BOSANMA

Ailələrdə xəyanət halların artmasına səbəb nədir?

Baxış sayı: 540

Azərbaycanda ailə dəyərləri həmişə yüksəkdə dayanıb. Azərbaycan ailəsi dedikdə böyüklərə ehtiram, kiçiklərə qayğı, qarşılıqlı səmimiyyət, hörmət, məhəbbət, birinin digərinə güzəştə getməsi və anlaması, tərəf müqabillərindən birinin digərinin zəhmətinə hörmətlə yanaşmasını nəzərdə tuturuq. Heç təsadüfi deyil ki, ötən il Böyük Britaniyada nəşr olunan xüsusi kitabda dünyanın bir neçə ölkəsinin nümunəvi ailə modelləri öz əksini tapıb ki, həmin ölkələrin içərisində Azərbaycan da var. Bu nəşrdə Azərbaycan ailəsi nümunəvi və hərtərəfli ailə modeli kimi göstərilir və təbliğ olunur. Amma təəssüflər olsun ki, müasir dövrdə Azərbaycan ailəsi müəyyən mənfi təsirlərlə üz-üzə qalıb. Məsələn, bu gün ölkədə boşanma halları artıb, evdən qaçan gənclərin sayı çoxalıb. Eyni zamanda, ailələrdə həm kişilərin, həm də qadınların qarşılıqlı olaraq bir-birinə xəyanət etməsi kimi halları artıb. Elə bu səbəbdəndir ki, ölkədə baş verən boşanma hadisələrinin əksəriyyətində cütlüklərin ayrılmasına səbəb kimi ya qadının, ya da kişinin xəyanəti göstərilir.
Bəs görəsən, ailələrdə xəyanət halların artmasına səbəb nədir? Bu addımı atanlara qarşı hansısa cəza nəzərdə tutula bilər?

Bosanma
Məsələyə münasibət bildirən psixoloq Xatirə Səfərova hesab edir ki, əslində xəyanət başqasını deyil, özünü aldatmaqdır. Onun sözlərinə görə, adətən real həyatından razı olmayanlar xəyanət edir: «Onlar xəyanət edir, amma bu xəyanətlə gerçəkliyi dəyişə bilməzlər. Ona görə də sadəcə, özlərini aldadırlar. Əgər ailədə xəyanət kişi tərəfindən baş veribsə, o zaman qadın düşünməlidir ki, mənə olan xəyanət öz cinsimdəndir, yəni mənimlə eyni cinsdən olan biri ilə xəyanətə uğramışam və bu düşüncə ilə analiz etməlidir, hansı səbəbdən bu xəyanət baş verib? Qadın özünə və xarakterinə, davranışlarına obyektiv yanaşsa, o zaman xəyanətin səbəbini aşkarlamış olar. Qadının xəyanətinə gəlincə isə qadının düşüncəsində ön yerdə cismani ehtiyaclar deyil, mənəvi ehtiyacdır. Qadın özünə sübut etmək istəyir ki, o, dəyərsiz və lazımsız deyil. Çünki ailədə kişinin laqeydliyi qadına lazımsız olduğunu təlqin edir».

 

İnsan nə istədiyini bilməyəndə…

Xatirə Səfərova bildirir ki, bəzi ailələr ya kişi, ya da qadın cismən olmasa da, düşüncə və fikri ilə də xəyanət edir. Onun sözlərinə görə, bəzi ekspertlər bunu xəyanət hesab etmirlər, çünki bu düşüncə realda həyata keçirilmir və heç kimə zərəri yoxdur: “Çünki düşüncədə xəyanət edənlər ailənin təzyiqi ilə evlənənlər, qohum evliliyi edənlər və ya aralarında yaş fərqi çox olanlardır. Tutaq ki, valideynlərinin sözündən çıxmayıb evlənib, amma sevgi hissi, eşq yoxdur. Ola bilər ki, evlilikdən öncə, yaxud da evləndikdən sonra ürəyinə girə biləcək birini görüb, vurulub. Eşqini kimsə bilmir, heç sevdiyi insan da. Bu cür sevgilər bəzən xəyanət adlandırılır, bəzən yox”.
Xatirə Səfərova vurğulayıb ki, bir insan nə istədiyini müəyyən etməsə, öz emosiyalarını nə iləsə kompensasiya etməli olur: “İnsanın həyatdan aldığı travma və ya mənfi hadisələr müəyyən vaxtdan sonra sublimasiya olunur. Bu, ola bilər, yaradıcı işdə, böyük əsərlər yazmaqda, idmanda sublimasiya olunsun. Bəzən isə insan öz içində kimisə sevir və ya bəyənir. Bu düşüncəni reallığa keçirmədən, gizlicə yaşayır. Bu hissləri yaşamağın adı xəyanət deyil, insanın öz motivini müəyyənləşdirməsidir”.

bosanma

Mənəvi aşınmalar ailələri uçuruma aparır

Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu isə  deyir ki, xəyanəti yaradan birinci səbəb mənəvi aşınmalardır: “Bizim ata-analarımız da problemlərlə qarşılaşıblar, amma ailə bu səbəbdən dağılmayıb. Çətinlik də görüblər, pis gün də, amma hər iki tərəf bir-birinə sədaqətli olub. Odur ki, mənəvi aşınmalar ailələri uçuruma aparır».
Ekspert deyib ki, insanlar Avropanı örnək götürərək, milliliyi unudurlar.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinin bütün dünyada adla deyilən, həsəd aparılan ailə dəyərləri, yüksək səviyyəli ailə institutu var: “Əfsuslar olsun ki, toplum olaraq o dəyərləri yaxşı qiymətləndirə bilmirik və ailəni zamanın hökmünə buraxırıq”.
Əhməd Qəşəmoğlu həmçinin qeyd edib ki, problemlərin həlli üçün ciddi təhlillərin aparılması zəruridir: «Təbii ki, məsələnin həlli mümkündür, amma gərək təşəbbüs göstərilsin, ekspertlər toplansın, dərin elmi, sosioloji və psixoloji təhlillərdən ibarət fəaliyyət planı hazırlansın. Ondan sonra bu istiqamətdə işləmək və daha yaxşı nəticə əldə etmək mümkündür».

bosanma
«Kişi və qadın məsuliyyətini anlamalıdır»

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin əməkdaşı Sədaqət Paşayeva isə mövzu ilə bağlı fikirlərini bölüşərkən məsələnin hüquqi tərəflərinə diqqət çəkib. O, deyib ki, ölkə qanunvericiliyində xəyanət üçün xüsusi məsuliyyət nəzərdə tutulmayıb: “Ancaq bu, çox aktual məsələdir. Ailə daxilində həm qadın, həm də kişi tərəfindən xəyanət kimi hərəkətlər həm qınanmalı, həm də qanunla tənzimlənməlidir. Çünki bu kimi addımlar ailə münasibətlərinə və ailədə böyüyən övladlara, onların gələcəkdə bir şəxsiyyət kimi formalaşmasına öz mənfi təsirini göstərir. Buna görə də hesab edirəm ki, Ailə Məcəlləsində, Mülki Məcəllədə, məişət zorakılığına qarşı tətbiq edilən qanunda bununla bağlı məsuliyyət müəyyən olunmalıdır. Bu kimi hallar arzuolunmaz nəticələrə gətirib çıxarır. Çünki kişi qadına xəyanət edirsə, yaxud da qadını xəyanətdə günahlandırırsa, məsələ hətta ölüm hallarına qədər dərinləşə bilir”.
Hüquq müdafiəçisi bildirib ki, belə məsələlər qapadılır və sonrakı mərhələdə istintaq üçün mövzuya çevrilmir: “Araşdırılmır ki, həqiqətənmi belə bir xəyanət baş verib və yaxud digər hansı məqamlar var? Bu, ölkəmizdə hələ də həllolunmaz bir problem kimi qalır. Biz həmişə məişət zorakılığı ilə bağlı apardığımız maarifləndirmə işlərində cəmiyyətə çatdırmaq istəyirik ki, bu, bir dəyər anlayışıdır. Bunun üçün bizim qanunda hələ ki, bir məsuliyyət olmasa da, yəqin ki, gələcəkdə bununla bağlı dəyişiklik aparılacaq. Çünki bu, çox ciddi zorakılıqlara gətirib çıxarır və qarşısı alınmayaraq qalır. Ailə münasibətləri çərçivəsində nəinki boşanma, hətta cinayət-öldürülmə səviyyəsinə də gətirib çıxara bilir. Boşandıqdan sonra da qadınlar bu məsələ ilə bağlı ciddi problemlər yaşayırlar. Həqiqətən, bu, çox ağrılı və narahatlığa səbəb olan bir məsələdir. Ən azından, onu düşünməliyik ki, ailə könüllü bir məsələdir. İstər qadın, istərsə də kişinin xəyanət barədə düşünməsi belə günah hesab olunmalıdır”.
Sədaqət Paşayeva qeyd edir ki, bu düşüncəni də formalaşdırmaq üçün mütləq qanunlara ehtiyac var. Onun sözlərinə görə, bəzi dəyərlər, məsuliyyətlər var ki, onları insanların ixtiyarına buraxdıqda, məsələni istədikləri formada həll edirlər: “Bu da çox yolverilməzdir. Bununla bağlı mütləq müvafiq qanunvericilik müəyyən olunmalıdır. Ola bilsin ki, belə bir qanun qəbulu cəmiyyət tərəfindən qəbul olunmaz və ya səhv addım kimi qəbul olunar. Düşünərlər ki, insanlar özlərini idarə edə bilmirlərmi ki, onları dəyərləri də qanunla idarə olunsun? Ancaq fikrimcə, bu, keçici, müvəqqəti xarakter daşıya bilər. İnsanlar bu qanunla ailə münasibətlərinin sərhədlərini dərk edəndən sonra, artıq məsələ həlli yolunu tapar və belə bir problem yaranmaz”.
Sədaqət Paşayeva məsələnin müəyyən hüquq müstəvisində tənzimlənməsinin tərəfdarı olduğunu bildirir. Ekspert vurğulayır ki, bəzi ölkələrin qanunvericiliyində belə qanun tənzimləmələri ola bilər: “Hər bir ölkənin sanksiyaları onların dəyərlərinə uyğun olmalıdır. Biz təbii ki, kiminsə dəyərlərini mənimsəyib öz qanunvericiliyimizdə təmsil etməməliyik. Ancaq düşünürəm ki, bu məqamda insanların şüuruna, dünyagörüşünə, əxlaq normalarına təsir göstərəcək müəyyən-qayda qanunlar olmalıdır. Digər tərəfdən, belə bir qanun qəbulu əslində müəyyən ailə dəyərlərinin qorunmasına zəmin yaradar. Hər hansı kişi və qadın ailə öhdəliklərini və məsuliyyətini anlayar və qanunlar çərçivəsində hərəkət etməyə məcbur olar. Bu da hər hansı bir ailəni dağılmaqdan qorumuş olar».

 

Sevinc Osmanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir