bosanma

Ailələr niyə dağılır? – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 1. 275

Son illərdə ölkəmizdə boşanma sayının sürətlə artması bu prosesin ailələr üçün adi hala çevirildiyini ortya qoyur. Mütəxəssislərin fikirincə. Azərbaycanda boşanmaların səbəbləri sırasında ilk yerləri nikaha girən tərəflərin maddi maraq güdməsi, valideynlərin övladlarını evlənməyə məcbur etməsi və xarici görünüşə önəm verilməsi tutur: Nikaha girəndən sonra isə fərqli düşüncə və əxlaq sahibləri olduğu meydana çıxır və ailədə problemlər yaranır. Valideynlərin təkidi ilə ailə quranların əksəriyyəti qan qohumlarıdır. Qan qohumları arasında qurulan ailələrdə isə sonsuzluq və xəstə uşaqların doğulması kimi problemlər yaranır.Həmçinin sonsuzluq və xəstə uşaqların doğulması ər-arvad arasında müəyyən problemlər yaradır, onların psixoloji durumlarına təsir edir və bu da sonda həmin ailənin dağılması ilə nəticələnir.

Şübhəsiz, boşanmaların səbəblərindən biri də ərin xəyanətidir. Qadın ərinin başqa biri ilə qeyri-rəsmi yaşadığından xəbər tutduqda əksər hallarda boşanmağa qərar verir.

Ailələrin dağılmasında məişət zorakılığının da rol oynadığını qeyd  etməliyik. Ailələrdə daha çox qadınlar və uşaqlar zorakılığa məruz qalırlar. Bu, qadınların öz hüquqlarını bilməməsi, savadsızlığı ilə əlaqədardır. Zorakılığa məruz qalan qadın çıxış yolu kimi boşanmanı görür. Ailədaxili zorakılıqdan daha çox əziyyət çəkənlər isə uşaqlar olur. Nikah pozularkən valideynlər mütləq uşaqların maraqlarını nəzərə almalıdırlar.

bosanma

Psixiatr Azad İsazadə bildirir ki, boşanma məsələsi ölkə üçün böyük bir problemə çevrilib, lakin onu tam mənfi bir cəhət kimi qiymətləndirmək doğru deyil: “Boşanmanın kifayət qədər müsbət məqamları da var. Bəzi vaxtlarda insanların problemlərdən çıxış yolu yalnız boşanmadan keçir. Belə ki, ailə zorakılığı, kişinin alkoqola qurşanması və ya qadının xəyanəti baş verdiyi halda yeganə çıxış yolu boşanmaq olur. Bəzi vaxtlar isə psixoloji və ya fizioloji problemlər boşanmaya şərait yaradır. Buraya xüsusilə anormal cinsi həyat da daxildir. Ailələr məhkəmə prosesində boşanma səbəbi ilə bağlı reallığı demirlər və yalnız gözə görünən tərəfləri göstərirlər ki, maddi durumu yaxşı deyil, ailəyə baxmır və.s. Lakin heç bir ailə məhkəmədə çıxıb demir ki, cinsi həyatımız anormaldır.”

Rayonlarda insanların adət-ənənə ilə ailə qurduğunu bildirən mütəxəssis bu səbəbdən regionlarda boşanmaların az olduğunu söyləyir: “Regionlarda boşanma ayıb sayıldığına görə insanlar ailələrini dağıtmırlar. Ölkədə ailə problemləri ilə çox ciddi şəkildə məşğul olmaq lazımdır. Çox təəssüf ki, Azərbaycanda bununla tək-tük təşkilatlar məşğul olur. Digər tərəfdən ölkədə ailə qurmağın hazırlığı da kifayət qədər aşağıdır. Əvvəlki illərdə bu problemlə bağlı məşğul olan hər hansı bir təşkilat yox idi. Buna baxmayaraq insanların ailə qurmaqla bağlı öz adət ənənələri var idi. Belə ki, ailə qurmadan öncə hər iki şəxs həri, nişan kimi mərasimlərlə uzun müddətli tanışlıq prosesindən keçirdilər. Nəticədə tərəflər bir-birilərini daha yaxşı tanıyırdılar. İndi ki, dövrdə isə bütün mərasimlərin hamısı bir günə salırlar və qısa bir zaman ərzində ailə qurulur. Problem isə ailə qurulduqdan sonra ortalığa çıxır.”

Psixiatrın bildirdiyinə görə, ailələrin ən böyük problemi həm də mənzil və iş təminatlarının olmaması ilə bağlıdır: “Boşanmanın əxlaqa heç bir aidiyyəti yoxdur. Əgər boşanmanın 10 səbəbi vardırsa, onlardan yalnız bir əxlaqla bağlı ola bilər. Şəhər şəraitində informasiya, dəstək və məsləhət almaq asan olduğu üçün insanlar öz hüquqlarını müdafiə edə bilirlər. Boşanmanı reallıq kimi qəbul etmək lazımdır. Bəzi vaxtlar boşanma insan həyatı üçün şans olur ki, həyatını təhlükədən qurtarsın. Eyni halda boşanmanı müsbət bir iş kimi də dəyərləndirmək doğru olmasa da bu bir reallıqdır.”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı təhlillər göstərir ki, gələcək ər-arvadın özlərinin bir-birilərini seçdikləri və nikaha daxil olarkən özlərinin həlledici qərarlar verdikləri nikahlar daha dözümlü olurlar.

bosanma

Sosioloq Gülay Cəfərova valideyn müdaxiləsini də xüsusi vurğulayır: “Nikaha daxil olarkən valideynlərin müdaxiləsi nikahın dözümlülüyünə mənfi təsir göstərir. Nikah pozulması hallarında daha çox göstərilən səbəb cütlüklərin xarakterlərinin uyğun gəlməməsidir. Məlumdur ki, boşanma proseslərində “xarakterin uyğun gəlməməsi” bəyanatları ilə boşananlar əksər hallarda öz addımlarının motivlərini gizlətməyə çalışırlar. İctimai rəy əmindir ki, insanları boşanmaya hər şeydən öncə ər-arvaddan birinin narkomaniya və alkoqolizmi təhrik edir. Daha sonra azalan sıra ilə ər və ya arvadın xəyanəti, pis maddi vəziyyət, uşaqların olmaması, qohumların ailə işlərinə qarışması, xarakterlərin uyğun gəlməməsi, şəxsi evin olmaması, uzun müddət ayrı yaşamaq, nikaha mənəvi-psixoloji cəhətdən hazır olmama gəlir”. Araşdırmalardan aydın olur ki, boşanma amillər kimi əhalinin az təhsilli kateqoriyası maddi-iqtisadi sıradan olan (iqtisadi və mənzil şəraiti) səbəbləri, daha təhsilli kateqoriya isə mənəvi-əxalqi və psixoloji sıradan olan (ailənin işlərinə qarışma, xəyanət, mənəvi-psixoloji cəhətdən yetişməmək) səbəbləri qeyd etməyə meyllidirlər. İctimai rəyin nöqteyi-nəzərlərinə görə, nikahın saxlanmasına ən vacib səbəb ümumi uşaqlara sahib olmadır. Nikahın saxlanması motivlərinin digərləri daha az əhəmiyyətlidir. Onlar arasında daha çox qeyd olunanı hər şeyin düzələcəyinə ümid etmək, milli və dini adətlər, valideynlərin, qohumların və dostların qınağı və həyat yoldaşından maddi asılılıqdır: “Əhalinin yarıdan çoxu -53 faizi boşanmada hər iki tərəfin bərabər dərəcədə günahkar olduğunu bildirir, 18,5 faiz günahı ərlərin, 13,5 faiz isə arvadların üzərinə qoymağa meyllidirlər. Əhalinin 15 faizi isə hesab edir ki, boşanmada ər və arvaddan heç biri günahkar deyil, hər şey vəziyyətdən asılıdır. Boşanma zamanı uşaqların anaları ilə qalmaları fikri hökmranlıq edir”.

bosanma

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, boşanmaların sayının artması ölkədə ailə münasibətlərində ciddi böhranın olduğunun göstəricisidir: “Rəsmi statistikadan başqa, qeyri-rəsmi nikahda olanlar, yeni vətəndaş nikahı və dini nikahda olub boşananların sayını biz dədiqləşdirə bilmirik. Eləcə də erkən nikahda olub, amma resmi nikahı olmayanlar da var”. Mehriban xanım deyir ki, hər bir ailənin öz dramı var. Boşanmaların səbəbləri müxtəlifdir, lakin ümumi tendensiyalarda əsas təsir amilləri var: “İnsanlar bir-birlərinə inanmırlar, əslində evlənən cütlüklər arasında qarşlılıqlı inam və etibar olmalıdır. Lakin ailə quran şəxslər gələcək həyatını sığortalayacaq hüquqi addımları kifayət qədər nəzərə almırlar və bu yöndə addım atmırlar. Əsasən də nikah müqaviləsinin bağlanması məsələsində”.

Birlik sədri hesab edir ki, hazırda ailə münasibətlərinə kənar müdaxilə var: “Bunlar qohumluq münasibətlərindən tutmuş, sosial şəbəkələrə qədər olan münasibətlərə qaynaqlanır. Əvvələr ailədə böyüklük ailə dəyərələrinin möhkəmlənməsinə yönəlik idisə, indi bu addımlar daha çox dağıdıcı rol oynayır”. Mehriban Zeynalova qeyd edir ki, bu problemlərə görə valideyinlər uşaqların taleyi ilə maraqlanmırlar. Əvvəllər ailənin təməlini qoruyan, saxlayan qadınların davranışlarında da ciddi dəyişiklik nəzərə çarpır: “Digər bir hal isə hər iki tərəfin xəyanət etməsi və bunu normaya çevirməsidir. Belə ki, hətta bu münasibətlər də ciddi assosial hal alıb. İndi qadınlar arasında xəyanətin artması ciddi siqnaldır və bunun qarşısının alınması qarşılıqlı öhdəlik və məsuliyyətin dərk edilməsi ilə mümkün ola bilər. Yeri gəlmişkən, öhdəlik və məsuliyyət hissi ilə ailə qurulmasına şüurlu daxil olmayan tərəflər də çoxdur. Bu, sadəcə nəsil artırma missiyasına bənzəyir. Ailələr ya romantika – sevgi, ehtiras əsasında və yaxud da tərəflərin valideynlərin israrı ilə qurulur”.

Ailədə tərəflərin inellekt səviyyəsinə uyğun qurulmasının da bəzən bu boşluqlardan biri olduğunu deyən Mehriban Zeynalova bizim cəmiyyətdə təbəqələşmə prosesinin dərin kök saldığını və insanların daha çox bu əsarətin altında olduğunu vurğulayır: “Onlar düşünür ki, özlərindən aşağı təbəqə ilə ailə qursalar, bu zaman hakimyyət onun əlində olmalıdır. Ailədə hökümranlıq uğrunda mübarizə də ailənin dağılmasına təsir edir. İndi qadınların da bunun üçün mübarizə aparması maraqlı obyektdir. Ailədə birgə qərardan çox, hakimlik hissi özünü göstərir. Ailədə zorakılıq faktoru da boşanmalara təsir edir”.

Mehriban xanımın fikrincə, boşanmaların sayının çox olması, yalnız psixoloji faktorla ölçülə bilməz, bir ailə çevrəsindən kənarda baş verənlərin ailələrə təsirini mütləq nəzərə almalı və sosial psixoloji faktın da ailələrin dağılmasında rolu qeyd olunmalıdır: “Cəmiyyətdə aqressiya , qadınlar haqqında xoşa gəlməyən miflərin formalaşması, kişilərin cəzasız qala biləcəyi düşüncələri, qadınlar haqqında əlçatanlıq düşüncəsi, iş yerlərində zorakılıq, psixoloji və ya seksuaıl gərginliklər də ailəyə transfər edilən səbəblərdir”.

 

Təqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir