AILE

Ailələrimizin möhkəm olması üçün nə etməli? – POLEMIKA

Baxış sayı: 154

Ailə dəyərləri tarix boyu bizim üçün önəmli olub, bu mövhumu hər şeydən üstün tutmuşuq. Məhz buna görə ailəni kiçik dövlət adlandırırıq. Bu dövlətin möhkəm olması, zəif bir təkandan sarsılmaması üçün nə etməliyik? Nə etməliyik ki, cəmiyyətimizin əsasını təşkil edən ailələrimiz möhkəm olsun? Sadə vətəndaşların və müvafiq qurumların üzərinə düşən vəzifələr hansılardır? Beləliklə, ailəni qorumağın yolları mövzusunda “facebook” sosial şəbəkəsində açdığımız müzakirəni sizə təqdim edirik. Daha doğrusu, sözügedən məsələ ilə bağlı arqumentli fikirlər səsləndirənlərin yazdıqları ilə siz də tanış olun.

 

“Tövbə toxluqdan, üz-göz yoxluqdan”

Gülcahan Əlimərdanova hesab edir ki, ailə müqəddəsdir: “Onu hər cür pislikdən, haramdan qorumaq lazımdır. Ailənin möhkəm olması ailə başçılarından, birbaşa onların bir-birinə olan münasibətlərindən asılıdır. Məncə, bünövrəsi dostluq, sevgi və inamla qoyulan ailə hər xırda hadisələrdən sarsılmaz”.

Günel Səmədova deyir ki, söhbət normal, pis vərdişlərdən uzaq olan “kiçik dövlət”dən gedirsə, hər iki tərəfin üzərinə çox böyük məsuliyyət düşür: “Onları sadalamaq istəməzdim. Amma sosial-iqtisadi problemlər müəyyən müddətdən sonra həmin “dövlət”i sarsıdır. Ha cəhd edirsən, ha çabalayırsan, təsir özünü göstərir. Buna görə də ailələrin möhkəm olması, dözümlülüyü üçün ailə başçılarının işləməsi vacibdir. Bundan əlavə, normal məvacib olmalıdır ki, ailə dolana bilsin. Nənəm demişkən, “tövbə toxluqdan, üz-göz yoxluqdan”. Düşünürəm ki, hər şey olmasa da, çox şey puldan asılıdır. Düzdür, çətinlik müvəqqəti olsa, insan heç şor-çörək də yeməz, ac qalar. Amma davamlı olsa, ailə sarsılar. Böyük adamın ac qalmasına nə var ki? Uşaqlar böyüyür, yemək, geyim istəyirlər, üstəlik, təhsil almalıdırlar. Bu zaman söz-söhbətin olması qaçılmazdır”.

 

Hər şey puldan asılı olsaydı…

Sevda Məmmədova isə fərqli düşünür. Onun sözlərinə görə, hər şey puldan asılı olsaydı, şahzadə Diana həyat yoldaşından ayrılmazdı: “Həzrət Əli buyurub ki, ehtiyac igidi də əyər. Amma ailə bambaşqadır. Əlbəttə, ailədə qadın işləmirsə, uşaqlara baxmaq, evi dolandırmaq kişinin üzərindədirsə, çətin olar. Düşünürəm ki, ailənin ayaqda dura bilməsi üçün qadınlar da çalışmalıdırlar”.

Elməddin Abdullayev deyir ki, ailənin möhkəm tellərlə bir-birinə bağlanması üçün iki gəncin bir-birini yaxından tanıması başlıca şərtdir: “Fikrimcə, sağlam ailənin təməlinin qoyulmasında başlıca şərt tərəflərin bir-birlərinə bələd olmasıdır, gələcəkdə onları nəyin gözlədiyini əvvəlcədən dərk etmələridir. Sadəcə, şəhvət hissinə söykənən, kimlərə isə özünü göstərmək xatirinə, ya da protokol qaydası – “maşınım var, evim var, bir arvad da alıb valideynlərimin yanında qoyum, özüm yenə kefimdə olum” prinsipi ilə qurulan ailələrin ömrü uzun olmur. Bəzən bir-birini tamamlamayan gənclərin bu cür ailə həyatı uzun sürsə də, hər gün söz-söhbətlə, qan-qaraçılıqla müşayiət olunur. Həmin ailələrdə böyüklər özlərini bədbəxt sayır, ömürlərinin məhv olub getdiyini düşünür, uşaqlar isə ən böyük stress yaşayırlar”.

 

“Qanunlarda dəyişiklik olmalıdır”

Sona Bayramovanın fikrincə, ailənin zəif təkandan sarsılması onun əvvəlcədən sağlam qurulmaması ilə bağlıdır: “Ailə kiçik dövlətdir və buraya kənar qurumların müdaxiləsi yersizdir. Ailə ilə bağlı qanunlarımızda dəyişiklik aparılsa, bəlkə də ailələr hər cəfəngiyat üstündə ayrılmazlar. Məsələn, belə bir qanun ola bilər ki, ailə qurduqdan yalnız 3, ya 4 il sonra ayrılmağa icazə var. Bəzən iki tərəf arasında narazılıqlar baş qaldırır ki, bu da başadüşüləndir. Nəzərə almaq lazımdır ki, hərə bir ailədən çıxıb, xasiyyətlər, davranışlar, hər şey fərqlidir. Uyğunlaşmaq üçün isə vaxt tələb olunur. Bu vaxtı isə təəssüflər olsun ki, gənclər gözləmirlər. Amma qanun yol verməsə, cəzadan qorxduqları üçün səbir etməyə məcbur olacaqlar. Zamanla da hər şey yoluna düşəcək”.

Sonanın düşüncəsinə görə, bir ailənin möhkəm olması üçün pul hər şey olmasa da, çox şeydir: “Maddi durumun yaxşı olmaması da ailələrin dağılmasına gətirib çıxarır. Elə bir uşağın körpəliyindən 18 yaşına kimi olan xərclərini hesablamaq kifayətdir. Qaldı ailədə 2,3 uşaq ola”.

 

“Təmiz ailədə puldan söhbət gedə bilməz”

Xəyalə Babayeva isə ailənin möhkəm olmasını pulla bağlamayanlardandır. Onun sözlərinə görə, təmiz, saf, vicdanlı ailədə puldan söhbət belə gedə bilməz: “Bunu ən azından özümün və yaxın rəfiqələrimin ailəsində görmüşəm. Nə qədər çətinlik olsa da, valideynlərimiz hər zaman bir-birinə dəstək olub, xüsusən də analarımız. Biz də onlardan nümunə götürməliyik. Təəssüf edirəm ki, indiki gənc valideynlər övladlarından öncə öz geyimlərini, istirahətlərini düşünürlər. Bunları az düşünsələr, ailədə söz-söhbət də olmaz, övladlarını da normal böyüdə bilərlər”.

Sevda Alışova Azərbaycan ailələrində yaşanan problemlərin böyük əksəriyyətini erkən yaşlı nikahla əlaqələndirir: “Sonradan tərəflər arasında kiçik bir anlaşılmazlıq ailənin dağılmasına səbəb olur. Eləcə də maddi sıxıntı bəzi hallarda ailənin dağılmasına gətirib çıxarır. Amma bütün hallarda “kiçik dövlət” olan ailəmizin möhkəm olması, zəif bir təkandan dağılmaması üçün hər bir çətinliyə qarşı dözümlü olmalıyıq”.

 

“Gənclər daha çox ev, maşın həvəsindədirlər”

Zəminə İsmayılova Ağazadə hesab edir ki, ailədə hörmət, güzəşt, xüsusən də sevgi yoxdursa, orada ailədən əsər-əlamətin olmaması deməkdir: “Ailə qavramı kişi və qadının bir-birinə güzəştə getməsi, biri atəş olanda digərinin su olmasıdır. İndiki gənclərin əksəriyyəti sevgidən, hörmətdən çox ev, maşın, gəzmək, əyləncə həvəsindədirlər. Bir az çətinliyə düşəndə isə “bizimki alınmır” deyib boşanırlar. Qısası, indiki zəmanənin gəncləri maddiyyata daha çox üstünlük verirlər. Təbii ki, bu da ailəyə zərbə vurur”.

Azər Şəbiyevin fikrincə, bu gün ailənin məsuliyyətini dərk etmədən yuvalar qurulur ki, bu da çox zaman uğursuzluqla nəticələnir: “Xüsusilə kənar müdaxilələr bu “kiçik dövlət”i süquta uğradır. Zərərçəkən isə uşaqlar olur. Yarımçıq ailələrdə böyüyən uşaqlar cəmiyyətdə öz yerlərini tapa bilmirlər. Ailənin sevgi, hörmət üzərində davam etməsi üçün isə hər iki tərəf əmək sərf etməlidir. Xüsusən bu işdə kişinin üzərinə böyük məsuliyyət düşür. Kişi kişi olsa, ailəsini yumruq kimi saxlayar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir