usaq

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilikləri nə vəd edir?

Baxış sayı: 686

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında əsasnaməyə əlavə və dəyişikliklər edilməsi ilə bağlı layihə hazırlayıb.

Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva bildirir.

Komitə rəsmisi qeyd edir ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var: “Komissiya haqqında əsasnamə mövcuddur. Dövlət Komitəsi sözügedən əsasnaməyə əlavə və dəyişikliklər edilməsi üçün layihə işləyib hazırlayıb. Dəyişikliklərdə komissiyanın ştat cədvəlinə soisal işçi ştatının əlavə edilməsi nəzərdə tutulub. Belə ki, müvafiq sahədə fəaliyyətin daha səmərəli təşkilinə dəstək olmaq məqsədilə sosial işçilərə ehtiyac duyulur.

Digər dəyişiklik təklifi Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya ilə Qəyyumluq və Himayəçilik Komissiyasının vahid tərkibdə birləşdirilərək fəaliyyətini Uşaq məsələləri üzrə komissiya kimi davam etdirməsi ilə bağlıdır. Nəzərdə tutulan dəyişikliklərə əsasən vahid qurum olaraq fəaliyyət göstərəcək komissiya qəyyumluq və himayə məsələləri ilə yanaşı, əsasnamədə əksini tapan digər səlahiyyətləri yerinə yetirəcək”.

usaqlar

Müdir müavini vurğulayır ki, layihədə öz əksini tapmış digər təklif komissiyaların ildə iki dəfə və ya hər ilin sonunda öz fəaliyyətləri ilə bağlı Dövlət Komitəsinə hesabatlar təqdim etməsini nəzərdə tutur: “Belə ki, təqdim olunan hesabatlar əsasında Dövlət Komitəsində təhlillər aparılması və komissiyaların fəaliyyətinə dair ölkə hesabatının Nazirlər Kabinetinə təqdim olunması planlaşdırılır. Həmçinin layihədə, intizam tədbiri olaraq uşaqları tərbiyəsinə, səhhətinə mənfi təsir göstərə biləcək hallardan müdafiə etmək məqsədilə onların bəzi yerlərə getmələrinə, yaxud müəyyən şəxslərlə ünsiyyətdə olmalarına bəzi qadağaların tətbiqi təklif edilir. Ümumilikdə layihə tamamlanmaq üzrədir. Razılaşdırıldıqdan sonra təsdiqi ilə bağlı müvafiq dövlət orqanına təqdim olunacaq”.

ehmed qesemoglu

Məsələyə “Gencaile.az üçün münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu  yenilikləri müsbət qiymətləndirdiyini deyir: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təklif etdiyi bu dəyişiklikləri müsbət qiymətləndirirəm. Faydalı dəyişikliklərdir. Bəli,  müvafiq sahədə fəaliyyətin daha səmərəli təşkilinə dəstək olmaq məqsədilə sosial işçilərə ehtiyac duyulur.  Qeyd etmək istərdim ki, son iki ildir ki, mən mətbuatda, TV- lərdə  dəfələrlə  çıxış etmişəm və göstərmişəm ki, indiki vaxtda cəmiyyətimizdə ciddi, öz peşəsinin öhdəsindən gələ bilən sosial işçilərin  fəaliyyətinə böyük ehtiyac vardır. Mən hələ bununla bağlı konkret layihə də təklif etmişəm. Komitənin də fəaliyyətində ciddi sosial işçilərin fəaliyyətinə yer ayrılmalıdır.”

Komissiyaların birləşdirilməsini də dəyərləndirən sosioloq  deyir ki, komissiyalarıla bağlı planlaşdırılan dəyişiklik də müsbət addımdır: “Komissiyaları birləşdirmək və yeni yaranan qurumun fəaliyyətini müasir tələblərə uyğun, elmi əsaslarla qurmaq lazımdır. Yəni  bir-birinin işini təkrar edən Komissiyaların formal birləşməsindən yox, keyfiyyətcə faydalı bir strukturun yaranmasından danışmaq lazımdır. İnşallah, nəticə yaxşı olar.”

 

Təqdim etdi: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir