Sebahettin Tekin

Ağlayaraq futbola gəldi, öz qapısına qol vuraraq hücumçu oldu – MÜSAHİBƏ

Baxış sayı: 2. 620

“Gencaile.az” saytının “Ailədən danış” rubrikasının budəfəki qonağı “Qarabağ”ın aşağı yaş qrupları üzrə keçmiş koordinatoru Sebaheddin Təkindir.

 

– Valideynlərinizin futbolçu olmanıza münasibəti necə idi?

– 10 yaşım olanda uşaqlar mənə futbol məktəbinə getməyi təklif etdi. Qeydiyyat üçün pul lazım idi. Pulu atamdan istəsəm də, onun vermək niyyəti yox idi. Kök uşaq olduğumdan məni qeydiyyata almayacaqlarını düşünürdü. Düzü, xeyli artıq çəkim var idi. Təsəvvür edin ki, geyindiyim paltarları tikdirməkdən başqa yolumuz yox idi. Atam ancaq mən ağladıqdan sonra qeydiyyat üçün lazım olan pulu verdi. Elə futbol məktəbindəki müəllimim də məni sıralarına qatmaqda tərəddüd edirdi. Səbəb isə eyni – mənim kök olmağım idi. Yenə ağlamağa başladım və bundan sonra atam kimi məşqçimin də mənə yazığı gəldi. Beləcə, futbola gəlişim baş tutdu.

 

– Futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

– Düzü, futbolçu olmaqdan başqa heç nə haqda fikirləşməmişdim. Ancaq bədən tərbiyəsi və idman üzrə ali təhsil almışam.Yəqin ki, futbolçu olmasam, müəllim olardım.

 

– Ailə qurmaq istəyəndə həyat yoldaşınız futbolçu ilə evlənməkdə tərəddüd etmədi ki?

– Yox, heç bir tərəddüddən söhbət gedə bilməz.

 

– Tanınmış sima olmağınızdan, insanlardan isti münasibət görməyinizdən  dolayı həyat yoldaşınız sizi qısqanırmı?

Sebahettin Tekin -2– Təbii ki, bəzən belə hallar olur. (gülür – T.M.)

– Sizcə, bir futbolçu üçün ailə qurmağın müsbət və mənfi cəhətləri nələrdir?

– Futbolçunun intizamlı həyatı olması baxımından ailə qurmaq əhəmiyyətlidir. Ancaq futbolçunun ailəsindən xeyli uzaqda olduğu məqamlar da olur ki, bu da mənfi hallardandır. Şübhəsiz, futbolçu getdiyi hər yerə ailəsini apara bilmir. Futbolçunun həyatı sürprizlərlə doludur. Klubla ilə futbolçunun bağları üç gündə də qopa bilər, üç ayda da. Futbol özündə risk daşıyan peşədir. Planı düzgün qurmaq lazımdır.

 

– Futbol elə bir peşədir ki, bu işlə məşğul olanlar adətən ailəsindən uzaqda olur. Məsələn siz də həm Türkiyənin müxtəlif bölgələrində, həm də Azərbaycanda çalışanda ailənizdən uzaqda idiniz. Belə məqamlarda ən çox nə kimi çətinliklərlə üzləşirdiniz?

– Mən futbolu çox sevirəm. Bu işdə qarşıma qoyduğum hədəflərə çatmağa çalışıram. Təbii ki, bu sahədə çalışmaq həm də mənə pul qazandırır. Pul isə ailə üçün önəmlidir. Düzdür, insanın ailəsindən uzaqda olması duyğusallıq baxımından çətindir, ancaq bu çətinliklərə də ailəmizin daha yaxşı yaşaması üçün dözürük.

 

– Azərbaycan və Türkiyə ailələri arasında hansı oxşar və fərqli cəhətləri görürsünüz?

– Fərqli cəhətləri o qədər də çox deyil. Əsasən oxşarlıqdan bəhs edə bilərəm. Məsələn, ailə fərdlərinin bir-birinə olan bağlılıqları, duyğuları çox oxşardır. Hər iki ölkənin insanları qonaqpərvər olması ilə seçilirlər. Bundan başqa, həm Türkiyə, həm də Azərbaycan əhalisi təhsilə önəm verir. Ən önəmlisi isə odur ki, maddi problemləri olsa belə, gülməyi bacaran millətlərik.

 

–  Hansı tanınmış futbol adamları ilə ailəvi dostluğunuz var?

– Çətin sualdır (gülür – T.M.). O qədər çoxdur ki, kiminsə adını çəkməyi unuda bilərəm və bu da dostlarıma qarşı sayğısızlıq olar. Belə demək mümkünsə, futbol zatən ailəvi bir mühitdir. Hər kəsin ailəsi ümumilikdə futbol ailəsini meydana çıxarır. Odur ki, həm birgə işlədiyim məşqçi və futbolçuların bir çoxu, eləcə də yollarımız kəsişməsə belə tanıdığım futbol adamları ilə dostluq münasibətlərim var.

 

–  Karyeranızın indiyə qədərki hissəsində hansısa məqama görə məyusluq hissi keçirmisinizmi?

– Çox şükür ki, peşman olduğum hər hansı bir məqam yoxdur. Hədəfim futbolçu olmaq idi və buna nail oldum. İndi isə məşqçi kimi hədəflərimə çatmaq uğrunda çalışıram. Bəlkə də futboldan uzaqlaşsaydım peşman olardım, amma indiki halda heç bir təəssüf  hissindən söhbət gedə bilməz.

 

– Maraqlıdır, oğlunuzun futbolçu olmasını istərdinizmi?

Sebahettin Tekin -3– Bu məsələdə mənim istəyim rol oynamır. Bəlkə də futbol adamı olaraq ürəyimdən keçərdi, ancaq onun öz arzusu daha önəmlidir.

 

– Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz

– Futbola libero olaraq başlamışdım, ancaq əvvəldən arzum hücumçu kimi oynamaq idi. Müdafiəçi kimi çıxış etdiyim oyunların birində hesab 3:3 olarkən müdafiənin arxasına uzun ötürmə verildi. Rəqib forvard ilə top uğrunda mübarizə aparan zaman top qarşımda elə formada yerə dəydi ki, effektli zərbə üçün imkan yarandı. Mən də elə bu andaca topa effektli zərbə vurmaqla öz qapımıza göndərdim. Qapıdan keçən top rəqibi hesabda önə keçirdi. Hər kəs mənim avtoqolumdan sonra çaşqınlıqla mənə baxırdı. Oyundan sonra baş məşqçimiz mənə yaxınlaşaraq sənin yerin hücum xəttidir dedi və bununla da mən hücumçu kimi çıxış etməyə başladım. Həmin mövsümün ardından hücumçu kimi başqa bir komandaya transfer oldum. Belə demək, mümkünsə, öz qapıma vurduğum qolla hücumçu oldum. Hər dəfə bu hadisə yadıma düşəndə gülürəm.

 

Söhbətləşdi: Tural Məmmədov

Xüsusi olaraq “Gencaile.az” üçün

Sivas, Türkiyə

Sebahettin Tekin -1Sebahettin Tekin - 5Sebahettin Tekin - 4