fb

Ailələrin dağılmasında sosial şəbəkələrin rolu nə qədərdir?

Baxış sayı: 2. 204

“Ailələrin dağılmasında sosial şəbəkələr əsas rol oynayır”. Dünənə qədər sosial şəbəkələr vasitəsilə ünsiyyət qurub evlənən insanlarla bağlı yayılan xəbərlərə indi də bu tip xəbərlər qarışıb. Belə ki, hazırda xoşbəxt ailələrin sosial şəbəkələrin “fitnə-fəsadı” nəticəsində dağılması haqda yüzlərlə faktlar meydana çıxıb. Sosioloqlar həyəcanla: “Sosial şəbəkələrə həddən artıq aludə olmaq ailələri dağıdır” deyə hay-küy salıblar. Xüsusən bu cür hadisələrdə Facebook sosial şəbəkəsi hədəf götürülüb.

Eləcə psixoloqlar da bir səslə sosial şəbəkələrin ailənin qurulmasına yox, dağılmasına gətirib çıxardığını çığırırlar. Bəziləri hesab edir ki, ailə qurmaq üçün nikah agentliyinin xidmətlərindən istifadə etmək, sosial şəbəkələrlə tanışlıqdan qat-qat yaxşıdır. Ümumilikdə isə sosial ünsiyyətin nəticələri ilə məşğul olan alim və mütəxəssislər belə münasibətin insanların real münasibətinə və bütövlükdə insanın cəmiyyətdə davranışına necə təsir etdiyini aktiv mübahisələrlə müzakirə etməkdədirlər. Onların fikrincə, ailələrdə boşanmalara səbəb daha çox kişinin və yaxud qadının virtual ünsiyyətdə olması və real münasibətdən boyun qaçırmasıdır.

Elə öz ölkəmizdə  də bir çox ailələrin məhz sosial şəbəkə üzündən dağılması ilə bağlı açıqlanan faktlar problemin bizim üçün də əhəmiyyətsiz olmadığı anlamına gəlir. Belə deyək, artıq dünyada çoxdan əsməyə başlayan bu küləklər bizim ölkəmizə də təsirsiz ötüşmür.

 

Məhəbbətlə dolu məktublar

İngiltərədə hər 5 boşanma ərizəsində Facebook-un adı çəkilir. Britaniya xidməti olan Divorce-Online boşanma ərizələrini araşdırdıqdan sonra bu haqda məlumat yayıb: “Ailələrin dağılmasında sosial şəbəkələr böyük rol oynayır”.

ABŞ-dakı vəziyyət də ürəkaçan deyil. Boşanmaların əsas internet-ayırıcısı Facebook birinci yerdə durur. Amerika Evlənmə Vəkilliyi Akademiyasının (American Academy of Matrimonial Lawyers – AAML) araşdırması nəticəsində məlum olub ki, boşanmaların 66 faizində Facebook fəal iştirak edir. Akademiyanın məlumatına görə axırıncı 5 ildə Amerika vəkillərinin 80 faizi boşanma prosesi zamanı bunun şahidi olublar. Əsasən cütlük (ər və arvad) sosial şəbəkənin özlərinə məxsus olan evlənmə səhifələrində məhəbbətlə dolu elektron məktubların şahidi olur ki, bu da onların boşanma ərizələrində özünü göstərir. Amerikalı psixoloqların mülahizələrinə görə, öz vaxtının gündə 1 saatını Facebook və sosial şəbəkələrdə keçirənlər üçün belə bu, təhlükəlidir. Onların fikrincə, belə mürəkkəb vəziyyətdən yalnız – Facebook və sosial şəbəkələrdən «bacarıqla istifadə etmək və diqqətinin çoxunu öz real həyatına, ailənə ayırmaq»la çıxmaq olar.

Belə ki, bu məsləhət təzə evlənənlər üçün daha aktualdır.

Sosioloqların 300 nəfər arasında keçirdiyi sorğu da sosial şəbəkələrin yaratdığı ailədaxili problemlərə bir növ güzgü tutub. Respondentlərin 80 faizi təsdiq edib ki, sosial şəbəkədə məşğul olduqları üçün partnyorlar arasında mübahisələr yaranır. Bu cür hadisəni izah edən psixoloqlar bildirirlər ki, insanlar vaxtlarını sosial şəbəkələrdə itirdiyindən öz həyat yoldaşlarına az vaxt ayırırlar. Bundan əlavə, vaxtın çoxunun şəbəkədəki partnyoru axtarmaqla keçməsi cütlüklər arasında inam və etimadın itirilməsinə gətirib çıxarır.

Missuri Universitetinin psixoloqlarının araşdırmalarının nəticələri də sübut edir ki, Facebook və sosial şəbəkələr cütlüklərə və sevgililərə öz mənfi təsirini göstərir. “İnsanlara kompyuterin ekranındakı hər hansı sosial münasibət daha xoş gəlir, nəinki ki, vaxtlarını onlara doğma olan insanlarla münasibətə sərf etmək. Bütün bunlar küsüşmələrə və ən pis halda boşanmalara səbəb olur. Sosial şəbəkələr təbiətən olduqca cazibədardır və diqqətinizi o qədər cəlb edir ki, həyatda bu saytlara daha çox önəm verdiyinizi və onların həyatınızda mühüm yerlərdən birini tutduğunu və internetdən necə asılı olduğunuzu belə anlamırsınız. Tanışınızın və ya dostunuzun virtual aləmdə mümkün axtarışları zamanı asanlıqla çətinlikləri arxanızda qoyaraq həqiqi mənada sizə maraqlı həmsöhbət tapa bilər və bu zaman heç kimə borclu qalmazsınız. Belə ki, bu zaman sosial şəbəkələrdə axtarışlara itirdiyiniz böyük vaxtı öz yaxınlarınıza sərf edə bilərsiniz”.

Mütəxəssislər hesab edir ki, on-line münasibətlərin nəzarətdən çıxmaması üçün təcrübəsizlər internetdən nə üçün istifadə etdikləri haqda fikirlərlə özlərini çətinliyə salmamalıdır – bu onlara başlarını itirməməkdə kömək edər. “On-line həyatı real həyatla qarışdırmamalı – sosial şəbəkədəki münasibətdən nə gözlədiyiniz haqda daim düşünməli və özgələri ilə intim söhbətlər etməməlisiniz.

İnternet-münasibətin ailə həyatına təsiri ikinci yerdə durur. Bu problem də tezliklə aktuallaşacaq. Çünki internetə, on-line münasibətlərə alışmış 17-18 yaşlı gənc nəsil tezliklə ailə qurmalıdır axı”.

 

 

Dozadan artıq istifadə

Sosial şəbəkələrdə gedən proseslərin sosioloji aspektdən təhlili ilə məşğul olan sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, Azərbaycan üçün sosial şəbəkələrin böyük önəmi olduğundan bu cür məsələlərə diqqət ayırmağa böyük ehtiyac var: “Bütün dünyada gedən proseslər göstərir ki, qabaqcıl ölkələrdə sosial şəbəkələrdən daha faydalı məqsədlər üçün istifadə edənlərin faizi çoxdur. Düzdür, şəxsi məqsədlər üçün də istifadə edənlər var. Həmin ölkələrdə sosial şəbəkələrdən daha məzmunlu istifadə edirlər. Azərbaycanda sosial şəbəkələrdən məzmunlu istifadə edənlər – yəni xaricdə olan dost-tanışları, qohumları ilə əlaqə saxlayanlar, o cümlədən elmi işləri, təhsil, biznes məqsədi ilə köməkçi vasitə kimi istifadə edənlər var. Amma böyük bir qismi isə sosial şəbəkədə müəyyən vaxt keçirmək, sərgüzəştlər, xoş olmayan söhbətlər üçün istifadə edir. Təəssüf ki, Azərbaycanda bu faiz çoxluq təşkil edir”. Sosioloqun sözlərinə görə, hazırda ölkəmizdə internet istifadəçilərinin 80 faizdən çoxu bu qismə aiddir: “Demək onlar sosial şəbəkədə vaxt itirirlər. Onlar özləri sosial şəbəkənin bir alətinə çevrilirlər. Sosial şəbəkələr ilan zəhəri kimidir. Ondan düzgün istifadə edəndə dərmandır, dozanı artıranda ya zəhərləyir, ya da öldürür. Təəssüf ki, bizdə dozadan artıq istifadə edənlərin sayı daha çoxdur”. İB sədri sosial şəbəkələr üzündən boşanan ailələrlə bağlı problemin Azərbaycanda da yaşandığını istisna etmir. Onun sözlərinə görə, hazırda ailələrdə heç vaxt olmadığı qədər gərginlik hökm sürür. Belə ki, istər kişilər, istərsə də qadınlar boş vaxtlarını sosial şəbəkədə keçirəndə ailədə öz həyat yoldaşından tapa bilmədiyi münasibəti başqa adamlardan görürlər: “Onlar başqa bir mehribançılıqla rastlaşır, başqa bir xoş söz eşidir və arada romantik bir əhval-ruhiyyə yaranır. Bu zaman həmin qarşı tərəflə ünsiyyət meydana gəlir. Bu, bir çox hallarda ailədə gərginliyin yaranmasına, xəyanətin meydana gəlməsinə, ümumiyyətlə, ailənin dağılmasına səbəb olur. Eyni zamanda, gənclərin bir çoxu aludədir ki, burada öz gələcək həyat yoldaşını tapa bilər. Facebook bir intim dünyadır. Bu gün bir qızla və ya bir oğlanla tanış olan adama bu proses xoş gəlir. Eyni zamanda, o, həmin gün və ya səhəri gün başqa bir adamla da tanış olur. Ona görə də Facebook-da bir vərdiş – xəstəlik yaranır. Mən bunları çatomanlar adlandırıram. Çatamaniya narkomaniyadan qorxuludur. Narkomanlar ölkədə azdır, ancaq çatda oturanların isə sayı-hesabı yoxdur. Ona görə bu sahəyə qarşı diqqətli olmaq lazımdır”. Sosioloqun fikrincə, Facebook xəstəliyi əxlaqi, mənəvi dəyərlərimizə də təsir edir. Belə ki, bu sahədə maarifləndirmə işinin aparılmasına ehtiyac var: “Sosial şəbəkələrə münasibət hər hansı bir ölkədə əhalinin mədəni səviyyəsindən asılıdır. Əhalinin mədəni səviyyəsi imkan verir ki, onlar sosial şəbəkədən hansı istiqamətdə istifadə etsinlər. Ona görə sosial şəbəkənin yayılma dərəcəsinə görə müxtəlif mənzərələr var. Hər ölkədə də bu fərqli münasibətlər üzə çıxarır. O ölkələrdə ki, mənəviyyat məsələsi diqqətdə deyil, sosial şəbəkələr daha çox ziyana işləyir. Mentalitet dayaqlı adət-ənənə deməkdir. Əvvəllər bizim mentalitetdə Facebook anlayışı yox idi. Bu, yeni yaranan mentalitetdir və bizim mənəvi dəyərlər sistemi zəiflədikcə, bu sahədə yeni formalaşan mentalitet əhalinin ziyanına işləyir”. Sosioloqun fikrincə, normal ailə quranlara da Facebook təsir edir: “Ola bilsin ki, onlar ailə quranda heç birinin Facebook barədə məlumatları olmayıb. Tutaq ki, ər işə gedir. Evdə bekar qalan qadın Facebookda özünə məşğuliyyət axtarır. O qədər aludə olur ki, bu ailədə problemə çevrilir”.

Mütəxəssislərin problemlə bağlı bir fikri də maraq doğurur: ya sosial şəbəkədən, ya ailədən əl çəkməli. Ya da ailədə bir birinə inanıb yaşamalı. Seçim isə artıq insanlarındır…

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir