002-ci ildə fərdi təqaüd ayırdı. Sonra da Azərbaycanın xalq artisti olduqdan sonra, Dağıstanın xalq artisti adına layiq görüldüm. Aldığım fəxri adlar bununla kifayətlənmədi. İran İslam Respublikasında ad aldım. Bunlar mənə dövlətimizin göstərdiyi qayğı nəticəsində ərsəyə gəlib. Mən xalqımı sevən insanam. Bacardığım qədər ölkəmi xaricdə də təmsil etməyə çalışıram. Belə ki, beş dəfə Amerikada, iki dəfə Yaponiyada, saysız dərəcədə Türkiyədə və dünyanın müxtəlif ölkələrində qastrol səfərlərində olmuşam.

Bilirsiniz ki, xalqın gözü tərəzidir. Onlar bilirlər ki, mən bu sənətdə nə qədər əziyyət çəkmişəm. Bəzən mənə sual edirlər ki, siz haralısınız? Bu sual məni çox əsəbiləşdirir. Çünki biz hamımız azərbaycanlıyıq. Azərbaycanı bölgələrə ayırmaq düzgün deyil. “Haralısan” sualını verənlərə tək cavabım odur ki, mən azərbaycanlıyam.

– Deyirlər ki, insan öz dostunu şad və dar gündə yaxşı tanıyır. Şad gününüzdə sənət dostlarınız sizi təbrik etdimi?

– Əlbəttə. İki gündür telefonum susmur. Gecə saat 2-3-ə qədər zənglər qəbul etmişəm. Ad alanda ilk dəfə olaraq məni xalq artisti Şəfiqə Eyvazova, xalq artisti Ramiz Quliyev təbrik etdilər. Musiqiçilərin zənglərinin sayı-hesabı yoxdur. Mən bütün dostlarıma öz minnətdarlığımı bildirirəm. Sənət dostlarımla bərabər, jurnalistlərə də diqqətləri üçün təşəkkürümü bildirirəm.

– “Şöhrət” ordeni aldıqdan sonra yəqin məsuliyyətiniz bir az da artar.

– Əlbəttə ki. Nəinki mükafat aldıqdan sonra, mən hər zaman öz üzərimdə sərasər şəkildə çalışmışam. Bu yaxınlarda 15 musiqi yazdırmışam. Sizə elə gəlməsin ki, mən yaradıcılığıma ara vermişəm. Hazırda 10 mahnı üzərində çalışıram. Bunların hamısı ifaçıdan böyük zəhmət tələb edir. Allahın köməkliyi ilə bütün yeni mahnılarımı disk şəklində hazırlatdıracağam. Ümumiyyətlə, mən mübariz insanam. Dövlətimi sevirəm və sevərək ölkəmizdən kənarda da onu təmsil edirəm. Ulu öndərimizin bir sözü var: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Həqiqətən də bu vətənin övladı olduğum üçün fəxarət hissi duyuram.

– Son zamanlar sizi efirlərdə az görürük. Əvvəllər daha çox görürdük…

– Mən bu fikirlərlə razı deyiləm. Elə mükafatla bağlı xəbəri alan zaman Azərbaycan Dövlət Televiziyasında çəkilişdə idim. Onda mənim hələ bu barədə heç bir məlumatım yox idi. Evə gələndən sonra həyat yoldaşım mənə bildirdi ki, cənab prezidentimiz məni təbrik edib və “Şöhrət” ordeninə layiq görüb. Bundan başqa, günü sabah (bu gün – red.) ANS-də çıxışım olacaq. Mən indiyə qədər heç bir kanalın qapısını döyməmişəm, nə də zəng etmişəm. Mən sənətkaram. Onlara lazımamsa, özləri zəhmət çəkib axtararlar. Misal üçün, “Space” telekanalının rəhbəri Vaqif Mustafayev özü məni dəvət edib. O, telekanalda tez-tez Azərbaycanın tanınmış sənət adamlarının ad günləri qeyd olunur. Mən gedib orada sözümü də deyirəm, sənətimi də göstərirəm.

– Bir müddət səhhətinizlə bağlı problemlər yaranmışdı. İndi sağlamlıq durumunuz necədir?

– İndi çox yaxşıyam. İnsanın həkimi özü olmalıdır. Nədənsə bəzi sənət adamları bir qədər xəstələnəndə, cənab prezidentə müraciət edirlər. Mən onların bu fikirləri ilə heç də razılaşmıram. Gərək insan öz canını qoruya, ona qulluq edə. Daimi olaraq idman edə, təmiz hava qəbul edə. Allah heç kimi həkimə, dərmana möhtac etməsin. İnsan özünü qorumalı, həkimi də özü olmalıdır. Mən də öz üzərimdə çalışdım. Sağlamlığıma riayət etdim, şükür olsun bu günümə ki, çox yaxşıyam.

– Aftandil İsrafilov üçün qarmon nə deməkdir?

– Qarmon mənim sevincimdir, vətənimin simvoludur. Qarmon mənim həyatımdır. Ulu öndərimiz tədbirlərin birində mənə dedi ki, Aftandil İsrafilov bizim mənəvi sərvətimizin daşıyıcısıdır. Ümumiyyətlə, qarmon sərvətdir. Demək olar ki, onu dünyanın müxtəlif xalqları istifadə edir və dinləyir. Gürcüstanda mənim musiqilərimlə maraqlanır, həm də istifadə edirlər. Qafqaz ölkələrində demək olar ki, Aftandil İsrafilov tanınır. Bundan başqa, Rusiyadan, Moskvadan mənə tez-tez müraciətlər olunur. Bu da o deməkdir ki, onlar Azərbaycan qarmonunu tanıyır və onun timsalında mən də tanınıram.

– Bu günkü Aftandil İsrafilov olmaq üçün çoxmu əziyyət çəkmisiniz?

– Bir misal var, deyirlər, “Bağa baxsan bağ olar, baxmasan dağ”. Əziyyətsiz heç nə ərsəyə gəlmir. Ömrümü bu sənətə fəda etmişəm.

– Hər zaman yaşlı sənət adamları ilə söhbət edərkən hiss edirəm ki, onlar keçmişin həsrəti ilə yaşayırlar və müasirliklə barışmaq istəmirlər. Bəs sizdə necə?

– Dövr dəyişdikcə insanların zövqü də dəyişir. Müasirlik qaçılmazdır. Amma bizim alətlər elədir ki, öz-özlüyündə sanki dil açıb bizə deyirlər ki, mən sənətkar əlində olmalıyam. Məni lazımi qədər sevmək lazımdır. Siz məni Azərbaycan musiqisi ilə təmin etməlisiniz. Azərbaycan musiqisi improvizəsiz, olduğu kimi ifa olunmalıdır. Gərək sənət adamları öz musiqilərini vətəndən kənarda da olduğu kimi təmsil etsinlər. Diski qoyub yalandan musiqi ifa etməklə musiqiçi olmur. Biz indi onlarla mübarizə aparırıq. Canlı ifanın yerini heç nə vermir.

– Ansamblda müxtəlif musiqi alətləri cəmlənir. Sizin üçün bu musiqi alətlərinin içərisində qarmonun yeri haradadır?

– Uzun müddətdir deyirdim ki, muğam aləmində iki-üç alət çatışmır. Bunların biri balaban, biri ud, biri də kanondur. Şükürlər olsun ki, mənim bu iradım nəzərə alındı. İndi muğamda bu alətlərdən istifadə olunur. O ki qaldı qarmona, qarmonun ansamblda xüsusi yeri var. Qarmon ansambla xüsusi rəng qatır. Mən zamanında Rübabə Muradova, Sara Qədimova, Arif Babayev muğamlarında müəyyən hissələrdə ifa etmişəm.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir