res

Ağlı çaşdıran illüziya

Baxış sayı: 1. 976

Bu gün internetdə kifayət qədər illüziyaya əsaslanan fiqurlar, nöqtələr və ya görüntülərə rast gəlmək olur. Hansısa bir insanın şəklinə və ya fiqura baxır, sonra isə ətrafda həmin görüntünü görürük. Elə görüntülər də var ki, onlara bir müddət baxdıqda hərəkət etdiyini görmək olar. Bunlar hamısı optik illüziya – görünən predmet və ya hadisə haqqında həqiqətə uyğun olmayan təəssüratdır. İnternetdə axtardıqca kifayət qədər bir-birindən maraqlı aldadıcı görüntülər tapmaq olar. Bəs, həqiqəti olduğu kimi görməməyimizin səbəbi nədir? Niyə gözlərimiz bizi aldadır?

Psixoloq Elnarə Bağırovanın sözlərinə görə, optik illüziyadan anlayışı olmayanlar belə bir hadisə ilə rastlaşanda bunda nə isə bir qeyri-adilik görə bilərlər: “Elə adamlar da var ki, illüziyalara mistik don geyindirir. Əslində isə bu aldadıcı görüntüdür. İllüziya gerçək mövcud obyektin təhrif olunmuş şəkildə görünməsidir. İllüziya həm fiziki, həm də psixiki sağlam insanlarda yarana bilər. İllüziyaların müxtəlif növləri var: fiziki, optik, səsli, verbal, funksional, optik, orqanik, funksional və s”.

E.Bağırova bildirib ki, fiziki illüziyalar dünyada baş verən fizika qanunları ilə izah olunur. Məsələn, bir hissəsi içində su olan şüşəyə salınmış qaşıq və ya qələm suya toxunduğu hissədən qırılmış kimi görünür. Bu görüntü aldadıcır. Qələm qırılmış kimi görünsə də, hamı onun bütöv olduğunu və suya salındığı üçün stəkandan belə göründüyünü bilir. Gözlərimiz bizi aldatsa da, burada mistik heç bir şey yoxdur.

İllüziya yalnız görüntüyə əsaslanmır. Duyğu orqanlarımızla bağlı illüziyalar da olur. Psixoloqun dediyinə görə, duyğularız da gözlərimiz kimi bizi aldada bilir. Affekt illüziyaların qorxu və narahatlıq nəticəsində əhvalın dəyişkənliyi ilə bağlı yaranır. Verbal illüziyalar isə ətrafdakı insanların söhbətlərinin təhrf olunmuş şəkildə qəbulunun nəticəsində yaranır. Cümlə də bir neçə sözü eşidib onu başqa cür anlaya bilərik. Hansısa bir sözü başqa cür eşidə bilərik və s. Orqanik illüziyalar zamanı isə real mövcud olan obyektin forması, böyüklüyü, rəngi, yerləşməsi, hərəkətsiz durması və ya hərəkət etməsi reallığa uyğun olmayan tərzdə görünür. Bu illüziya nəticəsində insan bədəninin müxtəlif hissələrinin dəyişdiyini görə bilər. Bu hallar əsasən psixi xəstə insanlarda müşahidə olunsa da, görmə qabiliyyətində pastologiyası olan insanlarda da rast gəlinir.

Funksional illüziyalar nəticəsində təxəyyüldə, məsələn, mürəkkəb xalça naxışları, ləkə, qəhvə izlərinə əsasən şəkil və hadisələr canlanır. Xüsusilə də, təxəyyülü güclü olan insanlarda funksional illüziyalar daha tez-tez və sürətlə yarana bilir. Onlar müəyyən fiqurlara və ya hansısa bir mənzərə şəklinə baxaraq orada müxtəlif obraz və predmetləri görə bilərlər. Divara düşmüş su ləkəsini şlayapalı qadına, itə, hansısa heyvana və ya əşyaya da bənzədir, müəyyən hadisələrin baş verdiyini də təsəvvür edirlər. İllüziyaya əsaslanan bu cür oyunlardan uşaqlar geniş istifadə edir. Buludlara baxaraq, onları müxtəlif əşya, insan və ya heyvanlara bənzədilməsi buna misal ola bilər.

Bağırovanın sözlərinə görə, optik illüziyalar zamanı beyin aldanır. Biz hansısa bir şəklə baxır, lakin beynimizdə tamam başqa şəkil və ya hərəkətlər yaranır. Beyin gördüyümüz obyektlərin rəngini, yerləşməsini, işığın hansı tərəfdən düşdüyünü, küncləri, xətləri, quruluş və formanı bir anlıq təhlil edərək təxəyyülümüzdə gerçəklikdən fərqli görüntlülər canlandırır.

Psixoloq qeyd edib ki, optik illüziyalar çox maraqlıdır, hətta dünyada optik illüziya muzeyləri də var: “Bizdə optik illüziyalar əsasən yeniyetmələrin marağına səbəb olur. Onlar optik illüziyaların müxtəlif növlərini, rəsmləri internetdən axtarıb tapır, yaşıdları ilə zarafat edirlər. Lakin bu haqda məlumatlı olmayan uşaqlar bundan qorxuya düşə də bilərlər”.

Onun dediyinə görə, optik illüziya yaradan bəzi fiqur və rəsmlərə, xüsusilə də, kompüterdə çox baxdıqda baş ağrıları yaranır, gözlər sulanır. İnsan müvəqqəti orientasiyasını da itirə bilər.

Qeyd edək ki, görmə qabiliyyəti dəqiq olan insanlar belə optik yalanları görməkdə çətinlik çəkirlər. Optik illüzyaların bir çox maraqlı təbii və insanlar tərəfindən yaradılan növləri var. Anamorfoza və ya 3D rəsmlər, Eymsin otağı, dərinlik, ölçü və rəngin aldadıcı görüntüsünü verən optik illüziyalar, hərəkət edən optik illüziyalar, çevrilmiş rəsmlər optik illüziyalar və s. İllüziyaların məşhurları o qədər inandırıcı olur ki, insanın ağlını çaşdırır. Misal üçün, optik illüziya yaradan Eymsin otağı layihəsi amerikalı oftalmoloq Albert Eyms tərəfindən hazırlanıb. Otağa kənardan baxdıqda o, adi düzbucaq otaq kimi görünür. Əslində isə belə deyil. Otaq trapesiya formasındadır. Lakin otağın döşəməsindəki dama-dama naxışı divar və tavandakı rəsmlər otağı düzbucaqlı göstərir. Həm də optik illüziya nəticəsində otağın bir küncündə oturan insan otağa girişdən baxan insana nəhəng kimi, otağın digər kümcündə dayanan isə çox balaca görünür. İllüziya o qədər inandırıcıdır ki, otaqda hərəkət edən insanlar kiçilib böyüyən görünür.

Optik illüziyaların bu üstünlüklərindən film çəkilişlərində, fotoşopda, rəsmlərdə, hətta makiyaj və qrim də geniş istifadə olunur.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir