Agalar Bayramov

Ağalar Bayramov: “Sonra deyəcəklər ki, Ağalar gileylənir” – MÜSAHİBƏ

Baxış sayı: 2. 012

Əməkdar artist, məşhur qiraətçi, “xalq ruhunun əfsunedici səsi” adlandırılan Ağalar Bayramovun bu gün doğum günüdür. Ömrünün 30 ilindən çoxunu bədii-qiraət sənətinə həsr edən Ağalar Bayramov təkcə güneyli-quzeyli Azərbaycanda deyil, digər ölkələrdə, türk dünyasında da sevilir, sənətinə böyük hörmətlə yanaşılır. Azərbaycanın bir çox məşhur şairləri, o cümlədən Xalq şairi Fikrət Qoca, Musa Yaqub, Məmməd Aslan Ağalar Bayramov səsinin sehrinə, gücünə şeirlər həsr edib, barəsində çoxsaylı məqalələr dərc olunub.

Qiraətçi ilə doğum günü ərəfəsində görüşüb söhbətləşdik:
 
– Ağalar bəy, 63 yaşınızda özünüzü necə hiss edirsiz?
– Təbii ki, yaş özünü göstərir. Amma Cabir Novruz demişkən, “İnsan ruhdan düşməsin, təki ruh yaşasın”. Ağrıyıram, azarım var, amma bütün bunlarla bərabər həyata baxışım, inamım o qədər müsbətdir ki, ruh qocalmır, ürək yaşayır hələ. Yaxşıdır, gileylənməyə ixtiyarım da yoxdur. Əsas odur ki, mənim dövlətə, millətimə, xalqıma, böyük qiraət sənətinə, poeziyaya, ədəbi parçalara məhəbbətim o qədər böyükdür ki, hər gün məşğul oluram, yaddaşımı təzələyirəm. Bu, həyat eşqi deməkdir. Yaxşıdır, narazı deyiləm.
– “Qarabağın kəsilməyən kişnərtisi var Ağalar Bayramovun səsində”. O səsin yenə də həmin sehri, gücü yerindədirmi?
– Öz yerindədir. İnanın, hər gecə yuxularımda mən bu torpağı görürəm. Hərdən göz önümə gəlir ki, İlahi, birdən Allah mənim canımı alar, mən Qarabağın azad olunmasını görmərəm. Hərdən də inamdan düşürəm. Ona görə ki, məsələn, mənim çox əziz dostum, haqqımda misralar, məqalələr yazmış Məmməd Aslan Kəlbəcər deyə-deyə bu dünyadan getdi. Çox böyük şairimiz Famil Mehdi, alim Xudu Məmmədov Ağdam həsrəti ilə getdi. Allahdan bircə arzum odur ki, Qarabağın azad olunmasını görüm. Özümün özümə ən böyük arzum bundan ibarətdir… Mənim Qubadlının Xocavənd kəndində 9 yaşlı nakam oğlum uyuyur. Onun başdaşının üzünü güney Azərbaycana çevirmişəm. Çünki adı Şəhriyar idi, Məhəmməd Hüseyn Şəhriyarın adını vermişdim ona. Düşünürəm ki, mən onu ziyarət edə, o torpaqları görə biləcəmmi? Ən böyük, ən ümdə arzum budur, bu torpağın övladı, vətəndaşı kimi.
– Güney Azərbaycandan söz düşmüşkən, oradakı soydaşlarımız sosial şəbəkələrdə mütəmadi olaraq sizin səs yazmalarınızı, şeirlərinizi paylaşırlar. Yəqin bu da ondan irəli gəlir ki, siz Güney Azərbaycan mövzusuna da tez-tez müraciət edirsiz.
– Təbii ki, həm onunla, həm də Allahın verdiyi  səs ilə bağlıdır. Hansısa məşhur aktyor demişdi ki, “səs mənim ən böyük var-dövlətimdir”. Təkcə şeiri deməklə deyil, şeirə can vermək, səsdən düzgün istifadə etmək lazımdır. Nəsə əldə etmişəm ki, xalqın, millətin qəlbində yuva sala bilmişəm. Tehrandan, Təbrizdən, Ərbəbildən, Parsabaddan hər gün də olmasa 2-3 gündən bir mənə zəng edirlər. Sanki onda uçmağa qanadlanıram ki, deməli bu illəri boş yerə yaşamamışam. Bundan böyük xoşbəxtlik yoxdur. Xalqın məhəbbətini qazanmaq insan üçün ən böyük amildir. Çox sevinirəm ki, bu illər ərzində vətənimə, millətimə, dövlətimə üz qarası gətirən hərəkətlər, sənətimə xəyanət etməmişəm. Əsl sənətlə məşğul olmuşam. O şeirləri ki, qiraət etmişəm, onlar xalqın ürəyindən, bağrından qopan fikirlərdir. Yəni, günün, dövrün, həyatın mövzusu, mənzərəsi var orda. Nöqsanlarım da olub. Olub ki, bir salama hansısa şeiri götürüb oxumuşam. Amma səsimlə o şeirə bər-bəzək vermişəm. Amma biri var nöqsan, biri də var günah. Onları səhv salmaq olmaz.
– 63 illik ömrünüzün neçə ilini bu sənətə həsr etmisiz?
– 1983-cü ildən bədii-qiraət sənəti ilə məşğulam. Məni efirə, AzTV-yə Əmirhüseyn Məcidov gətirdi. O vaxtlar folklor ilə bağlı “Ozan”, sonralar adı dəyişdirilərək “Durna teli” olan veriliş hazırlanırdı. Bir gün Əmirhüseyn Məcidov təhsil aldığım Azərbaycan İncəsənət və Mədəniyyət Universitetinə gəldi. Söhbət əsasında mən nəsə danışdım. Səsimi eşidən kimi dedi ki, “nə gözəl səsin var Ağalar, sabah gəl çəkilişə”. Və mənə rəvayət oxutdurdu. O vaxtdan bu sənətin yolunu getdim və uzun müddət Azərbaycan Dövlət Televiziyasında bədii verilişlərə çəkildim, özüm verilişlər hazırladım. 11 müxtəlif adda verilişlərim oldu. Onlar hazırda Qızıl Fondda qorunub saxlanılır.
 – Aktyorların əksəriyyəti sənətə ilk addımlarını atanda qiraətçiliyə böyük maraq göstərir. Amma uğur qazana bilmirlər. Səsiniz sizə uğur gətirdi deyə bilərikmi?
– Mənim bu sənətə olan məhəbbətimlə bərabər güclü yaddaşım və səsim mənə uğur qazandırdı. Dördüncüsü də var – ürək. Sənətdə ürək yoxdursa, uğur da olmur. Bədii-qiraət sənəti asan sənət deyil, onun daşıyıcıları çox azdır. Adətən Azərbaycanda deyirlər ki, “şeir deyəndir”. Amma ruslarda deyilir bədii-qiraətçi. Bədii-qiraətlə məşğul olanların adlarını sayım; 1937-ci ildə güllələnmiş Kazım Ziya, Mədəniyyət və İncəsənət Universitetində vaxtilə kafedra müdiri olmuş Müxlis Cənizadə, rəhmətlik Həsən Əbluc, Mikayıl Mirzə, sənət dostum, çox dəyərli İlham Əsgərov. Bu beş nəfər dünyasını dəyişib. Əminə Yusifqızı və bəndəniz Ağalar Bayramov, oldu 7 nəfər. Demirəm başqaları yoxdur, bir neçə nəfər var, amma əsasən xalqın bağrına hopmuşlardan danışıram. Xalqın birmənlaı olaraq barmaqla göstərdiyi cəmi 7-8 qiraətçi var. Bu sənət bir qədər diqqətdən kənarda qalır, kimlərisə mükafatlandıranda bəzən onlar kənarda qalır.
– Səhv etmirəmsə, xalq şairi Fikrət Qocanın sözləri idi ki, “Ağalar Bayramov başqasının şeirini özünküləşdirəndən, içindən keçirdikdən sonra auditoriyaya təqdim edir”.
– Fikrət Qocanın yubileylərində mən çox iştirak etmişəm.  Ötən il Moskvada, Mərkəzi Ədəbiyyat Evində xalq şairinin 80 illik yubileyi keçirilirdi. Bir çox görkəmli sənətkarlarla yanaşı, mən də həmin tədbirə getmişdim və təxminən yarım saat səhnədə çıxış etdim. Fikrət müəllim sonralar bu barədə söz düşəndə efirdə deyib ki, “Ağalar Bayramov mənim ”Cənnətdən qovulanlar” poemamı deyirdi. Mənim bağ qonşum dedi ki, “ay Fikrət sənin yubileyində hündür bir oğlan necə gözəl şeir deyirdi”. Dedim ki, “mənim şeirimi deyirdi”. İnanmadı, dedi ki, “yox əşi, başqasının şeirini o cür deyə bilməzdi, o, öz şeirini deyirdi”.
Onda dedim ki, “düz deyirsən, mən Ağalara onun sənəti kimi baxırdım, o,  şeirləri özünküləşdirir”. Yəni, o fikrə gəlib çıxıram ki, götürdüyüm materialı özümünkü etməsəm, onu dilimə gətirə bilmirəm. Yəni, elə ifa etməlisən ki, sanki onu sən yazmısan.
– Sualı ona gətirəcəkdim ki, bəzən qiraətçilər şeirləri özünküləşdirərkən ya misraların, ya sözlərin yerini dəyişirlər. Olur ki, şairlər buna görə incik düşür. Buna münasibətiniz? Siz də bu cür dəyişikliklər edirsizmi? 
– Baxır nə cür. Sözü, fikri dəyişmək olmaz. Bir dəfə Aşıq Ələsgərin şeirində mən bir sözü dəyişmişdim. Gördüm ki, bir kitabda da o cür yazılıb, özüm özümə nifrət etdim. Olmaz belə. Fikrət Qocanın “Cənnətdən qovulanlar” poemasında belə bir hissə var: “Gözləri birinin malındadır, birinin cibində, birinin dalındadır. Bəzi minilmək üçün darıxmış at kimidi. Kimi də ayağı sürüşkən… nəisə”. Amma Fikrət Qoca yazıb ki, “Kimi də ayağı sürüşkən arvad kimidir”. Mən orda pauzanı götürdüm. Bu, düzəliş deyil, ona rəng qatdım, efirdə deyirdim axı. Onsuz da hamı bilir ki, ayağı sürüşkən deməkdir. Amma biri də var bəndi dəyişmək, bu, olmaz, qəbuledilməzdir.
– Bəs az tanınan şairlərə də müraciət edirsizmi?
– Olub ki, hansısa şair heç tanınmır. Amma mənim üçün onun tanınmağı vacib deyil. Məni maraqlandırır ki, kim nə yazıb.
 
– Sizi xoşbəxt qiraətçi hesab etmək olar. Çünki məşhur şairlər Musa Yaqub, Məmməd Araz, Fikrət Qoca, son olaraq Ayaz Arabaçı sizə şeirlər həsr edib. Maraqlıdır, özünüzə həsr olunan şeirləri qiraət edəndə hansı hissləri, duyğuları keçirirsiz?
– Mənə ilk dəfə şeir yazan Eldar İsmayılov oldu. “Qeybdən gələn səs” şeirini mənə həsr etmişdi. Daha sonra Səadət Buta iki dəfə mənə şeir həsr edib, Musa Yaqub isə “Sözün rəngi cilvələnir səsində, Söz incidir, səs dürdanə, nə deyim?..” misralı şeir yazıb. Amma mən onları ifa etməmişəm. Yalnız Eldar İsmayılovun mənə həsr etdiyi şeirini AzTV-nin mənim 50 illik yubileyim münasibəti ilə hazırladığı verilişdə Xalq artisti, gözəl diktorumuz Sabir Ələsgərli kadr arxası səsləndirdi. İctimai televiziyada isə haqqımda hazırlanan verilişdə Ələmdar Quluzadənin mənə yazdığı şeiri Nuranə xanım kadr arxası səsləndirmişdi. Yəni, mənə həsr olunana şeirləri özüm ifa etməmişəm, bu, bir az yerinə düşmür. Son olaraq mənim haqqımda Araz Arabaçı mənə “Bu səsdə nə yoxdu ki… ” şeirini həsr edib.
– Ömrünün 30 ilindən çoxunu qiraət sənətinə həsr etmiş Ağalar Bayramov hələ də “Əməkdar artist”adı ilə çağırılır… Ağalar Bayramova Xalq artisti adı verilməsi üçün nə çatışmır?
 
– (Bir anlıq susur, fikrə gedir). Vallah qalmışam ki, sizin bu sualınızı cavabsız buraxım. Sonra deyəcəklər ki, Ağalar gileylənir. Mən heç vaxt gileylənməmişəm. 2002-ci ildə rəhmətlik Heydər Əliyev mənə Əməkdar artist adını verdi. Həmin vaxt bir çoxları bu ada layiq görüldü. Sonralar gördüm ki, onların demək olar ki, əksəriyyəti bir neçə ildən sonra Xalq artisti adını aldı. Amma mənə qarşı niyə belə oldu, özüm də anlaya bilmirəm. Mənim günüm səngərlərdə, dövlət tədbirlərində, şairlərin yubileylərində keçir. Nə bilim… bəlkə də mənim səs-sorağımı yuxarılara çatdıran yoxdur, bəlkə də mən qapı-qapı gəzib boynumu əyib durmuram. Bu da mənə yaraşmaz axı. Kor-kor, gör-gör, hər şey ortadadır. Xalq, millət, dövlət, elə nazirliyin də özü görür ki, Ağalar yubiley tədbirlərində şairlərin şeirlərini səsləndirəndə alqış sədası aləmə yayılır.
Bunu görüb onların yadında salmaq düz deyil. Millətim, dövlətim sağ olsun… Sizə bir dodaqqaçdı dedim, Hüseyn Arifə dəfələrlə xalq şairi adını verəcəklərmiş, alınmırmış. Axırda bir alim yerlisi deyir ki, “qağa, darıxma da, verərlər”. O da qayıdır ki, “Lazım deyil, lazım deyil. Osman Sarıvəlliyə o vaxt verdilər ki, Nəsimiyə Yesenin, Natəvana da Lupskaya deyirdi”. Demək O.Sarıvəlli qocalan vaxtı xalq şairi adını alıb, yazığın gözləri görmürmüş artıq, Nəsiminin şəkilinə Yesenin, Natəvanın da şəkilinə Lupskaya deyirmiş. İndi kimdir bunları tutub saxlayan, verirlərsə versinlər də. (gülümsəyir-red). Daha 63 yaşımda bundan artıq mən nə etməliyəm? Yəqin belə məsləhətdir, ya yada düşmürəm, ya heç yada düşməyəcəm də.
 
– Son vaxtlar efirlərdə də az görünürsüz…
– Dəvətlər olur. Məsələn, “Səni axtarıram” və digər verilişlərə ekspert kimi çağırırlar. Axırda dedim ki, mən sənət adamıyam, getdiyim yerdə oturub tamaşaçı kimi baxmağa ixtiyarım yoxdur. Məndən ekspert çıxmaz. Mən bədii formada çıxış edəcəyim yerlərə gedirəm. Seriallara da çağırırlar…
 
– Elə suallarımdan biri də bununla bağlı idi. 
– Getmirəm. Ona görə ki, 5 dəqiqəlik “Mozalan” mənim üçün o seriallardan xeyli irəlidir. Mən demirəm ki, o serialların hamısı pisdir, amma ürək çəkən bir şey yoxdur. Hətta məni bir dəfə rejissor dəvət edəndə elə qiymət oxudum ki, bildim ki, onu verə bilməyəcəklər. Bu o demək idi ki, getmirəm. Bununla da telefon zəngləri kəsildi.
 
– Təkcə qiraətçi deyil, həm də sanballı toy aparıcısı, tamada da kimi də tanınırsız. Hazırda yenə də toylara gedirsizmi?
– Bəli, gedirəm, dolanışığın ucbatından. Amma getməyin də fərqi var. O yerə gedirəm ki, orda məni istəyir, səsimi eşitməyi arzulayırlar.
– Məşhurlardan kimlərin toyunu aparmısız.
– Çoxlu sayda vəzifəli şəxslərin toyunda olmuşam. Hətta xaricdə də toy aparmışam.
– Geriyə baxanda nədən təəssüflənir, nədən qürur duyursuz?
– Musa Yaqubun belə bir şeiri var, “Eləmədiklərim yandırar məni”. Hərdən fikirləşmişəm ki, gərək bunu başqa cür edərdim. Ağlımla bəzən qəlbimin arasında qalıram. Qürur duyduğum günlərim isə çoxdur. Bu gün də qürur duyuram ki, məndən sonra bu dünyada səsim qalacaq. Bundan böyük qazanc, qürur yeri yoxdur… “ (Musavat.com)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir