aile

Ailə planlaması haqda ailələrimiz nə dərəcədə məlumatlıdırlar?

Baxış sayı: 121
“İki uşağım var, 3-cü haqda demək olar ki, düşünmədik də. Çünki iki uşağı böyütməyin çətinliyi bir tərəfə, həm də onların gələcəyini fikirləşdikcə, 3-cü uşağın olmasını istəmədik. Həm maddi, həm də fiziki cəhətdən çətindir” – bu sözləri bizimlə söhbətində Elnarə xanım dedi.
Amma Elnarə xanım kimi düşünən bir çox cütlüklərin olduğu zamanda Bərdədə 14-cü uşağı olan bir ailə gündəmə gəldi. Sosial şəbəkələrin müzakirə obyekti olan xəbəri kimi xoş bir hadisə olaraq qiymətləndirdi, kimi də indiki şəraitdə bunun o qədər də normal olmadığını yazdı.
Əslində nənə-babalarımızın vaxtında ailədə 10-15 uşaq normal sayılırdı. Amma dövr dəyişdikcə təkcə nəsillər yenilənmir, həm də tələblər dəyişir. Bəs tələblərin dəyişdiyi bu dövrdə 10-dan çox uşaq saxlamaq nə dərəcədə düzgün sayıla bilər? Çünki bəzən deyirlər ki, maddi cəhətdən uşaqları təmin edə bilərsənsə, çox uşaq saxlamaq çətin deyil. Amma problem tək maddiyyatla bitmir. Bəs valideynlər çox uşaq dünyaya gətirmək haqqında düşünərkən hansı amilləri də nəzərə almalıdırlar ki, gələcəkdə çətinliklə üzləşməsinlər? Ümumiyyətlə, ailə planlaması haqda ailələrimiz nə dərəcədə məlumatlıdırlar?
“Ailə planlaması məsələsinə xüsusi diqqətlə yanaşırlar”
Ailə, Qadın və Uşaq Promlemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova  açıqlamasında bildirdi ki, Azərbaycanda xeyli sayda çoxuşaqlı ailələr var: “Hər bir valideyn uşaqlara özünün gələcəyi kimi baxır. Özlərinin həyata keçirə bilmədikləri arzulara övladları vasitəsilə çatacaqlarına əmindirlər. Hər ailədə uşaq bir arzu aləmidir. Bu baxımdan da bizdə hər zaman çoxuşaqlı ailələr olub. İndi də 4 və ya daha çox uşaqlı kifayət qədər ailələr var. Ailələr və ailə tərkibi haqqında ətraflı məlumat əhalinin siyahıya alınmasında öz əksini tapır. 2009-cu ildə 4 və daha çox uşaqlı 126 700 ailə olub. Əhalinin növbəti siyahıya alınması isə 2019-cu ildə olacaq”.
A.Veysəlova deyir ki, cütlüklər ailə planlanması məsələsinə diqqət edirlər: “Zamanın tələbini əsas gətirib deyirlər ki, çox uşaq dünyaya gətirmək həm fizioloji, həm də bioloji cəhətdən problemlər ortaya çıxara bilər. Yaxud da ki, həmin uşaqların təhsili, böyümələri ilə bağlı ehtiyacların ödənilməsi məsələsi var. Müxtəlif yanaşmalar olsa da, ailə planlaması məsələsinə xüsusi diqqətlə yanaşırlar. Neçə uşaq dünyaya gətirmək, onları böyütmək, tərbiyə etmək, təhsil vermək gücündə olduqlarını hesablayırlar. Hazırda bu baxımdan Azərbaycanda problem yoxdur”.
“Komitə ailələrdə bu istiqamətdə təbliğat işi aparır”
Müsahibimizin sözlərinə görə, çoxuşaqlı ailələr uşağın mühitdən alacağı bir çox şeyləri özü ona verir: “Uşaqlar bir-birinin əşyasından səliqəli istifadə etməyi, öz əşyalarının qədrini bilməyi və onları özündən sonrakı bacı-qardaşlarına ötürməyi öyrənirlər. Bu hər bir sahədə ola bilər – kitab, dəftər, paltar və s. Psixoloqlar da deyirlər ki, çoxuşaqlı ailələrdə uşaqların kompleksləri az, özünə inamları çox olur, eqoist olmurlar, bölüşməyi bacarırlar. Amma təkuşaqlı ailələrdə uşaqlar eqoist olurlar. Ailədən kənarda isə o uşağın özgüvəni çox aşağı olur. Bu baxımdan, ailədə çox uşağın olması pis deyil, amma yetər ki, dünyaya sağlam gətirmək, böyütmək, təlim-tərbiyə etmək işi düzgün aparılsın. Uşağa heç olmasa orta təhsil verilməlidir. Hamı müəyyən dünyagörüşünə, təməl biliklərə və bir peşəyə sahib olmalıdır”.
A.Veysəlova bildirdi ki, komitə ailələrdə bu istiqamətdə təbliğat işi aparır: “Bizim komitə çalışır, ailələrdə təbliğat işini bu yöndə qursun ki, ailələr sağlam olsun, münasibətlər sağlam qurulsun. Dünyaya gələn övladlara sevgi ilə yanaşsınlar, valideynlik məsuliyyətini dərk etsinlər. Çoxuşaqlılıqda ailələrimizin maraqlı olması üçün qanunvericilik səviyyəsində də işlər görülüb. Qanunda çoxuşaqlı ailələri stimullaşdırmaq üçün 5 və daha çox uşağı olan ailələrə müvafiq müavinətlərin verilməsi məsələsi əks olunub. Söhbət sağlam dünyaya gələn, təlim-tərbiyəsi düzgün aparılan, tələbatları ödənilən uşaqdan gedir. Burada söhbət çox böyük tələbatdan getmir. Minimum tələbatların ödənilməsi vacibdir. Sağlam ailə sağlam cəmiyyətin təməlidir”.
“Məsələ yemək və geyimlə bitmir”
Psixoloq Gülnarə Əliyeva deyir ki, əvvəllər nənə-babalarımızın 10-15 uşağı olardı və bu o dövr üçün normal qəbul edilirdi. Amma indi bu məsələyə fərqli baxış var: “O zamanlar ailə planlaması deyilən bir anlayış da yox idi. Bəzən bir ailənin 15 uşağı olardı və ondan 10-u sağ qalardı. Bu da normal qəbul olunurdu. Bəs indiki dövr üçün bu hallar necə qəbul olunur? Günümüzdə bir uşağın ana bətnində inkişafdan qalması həmin ailə üçün çox böyük travma olur. Bunu anlamaq mümkündür. Zaman dəyişir, insanın ehtiyacları, təlabatları və həyat şəraiti də dəyişir. Bir körpəni 9 ay bətndə gəzdirmək və dünyaya gətirmək günümüzün insanı üçün həm maddi, həm də psixoloji cəhətdən çox çətindir. Amma bu yaxınlarda TV-də çoxuşaqlı bir ailə gördük və təəccüb etdik. Əlbəttə, biz heç kimin ailə işinə qarışa bilmərik. Lakin mən bu ailənin timsalında digər çoxuşaqlı ailələrlə bağlı fikir yürütmək istərdim.Təbii, ekranda heç kim həyatından narazı olduğunu etiraf etməz. Lakin ayrı-ayrılıqda həm qadın, həm kişi, həm də uşaqlarla söhbət aparsaq, onlar üçün necə çətin olduğunu anlayarıq”.
Psixoloq deyir ki, çoxuşaqlı ailəyə sahib olmaq həm qadın, həm də kişi üçün çox çətindir. Bunlarla yanaşı, uşağa sevgi verilməsi məsələsinə diqqət edilməlidir: “Ata ailə başçısıdır və ailəni dolandırmaq, uşaqları yemək və geyimlə təmin etmək onun öhdəsindədir. Ancaq hər şey yemək və geyimlə bitmir. Əgər biz 1 uşaq dünyaya gətirmişiksə, onun gələcəyini də qurmalıyıq, lazımi diqqət, qayğı, sevgi, təhsil verməliyik. Səmimi demək lazımdırsa, mən inana bilmərəm ki, həmin valideynlər uşaqlarına lazımi dərəcədə, bərabər sevgi, qayğı verə bilsin. Uşaqlar bir şəkildə böyüyürlər, yaşlarının üstünə yaş gəlir. Lakin sevgiyə və diqqətə ac böyüyürlər. Əlbəttə, Allah hər uşağın ruzisini verir, heç kim ac qalmır. Lakin sevgiyə, diqqətə ac qalırlarmı? Bax bundan əmin deyiləm. Bu cür ailələrdə qadına çox böyük yük düşür. Həm gündəlik qayğılar, həm uşaq tərbiyəsi anaların boynunda olur. Bəzən ana uşağın birinə çatanda digərinə çata bilmir və o anda qadın özünü yetərsiz, layiqsiz ana olaraq görüb psixoloji sarsıntı keçirir. “Mən yaxşı ana deyiləm, övladlarıma bərabər vaxt ayıra bilmirəm və ya heç vaxt ayıra bilmirəm” düşüncəsinə qapılan qadında günahkarlıq hissi formalaşır”.
“Çoxuşaqlı ailələrdə uşaqlarda gizli depressiya halları olur”
G.Əliyeva bildirdi ki, Azərbaycanda ailələrdə neçə uşaq dünyaya gətirmək haqqında qanunvericilikdə heç bir qayda yoxdur. Lakin inkişaf etmiş bəzi ölkələrdə 1 və ya 2 uşaqdan artıq uşaq dünyaya gətirmək arzuolunmazdır. Onun sözlərinə görə, əgər qadın və kişi düşünürlərsə bu məsuliyyətin öhdəsindən gələcəklər, onda problem yoxdur: “Həm maddi, həm də mənəvi cəhətdən uşağı təmin edə biləcəklərsə, əlbəttə, burada qəbahət yoxdur. Təəssüf ki, çox vaxt belə olmur. Çoxuşaqlı ailələrdə uşaqlarda gizli depressiya halları tez-tez olur. Xüsusilə maddi vəziyyəti aşağı olan ailələrdə. Bu cür ailələrin uşaqlarında lazımsızlıq duyğusu tez-tez oyanır. “Kaş ki mən olmasaydım”, “Kaş doğulmasaydım”, “Axı məni neynirdilər, dünyaya gətirib?”, “Mən artığam” düşüncələri uşaqlara hakim kəsilir və nəticədə uşaqlar xoşbəxt ola bilmirlər. Hər halda uşaqlar bizim gələcəyimizdir. O dünyadakı və bu dünyadakı sərmayəmizdir. Onları xoşbəxt, cəmiyyətə yararlı bir fərd kimi yetişdirmək bizim borcumuzdur. Ona görə uşaq dünyaya gətirməzdən öncə yüz ölçüb, bir biçmək lazımdır”.

“Uşaq ailənin şənliyi, ruzisi, bərəkətidir”
Sağlam Toplum İB-nin rəhbəri Lalə Mehralı deyir ki, artıq 20-30 ildir, Azərbaycanda çoxuşaqlılıq anlayışı 4 uşaqdan o yana keçmir deyə, ötən il sözügedən ailənin 13-cü uşağı olması xəbərini eşidəndə təəccüblənib: “İndi – kapitalizmin ən qaynar çağında 13 uşağa normal baxmaq qəhrəmanlıqdır, bununla kifayətlənməyib 14-cü uşağı da dünyaya gətirməkləri məncə, özlərinə inamdan qaynaqlanır. Həmin süjetdə ailə başçısı deyirdi ki, özü ailəsini normal təmin edə bilir, övladlarını heç kimə möhtac etmir. Hətta 13-cü körpə doğulanda, ata avtomobilini daha böyüyü ilə əvəzləmişdi ki, uşaqlara rahat olsun. Həmin süjetə baxanda əvvəlcə onun əhalidən və dövlətdən kömək istəyəcəyini düşünmüşdüm, amma sonra o, ailəsinə baxa bildiyini, bu səbəbdən də körpənin doğulmasını özləri planlaşdırdığını deyəndə səhv etdiyimi anladım. Ata deyirdi ki, çox uşaq onun arzusu olub. Həmin süjetdə reportyor ondan dövlət və imkanlı şəxslər tərəfindən kömək olunacağı təqdirdə, qəbul edib-etməyəcəyini soruşmuşdu, ata “qəbul edərəm” demişdi. Yəni təklif reportyordan gəlmişdi, ata öz dili ilə kömək istəməmişdi”.
L.Mehralı deyir ki, valideyn uşaqları təmin edə bilirsə, uşaq sayının çox olmasını qınaq obyekti etmək doğru deyil: “14-cü uşaq doğulanda insanlar bunu qınaq obyekti ediblər, bu dövrdə o qədər uşağın doğulmasına normal baxmadıqlarını deyirlər. Niyə? Əgər ata təmin edə bilirsə, niyə də doğulmasın körpə? Ailəni tanıyan da, tanımayan da qınayır. Razıyam, bəzən savadsızlıqdan, məlumatsızlıqdan ailələrdə uşaq sayı çox olur, hansı ki o ailənin maddi imkanı buna izin vermir. Qadın bilmədən, ehtiyatsızlıqdan hamilə qalır və doğur. Bu halda onun planlı hamiləlik və hamiləlikdən qorunma vasitələri haqda məlumatlandırılmasına ehtiyac var. Amma indi bizim haqqında danışdığımız ailə çoxuşaqlı olmağı könüllü istəyir. Həmçinin mən bildiyimə görə, ata 14-cü övladını ictimaiyyətdən gizlədib. İnsanlar heç düşündümü niyə? Çünki onu qınayırlar, haqqında olan-olmaz sözlər deyirlər. Axı o çoxuşaqlı olmaq istəyirsə, övladlarını normal təmin edirsə, bundan kimə nə?”.
L.Mehralı bildirdi ki, çoxuşaqlılıq pis şey deyil, əksinə, uşaq ailənin şənliyi, ruzisi, bərəkətidir: “Əgər bu gün gələcəyini təmin edə biləcəyimə, normal təhsil verəcəyimə əmin olsam, mən də ən az 4 uşaq sahibi olmaq istəyərəm. Yenə də deyirəm, əgər övladına baxa, normal təmin edə bilirsənsə, 9-10 uşaqlı olmağında, 15 övlad istəməyində heç bir qəbahət yoxdur, bu tamamilə normal istəkdir. Uşaqları geyimlə təmin edə bilirsənsə, ehtiyaclarını ödəməkdə çətinlik çəkmirsənsə, məktəbdən-dərsdən saxlamırsansa, niyə kimsə səni çoxuşaqlı olmaqda qınamalıdır? Burda pis nə var? Doğub çölə atmırlar ki? Bəlkə körpələr evinə, internata və yaxud hansısa dövlət qurumunun himayəsinə verirlər? Vermirlər, elə deyil?
Biz nə ailələr görürük, bircə övladını internata, körpələr evinə verənlər var. 14 uşağından hansını körpələr evinə verib bu ailə? Uşaqlar valideynlərinin yanında xoşbəxtdirsə, heç bir çatışmazlıqları, əskiklikləri yoxdursa, demək hər şey qaydasındadır”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir