AILE

Ailədə məsuliyyət və vəzifələr

Baxış sayı: 743

Cəmiyyətin ən əsas təməli və bünövrəsi ailədir. İnsanların bir-biri ilə evlənməsində əsas məqsəd onların hər birinin digərində əmin-amanlıq tapmasıdır. Əgər evlilikdə bunun əksi baş verirsə, deməli bu evlilikdə məqsəd hasil olmamışdır. Ailə üzvləri əsasən ata, ana və övladlardan ibarətdir.

Sağlam həyatda olduqca böyük rolu olan amillərdən biri də ailə mühitində böyüməkdir. Tibbi araşdırmalar göstərir ki, ciddi problemi olmayan bir ailəni dağıtmaq onu qorumağa çalışmaqdan daha çox stresə səbəb olur. Başqa bir tibbi araşdırma isə ailə daxilində birgə yemək yeməyin insan sağlamlığına müsbət təsir göstərdiyini ortaya qoyur.

Ailə üzvlərinin bir-birilərinə qarşı yerinə yetirməli olduqları bəzi vəzifələri var. Məsələn, valideynlərin uşaqlarına qarşı vəzifələri, uşaqların valideynlərinə qarşı vəzifələri, uşaqların bir-birilərinə qarşı vəzifələri və s… Təbii ki, bu siyahını uzatmaq da olar, amma məncə əsas araşdırılmalı olan vəzifələr bunlardır…

Valideynlərin uşaqlarına qarşı əsas vəzifələri onların ehtiyaclarını təmin etmək, onlara tərbiyə vermək, onları oxutmaq, peşə sahibi etmək, uşaqlar arasında (qız və ya oğlan, fərqi yoxdur) ayrı-seçkilik qoymamaq və ən əsası öz nümunələri ilə onlara hər şeyi (həm də ən gözəl şəkildə) aşılamaqdır. Digər tərəfdən, ailədə maddi və mənəvi cəhətdən tarazlığın qorunub saxlanması vəzifəsi də valideynlərin üzərinə düşür. Bu baxımdan, ailə uşaqların ədəb və əxlaq qaydalarını, ümumiyyətlə, bütün bu kimi digər xüsusiyyətləri öyrənməsi üçün əsas məktəbdir. Ona görə də, valideynlərin üzərinə düşən vəzifə çox ağırdır.

Əgər ailədə valideynlər arasında hər hansı bir problem (ya da problemlər) baş verirsə, o ailədəki uşaqlar mənəvi sarsıntı keçirirlər. Belə ki, hətta baş verən bu hadisələr iki yaşlı uşaqdan belə yan keçmir və indi olmasa da, gələcək həyatına öz təsirini göstərir. Uşaqların ailədə ədəb və əxlaq qaydalarına müvafiq böyüdülməsi və tərbiyə olunması onların pis vərdişlərdən uzaqlaşmaları nöqteyi-nəzərindən də çox faydalıdır.

aile

Uşaqların valideynlərinə qarşı əsas vəzifələri isə onlara hörmət etmək, sözündən çıxmamaq, “of” belə deməmək və s.-dir. Çünki valideynlərin üzərimizdəki haqqı çox böyükdür. Uşaqların bir-birilərinə qarşı vəzifələri onların bir-birilərini sevməsi, bir-biriləri ilə gözəl rəftar etməsi və hətta lazım olsa, bir-birilərinə dayaq, dəstək olmasıdır. Ancaq son vaxtlar cəmiyyətdə bunun əksi olan hallara da çox tez-tez rast gəlirik. Bunun bir səbəbi də qloballaşma dövrünin bizim bəzi mənəvi dəyərlərimizi özü ilə silib aparmasıdır. Belə hallara qarşı ən yaxşı çarə isə yenə də sağlam ailədir. Ona görə də, bu mənəvi dəyərlərimizi qorumaqda hər kəsə, əsasən də ailələrin üzərinə çox böyük məsuliyyət düşür.

Məncə, ailədə kimin üzərinə hansı vəzifənin düşməsindən asılı olmayaraq, ailə daxilində baş verən bütün problemlərdə valideynlər bir-birilərinə dəstək olmalı, problem baş verdikdə belə bunun nəticəsini deyil, səbəbini araşdırmaqda və həllini tapmaqda birləşməlidirlər. Əgər belə olsa, o ailədə əmin-amanlıq olar və evliliyin əsas məqsədi də hasil olmuş sayılar…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir