bicaq

Ailədə dəhşətli qətllər; səbəb nədir?

Baxış sayı: 418

“Ər arvadını qəddarlıqla öldürdü”, “Ər arvadını vəhşicəsinə qətlə yetirdi” başlıqlı xəbərlərə, bəlkə də hər gün rast gəlirik. Belə ailədaxili cinayətlərdə uşaqlara qarşı zorakılıq və qətl hadisələri də yer alır.

Azərbaycan ailəsi hər zaman müqəddəs sayılıb. Ailə insanın xoşbəxtliyi, həyatının mənası anlamına gəldiyi halda ailə üzvlərinin bir-birinə qarşı vəhşiliklərinin səbəbi nədir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məişət zəminində baş verən cinayətlərin əsas səbəbi ailə münaqişələridir. Ailə münaqişlərinin çoxu qısqanclıqla bağlı olur. Ailə üzvünün narkotik maddə, alkoqol istifadəçisi olması nəticəsində də ailə münaqişələri çox qeydə alınır.

Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki, qadınların çoxu həyat yoldaşları tərəfindən zorakılığa məruz qalır: “Öldürülən qadınların çoxunun qatili həyat yoldaşları olur. Azərbaycanda məişət zorakılığının çoxu qəsdən sağlamlığa yüngül zərər vurma (döyülmə) ilə bağlıdır”.

Onun dediyinə görə, məişətdaxili zorakılığın səbəbləri ailə münasibətlərinin, ailənin təməlinin düzgün qurulmamasından qaynaqlanır: “Yetkinlik yaşına çatmayan qızların ərə verilməsi, yəni erkən nikah hallarının əksəriyyətinin sonu bu cür münaqişələrə və cinayətlərə gətirib çıxarır. Həm fiziki, həm də psixoloji baxımdan yetkin olmayan qız uşağı ailənin yükünü daşıya bilmir. Ondan tələb olunanların öhdəsindən gələ bilmir”.

Psixoloq Raminə Həsənova bildirir ki, öncə ailə qurmağa hazırlaşan şəxslər xarakter, şəxsiyyət tiplərinin bir-birinə uyğun gəlib-gəlmədiyini dəqiqləşdirməlidirlər: “Əfsuslar olsun ki, bundan hər adamın başı çıxmır və hər kəs buna fikir vermir. Cütlüklər görüşməyə başladıqda ikisi də eyni yeri gəzməyi sevir, eyni rəngi sevir və düşünürlər ki, “bizim xasiyyətlərimiz tutur” və ailə həyatı qururlar. Onlar bir-birini yaxşı tanımırlar, problemlər, fəqrli situasiyalar zamanı necə reaksiya verəcəklərini bilmirlər. Diqqət etmək lazımdır ki, sevgi münasibətlərində tərəflər maskalanır və bir-birinə ancaq yaxşı tərəflərini göstərirlər. Ailə qurduqdan sonra isə hər iksinin fərqli üzü ortaya çıxır, bu isə münasibətlərdə bir çox problemlərin yaranmasına gətirib çıxarır. Əsasən tərəflərin bir-birinə uyğun gəlməməsi, güzəştə getməməsi, bir-birini anlamaması, hər hansı bir xoşagəlməz hadisəyə, hərəkətə tez reaksiya vermələri konfliktlərə səbəb olur. Elə adamlar da var ki, dözür-dözür, amma bir anda partlayır”.

Həsənova qeyd edir ki, ailə üzvlərinə qarşı cinayət törətmək ağır bir haldır: “İnsan necə ağır vəziyyətə salınmalıdır ki, cinayət törətsin. Qısqanclıq nəticəsində, ailədə olan söz-söhbətə görə, namus üstündə kişilər arvadlarını öldürür. Adətən ailədaxili cinayətlər edən şəxslər paranoid olurlar. Etdiyi cinayətin nə dərəcədə ağır olduğunu dərk etmir, özlərində olmurlar. Azərbaycanda belə bir deyim var “hirsli başda ağıl olmaz”. İnsan özünü idarə edə bilmədikdə də cinayət törədir. İnsanı öldürmək asan bir iş deyil. İnsanın həyatına qıyanlar, arvadını, balasını öldürənlər insani hissləri olmayanlardır. Qəddar, empatiya qura bilməyənlər başqalarını öldürməyə qadirdir”,- deyən psixoloq əlavə edib ki, uşaqları öldürmək ən böyük günahdır: “Bir ata və ya ana uşağını öldürürsə, cəmiyyət tərəfindən qınanılır, bu cür hərəkət edənləri heç kim qəbul etməz. Həyatda nə baş versə də, valideyn övladını öldürməməlidir. Normal psixoloji durumu olan insanlar övladına qıya bilməz”.

Onun sözlərinə görə, əsasən 4 tipdə olan insanlar ailədaxili cinayətlərə meylli olur: “Ailə həyatının alınmadığını düşünən, həyatdan küsən insanlar. Belə qatillər hesab edir ki, onun ailə üzvləri onun arzuladığı ailə həyatını dağıtmaq üçün hər şey ediblər. Övladlar ataların göstərdiyi yol ilə getmir. Onun düzgün saydığı dini inanclara, dini görüşlərə əməl etmir, onun nümunəvi saydığı həyat tərzini sürmür, onun adətlərini alt-üst edirlər. İkinci tip özündən razı qatillərdir. Onlar həyatlarında baş verən bədbəxtlikdə başqa ailə üzvünü günahlandırırlar. Məsələn, həyatı uğursuz alınıb, istədiklərini həyata keçirə bilməyib və həyat yoldaşını öldürməklə uşaqlarının gözündə onu günahkar çıxarmaq istəyir. Boşandıqları üçün günahı arvadında görərək də onu qətlə yetirə bilərlər. Digər tip qatillərin şüuraltısında ailədəki maddi vəziyyətin yaxşı olması məhz onların ailəsi ilə bağlıdır. Əgər onun pulları qurtarırsa, bunda şüuraltı olaraq ailəsini günahlandırır. Paranoid şəxslər də ailə üzvlərini öldürməyə qadirdir. Belə insanlarda müəyyən qorxular olur. Onlar hər şeydən şübhələnir. Məsələn, onlara elə gəlir ki, arvadı kimlərləsə sözləşib uşaqlarını onun əlindən alacaq. Ona daim elə gəlir ki, arvadı kimləsə görüşür və qaçacaq. Belə hallarda o, arvadını qətlə yetirir ki, ailəsini saxlaya bilsin”.

Valideynlərin uşaqlarını öldürməsinə gəlincə, o bildirir ki, bunun müxtəlif səbəbləri olur və əsasən qatil öz ailəsindəki davranışa görə öz indiki ailəsindən, uşaqlarından qisas alır: “İnsan uşaqlıqda qəddar münasibət, qəddar hərəkətlə üzləşibsə, yetkin olduqdan sonra bunu öz üzərinə köçürür və uşaqlarına tətbiq edir. İnsan özü onunla olan qəddar hərəkəti xatırlamaya da bilər. Normal ailədə tərbiyə alan, sevgi ilə əhatə olunan insan özü də ailə qurduqda ailəsində bu ab-havanı yaradır”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir