bosanma

Ailə sisteminin “sabitlik yaşı”nda boşanmalar niyə artır?

Baxış sayı: 1. 703

2018-ci ilin dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri 4868 boşanma halları qeydə alınıb. Xüsusilə də müəyyən yaş qruplarında boşanmalar daha çox müşahidə edilir. Belə ki, Dövlət Statistika Komitəsindən  bildirilib ki, boşanmalar kişilər arasında daha çox 30-34 yaş qrupları arasında olub. Bu yaş qrupunda olan kişilərin 1197 nəfəri boşanıb. Məlumatda qeyd edilib ki, 25-29 yaş arası boşanan qadınların sayı isə 1299 nəfər təşkil edib. Sözsüz, heç kim boşanmaq üçün evlənmir. Hər kəs qurduğu ailənin davamlı və xoşbəxt olmağını istər. Amma təəssüflər olsun ki, evlilikdən sonrakı dövrdə yaşananlar bəzi cütlüklərin boşanmasına səbəb olur. Münasibətlərin soyuması, aradakı sevginin bitməsi və ya sevginin heç olmamağı və s. kimi nüanslar ayrılığa gətirib çıxardır. Amma deyək ki, evləndikdən az müddət sonra – tutaq ki, 20-25 yaş arasında boşanmaları müəyyən səbəblərlə izah etmək olar. Amma 30-34 yaş arasında olan şəxslər evliliyin ilk illərində yaşanan çətinlikləri arxada qoymalı, bəlli bir ailə sistemlərini formalaşdırmağa nail olmalıdırlar axı. Ancaq statistik rəqəmlər göstərir ki, ailə həyatında stabilliyin əldə edilməli olduğu bir vaxtda, boşanmaların sayı artır. Bunun səbəbini mütəxəssislərdən öyrənməyə çalışdıq.

bosanma

“Sağlam Cəmiyyət” İctimai birliyinin sədri Lalə Mehralı bildirdi ki, bu yaş aralığında boşanmaların bir neçə səbəbi var: “Şəxsi müşahidəmdən çıxış edərək deyə bilərəm ki, bu yaşdakı boşanmaların səbəblərindən biri nikahın erkən yaşda, valideynlərin müdaxiləsi ilə qurulmasıdır. Məsələn, 18-20 yaşında evlənən xanım, 20-22 yaşında evlənən oğlan ölçüb biçmədən ailə qurur. Çox zaman valideynlər məsləhət görür, tərəflər də bir-birini ötəri tanıyır və evlənirlər. Düşünürlər ki, tərbiyəli, mədəni, əxlaqlı olmaqla iş bitir. Bəs sevgi? Əksər hallarda da, sevgi olmadan, sadaladığım səbəblər əsas götürülərək ailələr qurulur. Əlbəttə, bir ailənin qurulması üçün bu səbəblər də vacibdir, amma sevgisiz çətin ki, həmin ailə uzun müddətli davam etsin. Bəzən isə xasiyyətin uyğunlaşmamağı ucbatından da ailələr dağılır. Gənclər evlənərkən bir-birilərinə özlərini olduqları kimi tanıtmır, bəzi xasiyyətlərini gizlədir, səmimi olmurlar. Amma evləndikdən sonra istər-istəməz xasiyyətdəki uyğunsuzluq özünü büruzə verir. Nəticə etibarı ilə bir neçə ildən sonra evliklərini bitirirlər. Bu dönəm də, elə göstərilən yaş dövrünə təsadüf edir. Yəni həmin yaş aralığında olan insanlar, hələ gənc olduqlarını, istəmədikləri, zövq almadıqları münasibəti bitirməyi düşünürlər”.

Birliyin sədri, bu yaş aralığındakı boşanmanın digər səbəbi kimi tərəflərin iqtisadi azadlığını da misal göstərdi: “Kişilər, iqtisadi baxımdan valideynlərindən asılı olduqları zaman, onların məsləhət gördüyü biri ilə yaşayıb, heç nə demədən evliliklərini davam etdirirlər. İqtisadi baxımdan ailədən asılı olmadıqda, yəni hər cəhətdən özünü təmin edən kişilər, sevmədikləri qadınla yaşamaq məcburiyyətində olmurlar. Bu, həmçinin xanımlara da aiddir. Belə ki, iqtisadi cəhətdən həyat yoldaşından asılı olmayan, zorakılığa məruz qalan qadın evliliyini rahat bitirir.  İşləməyən, heç bir gəliri olmayan xanım isə düşünür ki, boşansam, övladımı necə saxlayaram, onun ehtiyaclarını aldığım alimentlə təmin edə bilərəmmi? Bu kimi suallar qarşısında aciz qalan xanımlarımız istəməsələr də məcburi şəkildə evliliklərini davam etdirirlər”.

Həmsöhbətimiz tərəflərin bir-biri üçün adiləşməsi məsələsini də boşanmaya səbəb kimi göstərdi: “Bəzən evlilikdən bir müddət sonra cütlüklər arasındakı əvvəlki hislər, isti münasibət olmur. Xüsusilə də bu hal kişilərdə müşahidə olunur. Digər tərəfdən, ailənin qayğısı, yükü zaman keçdikcə artır və bəziləri buna tab gətirə bilmir. Sərbəst, rahat yaşamaq istəyir. Ona görə də boşanmaq qərarını verir. Mənəvi yüklənmə olanda, tərəflərin heç biri evliliyi davam etdirmək istəmir. Son zamanlar isə boşanmalara səbəb olan amillərdən biri də sosial problemlərdir”.

“Ən böyük səbəblərdə biri isə övladın olmamağıdır” deyən müsahibimiz bildirdi ki, əksər ailələr uşaq yoxdursa, evliliyi davam etdirməyin də bir mənası olmadığını düşünür: “Əgər araşdırma aparsaq, aydın olar ki, bu yaşlardakı boşanmaların böyük əksəriyyətinə səbəb sonsuzluqdur. Deyərdim ki, onlar da öz istəkləri ilə boşanmırlar. Nəvə istəyən valideynlərinin, onları qınayan qohumlarının təkidi ilə boşanırlar. Təbii, az da olsa, uşaq olmur deyə, öz istəyi ilə də boşananlar var. Yenə də sevgi mövzusuna gəlirik. Düşünmürəm ki, bir-birini sevib evlənən iki insan uşaq olmur deyə ayrılsın. Məncə, sevgi və hörmət bir ailənin təməlini möhkəmlədən ən əsas vasitədir”.

bosanma

“Gənc Psixoloqlar” İctimai birliyinin baş katibi Rövşən Uğur deyir ki, güclü iradə, əzm və psixologiyaya sahib insanlar həmin yaş dövründə ailə daxilində yaşanan problemləri, boşanmanı çıxış yolu kimi görmədən həll edə bilir: “Yaş qruplarına görə boşanmalara baxdıqda, ən çox boşanma 30-35 yaş aralığındadır. Boşanma səbəbləri arasında ailədaxili münaqişələr, cütlüklərin bir-biri ilə yola gedə bilməməyi, məsuliyyətsizlik, laqeydlik kimi səbəbləri göstərmək mümkündür. İnsan davranışları və ailə dəyərləri üzərində aparılan araşdırmalar göstərib ki, 30 yaşdan sonra insanların həm maddi, həm mənəvi yükləri artmağa başlayır. Cütlüklər, 30 yaşa çatdıqda, artıq valideynlik rütbəsini qazanır və bu da onların istər şəxsi, istər iş həyatında çətinliklərini artırmış olur. Birdən birə bu kimi çətinliklərlə qarşılaşan insanlarda, özünəinamsızlıq, stress, laqeydlik və s kimi hisslərdə yüksəlmə olur. Bu da insanın ailəsinə olan bağlılığının azalmasına və yoxa çıxmasına səbəb ola bilir.

30 yaşlarında olan insan bu çətinliklərə dözə biləcək iradə, əzm və psixoloji sabitliyə malikdirsə, həmin problemli dövrü rahatca keçər, əks təqdirdə isə statistikadan da göründüyü kimi, boşanma və ya ayrılıqlar qaçılmaz olur”

 

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir