valideyn

Ailəni necə qurmalı və necə qorumalı?

Baxış sayı: 558

Ailə kiçik bir cəmiyyətdir. Hər bir ailənin də özünün tənzimlənmə qaydaları var. Ailə fərdləri hər gün öz diqqət və sevgisini bir-birinə hiss etdirib göstərə, yaşana biləcək bir çox münaqişələrin qarşısını ala bilərlər.

Psixoloqlar bildirirlər ki, ailələr müxtəlifdir. Tam ailə, natamam ailə, qarışıq, əlavə olunmuş, avtoritar, patriarxal, psixosomatik münaqişəli ailələr, genetik cəhətdən zorakılığa meyilli olan ailələr və s. Adətən zahirən ailə olmağa qərar verən cütlüklər bir-birinə qarşı qayğıkeş görünsələr də, onlar arasında münaqişələrə də az təsadüf olunmur. Mütəxəssislərin fikrincə, ailədənkənar sferalarda  cütlüklərin fərdi uğursuzluqları işlərindəki yorğunluq, sosial çətinliklərlə və ya ünsiyyət çətinliyi ilə bağlı olur. Belə ki, danışmağa mövzuları bitdikdə aralarında olan emosional əlaqələr zəifləyir, bir-birinin problemi ilə maraqlanmır, təcrid olur, münasibətlərdə kəskin münaqişələr yaranır. Onlar öz xarakterlərindəki qüsurları aradan qaldırmağa cəhd göstərmir, bir-birlərinə qarşı dözümsüz olurlar. Belə ailələrdə tərbiyə alan uşaqlar münaqişələrin yaranmasına səbəb olan valideynə sevgi bəsləmir, gələcəkdə özləri ailə quranda çətinlik çəkir, nifrət ruhunda, travmalı böyüyürlər. Bu kimi halların sonralar nə kimi fəsadlar törədəcəyini görən valideynlərdən biri boşanmağa üstünlük verir.

Psixoloqlar müşahidələrinə əsasən bildirirlər ki, sonradan yaranan natamam ailələrdə isə vəziyyət müxtəlif olur. Onlar ayrılsalar da, bir-birlərinə hörmətlə yanaşan, dost olan valideynlər olur, belə olduqda da övladı və ya övladları özlərini daha xoşbəxt və rahat hiss edirlər.

Bütün sevgisini övladlarına yönəldən, onlara hədsiz məhəbbətlə qayğı göstərən analar daha nikbin, cəmiyyətə yararlı, inamlı, başqalarına sevgi ruhunda övladlar böyüdürlər. Belə uşaqlar xeyirli vətəndaş olur, çətin situasiyalardan yaxşı baş çıxarır, valideynlərinə qarşı hörmət ruhunda böyüyürlər. Lakin əksər ailələrdə bunun əksini görürük. Münasibətlərdə laqeyd, kobud olan, fiziki güc tətbiq edən, ailənin, uşağın tələbatlarına qarşı etinasız yanaşan ataların olduğu ailələrin övladları mənəvi, emosional tələbatlarını ailədən kənarda tapmağa cəhd göstərirlər. Öz üzərində aqressiv valideynin fiziki zorakılığını duymuş uşaq sonralar özü də başqaları ilə belə davranır. Psixoloqlar qeyd edirlər ki, ailədə yoldaşına fiziki şiddət göstərən kişilərin əksəriyyəti övladlarına qarşı da bu cür münasibətlə yanaşırlar. Fiziki zorakılığa məruz qalanlar özlərini bədbəxt, gözdən düşmüş, qətiyyətsiz, gərəksiz hiss edir və başqalarının onlardan yaxşı olduğu qənaətinə gəlirlər. Normal şəraitdə böyüyən və tərbiyə olunan uşaqlar cəzaya etiraz edirlər. Əlverişsiz mühitdə böyüyən, fiziki zorakılığa məruz qalan uşaqlar isə, adətən verilən cəzanın doğruluğuna inanır, kölə düşüncəli olur, öz fikirlərini ifadə etməkdə çətinlik çəkir, arzularını qəlblərində boğurlar. Mütəxəssislər də bildirirlər ki, psixikaya vurulan zərbənin fəsadları sonradan özünü kəskin büruzə verir, uşaq travmalı böyüyür, çox vaxt davranışı üzərində nəzarəti itirir, özünüqiymətləndirmə aşağı enir, insanlara qarşı inamı, etibarı yox olur, kəskin qorxu hissi baş qaldırır, başqalarına əzab vermək, sadizm meyili yaranır. Valideynlərin aqressiyası, zorakılıq gündəlik həyat tərzinə çevrilir. Uşağın valideynlərinə qarşı hissləri “donmuş” olur, bir bədbəxtlik üz verəndə etinasız yanaşırlar, onlarda empatiya qabiliyyəti zəif inkişaf edir. Başqalarının kədərinə şərik olmaq, uğurlarına sevinmək kimi hisslərə sahib ola bilmirlər. Belə ki, yaşlandıqca belə valideynlər özləri yetişdirdiyi övladlardan diqqət, qayğı görmədikdə, etinasızlıqla üzləşdikdə etdikləri səhvləri görmür, bəraət üçün övladlarını nankor, zəmanə övladı kimi qiymətləndirərək günahkarlıq hissini özlərindən uzaqlaşdırmağa çalışırlar.

Valideyn

Bəzən atalar öz uşaqlıqlarını xatırlayaraq valideynlərinin onları cəzalandırdıqlarını, döydüklərini fəxrlə söyləyirlər. Müəyyən situasiyalarda bu cəza üsulunu öz ailələrində də tətbiq edir, bunun təhlükəli bir hal olduğunu düşünmürlər. Fiziki cəzaların vurduğu mənəvi yaraların fərqində belə olmurlar. Belə cəza üsulu valideyn ilə uşağın bir- birini anlamaq imkanlarına olan son ümidi də məhv etmiş olur. Psixoloqlar bildirirlər ki, fiziki cəza alan uşaq bir müddət qorxudan özünü ədəblə aparsa da, ətrafdakılara qarşı münasibətdə etinasız və saymaz olur.

Mütəxəssislərin araşdırmalarına görə, yaranan münaqişələrə səbəblərdən biri də bir insanın digərlərinə qarşı hədsiz diqqət göstərməsi, özünü unutmasıdı. Belə adamlar özlərinə qarşı laqeyd, başqalarının məsuliyyətini öz üzərilərinə götürməyə meyilli olur, özlərini unudur, öz “mən”lərinə etinasız yanaşırlar. Onlara ehtiyacı olan insanlar hədsiz diqqət və qayğıdan usanır, bu onlar üçün adiləşir, öz əhəmiyyətini itirməyə başlayır və ona ehtiyac azalmağa başladıqda bunu qəbul edə bilmirlər. Psixoloqlar məsləhət görürlər ki, əvvəlcə özümüzün qayğımıza qalaq. Belə olduqda ətrafdakılara nə qədər heyran olsaq da, əzizlərimizi, yaxınlarımızı hədsiz sevsək də, onlara bu sevgimizi qayğımızı doğru göstərə və diqqətimizi qarşı tərəfə də düzgün istiqamətləndirə bilərik. Bir sözlə, özümüzü də sevək.

 

Röya Rasimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir