qadin

Ailədə başçı saydığımız kişilər niyə zorakılığa məruz qalır?

Baxış sayı: 195
Artıq ailədə təkcə qadınların deyil, kişilərin də zorakılığa məruz qalması ilə bağlı şikayətləri eşidilir. Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan kişilərin bu səpkili müraciətləri güclü cinsin də məişət zorakılığına məruz qalmasını sübut edir. Belə ki, komitəyə və komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərinə 2015-ci ildə məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı 183 müraciət daxil olub. Bu rəqəm 2014-cü illə müqayisədə 50-dək çoxalıb. Sadəcə kişilər tərəfindən müraciətlər çox az daxil olduğu üçün belə faktların statistikası hesablanmır. Faktlar isə bu mövzuda kədərli hadisələrdən xəbər verir: qadınlar ərlərini öldürür, soyuq silahla xəsarət yetirir, evdən qovur, aşağılayır…
Sual yaranır: Həmişə güclü hesab etdiyimiz, ailədə başçı saydığımız kişilər nədən zorakılığa məruz qalır?
“Bu yaxında Qusarda təlim keçəndə bu barədə mənə də danışdılar. Lakin həmin kişilərin döyülmə səbəbi alkoqol idi”- deyən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, mental olaraq hətta ən zəif kişinin belə döyülməsi ağıla sığmır: “Bu ona görə deyil ki, qadınlar zəifdir. Səbəb davranış modeli və kişi-qadın münasibətindəki illərcə formalaşmış streotiplərdir. Çünki qadının kişini döyməsi hər qadının ağlına gəlmir”. İB sədri deyir ki, körpəlikdən qadınlar kişinin müqəddəsliyi və toxunulmazlığı ilə bağlı tərbiyə olunur: “Kişilərin davranışı qırmızı xətti keçdikdə qadın ola bilər ki, hansısa zorakı metoda əl atsın”.
Ənənəvi olaraq bizdə ailələrin “güclü-zəif”  prinsipi əsasında qurulduğunu deyən sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, ailədə uzun əsrlər boyu güclü olan kişi, zəif tərəf isə qadınlar olub: “Daha uğurlu ailələrdə bu “güclü” ilə ” zəifin” ahəngi, harmoniyası yaranırdı. Bu ahəng pozulduqca daha güclü tərəf öz hegemonluğunu ortaya qoyurdu. Əvvəllər əksər hallarda bir qayda olaraq güclü tərəf kişilər idi. İndi cəmiyyət dəyişib. Təəssüf ki, ailələrdə də bu ahəng pozulub. Əksər ailələrdə gərginlik yaşanıb. İndi ta  30 il bundan qabaqda olduğu kimi yalnız kişilər güclü tərəf deyil. Evə gətirilən qazanc, mühitin verdiyi imtiyazlar, üstünlük verilən dəyərlər və s. qadın tərəfində də güclülərin yaranmasına, çoxalmasına şərait yaradıb. Ona görə də gərginlik yaşanan ailələrdə güclü tərəf qadınlardırsa o zaman kişilər zorakılığa məruz qalır. Təəssüf ki, yaxın illərdə bu hal davam edəcək”. Sosioloq hesab edir ki, ailədə məişət zorakılığını azaltmaq məqsədilə cəmiyyətimizdə mənəvi dəyərlərin mövqeyini möhkəmlətməyə ehtiyac var: “Hansı cəmiyyətdə ki, maddi dəyərlər mənəvi dəyərləri təzyiq altında saxlayır, o cəmiyyətdə ümumən, xüsusi ilə də ailələrdə gərginliyin yaranması qaçılmaz haldır. Bu, sosioloji qanundur. Eyni zamanda TV-lərdə tez-tez nümunəvi ailələr barədə də ətraflı, əhatəli məlumatlar verilməlidir. Yoxsa indiki zamanda, əhali televiziyada ancaq problemli, kriminal ailələr haqda eşidir. Bu, gənclərdə ailə barədə səhv təsəvvür yaradır. İnsanlar başa düşməlidir ki, ailədə gərginlik yarandıqca onların həyatının müxtəlif sahələrində də problemlərin çoxalması qaçılmaz haldır. Eyni zamanda çalışmaq lazımdır ki, ailələr əsasən mənəvi dəyərlər əsasında qurulsun, bunun üçün orta məktəbdə, ali məktəblərdə gənclər arasında ciddi maarifləndirmə işi aparılmalıdır. Ölkədə iş yerlərinin sürətlə artmasına çalışmaq lazımdır”. Bütün şərq, islam, türk mədəniyyət sistemlərində hər zaman ”kişi” amilinin xüsusi önəm daşıdığını deyən sosioloq hesab edir ki, indi min illər boyu formalaşan mədəniyyət sistemimizi dəyişsək, dağıdıcı fəsadlar yaranar: “Biz artıq bu əlamətləri hiss etməkdəyik. Qərbi sadəcə yamsılamaq bizi məhv edər. Amma biz daha mükəmməl ailə modelləri yaratmalıyıq. Bu elə bir model olmalıdır ki, orada ənənəvi, müsbət ailə dəyərləri qalsın. Amma eyni zamanda, müasir tələbləri nəzərə ala bilən ahəngdar bir mühit yaradılsın”.
Kişilərin zorakılığa məruz qalmasına təsir göstərən faktorların çox olduğunu deyən psixoloq Elnur Rüstəmovun fikrincə, gender bərabərliyi fonunda ümumən Azərbaycan cəmiyyətində və dünyada qadınların aktiv həyatda yer alması zaman keçdikcə ailə məsələlərində müəyyən problemlərə yol açır: “Çünki insanlarımızın hamısında təfəkkür və şüur o səviyyəyə qalxmayıb ki, bu proses normal bir axarla tənzimlənsin. Dünənə qədər Azərbaycan cəmiyyətində kişilər qadınlardan həm çox işləyirdilər, həm də qazancları da çox idi. Ancaq bu gün çalışan qadınlarımız çalışan kişilərimizdən az deyil. Elə ailələr var ki, onların yükü daha çox qadının üzərində durur. Əgər ailə münasibətləri tənzimlənərsə, qadın kişidən çox qazandığı və ya ictimai çəkisi üstün olduğu təqdirdə bu münasibətlər yaranmayacaq. Əgər münasibətlər doğru tənzimlənməzsə – kişi ailədə başçı funksiyasını yerinə yetirməzsə, güvənsizliyi formalaşdırarsa, bu cür mənfi hallar baş verəcək”. Bu cür vəziyyətin Azərbaycan cəmiyyətinə yad olduğunu deyən psixoloqun fikrincə, belə faktlar gələcəkdə bizim ailə institutu üçün böyük təhlükə mənbəyidir: “Bu cür hallarla bağlı maarifləndirmə işinin aparılmasına ehtiyac var. Çünki ailədə böyüyən uşaqlar var, belə hallar onların psixologiyasına mənfi təsir göstərər. Onlar cəmiyyətə çıxdığı təqdirdə problemlər yaşaya bilərlər. Digər tərəfdən, bu proses bizim ənənəvi “kişi” obrazımıza təhlükədir. Nəzərə almaq lazımdır ki, bizim torpaqlarımızın 20 faizi işğaldadır. Sabah o torpaqlarda kim vuruşacaq?” E.Rüstəmovun sözlərinə görə, bu cür hallar varsa, onunla bağlı ictimai qınaq olmalıdır: “O ailədə ki, kişi obrazı zəifdir, o ailədə ki, kişi obrazı qadın tərəfindən həqarətə və s. təhqirlərə məruz qalır, o ailədə böyüyən uşaqlar psixoloji travma almış olur”.
Psixoloq hesab edir ki, problem varsa, onun həlli tapılmalıdır. Xüsusən fiziki zorakılıq formasında kişinin qadın tərəfindən döyülməsi ciddi mənfi siqnaldır: “Hesab edirəm ki, Azərbaycan qadını bunu normal hal kimi qəbul etməz. Hər bir azərbaycanlı xanım kişi tərəfindən qorunmasını, kişiyə güvənməsini istəyir. Qadın heç bir halda kişidən qüvvətli ola bilməz. Əgər o qadın həyat yoldaşına əl qaldırırsa, bu, təhlükə barədə siqnaldır”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir