aile

Ailələr hansı səbəblərsən dağılır?

Baxış sayı: 170

Bu il Azərbaycanda 11 mindən çox ailə dağılıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Komitədən bildirilib ki, 2020-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 26 312 nikah qeydə alınıb. Qeydə alınmış boşanma hallarının sayı isə 11 089 olub. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.

Şübhəsiz ki, bu hal cəmiyyətdə ciddi narahatlıq doğurur. Ona görə ki, səbəblər müxtəlif olsa da, bəzən ən adi problemlər baş verən zaman cütlüklər yollarını ayırırlar. Müəyyən iddialara görə, boşanma hallarının çoxalmasına səbəb olan amillərdən biri pandemiya ilə bağlıdır. Psixoloqlar çıxış olaraq tərəflərin ailə qurmazdan öncə müəyyən psixoloji testlərdən keçməli olduqlarını tövsiyə edirlər. Təbii ki, boşanmaların qarşısını tamamilə almaq qeyri-mümkündür. Bəs, hansı tədbirlər görülməlidir ki, ayrılan cütlüklərin sayı nisbətən də olsa azalsın.

aile

“Qadın və İnkişaf” Mərkəzinin rəhbəri Pərvin Məmmədovanın açıqlamasına görə, ailə quran şəxslər çox vaxt yaxşı düşünmürlər. Birlik sədrinin qənaətincə, boşanmaya səbəb olan amillərdən biri xarakterlərin uyğun gəlməməsidir:

“İndiki məqamda pandemiya da boşanmaya səbəb olan faktlardan biridir. Yəqin ki, gənclərin təcrübəsizliyi də müəyyən qədər rola malikdir. Çünki gənclər adətən tək yaşayır və böyüklərdən uzaq olurlar.

Ailə institutu ilə bağlı ölkəmizdə müəyyən işlər aparılır, layihələr keçirilir. Lakin maariflənmə hər zaman lazımdır. İndi həyat bir az ağırdır.

Əslində gəncləri də çox qınamaq düzgün olmazdı. Çünki ailə quran şəxslərin ikisi də işləməli olur, bilmirlər ki, övladlarını hara qoysunlar. Bir sözlə, qaçhaqaçdadırlar. İndi həyat belədir. Amma maariflənmə geniş aparılsa, müsbət təsirlər ola bilər. Yaxşı olardı ki, maariflənmədə yaşlı nəsil də iştirak etsin”.

aile

P.Məmmədova qeyd edir ki, ailədə mübahisələrə səbəb olan faktlardan biri də informasiya bolluğudur:

“Bu dəqiqə həyat mürəkkəbdir, informasiya olduqca çoxdur. Gənclər bilmir ki, vacib olan informasiyanı oxumaq lazımdır. Onlar nə gəldi oxuyurlar. Bunlar da vəziyyəti mürəkkəbləşdirir, münasibətlərə zərbə vurur.

Çünki informasiya əsrində yaşayırıq. Təbii ki, informasiya kommunikasiya texnologiyalarında istifadə etmək lazımdır. Lakin bütün  bunlar müsbət  hallarla yanaşı, xoşagəlməz məqamlara da yol açır.

İnsanlar ailə qurmazdan öncə yaxşı düşünməli, bir-birini tam şəkildə tanımalıdırlar. İndiki zəmanədə vəziyyət olduqca kritikdir. Əksər çətinliklərin öhdəsindən gəlmək mümkündür.

Əsas odur ki, tərəflər arasında qarşılıqlı hörmət olsun. Bu, çox vacibdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir