ailə və karyera

Ailə, yoxsa karyera?

Baxış sayı: 1. 054

İnsanlar doğulduğu gündən inkişaf edir desək, yalan olmaz. Çünki müxtəlif yaş dövrlərinə gələnə qədər müəyyən inkişaf proseslərindən keçir, müxtəlif zamanlarda, müxtəlif situasiyalarla qarşılaşırlar ki, bu da onların dünyagörüşünə və psixikasına təsir edir. Kimiləri sadəcə qəlib kimi formalaşır, kimiləri isə cizgini yaxşı anlamda aşa bilirlər. Bu tip insanlar -cizgini aşanlar həm ailədə, həm də karyerasında uğurlu olurlar deyə bilərik. Karyera və ailəni uyğunlaşdırmaq çətin olsa da, qadınlar üçün qeyri-mümkün heç nə yoxdur. Ona görə ki, hər ikisini eyni anda idarə edə bilənlər çoxluq təşkil edir.

Məşhur aktrisa Merilin Monro deyirdi; “Karyera qurmaq möhtəşəmdir! Amma soyuq gecələrdə karyeranı qucaqlayıb yatmaq olmur”.

Qəribə səslənsə də, bəziləri üçün ailə qurmamaq faciədir. Düşünürlər ki, qadına onu idarə edəcək biri lazımdır. Bizim milli deyimlə desək, qadın “Ər çörəyi” yeməlidir, uşaqlarının anası pozisiyasında hər şeyə razı olan yaxşı qadın nümunəsini təmsil edən şəxs olmalıdır. Kişi evin dirəyidir, pul qazanan, bütün ehtiyacları ödəyən də yalnız odur.

Bəziləri üçün isə kişisiz də mümkündür. Bunu isə tam əksinə, özünü azad adlandıran şəxslər deyir.  Kişiyə ehtiyacı olmadığını isə işi, yəni karyerası ilə sübut etməyə çalışırlar. Hətta onlar üçün dünyaya uşaq gətirmək belə mənasız fikirdir. Düşünürlər ki, böyütdükləri övlad xeyirsiz olacaq və ya başına bədbəxt hadisə gələcək. Hətta kişiyə ehtiyac olmadığını İngilis yazıçısı Marie Corelli belə izah edirdi; “Heç evlənmədim, çünki lazım deyildi. Evimdə bir ərin yerini doldura biləcək 3 heyvan bəsləyirəm. Hər sabah hürən bir it, hər gün söyüş söyən bir tutuquşu və hər gecə evə gec gələn bir pişik”

Kişilər isə ailə qurarkən seçən tərəf olurlar. Bu isə qadınları daha çox gözdən salan bir  faktordur. Ümumiyyətlə, mühitimizdə qadın olmaq çətindir. Niyəsə hər zaman günahkar olan da qadınlar olur. Yaxşı işi olanda  el qınağına tuş gəlirlər ki, mütləq kimsə yardım edib. Hətta bəziləri ailəsinə görə öz təhsilini yarımçıq qoya bilir. Həyat yoldaşı icazə vermir deyə işindən imtina edir və bu kimi hadisələr hələ də mövcuddur. Çox zaman  evdar  qadın özünü bütövlükdə ailəsinə həsr edir. Kişini isə belə vəziyyət tamamilə razı salır.

Sığorta bazarının araşdırması: Xanımlar daha çox nəyi seçir ...

Gəlin bunu qəbul edək ki, müəyyən azlıq istisna olmaqla heç kim ailəsini karyeraya qurban verməz. Ona görə də ilk öncə övladlarınıza düzgün tərbiyə, təhsil verin. Onları uşaq vaxtlarından düzgün istiqamətləndirin ki, öz seçimlərini özləri edə bilsinlər. Onlara söz haqqı verin ki, gələcəkdə qul haqqını tapdayacaq nəsil yetişməsin. Bunlar isə öz növbəsində düzgün insan formalaşdırmaq deməkdir. Dünya hamıya bəs edəcək boyda deyil, inanın. Bu gün dünyanın hər yerində milyonlarla insan dünyaya göz açır, bir o qədəri də gözlərini əbədiyyən yumur. Doğumundan ölümə qədər elə yol çəkmək lazımdır ki, heç kim zərər görməsin. Yoxsa bu dünya üçün israf və faciə olar. Təsəvvürünüzə gətirin, milyonlarla ailəsiz uşaqlar var, ata-anasını atıb gedənlər, boşanmış ailələr, sayı daha da artırmaq olar. Bu düzgün formalaşmayan psixologiya, düzgün olmayan davranışlar öz növbəsində  digər insanların da həyatını riskə atmaq deməkdir. Həqiqi ailələrin təməlində isə uzun bir ömür dayanır. Doğru şəkildə, fərd kimi böyüyən  insanlar heç vaxt səhvə yol vermirlər, yaşam boyu yaxşı və pis məfhumunu gözəl şəkildə seçirlər. Bu zaman həm karyeranın mümkünlüyü görünür, həm də düzgün ailə cəmiyyətinin şəkli. Gəlin gender bərabərliyini qoruyaraq hər şeyin ən yaxşı həlli üçün çalışaq! Pis günü hər kəslə bölüşmək olur, amma uğurumuza yalnız ailəmiz sevinir. Bütün maddi və mənəvi maraqların qarşılığında ən böyük karyera ailədir. Qalıb onun səmərəsindən istifadə edərək sintez edib yaşamaq…

 

Könül Cəfərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir