aile

Ailə münaqişəsi zəminində baş verən cinayətlərin sayı niyə artır?

Baxış sayı: 881

Son zamanlar ailə münaqişəsi zəminində baş verən cinayətlərin sayı artıb. Statistika təhlükəli tendensiyadan xəbər verir. Bəs bunun əsa səbəbi nədir, ekspertlər nə düşünürlər?

Baş verən cinayətləri şərh edən psixoloq Dəyanət Rzayevin fikrincə, ailə münaqişəsi zəminində törədilən cinayətlərin qarşısını heç bir ölkədə almaq olmur. Onun sözlərinə görə, ailədə cinayət törədənlər, adətən bir neçə dəfə həbsxana həyatı yaşayan şəxslər olur: “Bizdə cinayətlərin qarşısını almaq üçün cəzaçəkmə müəssisələri nəzərdə tutulub. Təəssüflər olsun ki, bizdə islahat müəssisəsi yoxdur. Cəzaçəkmə müəssisəsi islahat müəssisəsi kimi nəzərdə tutulmayıb. Cəzaçəkmə müəssisəsində insanlar islah olunmur. Burada söhbət cinayətkarı tapmaqdan getmir. Söhbət ondan gedir ki, cinayət baş verməzdən əvvəl qarşısını almaq lazımdır. Praktikada tez-tez rastlaşıram, kişi ailəsində arvadına, uşaqlarına işgəncə verir. Qanunla şikayət etmək də olmur. Onu da deyim ki, çox vaxt qadınlar ərləri tərəfindən üzləşdikləri işgəncələrlə bağlı şikayət etmirlər. Şikayət olunanda da polis heç nə edə bilmir. Sadəcə, polis xəbərdarlıq edərək deyir ki, bir də belə iş tutma. Burada sosial durum nəzərə alınmalıdır. Amma bizdə sosial xidmətlər sıfır vəziyyətindədir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var. Birbaşa bu komitənin səlahiyyəti olmalıdır ki, ailələrə müdaxilə etsinlər, nəzarətə götürsünlər”.

D.Rzayevin fikrincə, cinayət baş verməzdən əvvəl profilaktiki tədbirlər görülməlidir: “Profilaktiki tədbirlərin olmaması cinayətlərin artması ilə nəticələnir”.

Psixoloq hesab edir ki, əksər hallarda uzun müddət istirahətin olmaması, maddiyyat məsələləri, seksual xarakterli problemlər və s. insanın zorakılıq etməsinə gətirib çıxarır. Onun sözlərinə görə, baş verə biləcək konfliktlərin əsasını təşkil edən alkoqolizmin, narkomaniyanın və psixi pozuntuların profilaktikası və müalicəsi aparılmalıdır: “Ailədə aqressiya tez–tez rast gəlinən haldır. Çox təəssüf ki, ondan heç kim sığortalanmayıb. Zorakılıq ailə dəyərlərinə, ümumiyyətlə, münasibətlərə yarası çətin sağalan zərbə vurur.Belə zorakılıq halları baş verdikdə ailənin üzvləri bir-birinin düşməninə çevrilir, çox zaman ailə dağılır, cütlüklər və onların uşaqları psixoloji travma alır. Adətən ailə zorakılığı cinayətə şərait yaradır ki, bu da sonda azadlıqdan məhrum olma faktına qədər gətirib çıxara bilir.Statistik məlumatlara görə, hər dördüncü cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verir. Bu fakt artıq bu məsələnin ön plana çıxarılmasının vacibliyini göstərir.Belə getsə, ailə münaqişələri zəminində baş verən cinayətlər kriminologiyanın bir hissəsinə çevriləcək.Ailədaxili zorakılıq insana müxtəlif dərəcəli zərər vurulmasına gətirib çıxarır. Bura tənqid, təhqir, şəxsiyyətin alçaldılması, hətta ölüm faktları daxildir.

Ekspert əlavə edir ki, Azərbaycanda sosial psixoterapiya inkişaf etməyib.

aile

Vəkillər Kollegiyasının üzvü, Əli Hüseynov bildirir ki, ailələrdə baş verən cinayətlər sosial durumla bağlıdır. Onun sözlərinə görə, ailələrdə cinayətləri əsasən bazar iqtisadiyyatı dövründə anadan olan şəxslər törədir: “Azərbaycanda sovet dövrünü görən insanlar çox az hallarda cinayət törədirlər”.

Onun bildirdiyinə görə, bəzi ailələrdə maliyyə durumunun səviyyəsinin aşağı olması münasibətlərin kəskinləşməsi ilə nəticələnir.

Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərən Elmira Axundova isə hesab edir ki, əhalinin müəyyən hissəsində aqressivlik yüksəlib, ümumi mədəniyyət isə aşağı düşüb: “Əlbəttə ki, hər zaman və hərbir ölkədə ailə daxilində müəyyən məişət zorakılığı olubvə təəssüfki, bundan sonra da olacaq. Amma son illər bu bəla Azərbaycanda daha bariz və geniş şəkildə özünü biruzə verməkdədir. Demək olar ki, hər gün mətbuatda, KİV-də, televiziya ekranlarında şahidi oluruq ki, hansısa ailədə kimsə məişət zorakılığının qurbanına çevrilib.Rəsmi orqanların statistikasına görə də, bu cür hallar doğurdan da son illər əhəmiyyətli dərəcədə artıb.Bütün bunlar sanki cəmiyyətin SOS siqnalıdır və cəmiyyət bizlərdən təsirli tədbir gözləyir. Amma maraqlısı odur ki, cəmiyyətin özündə kriminal hadisələr, o cümlədən qəddar məişət cinayətləri həddən artıq olduğu halda nədənsə bütün bu ölüm, zorlama, bıçaqlama faktları qeyri-hökumət təşkilatlarının o qədər də ciddi reaksiyasına səbəb olmur. Son iki-üç ildə məişət zorakılığının qurbanı olan yüzlərlə cavan qız və qadın bıçaq və ya döyülmə ilə həyatlarını itiriblər. Mən bilirəm ki, bu cür zorakılıqların səbəbləri müxtəlifdir, məsələn, xarici döyüş filmləri, təcazüvü özündə əks etdirən bilgisayar oyunları və s. Amma bununla ciddi şəkildə mübarizə labüddür. Biz maarifləndirmə və təbliğat xarakterli tədbirləri keçirsək də, bunu əsasən Bakı, Gəncə, Sumqayıt kimi iri şəhərlərdə edirik.Toplanaraq böyük və möhtəşəm salonlarda öz-özümüzə məruzələr edirik.Lakin təəssüf ki, əyalət yenə də cəhalət içindədir. Hesab edirəm ki, nazirlik və komitələr maarifləndirici tədbirləri yerlərdə, kənd və qəsəbələrdə keçirməlidirlər”.

Elmira Axundovanın sözlərinə görə, bu məsələnin qarşısını almaq üçün ikinci ən təsirli vasitə isə sosial roliklərdir: “Bir çox ölkələrdə, elə Türkiyənin özündə narkomaniya, içki, siqaretə qarşı əks təbliğat xarakterli roliklər mütəmadi bütün kanallarda göstərilir və faydası da böyükdür. Rusiyada tanınmış şəxslər bu cür roliklərdə iştirak edərək narkomaniya, içki, siqaret kimi pis vərdişlərin zərərlərindən danışır, məsləhətlərini verirlər”.

Ekspertlərə görə ailə zorakılığının, ailə üzvlərindən birinin digərinə qarşı aqressiya tətbiq etməsinin səbəbləri müxtəlifdir:

1) İnsan psixikasının pozulmasına gətirib çıxaran davamlı stress vəziyyəti. Əksər hallarda uzun müddət istirahətin olmaması, maddiyyat məsələləri, seksual xarakterli problemlər və s. insanın gərgin yüklənməsinə gətirib çıxarır. Belə problemlərlə üz-üzə qalan fərd qarşı tərəfdən də anlaşılmazlıq gördükdə qeyri-ixtiyarı zorakılıq tətbiq edir. Müasir dövrdə gərgin stressin bir çox ideal ailələrin belə dağılmasına gətirib çıxarması halları çoxdur.

İnsanlar bir-birini böyük məhəbbətlə sevə və uzun müddət bir yerdə ola bilərlər. Amma baş verə biləcək istənilən xoşagəlməz situasiya (məsələn, işi itirmək, avtomobil qəzası, yanğın və s.) ailə əsasının çökməsinə gətirib çıxara bilər. Belə problemlər öz arxasınca maddi-mənəvi sıxıntıları gətirir. Məsələn, işini itirmiş kişi spirtli içkilərə qurşana bilər ki, bu da qeyri-iradi ailədə münaqişəyə, o da eyni zamanda zorakılığa gətirib çıxarır. Bu situasiyada konfliktlər “ər-arvad” və ya “ata-uşaq” çərçivəsində baş verir. Belə ki, içkili vəziyyətdə olan şəxs qeyri-ixtiyarı həyat yoldaşı və ya uşağına zor tətbiq edə bilər. Bir çox qadınlar uşaqlarının xətrinə həyat yoldaşlarının zərbələrinə dözür, lakin bu, əsasən yaxşı halda qadının uşaqlarla evi tərk etməsinə, pis halda isə qadının həyat yoldaşının aqressiyasından özünü müdafiə etməsinə gətirib çıxarır ki, bu da ya fiziki travma, ya da ölümlə nəticələnir.

2) Ailədaxili münaqişələrin artmasında öz məhşurluğuna görə stress situasiyalarından sonra qısqanclıq faktı ikinci yerdə durur. Belə zorakılığın paradoksluğu onda ola bilər ki, çox vaxt qısqanclıq əsassız olur. Qısqanc insanla isə həyat cəhənnəmə dönür. Belə ki, qarşı tərəfə ən səmimi hissi olan şəxs əks tərəfin hər hərəkətini, hər baxışını izləyərək lazımsız şeylərdən problem yarada bilir.

3) Seksual xarakterli problemlər. Bu problemlər əsasən kişilərə xas olur. Belə problemin yaranma səbəbi cinsi zəifliyin ortaya çıxmasıdır. Cinsi zəifliklə üzləşən kişilər əsəb hissi keçirirlər və qadınının ətrafındakı hər kəsi, hətta özünü günahlandırırlar.

4) Psixi pozuntular. Çox təəssüf ki, bu səbəb sonuncu hədd sayılır və xüsusi müəssisələrdə müalicə tələb edir. Psixi pozuntudan əziyyət çəkən insanlara psixoloji kömək etmək lazımdır ki, onlar qarşısı alınmaz hərəkətlər törətməsinlər. Qeyd etmək lazımdır ki, psixi pozuntudan əziyyət çəkən insanlar da adi şəxslərlə eyni hüquqa malikdirlər və yardım almağa haqları var.

Ailədaxili zorakılığın müzakirəsi bu gün çox vacib və çətin məsələdir. Öncə ailələrdə baş verən konfliktlərin mütəxəsislər tərəfindən mütəmadi diaqnostikası aparılmalıdır. İkincisi, lazım olan halda tibbi yardım tətbiq olunmalıdır. Üçüncüsü, lazım olan halda hüquq mühafizə orqanlarının və tibbi müəsisələrinin iştirakı olmalıdır. Və nəhayət, bütün baş verə biləcək konfliktlərin əsasını təşkil edən alkoqolizmin, narkomaniyanın və psixi pozuntuların profilaktikası və müalicəsi aparılmalıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir