agcaqanad

Ağcaqanadların yaydığı qorxulu “Zika”dan necə qorunaq?

Baxış sayı: 2. 287
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qızdırma və xəstəliyə səbəb olan “Zika” virusunun yayılma təhlükəsi haqda xəbərdarlıq edib. Bu virus Qara dəniz sahillərində, Rusiyada, Gürcüstanda, Abxaziyada və bir sıra Avropa ölkələrində, ilk növbədə isə Balkan yarımadasında ağcaqanad vasitəsilə yayılır.
ÜST hesabatının müəlliflərindən biri Joao Pires insanlara müraciət edərək ağcaqanadların onları dişləməsinə imkan verməmələrini istəyib: “Uzunqollu paltar geyinin, repellentlərdən istifadə edin, ağcaqanadların sizi dişləməsinə imkan verməyin. Bu, hələlik ”Zika” virusu və onun potensial fəsadları ilə mübarizədə ən yaxşı üsuldur”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bu virusun ilkin əlamətlərinin qızdırma və səpki olduğunu və buna görə də qızdırması olan hər kəsin həkimə müraciət etməsinin vacib olduğunu bildirdi:““Zika” virusu ilk dəfə 1947-ci ildə Uqandada makaka meymunlarında tapılıb. 1968-ci ildə isə artıq insanda aşkar olunub. İlk dəfə bu virusa insanda Nigeriyada rast gəlinib. Bundan sonra virusun insanlarda olması faktları dalbadal qeydə alınıb. Nəzərə alsaq ki, 21-ci əsr virus əsridir və virusların hər dəfə bir növü ilə rastlaşırıq. Ona görə də bu barədə ehtiyatlı olmaq lazımdır. “Zika” virusu bədənə daxil olandan sonra səpkilər, qızdırma və sairə yaradır. Bu virus adətən çox ağır viruslar kateqoriyasına aid deyil. Yəni ölümlə nəticələnmə faktları qeydə alınmır. Amma istənilən halda bədənin zədələnməsi, problem yaratması, daxili orqanların funksiyalarının pozulması halları baş verir. Hamilə qadınlarda isə dölün zədələnməsi ehtimalı var. Ona görə də bu virusun Azərbaycana gəlməsi və burada bir yuva salmasına imkan vermək olmaz. Virus hava damcı yolu ilə yayılmır. Yalnız ağcaqanad dişləyən insandan insana keçir. Yəni qan vasitəsilə keçir”.
A.Qeybulla bu virusun Azərbaycanda yayılma ehtimalının böyük olduğunu dedi: “Azərbaycan malyariyanın intensiv zonası olduğuna görə bu virusun yayılma ehtimalı var. Sadəcə olaraq, transsərhəd zonalarında qızdırması olan xəstələrin gediş-gəlişinə nəzarət etmək lazımdır. Onlar karantində saxlanmalıdır. Mümkün qədər xəstələrin ölkəyə daxil olmasının qarşısını almaq lazımdır. Əgər belə hal olarsa, həmin şəxs dərhal təcrid olunur. Tam sağalandan sonra o, ictimaiyyət arasına çıxa bilər. Yəni xəstə adamlar dərhal kollektivdən uzaqlaşdırılmalı, yataq rejiminə keçirilməlidir. Yəni konkret epidemioloji tədbirlər görüləcəyi təqdirdə Azərbaycana gəlməsinin və ya yayılmasının qarşısı alına bilər. İnsanlar bütün qızdırma hallarında həkimə müraciət etməlidir”.
 
“Zika” virusunun ağcaqanad dişləməsi ilə yayıldığını nəzərə alsaq demək ki, ilk növbədə ağcaqanadlardan özümüzü qorumalıyıq. Məlum məsələdir ki, havalar isindikcə, xüsusən də yay aylarında Azərbaycanın istənilən bölgəsində, hətta paytaxtda belə ağcaqanadlara rast gəlinir. Bəs ağcaqanadlardan özümüzü necə qoruyaq?
Virusun yayılmasına səbəb olan Aedes ağcaqanadları nəinki öz nəsillərinin kəsilməsinə yardımçı olur, həmçinin onlardan törəyən sürfələr ultrabənövşəyi işıqda qırmızı rəngə çalırlar. Bununla alimlər bu üsulun effektivliyini də öyrənə bilirlər. Alimlər Pirasibaka küçələrinə içi su ilə dolu qablar düzüblər, bu qablara dişi ağcaqanadlar öz sürfələrini qoyublar və nəticədə məlum olub ki, sürfələrin 50 faizi geni dəyişdirilmiş ağcaqanadlardan olub. Ümumilikdə isə ağcaqanadların tüpürcəyində güclü allergen var. Hətta allergiyaya meylli olmayan insanda ağcaqanad dişləməsi qaşınmaya, şişkinliyə və qızartıya səbəb ola bilər. Bəzi hallarda ağcaqanadın dişləməsi qızdırma, dəri qızartısı və qaşınma, baş ağrısı, təngnəfəslik, qırtlağın şişkinliyi, quru öskürək, qıcolmalar kimi əlamətlərlə ağır allergik reaksiyaya gətirib çıxara bilər. Ağcaqanadlar insanın tərlədiyini çox yaxşı hiss etdiklərindən tez uçub gəlirlər. Qanla qidalandıqları üçün yalnız dişi ağcaqanadlar insanlar üçün təhlükəlidir. Ağcaqanadlardan qorunmaq üçün sintetik və təbii vasitələrdən istifadə etmək olar. Hələ qədim dövrlərdə insanlar kəskin qoxuların köməyi ilə ağcaqanadlarla mübarizə aparıblar.
Günel MANAFLI



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir