efzeleddin R

Ailə münasibətlərində yanlış qavram – 3-CÜ YAZI

Baxış sayı: 501

Ailə münasibətlərinə mənfi təsir edən 10 yanlış idrak xətasından ikisi haqqında, yəni; “nəticə almağa tələsmək” və “müsbətləri silmək” barəsində məlumat vermişik. Bu məqalədə də yanlış qavramlardan olan “ifrat ümumiləşdirmə” və “şəxsiləşdirmək” haqda söhbətimizi davam etdiririk:

 

 3. İfrat ümumiləşdirmə (overgeneralization)

İfrat ümumiləşdirmə, bir hadisəni ifrati şəkildə hər bir şeyə aid etmək və ümumiləşdirməkdən ibarətdir. Belə bir yanlış qavrama düşən insan, əksər hallarda “heç vaxt”, “həmişə”, “hər kəs” kimi ümumiləşdirici sözlərdən istifadə edir.

Onlar çox zaman bir hadisə və ya vəziyyətə əsaslanaraq onu ümumiləşdirməyə meyillidirlər. Məsələn, “mənim heç bəxtim gətirmədi”, “heç kim mənə hörmət etmir”, “hamı bir-birinin quyusunu qazır”, “hamı pul düşünür”, “heç kimə yaxşılıq yoxdur”, “heç kimə etibar yoxdur”, “mən heç vaxt xoşbəxt olmayacam” və sair kimi düşüncələri və inancları ehtiva edir.

Ailədə isə bu özünü bir çox sadə və mürəkkəb hallarda biruzə verir. Ümumiləşdirmə olaraq, “bütün kişilər xəyanət edir”, yaxud “arvada etibar yoxdur” kimi bayağı düşüncələrdən tutmuş “sən heç vaxt düzələn deyilsən”, “sən həmişə beləsən”, “mənim yerimdə kim olsa belə edər, belə düşünər” kimi mürəkkəb qavramlar görülə bilər.

Məsələn, xanımın həyat yoldaşı ona bir dəfə yalan danışıbsa, onun heç bir sözünə inanmır və onun həmişə yalan danışacağı və yalançı olduğu qənaətindədir. Daha narahatedici amil budur ki, o, bunu öz ərinə davamlı olara hiss etdirir.

Yaxud ər xanımının nə zamansa hansısa hədiyyəni bəyənmədiyini əsas götürərək daim onun naşükür olduğuna eyham vurur. Yaxud da valideyninin, bacı-qardaşının müqabilində hansısa xoşuna gəlməyən hərəkəti etdiyinə görə yoldaşına “sən həmişə mənim başımı aşağı etdin, sən heç vaxt mənim ailəmə hörmət qoymadın” kimi ifadələrlə ittiham edir.

Burada diqqət etmək lazımdır ki, cütlüklər bunun həqiqətən də belə olduğuna inanırlar, zarafat, yaxud başqa məqsədlərlə demirlər. Hətta dilə gətirməsələr belə, bunun belə olduğuna inanırlar. Sözsüz ki, bu da onların duyğularına zərbə vurur və sağlam əlaqələr yarada bilmirlər.

Belə düşüncələr həm düşüncə sahibini, həm də qarşı tərəfi yaralayır, onun təfəkküründə və hisslərində acı xatirələr buraxır. Çünki əslində bu düşüncələr sözə və rəftara, hətta mimikaya və bədən dilinə yansıdığı üçün bir hücumdur.

Ər, yaxud xanım həyat yoldaşının bu sözlərlə ona qarşı haqsızlıq etdiyi qənaətinə gəlir, təhlükə hiss etdiyi üçün avtomatik olaraq beyin özünümüdafiyə formasında qərarlaşır. Nəticədə həm alçalmış və haqsızlığa uğramış  və həm də qarşı tərəfi rəqib görən ər, ya xanım ona inam və etimadını itirir. Ondan gələcək təhlükələr üçün həmişə hazır vəziyyətdə dayanır. Möhkəm ailə təməlləri üçün zəruri sayılan emossional bağlılıqlar zərər görür, Əlaqələr sağlamlığını itirir, məmnunluq hissi minimuma enir və nəticədə ailə problemləri həll etmək qabiliyyətindən məhrum olur.

Hansısa bir əməl, hadisə onun bilərəkdən, sizə zərbə vurmaq məqsədilə olduğuna və yenidən təkrarlanacağına zəmanət vermir. Siz yanlış rəftarı və onu yaradan səbəbləri araşdırıb gələcəkdə bunun belə olmamasına ortaq yol axtarmalısınız. Bunun təkrarlanmaması üçün məntiqi tədbirlər görməlisiniz. Biz keçmişdə aşdığımız mənfi hadisələrdən, zərbələrdən təsirlənərəkneqativ düşünürük və onların mənfi nəticələrinin həyatımızda əks etdiririk. Halbuki, baş verən hadisələr və rəftarlar oxşar olsa da fərqli səbəblərdən qaynaqlana bilər.

 

4. Şəxsiləşdirmək (personalization)

Daxilən sıxıntıda olan şəxslər ruhən əzabdadırlar. Düşüncələri daim iztirabda və nigarandır. Buna əsasən də, xoşagəlməz bir hadisə və vəziyyəti müşahidə etdikləri zaman bunun onlarla əlaqədar olduğunu düşünürlər. Məsələni bir növ şəxsiləşdirirlər. Lakin məsələni və hadisələri diqqətlə analiz etdiyimiz zaman onların sözügedən şəxslə heç bir əlaqəsi olmadığını, yaxud çox az əlaqədar olduğunu görürük. Sadəcə onlar məsələni şəxsiləşdirərək birbaşa özləri ilə əlaqələndirib reaksiya verirlər.

Şəxsiləşdirmə iki növdür: Özünə qarşı, başqasına qarşı.

 

1) Özünü günahkar saymaqla şəxsiləşdirmə

Bunun özü də nəticə etibari ilə iki növdür:

Birinci: Cütlərdən biri baş verən hər şeyi üzərinə alır və “mən günahkaram” deyir. Ona aidiyyatı olmayan məsələdə belə özünü günahkar sayır. Bu da özünəinamın itməsi və sui-istifadə hallarına səbəb olur. Məsələn əri tərəfindən davamlı döyülən, təhqir edilən xanım “bu mənim günahımdır, mən filan səhvi etməsəydim məni döyməzdi”-deyə özünü günahlandırır.

Yaxud övladının yanlış hərəkətinin məsuliyyətini tam olaraq öz üzərinə götürən valideyn “mən pis anayam, yaxud yaxşı ata deyiləm”-kimi nəticə ilə özünü günahlandırır.

Şəxs özünü boş yerə hadisənin müqəssiri bilir ki, əslində onunla heç bir əlaqəsi yoxdur və onu kontrol etmək qabiliyyətində belə deyil. Bu tip düşüncə və yanlış qavramlardaşəxs hər şeyi idarə etməyi bacarmalı olduğunuzu düşünür. Buna görə də hansısa bir vəziyyət yolunda olmadıqda, özünü günahlandırır.

Məsələn, həyat yoldaşı başqa bir qadınla ona xəyanət etdiyi zaman öz-özünə deyir: “müqəssir mənəm, daha gözəl olsaydım, həyat yoldaşımla daha çox maraqlansaydım bu baş verməzdi.”Bir halda ki, xəyanətin çoxsaylı səbəbləri və amilləri vardır.Əksər hallardaxəyanət olunan şəxsin onları kontrol etməsi mümkün deyil.

Ümumiyyətlə, bu halda şəxs özünü günahlandırmağa meyillidir. Bu da onda günahkarlıq, utanc və sair kimi sağlam olmayan hisslər yaradır.

İkincisi: İnsan özünü günahlandırdığı zaman bəzən bunun acığını bağqasından çıxır. Ər, yaxud xanım günahını paklaşdırmaq üçün tərs effektlə qarşı tərəfə nifrət etməyə başlaya da bilir.Əslində rabitələrin korlanması, özünü günahkar bilməklə birgə özünə nifrətin qarşı tərəfə olan nifrətdə əks etdirilir. Buna “ayna reaksiyası” da adlanır.

 

2) Başqasını günahkar saymaqla şəxsiləşdirmə

Burada şəxs baş verən hadisənin və rəftarın birbaşa onunla əlaqəli olduğunu fikirləşərək, qarşı tərəfə bədgümanlıq edir və istər-istəməz həm özünü şüuraltı qüsurlu sayır, həm də ona qarşı narahat duyğular bəsləyir. Məsələn, nə zamansa aralarında inciklik olmuş birinin ortaq dostlarının dəvətini qəbul etməməsi zamanı “mən orada idim deyə məclisə gəlmədi”, geyiminin ucuz olduğunu düşünərək varlı insanlarla birgə məclisdə olduğunda onlar öz aralarında nəyəsə güldüyündə “mənim geyimimə gülürlər”, yeni tanış olduğu çox danışmayan şəxsə qarşı isə “məni saymadı” deyə düşünür.

Ailədə də bəzən cütlərdən biri, yaxud hər ikisi qarşı tərəfin hansısa hərəkətinin səbəbini şəxsiləşdirir. Məsələn, ər xanımı onun istəyini yerinə yetirmədiyi zaman “məni sadə bilir, ona görə də belə edir”, ya “məni ər saymır, yoxsa belə etməzdi”-deyə düşünür. Xanım həyat yoldaşının hansısa bir hərəkətini “məni sevmir”, “mənə dəyər vermir” və sair kimi şəxsiləşdirir.

 

Nəticə

Sara adlı xanım hələ evliliyinin ilk illərində boşanmağa məcbur oldu. O, bunu önəmli və sarsıdıcı bir uğursuzluq kimi qəbul etdiyi üçün depressiv əhval-ruhiyyə ilə həyatına davam etdi. İnsanlara inamı qalmadı, özünəqapalı həyat sürməyə başladı. İş yerində belə heç kimlə danışmır, əlaqə yaratmır,  başını aşağa salıb kənara çəkilib sakitcə işləyirdi. Beləcə illər keçdi…

Sara bir gün evlərinin önündə yeni geyim mağazasının açıldığını gördü. İstəksiz də olsa, mağazaya daxil oldu. Satıcı oradakı şlyapalardan birini onun başına qoyub, “Bunu yoxlayın hələ, bəlkə bəyəndiniz”- dedi.

Sara başındakı şlyapaya mənasızca güzgüdə baxmağa başladı. Elə bu zaman ətəyinin ucundan kiminsə dartdığını gördü. Balaca bir qız ona sevinclə ona “Xala, bu sizə çox yaraşır, sankı şahzadəsiniz” dedi. Sara qızı öpərək təşəkkür etdi.

Elə bu zaman qızın anası da yaxınlaşıb, şlyapanın ona çox yaraşdığını və gözqamaşdırıcı olduğunu söylədi.

Satıcının da tərifləməsilə birgə şlyapanı almağı qərara alan Sara kassaya yaxınlaşıb sevincək halda onun pulunu ödədi. Kassir onu ehtiram və xoş üzlə yola saldı.

Sara işə gecikdiyi üçün oradan tez iş yerinə getdi. İlk qarşılaşdığı şəxs qapıçı idi. Qapıçı onu salamlayan Saraya dedi: “Sən bu gün nə qədər dəyişilmisən?!”

İş yoldaşı onunla salamlaşan Saranı görüb təccüblə dedi: “Sara sən necə də cazibədar və gözoxşayan görünürsən!”

İşdən çıxan zaman müdiri ilə sağollaşan Saraya o da  dedi: “Sara bu gün mükəmməl görünürsən!”

Qəlbi fərəhlə dolan Sara evinin qapısının zəngini vurdu. Anası qapını açdıqda, “Sən necə də gözəl və sevimli görünürsən? Nəsə olub?”

Sara dedi: “Bütün bunlar yeni aldığım şlyapanın cazibəsidir! İnanmazsan ki, hər kəs necə də mənə qarşı diqqət və alicənabliq göstərirdi.”

Anası təccüblə dedi: “Hansı şlyapa? Sənin başında şlyapa yoxdur axı!”

Sara əlini başına sarı uzatdıqda şlyapanın pulunu ödədiyini, ancaq özü ilə götürmədiyini anladı…

Əzizlərim, sizin özünüzə və başqalarına inamınız olmasa, bu rəftarlarınıza da təsir edəcək. Həmçinin, başqalarının da sizə qarşı rəftarları da bundan təsirlənəcək. Həmişə şlyapanızın başınızda olmasını təsəvvür edin! Çünki həyat eniş-yoxuşlarla doludur. İnsan isə təcrübəsiz…

Yaşaya-yaşaya öyrənirik. Uşaqlıqdan yanlış rəftarlarla üzləşə bilirik, anormal davranışlarla qarşılaşa bilirik. Bu acı təcrübələr qeyri-real xatirələrin zehnimizdə bir həqiqət kimi qavranmasına gətirib çıxarır. Elə buna görə də, duyğularımız, hislərimiz yaralı və qüsurlu olur. Biz öz yaralarımızı sarımasaq, müalicə etməsək, başqalarını da yaralayacayıq. Yəni, ailəmizi, övladlarımızı, yaxınlarımızı… Bu zəncirvari olaraq davam edəcək… Ta ki, aramızdan kimsə bunu durdurana qədər. İradə göstərməli, inanmalı və yanlış qavramlarla mübarizə aparmalıyır. Yoxsa həyat bax sizə söyləyəcəyim bu hekayədəki qazlar kimi uçub gedəcək. Yerində isə qırılmış qəlblər, hiddət, kin, qəzəb, yorğunluq və məyusluq qalacaq:

Bir gün iki dost ovçu birlikdə ova gedirlər. Bir də nə görsələr yaxşıdır? Çoxsaylı köçəri vəhşi qazlar yolüstü dayanaraq, dəryanın kənarında istirahət edirlər. Bundan çox sevinən ovçular, belə bir fürsəti ələ keçirdikləri üçün çox sevinirlər, tüfənglərini qazları vurmaq üçün hazırlayırlar.

Bir anlıq ovçunun biri deyir: Bunların ətindən gözəl sup bişirmək olar! O biri qaşlarını çatıb etiraz edir: Heç qaz ətindən də sup olar? Bunların yaxşı kababı çıxar! Mübahisələri düşür, o deyir, bu deyir, amma axırda razılaşırlar ki, ovlayacaqları qazların bəzisini kabab bəzisini isə sup etsinlər. Başlarını qaldırıb qazları ovlamaq istədikdə, nə görsələr yaxşıdır?! Qazlar çoxdan uçub gediblər…

Əzizlərim həyatda biz çoxsaylı fürsətlərlə qarşılaşırıq, amma onun haqda o qədər xırdalıqlara gedirik ki, bir də baxırıq ömür gedib, fürsətlər əldən çıxıb…

 

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Peşəkarailəmüşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir