aile

Ailə münaqişələri – reallıqlar və şişirdilən rəqəmlər

Baxış sayı: 1. 967

Məişət zorakılıqlarından ən çox əziyyət çəkən uşaqlardır; problemə münasibətdə isə ekspertlərin fikirləri haçalanır; xaricə yanlış informasiyalar ötürənlər də

Azərbaycanda ailə institutunun tarixən dərin, möhkəm kökləri, özünəməxsus dəyərləri mövcuddur. Azərbaycan bəlkə də dünyanın yeganə ölkəsidir ki, burada insanı (həm kişi, həm də qadın) xarakterizə edərkən digər keyfiyyətləri ilə yanaşı, onun ailəcanlı, qayğıkeş ata (ana) olması da xüsusi vurğulanan məqamdır. Müxtəlif parametrlər üzrə müqayisələr aparsaq, əcnəbi ölkələrlə müqayisədə Azərbaycanda ailə institutunu və onun dəyərlərini, belə demək mümkünsə, ideal adlandırmaq olar.
Ailə institutuna həssas yanaşma təkcə şəxslər səviyyəsində deyil. Dövlət səviyyəsində bu məsələyə xüsusi önəm verilir. Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mövcudluğu da bunun təsdiqidir. Həmçinin, prezident İlham Əliyevin sərəncamları ilə dövlət səviyyəsində xüsusi ilə gənc ailələrin problemlərinin həlli istiqamətində müxtəlif layihələr icra olunur.
Aztəminatlı ailələrə ünvanlı sosial yardımların ayrılması, güzəştli ipoteka kreditləşməsi, sosial evlərin tikintisi və s. də buna sübutdur.
Ancaq təəssüflər olsun ki, son illərdə Azərbaycanda ailə problemlərinin, münaqişələrin artmasına dair iddialar və faktlar da mövcuddur. Bəri başdan qeyd edək ki, burada biz şişirdilən rəqəm və faktları da müşahidə etməkdəyik. Bəzən bu problemə yanaşmada söhbət həyəcanlı notlar üzərində aparılır, bir vahimə yaradılır; belə təsəvvür yaranır ki, sanki Azərbaycanda qadınlara qarşı kütləvi zorakılıqlar baş verir. Düzdür, qətl hadisələri də, zorakılıq halları da mövcuddur. Amma faktlar da onu deyir ki, 100 faizlik şkala ilə hesablasaq, ümumən konfliktlər, münaqişələr, narazılıqlar maksimum 10 faiz ailədə baş verir. Elementar bir nümunə: hər kəs öz qohum-əqrəbasına, qonşularına nəzərə salsın. Məgər bütün ailələr davalı, konfliktlidir? Maksimum 10 ailədən 1-də belə problemlər mövcuddur.
 
Qətllər, qəsdən sağlamlığa xəsarət yetirmələr isə üst-üstə heç 0,5 faiz təşkil etmir. Bu nisbət ən sakit Avropa ölkələri ilə müqayisə olunacaq səviyyədədir. Sadəcə, Azərbaycanda ailə institutu tarixən möhkəm olduğundan, “avropalaşmaya” qədər bu faktlar daha az baş verdiyindən o qədər də diqqət cəlb etmirdi… 
Rəsmi rəqəmlər də onu deyir ki, ölkədə məişət zəmnində qadınlara qarşı törədilən cinayətlərin sayı əksər dünya ölkələri ilə müqayisədə azdır. Məsələn, zorakılıqların ən çox qeydə alındığı illərdən biri olan 2016-cı ilin 10 ayında zorakılıqla bağlı cəmi 1800-ə yaxın  cinayət qeydə alınıb və həmin cinayətləri törədənlərin hər biri ağır şəkildə cəzalandırılıb…
Ailə münaqişələri məsələsindən danışarkən boşanmalar və onların səbəbləri öndə gələn amildir. Ekspertlər bildirir ki, boşanmaların səbəbləri müxtəlif olmaqla yanaşı, bu məsələdə bir mədəniyyət formalaşmaması da bir çox hallarda zorakılıqlara rəvac verir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mediaya açıqlamasında bildirib ki, əsas problem bir çox hallarda qızların ailə qurmağa fiziki, psixoloji cəhətdən hazır olmamasıdır. Bunların nəticəsində problemlər yaranır.
H.Hüseynova deyir ki, qadınların maddi cəhətdən asılılığı da bir faktordur: “Son dövrlər bölgələrdə qadınların sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində tədbirlər görülür. Müşahidələr göstərir ki, qadının iqtisadi baxımdan müstəqil və güclü olduğu ailələrdə normal mühit yaranır. Həmin qadın maddi cəhətdən ailəsinə kömək edə bilir. Belə ailələrdə sağlam düşüncəli uşaqlar böyüyürlər. Təhsilli qadın hər zaman çalışacaq ki, uşaqları təhsil alsın, irəli getsin. Təəssüf ki, bu gün cəmiyyətimizdə problemli ailələr də var, məqsədimiz onlarla işləməkdir. Qadınlarımız bilir ki, onların arxasında güclü dövlət müdafiəsi dayanır”.
Bir məqama da xüsusi diqqət yetirək: Bəzən şahidi oluruq ki, qadınlara qarşı zorakılıq məsələsindən kimlərsə hansısa maraqları naminə beynəlxalq təşkilatlara yanlış statistika təqdim edirlər və bundan da Azərbaycana qarşı istifadə olunur. Məsələn, hüquq müdafiəçisi, Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, BMT-nin “Qadınlara qarşı zorakılıq, onun səbəb və nəticələri üzrə”  xüsusi məruzəçisinə məişət cinayətləri zəmnində Azərbaycanda bir ildə 145 ölüm halının olması barədə yalan məlumat verilibmiş: “Əslində isə məişət zorakılığı cinayət xarakterli ola bilər və cinayət xarakterli olmaya bilər. Bizdə məişətdə baş verən zorakılıqların əksəriyyəti gizli qalır, ailə daxilindən kənara çıxmır. Təbii, məişət zorakılığı, erkən evlilik halları var. Amma məişət zəmnində qətllərin sayı, xüsusən qəddarlıqla qətlə yetirilmə halları il ərzində bir neçə dəfə ola bilər. Sadəcə bəzi maraqlı qüvvələr belə dezinformasiyalar verməklə Azərbaycan xalqının vəhşi obrazını yaratmağa cəhd edir”.
QHT sədri deyir ki, bizdə məişət zorakılığını doğuran səbəblər öyrənilmir: “Bütün günahları kişilərin üstünə atmaqla (əlbəttə kişilərin də günahı var) işini bitirmiş hesab etmək olmaz. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir işdir. Kompleks tədbirlər zəruri hüquqi bazanın, o cümlədən inzibati cəza və cinayət təqibinə imkan verən qanunvericilik aktlarının qəbulu, mexanizmlərin yaradılması, zorakılığın xəbərdar edilməsi, zorakılığın qarşısının alınması, qurbanların müdafiəsi, reabilitasiyası kimi tədbirləri əhatə etməlidir.
Məişət zorakılığı yalnız kriminal xarakterli deyil. Ona görə də məişət zorakılığına qarşı mübarizə yalnız Cinayət qanunvericiliyi ilə aparıla bilməz. Məişət zorakılığına qarşı mübarizənin hər tərəfli və kompleks şəkildə həyata keçirilməsi, məişət zorakılığının profilaktikasının təmin edilməsi məqsədi ilə 2010-cu ildə ”Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edilib. Bu qanun məişət zorakılığı zəminində baş verən zorakılığın qarşısının alınması mexanizmlərinin yaradılması və tənzimlənməsi məqsədini güdür. Qanunun əsas yükü ailə münasibətlərinin qorunması ilə bərabər, həm də zorakılıqdan zərər çəkən şəxslərin sosial mühafizəsini təmin etməkdir.
Təəssüflə qeyd edim ki, qanunun tətbiqi ilə bağlı ciddi problemlər qalmaqdadır. Məişət zorakılığının qarşısının alınmasına yönələn qısamüddətli və uzun müddətli mühafizə orderinin tətbiq olunması praktikası genişlənmir. Yerlərdə qadın polislərin olmaması zorakılığa məruz qalan qadınların polisə müraciətini əngəlləyir (mentalitet məsələsi). Yardım mərkəzləri yaradılmayıb. QHT-lərin yaratıqları yardım mərkəzləri (sığınacaqlar) mövcuddur, lakin onların yeganə maliyyə mənbəyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasıdır”.
Bu məsələdən sui-istifadə edilərək, xaricdə dinimizə qarşı da kampaniya aparılır. “Qadınlara qarşı zorakılığı ayrı-ayrı xalqların adət-ənənələrinə, yaxud da dinə bağlamaq istəyirlər”. 
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu günlərdə təşkil olunan “Qadınlara qarşı zorakılığa yox deyək” mübarizə kampaniyasına həsr olunmuş tədbir zamanı deyib. O qeyd edib ki, dinlərin hər birində qadınlara çox böyük hörmət bəslənilir: “İslam tolerant din olaraq qadınlara qarşı zorakılığın bütün hallarını pisləyir. Qadınlar Allahın əmanəti adlandırılır. İslamda təhsil, xüsusilə də qızların təhsili mühüm yer tutur. Biz analarımıza, bacılarımıza daim diqqət və hörmət göstərən xalqıq. Ermənilər Xocalıda azərbaycanlılara qarşı min bir faciə törədiblər. Lakin Azərbaycan əsgərləri əsir götürdükləri erməni qadınlarına qarşı heç bir zorakılıq etməyiblər, onları geri qaytarıblar. Çünki bu, bizim tərbiyəmizdə var”.
Hüquq müdafiəçisi Mehriban Zeynalova isə deyir ki, son illərdə qadınlara qarşı zorakılıq, qətl halları artıb:“Bu ölümlərin əksəriyyəti uşaqların gözü qarşısında olur və ən çox uşaqlar travma alır. Bəs səbəb nədir? Bütün günahların səbəbkarı qadındırmı? Biz Azərbaycan kişisini qətiyyən aşağılamaq fikrində deyilik. Çünki biz oğullarımızı, qardaşlarımızı, həyat yoldaşımızı, atamızı aşağılasaq, özümüz də eyni vəziyyətdə görünərik. Sadəcə zorakılıqdan zorakılıq törəndiyinin fərqindəyik və məsələlərin sivil və qanuni yolla həllini, qanunvericiliyin sərtləşməsi və bu məsələlərdə məsul şəxslərin öz işinə məsuliyyətli yanaşmasını istəyirik. Niyə zorakılıq törədən kişi üçün məcburi psixoloji reabilitasiya mərkəzi olmamalıdır, zorakılığa rəvac verib kişini qıcıqlandıran qadın məcburi psixoloji yardım almamalıdır? Niyə aya min ailə boşanmalıdır? Biz köhnə sterotiplərin aradan qalxmasını, sivil cəmiyyət qurulmasını istəyirik. Səbəbin nə olmasına baxmayaraq, hansısa qadının öldürülməsi sıradan bir hadisə deyil və bu, cəmiyyətdə öz izini qoyur”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirir ki, bu cür məsələlər ictimailəşsə, qarşısı qismən alına bilər:“Sözsüz, zorakılıq edən cəzasını alacaq. Ancaq bu məsələni xüsusi ilə telekanallarda ictimailəşdirmək lazımdır”.
Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd edir ki, qloballaşmanın sürətlə getdiyi bir vaxtda istər qadınlar, istərsə də kişilər arasında dəyərlər sürətlə dəyişir: “Kişilər daha çox adət-ənənələri sanki qoruyub saxlamağa meyllidirlər. Qadınlarda isə istər eşitdikləri informasiyalar, istər sosial şəbəkələr, istərsə də düşdüyü mühitin təsiri altında azadlıq, demokratiya haqqında yalançı təsəvvürlər yaranır və onların davranışlarında sürətli dəyişmələr baş verir. Belə olan halda isə təbii ki, iki tərəf arasında gərginlik yaranır. İstənilən cəmiyyətdə get-gedə mənəvi dəyərlərə diqqət bəsləməyəndə orada həmişə gərginlik çoxalır”.
“21-ci Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynovanın fikrincə, ailə-məişət məsələlərindəki problemlərin səbəbləri obyektiv araşdırılmalıdır: “Əlbəttə, istənilən bir zorakılığa qarşıyıq. Amma bu məsələdə yalnız kişiləri qınamaqla iş bitməz. Təbii, faktlar onu göstərir ki, münaqişəli ailələrdə əsasən kişinin xarakteri, davranışları normal deyil və doğmalarına qarşı zorakılıqlar edir. Bəzən isə biz şahidi oluruq ki, ailədə konfliktin baş verməsində günahkar qadındır. Axı Azərbaycan xalqının özünəməxsus dəyərləri var: qadının qadın yeri, kişinin kişi yeri var. Bir çox hallarda qadınların əndazəni aşması, ailə dəyərləri çərçivəsini pozması ailə münaqişəsinə səbəb olur.
Təbii, zorakılığa görə kişilərə haqq qazandırmaq olmaz və belə hallar cinayətdir. Amma bizim əsas işimiz cinayətə səbəb olan halları aradan qaldırmaq olmalıdır. Yalnız bu halda məsələnin uğurlu nəticəsi olacaq. Və çalışmalıyıq ki, faktlar şişirdilməsin, xaricdə kimlərsə bunu dövlətimizə qarşı kampaniyaya çevirməsinlər. Azərbaycanda qadınlara qarşı kütləvi zorakılıq baş verirmiş kimi yanlış görüntü yaradılmamalıdır”.
Elşad MƏMMƏDLİ



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir