bagca

Ailə tipli bağçalar nə vəd edir?

Baxış sayı: 2. 096
Azərbaycanda  yeni tip bağçalar – icma, ailə, bələdiyyə bağçaları yaradılacaq. Trend xəbər verir ki, bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nin layihəsində qeyd olunub. Layihəyə görə, ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin orta Avropa göstəricisi səviyyəsinə çatdırılması məqsədilə dövlət uşaq bağçaları şəbəkəsi genişləndiriləcək, onların şərait və təchizatı yaxşılaşdırılacaq. Bununla yanaşı, ölkədə mülkiyyət formasına görə bələdiyyə, icma, özəl, ailə bağçaları tipli məktəbəqədər təhsil müəssisələri yaradılacaq. Qeyd edək ki, hazırda Azərbaycanda dövlət və özəl məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir. Layihəyə əsasən, məktəbəqədər təhsilin əhalinin bütün təbəqələri üçün əlçatan olması məqsədilə müxtəlif formaların, o cümlədən qısamüddətli, ailə tipli (icma əsaslı) təhsil xidmətlərinin tətbiqi nəzərdə tutulur. Layihəyə məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması məsələsi də daxil edilib.
Bəs görəsən ailə bağçalarının funksiyaları necə olacaq? Bu sahədə kadr məsələsi necə tənzimlənəcək?
“Alternativ bağçalar “göydəndüşmə” olardı”
“Sağlam Toplum”  İctimai Birliyinin sədri Lalə Mehralı deyir ki,  Azərbaycanda bu tip yeniliyə ehtiyac var. Çünki hazırkı dövlət bağçalarında məktəbəqədər hazırlıq qruplarında uşaqlara demək olar ki, heç nə öyrədilmir: “Daha doğrusu,  bağçalarda məktəbə qəbul şərtlərinə cavab verə biləcək hazırlıq olmur.  Çünki indi məktəbə qəbul edilən uşaqdan elə şeylər tələb olunur ki, onları biz vaxtilə 2-3-cü sinifdə öyrənirdik. Əvvəllər  bağçada saymaq, şer demək, nağıl söyləmək öyrədilirdi. İndi məktəbə qəbul edilən uşaqdan tələb edilir ki, bağçada yazmağı, oxumağı öyrənməli, rəqəmləri tanımalıdırlar. Yəni ibtidai təhsili bağça verməlidir. Bəs məktəb nəyə lazımdır? 4-5 yaşlı uşaqlar bağçada yazıb-oxumaq öyrənəcəksə, məktəbə nə ehtiyac var? Bu məsələnin bir tərəfidir.  Digər tərəfdən isə  məktəbəqədər hazırlıq kursları və  özəl bağçalardakı şərait adi insanlar üçün əlçatan deyil. 200-300 manat aylıq vəsaitin tələb olunduğu bu müəssisələrdə hər vətəndaş uşaq oxuda bilmir”.
L.Mehralı bəzi vacib məqamlara da diqqət çəkdi: “Amma bu gün  hər istəyənə bağçada yer tapılırmı? Məlumdur ki, bağçaların əksəriyyətində məcburi köçkünlər məskunlaşıb. Əvvəllər 10 otaq istifadə edilirdisə, indi bağçanın 4-5 otağı uşaqlara verilir. Bu otaqlar da bölünür – körpələr, uşaqlar, məktəbəqədər hazırlıq qrupları var. Hər qrupda normalda 12 uşaq olmalıdırsa, 25-30 uşaq olur. Üstəlik, məktəbəqədər hazırlıq qrupunda 4-6 yaşlı uşaqlar bir yerdə olur. 4 yaşlı uşaq hələ nə anlayır ki, məktəb, hazırlıq, yazmaq, oxumaq nədir? Təbii ki, onlarla 6 yaşlıların eyni qrupda məktəbə hazırlaşdırılması  çətin olur. Bu səbəbdən də özəl kurslara ehtiyac yaranır. Ümid edirəm ki, yeni layihədə nəzərdə tutulan müəssisələr sadə vətəndaş üçün əlçatan olacaq. Övladını yüksək məbləğə hazırlıq kurslarına qoya bilməyənlər üçün dövlətin yaradacağı bu alternativ bağçalar “göydəndüşmə” olardı. Təhsilin keyfiyyətinin  Avropa səviyyəsinə çatdırılması məsələsinə gəldikdə isə bununla  heç razı deyiləm. Bizim ölkədə şagirdlər Avropa ölkələrindəki şagirdlərdən daha çox dərs yükü daşıyır, daha çox oxuyur”.
“Ciddi kadr çatışmazlığı ilə üzləşəcəyik”
 
Təhsil eksperti Kamran Əsədov deyir  ki, bu gün bir çox rayonlarda bağçaya cəlb olunan uşaqların ümumi sayı həmin yaş kateqoriyasına aid olan uşaqların cəmi  bir faizini təşkil edir: “Gədəbəy, Daşkəsən kimi rayonlarda çox az bağçaya  uşaq gedə bilir. Ona görə də hesab edirəm ki, ailə bağçalarının yaradılması çox vacibdir. Ailə tipli bağça formasında bir neçə ailə birləşərək, ümumi qeydiyyatdan da keçə bilər. Qanunvericiliyə görə, icma, ailə və bələdiyyə bağçaları yaradılacaq. Uşaqların məktəbəqədər biliklərini normal səviyyəyə çatdırmaq üçün uşaq bağçalarının şəbəkəsini genişləndirmək vacibdir. Lakin elə bir imkan yoxdur ki, hər bir uşaq ayrıca uşaq bağçasına cəlb olunsun. İndiyə kimi dövlət və özəl bağçalar var idisə, bundan sonra bələdiyyə, özəl ailə uşaq bağçaları da olacaq. Ailə bağçalarının yaradılmasının  əsas məqsədi bütün təbəqələr üçün şərait yaratmaqdır. Ümumi uşaq bağçalarında uşaqların təhsil müddəti iki yaşdan 6 yaşa qədərdirsə, ailə uşaq bağçalarında bu müddət bir qədər qısa olacaq. Yəni, bu tipli bağçalar  daha azyaşlı uşaqlar üçün nəzərdə tutulub”.
Ekspert bu sahədəki peşəkar kadr çatışmazlığından da söz açdı: “Bu gün məktəbəqədər təhsil müəssisələrində kadrların heç də hamısı bu ixtisas üzrə ali təhsil almayıb.  Dövlət uşaq bağçalarında 15331 nəfər pedaqoji işçi işləyir. Onların isə cəmi 31,6 faizi ali təhsil alıb. 3 faizi işçi  natamam ali təhsilli, 61 faizi isə heç bir təhsili olmayan şəxslərdir. 1556 uşaq bağçasının isə cəmi 66 faizinin rəhbərləri ali təhsil alıb. Ali məktəbləri bu ixtisas üzrə bitirən şəxslər ixtisasları üzrə təhsillərini davam etdirmir və bu sahə üzrə işlə təmin olunmurlar. Əgər biz yaxın  zaman ərzində ailə  tipli bağçalara keçid edəcəyiksə, ciddi kadr çatışmazlığı ilə üzləşəcəyik”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir